Məhkəmə qərarları › İş №1(101)-1807/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1807/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1807/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X7 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhər “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, 06 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində qeydiyyatsız münasibətdə yaşadığı Şahid1 məxsus ünvan 2erləşən fərdi yaşayış evində olduqları zaman, aralarında mübahisə yaranmış Şahid1 döydüyünə görə, həmin vaxt onlarda qonaq olmuş Zərərçəkmiş şəxs onun qarşısını alaraq sakitləşdirmək üçün sifətinə sillə vurmasına etiraz və cavab olaraq mübahisənin baş verdiyi mətbəx otağında ələ keçirdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) zərbə vurub, sonuncuya “S”vari bağırsağın və nazik bağırsaq ilgəyinin yaralanması ilə müşaiyət olunan, qarının sol yan səthinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışı və dostu olmuşdur. Elmar hərdən onun oturub-durduğu insan olmuş, yəni onların arasında yoldaşlıq münasibətləri olmuşdur. Hadisə baş verən gün Elmar onun evinə qonaq gəlmişdir. O, Səma ilə birlikdə sonuncunun evində yaşamışdır. Elmar da, Səmanın evinə qonaq gəlmişdir. Həmin gün o, Elmarla birlikdə yeyib-içmiş, səhəri gün də onlar birlikdə şəhərə gəzməyə getmişlər. Sonra isə onlar yenidən Səmanın evinə qayıtmışlar. Hadisə baş verən gün o, Səmanı döyməmiş, eləcə də aralarında heç bir mübahisə baş verməmişdir. Səma həmin gün ona ayrılmaq istədiyini bildirmişdir. Çünki bundan 3-4 gün əvvəl onunla Səmanın arasında mübahisə olmuşdur. Bu mübahisəyə görə Səma Elmarın yanında ondan ayrılmaq barədə söhbət açmışdır. O da, Səmaya bu məsələni öz aralarında həll edə biləcəklərini, yəni başqasının yanında bu barədə danışmağın düzgün olmadığını bildirmişdir. O, həmin vaxt Səmanı vurmamışdır. O, istəmişdir ki, Səma ilə başqa otağa keçib bu barədə söhbət etsin. Səma isə bununla razılaşmamışdır. Elmar da, elə başa düşmüşdür ki, o, Səmanı vurmaq istəyir. O, Elmara başa salmışdır ki, Səmanı vurmaq istəmir, Səma bütün günü onunla birlikdə yaşayan bir xanımdır, yəni onun Səmanı vurmaq niyyəti yoxdur, sadəcə olaraq Səma ilə söhbət etmək istəyir. Bu zaman Elmar onu itələyərək divara vurmuşdur. Hətta Elmar artıq onu evdən də qovmaq istəmişdir. O, Elmara bir daha kənara çəkilməyini və özünün Səma ilə söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra Elmar onu 1-2 dəfə itələmiş, sonra Səma ilə onun arasına girmiş və aradan çəkilmək istəməmişdir. O da, masanın üstündəki bıçağı götürmüşdür. İttiham aktında yazılıb ki, guya o, bıçağı mətbəxdən götürmüşdür. Lakin Səmanın evi iki otaqlı evdir, ev isə bir otaqdan, bir də zaldan ibarətdir. Mətbəx də, elə zal ilə birlikdədir. O, bıçağı masanın üstündən götürsə də, Elmarı vurmaq istəməmişdir. Əslində o, Elmarı qorxutmaq istəmişdir. Çünki Elmar ondan yaşca böyükdür. O, Elmara 1 (bir) dəfə bıçaqla zərbə vurmuşdur. Buna görə də o, törətmiş olduğu əməldən peşmandır. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə dindirilməsi məhkəmədən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, əvvəllər evli olub ayrılmış, peşəsi sürücüdür, «Toyota Prius» markalı, 90-NY-S34 dövlət qeydiyyat nişanlı avtomobili icarə edərək taksi fəaliyyəti ilə məşğul olur. O, Təqsirləndirilən şəxs çoxdandır ki, tanıyır, aralarında dostluq münasibəti var, son hadisəyə qədər heç vaxt aralarında narazılıq, dava-dalaş olmamışdır. Fuadın yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan Şahid1 adlı qadınla təxminən bir ildir ki, yaxın münasibətləri vardır, tez-tez gedib Səmanın evində qalır. Onun da, Şahid2 ilə yaxın münasibəti var. Gövhəri rəsmi adından fərqli olaraq Könül adı ilə çağırırlar, qonşular da Könül kimi tanıyırlar. O, Gövhərlə birlikdə tanışları kimi Səma və Fuadın qonağı olmuş, yəni səmimi yoldaşlıq əlaqələri olmuş, münasibət saxlamışlar. 06 noyabr 2023-cii il tarixdə səhər vaxtı Fuad və Səma onunla əlaqə saxlayıb demişlər ki, Səmanın şəhərdə işləri var, maşınla aparıb gətirmək lazımdır. O da, etiraz etməmiş, evdə Gövhərə də, bu barədə demiş və onlar razılaşmışlar ki, Gövhər də, onunla getsin. Onlar maşın ilə Səmagilə gələndən sonra məlum olmuşdur ki, Fuad da, Səma ilə birlikdə gəlir. Sonra o, Səmagili götürüb istədikləri yerlərə aparmışdır. Səma işlərini qurtarandan sonra günün axırında onlar evə gəlmişlər, tanışlarını ünvanında düşürdəndə onlara evə gəlməyi təkid etmişlər, onlar da maşından düşüb evə getmişlər. Axşam saat 23:00 radələrində onlar çay içib bir yerdə istirahət etdikləri zaman Səma söhbət əsnasında Fuaddan ayrılmaq istəməsi məsələsini ortaya çıxarmışdır. Bunun üstündə Fuad əsəbləşib özündən çıxmış və Səma ilə Fuadın arasında qızğın mübahisə baş vermişdir. Fuad Səma ilə razılaşmamış və ayrılmayacaqlarını demiş, eləcə də Səmanı fikrindən çəkindirməyə çalışmışdır. Səma isə ara vermədən Fuadı əsəbləşdirmişdir. Bu vəziyyətdə Səma və Fuad qarşılıqlı şəkildə təhqirə keçmişlər və Fuad dözməyib Səmanı sillə və yumruqla vurub döyməyə başlamışdır. O, əvvəl Fuadla Səmanı sözlə məzəmmət edib sakitləşdirmək istəmiş, amma Fuad Səmanı döyəndə dözə bilməyib aralarına girmiş və Fuadın qarşısını kəsməyə çalışmışdır. Həmin vaxt Fuad ondan qarşısını kəsməməyi tələb etdikdə, o, Fuadı əli ilə itələyib stula otuzdurmuşdur ki, yerindən qalxmasın. Fuad isə, ona kobud cavab verdiyinə və yenidən Səmanın üstünə getməyə can atdığına görə o, sakitləşdirmək üçün ərkyana Fuadın sifətinə yüngül sillə vurmuş və hərəkətlərinə görə danlamışdır. Aralarında olan bu münaqişə mətbəxdə baş vermişdir. O, Fuadı sillə ilə vuran kimi sonuncu əl atıb mətbəxdəki qabyuyulan kranın yanında haradansa əlinə keçirdiyi mətbəx bıçağını götürüb onun üstünə gələrək, dərhal onun qarın nahiyəsindən 1 (bir) zərbə vurmuşdur. O, əlini zərbə vurulan qarın nahiyəsinə atmış, qadınlar həyəcanlı qışqırmışlar. Bu zaman Fuad ondan aralanıb bir an hərəkətsiz dayanıb baxaraq nə etdiyini dərk etmişdir. Fuad ona kömək etmək istəyəndə o, Fuadın köməyini rədd etmiş və demişdir ki, “bu da bizim neçə müddətdir dostluğumuzun axırı”. Bundan sonra Fuad qaçıb mənzildən getmişdir. Səma və Gövhər isə onun yanında olmuşlar. Əvvəlcə Səma və Gövhər təcili yardım çağırmaq istəmişlər, o isə demişdir ki, lazım deyil, öz maşını ilə getməyi daha tez olacaq. Gövhər də, onunla xəstəxanaya gedəcəyini bildirmişdir. Onlar «Tayota Prius» markalı avtomobil ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya gəlmişlər. O, yaralı olduğuna görə qabaq sərnişin yerində oturmuş, avtomobili isə Gövhər idarə etmişdir. Səma isə evində qalmışdır. Sonra Səma polisə hadisə barədə məlumat vermişdir. O, xəstəxanaya daxil olandan sonra yarasına baxıb cərrahiyə əmliyyatına salmışlar və əməliyyat yaxşı keçmiş, həkimlər onun sağlamlığı üçün təhlükədən qurtarmışlar. 17 noyabr 2023-ci il tarixədək müalicə alandan sonra o, xəstəxanada qalmaqdan imtina edib ambulator müalicəyə buraxılmışdır. Hadisədən sonra xəsarət alması ilə bağlı cinayət işi başlanması barədə məlumatlandırılmışdır. Həmin hadisə vaxtı evdə Səma, Fuad, Gövhər və ondan başqa heç kim olmamış, hadisə evin içində baş verdiyinə görə kənarndan da, heç kəsin diqqətinin cəlb edilməsinə səbəb olmamışdır. Fuad ondan başqa heç kimin üstünə bıçaqla getməmiş, bıçağı artıq onun tərəfindən sillə ilə vurulandan sonra götürmüş və qarnına 1 (bir) zərbə vurandan sonra dayanmış, sonra kömək etmək cəhdini rədd etməsini görəndə mənzildən qaçıb getmişdir. Fuadın evdə Səma ilə sözlü mübahisəsinin neçə müddət çəkdiyini dəqiq deyə bilmir, amma Fuadın Səmanı vurması, sonra onun müdaxiləsi və onu bıçaqla vurub getməsi 5-6 dəqiqədən çox olmazdı, yəni hər şey çox tez bir zamanda sürətlə keçən hadisə olmuşdur. Hadisə vaxtı orada olanlardan heç kim, o cümlədən Təqsirləndirilən şəxs içkili olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxsla sevgili olmuşdur. O, Fuaddan bir neçə dəfə şikayət etmişdir. O, Təqsirləndirilən şəxsla onun yaşadığı evdə birlikdə yaşamışdır. Bir gün Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmək istədiyini deyib ondan həmin oğlanı öz sevgilisi ilə birlikdə onun evinə çağıra bilib-bilməyəcəyini soruşmuşdur. O da, Fuada öz razılığını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs öz sevgilisi ilə birlikdə onların yaşadığı evə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs onu incitmiş, ona görə də o, Fuadla mübahisə etmişdir. Təqsirləndirilən şəxs həmin gün narkotik vasitə olmuş və Fuad həmin narkotik vasitəni Elmara çəkmək üçün verəcəkdi. O da, Təqsirləndirilən şəxs demişdir ki, “belə bir hərəkət etmə, həmin oğlan narkotik çəkən olmayıb, belə bir iş görərsən, sonra da həmin oğlana nəsə olar”. Buna görə də onunla Fuadın arasında mübahisə baş vermişdir. Həmin oğlan da (zərərçəkmiş şəxs), narkotik vasitə çəkdiyinə görə sanki qəribə bir adam olmuşdur. Bundan sonra Fuad onu bıçaqla vurmaq istəmiş, lakin bıçağı həmin oğlana (zərərçəkmiş şəxsə) vurmuşdur. Zərərçəkmiş şəxs da, həmin vaxt özündə deyildi, qarnını açıb Fuada “Məni vur, məni vur, gücün qıza çatırmı?” demiş, həmçinin ortada söyüş də olmuşdur. Buna görə də, Fuad Elmarı bıçaqla vurmuşdur. Həmin vaxt Fuad və Elmar aqressiv olmuşlar. Fuad Elmarı bıçaqla vurduqdan sonra onu zorla evdən çıxararaq aparmışdır. Elmar isə özü xəstəxanaya getmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbiilə qəsəbəsində özünə məxsus fərdi yaşayış evində tək yaşayır. Atası, anası və qardaşı Türkiyədə Kıpr adasında yaşayırlar. O, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə təxminən bir il olar ki, nikahsız ər-arvad kimi yaşamışdır. Fuad teztez gəlib onunla bir ünvanda yaşamışdır. Münasibət qurub birlikdə 5-6 ay olandan sonra o, Fuadın ona qarşı kobud münasibətlərinə dözə bilmədiyinə görə sonuncudan ayrılmaq qərarına gəlmişdir. Fuad da, bununla barışmaq istəmədiyinə görə son aylar onu incitmiş, ayrılmasını istəməmişdir. O, Fuadın vasitəsi ilə sonuncunun dostu olan Zərərçəkmiş şəxs da tanımışdır. Belə ki, Fuad onunla yaşadığı müddətdə Elmar dost kimi onlara gəlibgetmiş, sevgilisi Könül adı ilə çağırılan Şahid2 da, Elmarla birlikdə onlara gəlmiş, onlar bir yerdə vaxt keçirmişlər, çay içib söhbət etmişlər, istirahət etmişlər. Amma heç vaxt Elmar və Gövhər onun evində gecələməmişlər. Sonuncu dəfə baş verən hadisədən qabaq Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının 5-dən onun ünvanında olmuş, onlar gecəni bir yerdə qalmışlar. 06 noyabr 2023-cü il tarixdə səhər onlar zəng vurub Elmarı çağırmışlar ki, gəlib onu şəhərə aparsın. Elmar idarə etdiyi «Toyota Prius» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Elmar onlara gələndə Gövhəri də, özü ilə gətirmişdir. O, Fuadla birlikdə avtomobilə minəndən sonra Eilmar onları şəhərə aparmışdır. Şəhərdə işlərini qurtarandan sonra da saat 21:00 radələrində onlar yenə birlikdə onun evinə qayıtmışlar. O, evdə qonaqlarını saxlayıb çay hazırlamış, sonra yemək bişirmişdir. O, həmin gecə Elmar ilə Gövhəri qəsdən yubatmışdır ki, sonuncular onlarda qalsınlar və Fuad yatandan sonra onu evdən çıxartsınlar. Ona görə ki, o, qısqanıb buraxmaq istəməyən Fuadın qorxusundan heç yana gedə bilmir. Gecə saat 23:00 radələrində onun Fuaddan ayrılmaq barədə söhbət düşmüşdür. O, Fuadın özünə bildirmişdir ki, ayrılmalarını istəyir. Fuad belə bir məqsədinin olmasını bir daha eşidib biləndən sonra özündən çıxaraq ona qarşı aqressivləşmiş, bir neçə dəfə üstünə qışqırıb hədələyərək fikrindən döndərmək istəsə də o, dediyinin üstündə durub ayrılmaq fikrindən əl çəkməmişdir. Fuad daha da əsəbləşib onu sillə və yumruq zərbələri ilə vurmağa başlamışdır. O da, etirazını bildirib əlqol atmışdır ki, özünü müdafiə etsin və Fuadı özündən uzaqlaşdırsın, amma bacara bilməmişdir. Fuadın vurduğu zərbələr onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə dəymişdir. Fuad onu döyməkdə davam edərkən Elmar müdaxilə edib araya girmiş və əvvəl xahişlə, sonra sərt təpki ilə Fuaddan dayanmasını tələb etmiş, sakitləşdirməyə çalışmışdır. Fuad bir neçə dəfə Elmardan qarşısından çəkilməsini tələb etsə də, Elmar Fuadın qarşısından çəkilməmiş və əli ilə maykasını qaldırıb «neyniyəcəksən, məni vuracaqsan?» demişdir. Fuad yenə ona tərəf gəlmək üçün Elmardan yapışıb qabağından kənarlaşdırmaq istədikdə, Elmar əsəbləşib Fuada bir-iki sillə vurub sakitləşməsini tələb etmişdir. Fuad bir anın içində mətbəxdə su kranının üstündən arxası butulka açan olan qara dəstəkli mətbəx bıçağını götürüb Elmarın üstünə qayıtmış və dərhal yaxınlaşıb Elmarın qarın nahiyəsinə həmin bıçaqla zərbə vurmuşdur. O, bıçağı ona görə dəqiq xatırlayır ki, bıçağın qarmaq hissəsi hər istifadə edəndə əlinə ilişmişdir. Fuadın bu hərəkətindən o da, Gövhər də, qorxuya düşüb qışqırmışlar ki, Fuad dayansın. Fuad özü də, bıçaqla Elmara zərbə vurandan sonra qorxmuş kimi dayanmış, Elmara başqa zərbə vurmamış, birdən qaçıb evdən çıxaraq getmişdir. Onlar Elmara təcili yardım çağırmaq istəyəndə Elmar demişdir ki, lazım deyil, öz avtomobili ilə gedəcəkdir. Gövhər isə özü Elmarı aparacağını bildirmişdir. Bundan sonra Elmar yaralı olduğundan dərhal avtomobilin qabaq sərnişin yerinə oturmuş, Gövhər isə sükan arxasına oturub avtomobili işə salmış və sonra xəstəxanaya getmişlər. Gövhərgili gedəndən sonra o, özünə məxsus ***-***-**-** mobil nömrəsindən polisin “102” xidmətinə məlumat vermiş və qonşuları arasında mübahisədə Zərərçəkmiş şəxs bıçaqla vurulduğu barədə məlumat vermiş, amma qeyd elmək istəyir ki. həyəcanlı və qorxu içində olduğundan polisə məlumatı necə verdiyini, yəni hadisəni necə izah etdiyini tam xatırlamır. Hər halda onun verdiyi məlumatla bir müddət sonra polis əməkdaşları gəlib ünvanına çıxmışlar. Səhər açılandan sonra polis əməkdaşları onun yaşadığı ünvana baxış keçirmişlər. O, evə baxanda görmüşdür ki, yerdə qan yoxdur, necə olmuşdursa Elmarın qanı yerə tökülməmişdir. O, Elmarla zəngləşib danışanda sonuncu demişdir ki, qan şalvarına töküldüyündən yerə düşməmişdir. Hadisə yerinə baxılanda bıçaq orada tapılmamış, çünki Fuad çıxıb gedəndə bıçağı da, özü ilə aparmışdır. Bıçaq onun üçün əşya və əmlak kimi əhəmiyyət kəsb etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, bir gün Zərərçəkmiş şəxs çay içmək üçün ona Təqsirləndirilən şəxs ilə Şahid1 yaşadığı evə getməyi təklif etmişdir. O da, Elmarla razılaşmışdır. O, Zərərçəkmiş şəxslə birlikdə Təqsirləndirilən şəxs və Şahid1gilə gəldikdən bir müddət sonra Fuad ilə Səma arasında sözlü mübahisə baş vermişdir. O, həmin mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. Mübahisə zamanı Səma ucadan qışqırmışdır. Bundan sonra Səma birdən mətbəxə qaçaraq mətbəxdəki bıçağı götürüb öz boğazına dirəmiş və Təqsirləndirilən şəxs intihar edəcəyini bildirmişdir. Lakin bu vaxt Təqsirləndirilən şəxs dərhal həmin bıçağı Şahid1 əlindən almışdır. Sonra Zərərçəkmiş şəxs Şahid1 dəstək olmaq məqsədilə Təqsirləndirilən şəxs kənara çəkərək Fuada “qızla işin olmasın” demişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs mübahisəyə qarışmamasını xahiş etmişdir. Sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “qızı vurma” demişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs “mən qızı vururam ki? Mən sadəcə olaraq qızın əlindən bıçağı aldım” demişdir. Bu vaxt Zərərçəkmiş şəxs birdən üzərindəki köynəyi yuxarıya doğru qaldıraraq Təqsirləndirilən şəxs “götür məni vur” demişdir. Zərərçəkmiş şəxs əynində olan köynəyin altında ağ rəngli mayka olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs 3 (üç) dəfə Zərərçəkmiş şəxs özündən əl çəkməsini xahiş etsə də, Zərərçəkmiş şəxs ucadan qışqıraraq Təqsirləndirilən şəxs özünə bıçaq zərbəsini endirməsini tələb etmişdir. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs xalis ölməli adamdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, elan edilmiş ifadələri, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi ünvana, yəni ünvan 2erləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 15) görünür ki, Şahid1 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ayrılmaq istəməsi ilə əlaqədar aralarında yaranmış məsələyə görə Təqsirləndirilən şəxs ona sillə və təpik zərbələri vuraraq müxtəlif bədən xəsarətləri yetirdiyini, eyni zamanda hadisənin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs də, bıçaqla vurub sonuncuya xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 43-44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatətin Suraxanı rayon prokuroru tərəfindən rədd edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə onun Polis İdarəsinin MSYdən azad olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 1, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əlaqədar ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 64) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsin 1002 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 88-89) görünür ki, vǝtəndaş Şahid1 ilkin olaraq sol bazunun yumşaq toxumasının hematoması, sol sağrının hematoması, hər iki almacıq nahiyəsinin, hər iki kürəküstü, kürək və hər iki kürəkaltı nahiyələrin, har iki bazunun, sol saidin, sol əlin arxa səthinin, hər iki budun, hər iki baldırın çoxsaylı qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin dediyi xx.xx.2023-cü il vǝ xx.xx.2023-cü il tarixlərdə əl və ayaqla vurulma nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsin 129 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 104-106) görünür ki, vət. Zərərçəkmiş şəxs “S”vari bağırsağın və nazik bağırsaq ilgəyinin yaralanması ilə müşaiyət olunan qarının sol yan səthinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 1008 nömrəli məhkəmə-psixiatrik ekspertizası rəyindən (cild 1, iş vərəqə 114-115) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansi bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 116-121) görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi və hadisədən sonra cinayətin aləti qismində çıxış edən bıçağı tulladığı yerləri əyani şəkildə göstərməklə törətmiş olduğu cinayət əməlinin üsulu və mexanizmi barədə ətraflı şəkildə məlumat vermişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 122-130) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, hazırkı cinayət işindən Şahid1 sağlamlığına yüngül zərər vurulması faktına görə cinayət təqibi üzrə ibtidai araşdırma materiallarının ayrıca icraata işin ayrılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 132-133) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, lakin müdafiə tərəfi həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs Şahid1 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla, Səma ilə birlikdə sonuncuya məxsus evdə yaşamış və həmin ərəfədə Səma Fuaddan ayrılmaq istədiyindən onların arasında münasibətlər soyumuşdur. Onların münasibətlərinin soyumasına səbəb – Səmanın Fuaddan ayrılmaq istəməsi, Fuadın isə buna razılıq verməməsi olmuşdur. Cinayət hadisəsinə gəldikdə isə, bu hadisə 06 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Şahid1 yaşadığı ünvan 2erləşən fərdi yaşayış evində baş vermişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs, Şahid1, Zərərçəkmiş şəxs və sonuncunun tanışı Şahid2 olmuşdur. Bu hissədə qeyd edilməlidir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini tanımışlar, onların arasında dostluq münasibətləri olmuş və bu səbəbdən də Zərərçəkmiş şəxs həmin ərəfədə yaxın münasibətdə olduğu Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə yaşadığı evə gəlmişdir. Onlar evdə olarkən Şahid1 yenidən Təqsirləndirilən şəxs ayrılmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə buna razı olmadığından onların arasında sözlü mübahisə baş vermişdir. Sonradan sözlü mübahisə Təqsirləndirilən şəxs Şahid1 qarşı zorakılıq etməsi ilə nəticələnmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə Fuadla Səmanın arasına girmiş və Fuadın qanunsuz hərəkətlərinə son qoymaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs buna məhəl qoymadan Şahid1 ilə mübahisə etməyə davam etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə məcbur qalaraq sonuncuya zor tətbiq edilmişdir. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hərəkətlərindən narazı qalaraq evdə olan bıçağı götürərək Zərərçəkmiş şəxs 1 (bir) dəfə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayıb xəsarət yetirdiyini başa düşsə də, sonuncuya heç bir tibbi və digər yardım göstərmədən cinayət hadisəsinin baş verdiyi ünvanı tərk etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Şahid1 xəsarət yetirməsi cinayət işinin materialları ilə tam şəkildə təsdiq olunur. Belə ki, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Hüquqi Şəxsin 1002 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Şahid1 ilkin olaraq sol bazunun yumşaq toxumasının hematoması, sol sağrının hematoması, hər iki almacıq nahiyəsinin, hər iki kürəküstü, kürək və hər iki kürəkaltı nahiyələrin, har iki bazunun, sol saidin, sol əlin arxa səthinin, hər iki budun, hər iki baldırın çoxsaylı qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin dediyi xx.xx.2023-cü il vǝ xx.xx.2023-cü il tarixlərdə əl və ayaqla vurulma nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Həmçinin iş üzrə ibtidai araşdırma zamanı qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan da görünür ki, hazırkı cinayət işindən Şahid1 sağlamlığına yüngül zərər vurulması faktına görə cinayət təqibi üzrə ibtidai araşdırma materiallarının ayrıca icraata ayrılması qərara alınmışdır. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətən də cinayət hadisəsi baş verdiyi gün Şahid1 ilə əvvəlcə sözlü mübahisə etmiş, sonradan sözlü mübahisə Fuadın Səmaya zorakılıq etməsi ilə nəticələnmiş, göstərilənlər baş verərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq istəmiş, sonuncu isə Zərərçəkmiş şəxs bu kimi hərəkətlərindən narazı qalaraq evdə olan mətbəx bıçağını götürməklə Zərərçəkmiş şəxs 1 (bir) dəfə xəsarət yetirmiş, həmin xəsarət də ekspertiza rəyinə əsasən dərəcəsinə görə ağır xəsarət kimi qiymətləndirilmişdir. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs məhkəmədə dindirilməsi mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrinə gəldikdə isə məhkəmə hesab edir ki, göstərilən şəxslər məhkəmədə ifadə verərkən səmimi olmamışlar və həqiqəti gizlətməklə məhkəməyə təhrif edilmiş məlumatlar vermişlər. Belə ki, Şahid1 ibtidai araşdırma zamanı dəfələrlə ifadə verərək cinayət hadisəsinin baş verməsinə səbəb kimi – hadisədən bir qədər əvvəl onun Təqsirləndirilən şəxs ayrılmaq istəməsini, Təqsirləndirilən şəxs isə buna razı olmamasını bildirdiyi halda, məhkəmədə ifadə verərək Təqsirləndirilən şəxs hadisədən əvvəl Zərərçəkmiş şəxs narkotik vasitə verməsi və bununla bağlı mübahisənin yarandığını bildirmişdir. Şahid2 isə ibtidai araşdırma zamanı tərəflərin ifadəsinə uyğun məzmunda ifadə versə də, məhkəmədə bir çox halları təhrif edərək inandırıcı olmayan məlumatları bildirmişdir. Verilmiş suallara cavabdan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan ayrıldıqdan sonra sosial şəbəkələrdə xoşagəlməyən məlumatlar yayaraq Şahid2 təhqir etmişdir. Göstərilən məsələlər ittihamla bağlı olmadığından və bu hissədə məhkəməyə sübutlar təqdim edilmədiyindən göstərilənlərin həqiqət olmasını məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Lakin hər iki şahidin məhkəmədə verdiyi ifadələrin təhlili onu göstərir ki, Şahid1 Təqsirləndirilən şəxs, Şahid2 isə Zərərçəkmiş şəxs qarşı açıq-aşkar qərəzli mövqedədirlər. Bu səbəbdən də məhkəmə hər iki şahidin məhkəmədə ayrı-ayrılıqda verdiyi ifadələrə tənqidi yanaşır və belə nəticəyə gəlir ki, Səma və Gövhər məhkəmədə ifadə verərkən səmimi olmamışlar və həqiqəti gizlətməklə məhkəməyə təhrif edilmiş məlumatlar vermişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 06 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Şahid1 yaşadığı ünvan 2erləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) zərbə vurmuş və həmin xəsarət dərəcəsinə görə ağır bədən xəsarəti kimi qiymətləndirilmişdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ibtidai araşdırma zamanı və məhkəmədə etirafedici ifadələr verməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Bu hissədə qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirsə də, faktiki olaraq təqsirləndirilən şəxslə barışıbbarışmadığını, eləcə ona vurulmuş ziyanın tam şəkildə ödənilib-ödənilmədiyini bildirməmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizədə Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində öz əksini tapmış məsələlər ilə bağlı öz mövqeyini bildirməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmədə dindirilməsi mümkün olmadığından və məhkəmə araşdırması davam edən zaman onun tərəfindən yuxarıda göstərilən məsələlər (barışığın əldə edilməsi və ziyanın tam şəkildə ödənilməsi) ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mərhələyədək tərəflər arasında barışıq əldə edilməmişdir. Məhkəmə belə nəticəyə gələrkən həm də onu əsas tutmuşdur ki, dindirilməli olan şəxslər tez-tez iş üzrə mövqelərini dəyişmişlər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 07 noyabr 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli məhkəmə hökmü elan edildiyi vaxtdan, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan cəzanın əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar