Məhkəmə qərarları › İş №1(101)-1807/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1807/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1807/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nizami oğlunun iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşamış, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz yolla əldə etdiyi çətənə bitkisinin toxumlarını Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmmədyarov küçəsi, ev 35-in həyətyanı sahəsində əkib 24 iyun 2021-ci il tarixə kimi onlara aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq 165 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, 24 iyun 2021-ci il tarixdə saat 11 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar yaşadığı fərdi evin həyətyanı sahəsinə baxış keçirilərkən fərdi evin həyətyanı sahəsinin sağ tərəfində yerləşən pilləkənlərin yanı ilə göy rəngli sellofanla bağlanaraq yaradılmış, üzəri açıq olan otaqdan külli miqdarda yaş vəziyyətdə ümumi təmiz çəkisi 3480,0 qram olan 165 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kultivasiya olunması aşkar edilərək kökü ilə birlikdə çıxarılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə marixuananı hər dəfə tanımadığı şəxslərdən almışdır. Tutulmamışdın bir il əvvəl şəxsi işləri ilə əlaqədar Sabunçu rayonu Balaxanı qəsəbəsinə gedərkən yolda avtomobili xarab olduğu üçün yolun kənarında dayanmışdır. Bu zaman yerdə kibrit qutusunu görüb qaldırmışdır. İçərisinə baxdıqda çətənə bitkisi toxumlarının olduğunu görüb, onları yaşadığı evə gətirmişdir. 2021-ci ilin may ayının əvvəllərində həmin toxumları həyətyanı sahənin giriş qapısının pilləkənlərində diçəklərə əkmiş və onlara qulluq etmişdir. 24 iyun 2021-ci ildə saat 11 radələrində evin qapısı döyülmüş və onu çöldən çağırdığını eşitmişdir. Səsə çölə çıxanda, gələn şəxslərin polis əməkdaşları olduqlarını görmüşdür. Sonuncular özlərini təqdim edib Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaşadığı fərdi evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi ilə bağlı onlara məlumat daxil olduğunu bildirib, evin həyətyanı sahəsinə baxış keçiriləcəyini demişlər. Polis əməkdaşları ondan həyətyanı sahəyə baxış keçirilməsinə, baxışın müdafiəçinin iştirakı olmadan və videoçəkilişlə aparılmasına etirazının olub-olmadığını soruşmuşdur. Sonunculara heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə baxış keçirtməyə başlamışlar. Baxış zaman polis əməkdaşları ona çətənə bitkilərini əkdiyi yeri könüllü şəkildə göstərməyi təklif etmiş, sonunculara çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları və aqronom bitkilərə baxış keçirtdikdən sonra bitkiləri kökləri ilə birlikdə çıxardıb bir yerə toplamış və sayının 165 ədəd olduğunu müəyyən etmişlər. Həmin çətənə bitkiləri toplandıqdan sonra qablaşdırılmışdır. Polis əməkdaşlarına həmin bitkiləri istifadəsi üçün əkdiyini, bundan ailə üzvlərinin məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları fərdi evinə də hal şahidlərinin iştirakı ilə baxış keçiriləcəyini deyib, ondan evinə müdafiəçinin iştirakı olmadan evinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. Sonuncularara buna etirazının olmadığını bildirmişdir. Bundan sonra fərdi evinə də baxş keçirilmiş, lakin evindən hər hansı bir qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Baxış yekunlaşandan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-ci PB-nə gətirmişlər. Bölmədə barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və tutulması ilə bağlı ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra barəsində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçinin iştirakı olmadan, videoçəkilişlə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmadığı soruşulmuşdur. Etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış keçirilmiş və qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Qeyd edilənlərlə bağlı protokollar tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 iyun 2021-ci il tarixdə etibarlı mənbədən Sabunçu rayonu Maştağa qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisini əkib-becərdiyi barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. O, Sabunçu RPİ-nin 14-cü PB-nin sahə rəisi Şahid2 və alimaqronom X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmdyarov küçəsi ev 35-in qarşısında getmişlər. Evin qarşısında Təqsirləndirilən şəxs özlərini təqdim edib Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Sonuncu özünü təqdim etdikdən sonra ona evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisini əkib-becərməsi ilə bağlı bölməyə məlumat daxil olduğunu, məlumatın yoxlanılması ilə əlaqədar evinin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra ona, baxışın videoçəkilişlə həyata keçiriləcəyi izah edilmiş və etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra fərdi evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərarla tanış edilmiş və narkotik tərkibli çətənə bitkilərini həyətyanı sahəsinin hansı hissəsində əkib-becərdiyini könüllü surətdə göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini fərdi evinin həyətyanı sahəsinin sağ tərəfində yerləşən pilləkənlərin yanı ilə göy rəngli sellofanla bağlanaraq yaradılmış, üzəri açıq olan otaqda əkib-becərdiyini bildirib, həmin yeri göstərmişdir. Alimaqronom mütəxəssisin iştirakı ilə həmin yerə baxış keçirilən zaman yerdə ümumilikdə 165 ədəd dibçəyin olduğu, hər bir dibçəyin içərisində bir ədəd bitki kollarının olduğunu görmüşdür. Alim-aqronom mütəxəssis həmin bitkilərə baxış keçirtmiş və ümumilikdə 165 ədəd bitki kollarının narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş çətənə bitkiləri kökü ilə birlikdə dibçəklərdən çıxarılaraq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 100 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsinə baxış keçirildikdən sonra ona yaşadığı fərdi evə baxış keçiriləcəyi, baxışın hal şahidlərinin iştirakı ilə keçiriləcəyi izah edilirərək etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra onu bu barədə qərarla tanış etmişlər və narkotik tərkibli çətənə bitkilərini fərdi evinin hansı hissəsində əkib-becərdiyi könüllü surətdə göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini fərdi evində əkib-becərmədiyini, ümumiyyətlə yaşadığı fərdi evdə qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 35 saylı fərdi evə baxış keçirilmişdir. Baxış zamanı evdən narkotik tərkibli çətənə bitkisi, eyni zamanda qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Qasımov X2 RPİ-nin 14-cü PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılacağı, şəxsi axtarış və götürmətinin videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra o, şəxs axtarış və götürmənin aparıldığı qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağn edilən əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-bioloji ekspertizasının 24 iyun 2021-ci il tarixli, 7/595 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş maddi sübutlar» yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 165 (yüz altmış beş) ədəd, ümumi çəkisi 3480,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (i.v. 50-53). Məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli, 2309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 99- 100). Cinayət işinin 79-cu vərəqəsindəki 25 iyun 2021-ci il tarixli «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsinə baxışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısında saxlanılaraq ona həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi ilə bağlı şöbəyə məlumat daxil olduğu bildirilir. Daha sonra ona yaşadığı fərdi evin həyətyanı sahəsinə baxış keçiriləcəyi, baxışın videoçəkilişlə aparılacağı izah edilirərək, etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Sonuncu bu barədə qərarla tanış edildikdən sonra, ona narkotik tərkibli çətənə bitkilərini həyətyanı sahəsinin hansı hissəsində əkib-becərdiyini könüllü surətdə göstərməsi təklif edilir. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini fərdi evinin həyətyanı sahəsinin sağ tərəfində yerləşən pilləkənlərin yanı ilə göy rəngli sellofanla bağlanaraq yaradılmış, üzəri açıq olan otağda əkib-becərdiyini bildirərək həmin yeri göstərir. Alimaqronom mütəxəssisin iştirakı ilə həmin yerə baxış keçirilir və bu zaman həmin yerdə ümumilikdə 165 ədəd dibçəyin olduğu, hər bir dibçəyin içərisində isə bir ədəd bitki kollarının olduğunu aşkar edilir. Alim-aqronom mütəxəssis həmin bitkilərə baxış keçirir və ümumilikdə 165 ədəd bitki kollarının narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qulluq edildiyini bildirir. Bundan sonra aşkar olunmuş çətənə bitkiləri kökü ilə birlikdə dibçəklərdən çıxarılaraq qablaşdırılaraq götürüldü. İşin 80-ci vərəqəsindəki 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və bu zaman aşağıdakılar müəyyən edilmişdir: şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, maddə və ya predmet olmadığını bildirdi. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və onun üzərindən qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilmədi. İşin 81-ci vərəqəsindəki 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 3480,0 qram narkotik təbiətli, 165 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3476,7 qram narkotik tərbiətli çətənə (kannabis) bitkiləri məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsinə baxışın, üzərinə isə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşin 21-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 88-89-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Qolovinsk rayon məhkəməsinin 15 sentyabr 2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-1.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 avqust 2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 3480,0 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 3476,7 qram olan narkotik tərbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsinə baxışın, üzərinə isə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 3480,0 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 3476,7 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsinə baxışın, üzərinə isə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 2 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar