Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-181/2022 01.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Astara şəhərində anadan olmuş, orta təhsilli, ailəli, himayəsində 2010-cu il təvəllüdlü uşağı olan, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 3-də pasport qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Fərrux adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Fərrux adlı şəxs tərəfindən göndərilmiş təmiz çəkisi 505 qram təşkil edən külli miqdarda psixotrop maddə metafetamini və təmiz çəkisi 710 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 26 aprel 2021-ci il tarixdə Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı qara rəngli selofan torbanın içərisindən, bir ədəd selofana bükülmüş təmiz çəkisi 505 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, bir ədəd selofana bükülmüş təmiz çəkisi 710 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə gəzdirdiyi elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iranlı Fərruxu 2-3 ilə yaxın olar ki, tanıyır. Belə ki, o, istifadəsində olan maşınla taksi fəaliyyəti ilə məşğul olurdu. Əsasən Astara gömrük keçid məntəqəsindən Bakı şəhərinə daşımış və o vaxtlar Fərruxu ailəsi ilə birlikdə həmin keçiddən Bakı şəhərinə gətirmişlər. Elə olmuşdur ki, münasibətləri yaranmış, Fərrux hər dəfə Azərbaycana tək və yaxud ailəsi ilə birlikdə gəldikdə onun xidmətlərindən istifadə edirdi. Belə ki, Fərrux ailəsi ilə birlikdə Binə bazarından pal-paltar alıb İrana aparırdılar. Fərrux onunla İran nömrəsi ilə telefon əlaqəsi saxlayırdı. Sonuncu dəfə Fərrux onunla 2021-ci ilin aprel ayının 27-də telefonla əlaqə saxlayaraq bildirmişdir ki, ona çatası çanta vardır, həmin çantanı götürüb özündə saxlamalı, sonra isə ondan gəlib həmin çantanı götürəcəklər. O da Fərruxun sözündən çıxmayaraq Suraxanı xəstəxanasının yanında basdırılmış dirəyin yanından bir ədəd çantanı götürmüşdür. Çantanın üst hissəsində pal-paltar olmuş, onların altında nə olduğunu bilməmişdir. Artıq hava qaralmışdır. Həmin çanta ilə evinə tərəf hərəkət etdiyi zaman polis əməkdaşları onu saxlayıb idarəyə aparmışlar. Polis idarəsinə gedənə qədər həmin torba onda olmuşdur. Yəni polislərin torbaya nə isə başqa bir şey qoymaları olmamışdır. İdarədə onun üzərinə və torbaya baxış keçirilmiş, üzərindən 1 ədəd telefon və 5-6 manat pul olmuşdur. Torbada isə paltarların altından bir bükümdə heroinə bənzər maddə, bir bükümdə kristal şəkilli metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin narkotik vasitələr ona aid deyildir. Fərrux çantanı götürməyi dedikdə içində nə olduğunu bildirməmişdir. Fərruxu ticarətçi və ailəli adam kimi tanıdığı üçün onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını ağlına belə gətirməmişdir. Onun özü narkotik vasitələr qəbul etmir, onun satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, o, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 aprel 2021-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü DİN-nin BNMİ-nin rəisinə raportla məruzə etmiş, tədbirin keçirilməsinə dair qərar çıxarılmış və qrupun yaradılması barədə əmr verilmiş, əmrə əsasən o, Şahid2 və Şahid3 tədbiri həyata keçirməli idilər. 27.04.2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanın yaxınlığında yerləşən «Spar» marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparılmışdır. Xatırladığı qədər Asimin yanında daha bir nəfər olmuş, lakin istintaq orqanı tərəfindən onun bu işə aidiyyatı olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 22-ci PŞ-də təhqiqatçı Nəcəf Aburşuya təqdim edilmiş və bundan sonra bütün istintaq hərəkətlərini Nəcəf Aburşu həyata keçirmiş, o və həmkarları isə Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanı təhqiqatçıya təqdim etmiş, sonuncu həmin sellofan torbanın içində olan 01 (bir) ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə, 01 (bir) ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələr və 01 (bir) ədəd elektron tərəzi aşkar edərək onları qablaşdırmış, bundan savayı səhv etmirsə Təqsirləndirilən şəxs ciblərində olan mobil telefon, sürücülük və şəxsiyyət vəsiqələri və 267 (iki yüz altmış yeddi) manat pulu təqdim etmişdir. Aşkar olunmuş əşyalara dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və baxışın bütün iştirakçıları həmin protokolun döğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 daxil olmuş məlumatdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotk vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğuldur. Müvafiq sənədləşmə aparıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1, üzvüləri isə o və Şahid3 olmuşlar. 27 aprel 2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanın yaxınlığında yerləşən «Spar»marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22ci PŞ-nə aparılmış və bundan sonra bütün istintaq hərəkətlərini Nəcəf Aburşu həyata keçirmiş, o və həmkarları isə Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanı təhqiqatçıya təqdim etmiş, sonuncu həmin sellofan torbanın içində olan 01 (bir) ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə, 01 (bir) ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələr və 01 (bir) ədəd elektron tərəzi aşkar edərək onları qablaşdırmış, bundan savayı səhv etmirsə Təqsirləndirilən şəxs ciblərində olan mobil telefon, sürücülük və şəxsiyyət vəsiqələri və 267 (iki yüz altmış yeddi) manat pulu təqdim etmişdir. Aşkar olunmuş əşyalara dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və baxışın bütün iştirakçıları həmin protokolun döğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 27 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuş, o, həmin məlumatın yoxlanılmasından ötrü BNMİnin rəisinə raportla məruzə etmişdir. Bundan sonra ondan və həmkarları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 27.04.2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanın yaxınlığında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparılmışdır. 22-ci PŞ-nin xidməti iş otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif edilmişdir. Bu təklifdən sonra o sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən bir ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sonuncuya məxsus sürücülük, şəxsiyyət vəsiqələri və 267 manat pul aşkar olunmuşdur. Daha sonra həmin sellofan torbanın içərisindəki maddələr bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan bizlərə oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüşdür. 267 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Fərrux” adlı şəxsin vasitəsi ilə deyiləcək yerə çatdırmaq üçün Bakı şəhəri, Suraxanı rayonu ərazisindən əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi, yəni onun yaşadığı Astara şəhər sakini kimi tanımışdır. O, özünə məxsus **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobili ilə Astara İran-Azərbaycan sərhəd keçidindən sərnişinləri Bakı şəhərinə gətirirməklə ailəsini dolandırırdı. Təqsirləndirilən şəxs da onunla birlikdə öz avtomobili ilə Astaradadan sərnişinləri Bakı şəhərinə gətirirməklə özə ailəsini dolandırırdı. Lakin ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq işləri dayanmış, bu səbəbdən o, Bakı şəhərinə gələrək həm avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuş, həm də maşın yuma məntəqəsində işləyərək pul qazanmışdır. 26 aprel 2021-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək, iş axtarmaq üçün taksi ilə Bakı şəhərinə gələcəyini, Bakıya çatdıqda onu lazımı yerlərə aparmağı xahiş etmişdir. O isə Asimə bildirmişdir ki, axşam saat 21-ə qədər işlədiyi üçün yalnız bu vaxtdan sonra onunla görüşə bilər. Həmin gün saat 21 radələrində işdən çıxdıqdan sonra Nəsimi rayonu ərazisində “Tarqovi” adlanan ərazidə Təqsirləndirilən şəxsla görüşmüş, o, paltarını dəyişmək üçün yaxınlıqda yaşayan xalasıgilə Asimlə birlikdə getmiş, orada Asim onu küçədə gözləmiş, o isə paltarını dəyişərək yenidən Asimin yanına qayıtmışdır. Bundan sonra birlikdə «Spar» marketə getmişlər. Marketdə yemək üçün ərzaq alaraq Asimlə birlikdə yenidən xalasıgilə gedib orada yemək yemişlər. Bundan sonra «Tarqovıya» çıxaraq ikisi birlikdə gəzişmişlər. Artıq gec olduğu üçün Təqsirləndirilən şəxs ondan ayırılaraq çıxıb getmiş, lakin təxminən 40 dəqiqədən sonra ona zəng edərək onu maşınla “Karvansaray” adlanan yerə aparmağı xahiş etmişdir. Asimin xahişi ilə onu “Karvansaray” ya aparmamışdan əvvəl Əmircan qəsəbəsinə aparmışdır. Asimin deməsinə görə o, orada bir şəxslə görüşməli idi. Yanacağı qurtarmaq üzrə olduğundan yolüstü yanacaq doldurma məntəqəsindən yanacaq doldurmuş, pulunu isə Asim ödəmişdir. Əmircan qəsəbəsində təcili tibbi yardımın yaxınlığında Asim maşından düşüb hara isə getmiş, o isə maşında qalaraq Asimi gözləmişdir. Asimin hara getməsini görməmiş və bilməmişdir. Təxminən 20 dəqiqədən sonra Asim yenidən qayıdaraq avtomobilə minmişdir. Həmin vaxtı Asimin əlində qara rəngli sellofan torba var idi. Asimi deməsinə görə torbada paltarları vardır, lakin torbanın içində nə olduğunu o şəxsən görməmişdir. Bundan sonra Asim ona yenidən “Karvansaray” adlanan yerə sürməyini demiş və ora çatdıqda Asim avtomobildən düşüb harasa getmişdir. Asim hara getdiyi barədə ona bir söz deməmişdir. O isə öz evinə getmişdir. Səhəri gün, yəni 27 aprel 2021-ci il tarixdə saat 21 radələrində işdən sonra yenə Asimlə Tibilisi prospektində, Azpetrolun yaxınlığında görüşmüşlər. Asimin əlində bir gün əvvəl gördüyü qara sellofan torbanı görmüşdür. Asim ona Astara rayonuna getmək istədiyini, buna görədə onu Qaradağ rayonunda Lökbatan dairəsinə aparmağını xahiş etmişdir. O, Asimlə öncə Nəsimi rayonunda yerləşən “Spar” marketdən yola siqaret və su almaq üçün gəlmiş, orada siqaret, su aldıqdan sonra bayıra çıxan zaman onları 3 nəfər mülki geyimdə olan polis əməkdaşları saxlamışlar. Asimin əlindəki çantanı isə polislər onun maşınından götürmüşlər. Təsdiq edir ki, həmin çanta Asimə məxsusdur və polis idarəsində çantadan nə aşkar olunubsa Asimə məxsusdur. Bununla bağlı verdiyi ifadəsini təsdiq edir. Polisdə onun ifadəsi alınmış, Asimin törətdiyi əmələ aidiyyatı olmadığından onu oradan sərbəst buraxmışlar. Bununla bağlı heç bir şikayəti və narazılığı yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin BNMİ-nin rəisinə ünvanlanan 27.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsnın qanunsuz olaraq külli miqdarda narkotik vastitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə barədə” 27.04.2021-ci il tarixli videoçəkilişlə aparılmış protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs DİNnin BNMİ-nin əməkdaşları tərəfindən 27.04.2021-ci il tarixdə saat 23:00-da ünvan 1 ünvanın yaxınlığında hərəkət edən zaman saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22ci Polis şöbəsinin inzibati binasına gətirilməsi, orada üzərinə şəxsi axtarış zaman sağ əlində olan qara rəngli sellofan torbanın içərisində, bir ədəd sellofan torbaya bükülmüş təmiz çəkisi 505 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, bir ədəd sellofan torbaya bükülmüş təmiz çəkisi 710 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülmüşdür. Sorğa zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Fərrux” adı şəxs tərəfindən deyiləcək yerə çatdırmaq üçün Bakı şəhəri, Suraxanı rayonu ərazisində əldə etdiyini, narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 27.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29.04.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 28.04.2021-ci il tarixli, 6/1685 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan- 01 ədəd bükümdə təmiz çəkisi 505 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 710 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd 12x7 sm ölçüdə elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək və eyniləşdirmə üzrə təqdiqatın aparılması mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 1786 saylı rəydən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsinə dair» 10.06.2021ci il tarixli protokoldan müəyyən olunur ki, diskdə olan ***-***-**-** saylı nömrənin Azercell şəbəkəsində 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində istifadəsi qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metafetamini 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində işıq dirəyinin alt hssəsindən götürdüyüünü bildirmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 01.08.2021-ci il tarixli qərardan müəyyən olunur ki, 01 ədəd elektron tərəzi, tədqiqatdan sonra qalıq çəkisi 709,9 qram olan narkotik vastə heroin, psixotrop maddə 504,9 qram metafetamin saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, mobil operatordan daxil olmuş CD disk, şəxsi axtarış protokolu, videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardığı gündən 1 il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edidməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsə məxsus telefonda olan SMS yazışmalarının məzmunundan və eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin ümumi təmiz çəkisi 710 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 505 qram psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 27 aprel 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkiləri 709,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 504,9 qram psixotrop maddə metafetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 360 (üç yüz altmış) manat pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 709,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 504,9 qram psixotrop maddə metafetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 360 (üç yüz altmış) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-181/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-181/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver