Məhkəmə qərarları › İş №1(101)-1810/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1810/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1810/2024 16.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, X1 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri X4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 saylı inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2024-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti müəyyən edilməmiş şəxsdən 100 manat pul müqabilində külli miqdarda 11,133 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 16 yanvar 2024-cü il tarixdə, saat 10:25-də ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin Baş İdarənin inzibati binasına aparılmış, inzibati binada xidməti otaqda saat 12:15-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,811 qram və 5,322 qram olmaqla ümumilikdə təmiz çəkisi 11,133 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, saxlanılarkən üzərində cəmi 0,5 qram metafetamin olmuşdur. Tutulma prosesi, yer, şəxslər, məkan və şərait hamısı ona verilmiş ittihamın məzmununda və istintaqda verdiyi ifadəsində doğru yazılmışdır və yazılanları qəbul edir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, DİN, BMCMİ-yə aparılandan sonra orada onun qabağına 2 büküm qoydulmuş və boynuna götürməsi tələb olunmuşdur. Polisin verdiyi, onun olmayan bükümdəki psixotrop maddə təxminən 12 qram olmuşdur. Onun özünə aid maddə də eyni növdən olan psixotrop maddə olmuşdur. Şəxsi axtarış zamanı özünə aid olan 0,5 qram metafetamin orada olmamışdır, belə ki, saxlanılarkən özünə aid psixotrop maddəni yerə atmışdır. Video çəkiliş zamanı o, məcbur edilmiş, hər şeyi təziq altında qəbul etmişdir. Onu polislər döyməmiş, hədələnmiş və israrla boynuna alması tələb olunmuşdur. Bükümləri polislər özləri onun cibinə qoymuş, Hədələrə görə bükümlərin onun cibinə qoyulmasına etiraz etmişdir. O da ona olan hədələri, təhqirləri real qəbul etmiş və iki bükümü qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsində də barəmdə qətimkan tədbiri seçilən zaman etirazını bildirməmiş, hakimə, ona edilən həddələrlə bağlı heç nə deməmişdir. Kürdəxanıya, yəni Bakı İçstintaq Təcridxanasına getdikdən sonra xəsarət alıb-almadığı yoxlanılmış, lakin xəsarət müəyyən edilməmişdir. Onun ilkin ifadəsi o, halsız vəziyyətdə olarkən alınmışdır. Onun ifadəsi alınarkən müstəntiq tərəfindən ona heç bir təzyiq göstərnilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq edilmiş ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, bir müddət narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə etmişdir. 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində gəzərkən bir nəfər şəxslə həmsöhbət olmuşdur. Həmin şəxs 35-40 yaşlarında qarabəniz, arıq bədən quruluşlu bir nəfər şəxs olmuşdur. Adını soruşmamış, həmin şəxs isə öz adını ona deməmişdir. Həmin şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, buna görə də ondan 100 manatlıq psixotrop maddə metamfetamin istəmişdir. 100 manatlıq psixotrop maddə metamfetamin almaqda məqsədi onun bir hissəsini istifadə etmək, qalan hissəsini isə satmaq olmuşdur. Bu məqsədlə adını bilmədiyi şəxsdən iki bükümdə psixotrop maddə metamfetamini 100 manata almış və aldığı psixotrop maddə metamfetaminləri üzərimdə saxlamışdır. 16 yanvar 2024-cü il tarixdə, saat 10:25-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 151A ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib BMCMİnin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyi xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə “patı” olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu BMİCMİ-ə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə hüquqlarımın müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərindən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf selofan bükümləri, əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən 01 ədəd “ Samsung” markalı mobil telefonunu və əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd elektron izləmə cihazını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk əvvəl təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmiş, həmin bükümlər iştirakçıların şahidliyi ilə açılmışdır. 02 ədəd sellofan bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş ümumilikdə 02 ədəd sellofan bükümdə olan maddələri həmin gün, yəni 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi və həm də satış məqsədilə 100 (yüz) manat pul müqabilində almaqla üzərində gəzdirdiyini, həmin maddənin adını “patı” olaraq bildiyini, bu maddələri şəxsi istifadə və satmaq niyyətilə almağına baxmayaraq, heç kimə satmadığını, satışı həyata keçirtməyə imkanının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetamin 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd elektron izləmə cihazına baxış keçirilmişdir. Daha sonra üstümdən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 ədəd elektron izləmə cihazı isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün ona qaytarılmışdır. Sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o, həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni həm özünün istifadəsi və həm də satışı məqsədi ilə almış, lakin heç kimə sata bilməmişdir(iş vərəqə: 169-171). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə sonuncu raportla Baş İdarənin rəisinə məruzə etmişdi. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şahid1 tərəfindən qərar qəbul edilmiş, tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik Şahid1 tapşırılmışdır. O, qrupun üzvü olmuşdur. 16 yanvar 2024-cü ildə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində, A.M.Şərifzadə küçəsində saat təxminən 10:25-də saxlanılmış və ondan anket məlumatlarını bildirməsi barədə xahiş etmiş və saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, o, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən BMCMİ-nə aparılması təmin edilmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf selofan bükümləri, daha sonra özünə məxsus 01 ədəd «Samsung» markalı mobil telefonunu və 01 ədəd elektron izləmə cihazını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilmiş, bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, sorğu-sual edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümdə olan maddələri 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi və satışı məqsədilə 100 manat pul müqabilində almaqla üzərində gəzdirdiyini, həmin maddənin adını “patı” olaraq bilməsini, həmin maddələri satmağa imkanının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefona və elektron izləmə cihazına baxış keçirilmiş, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, elektron izləmə cihazı isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə qurtardıqdan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, Baş İdarəyə aparılarkən və ya Baş İdarədə ona hər hansı fiziki və ya mənəvi təzyiq göstərilməmişdir(iş vərəqə: 88-90). Cinayət işinə məhkəmə baxışı zamanı DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 dindirilməsindən sonra müdafiə tərəfi – təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəmədə dindirilmələrinə ərurət görmədiklərini bildirmiş və hər iki şahidin ifadələrinin elan edilməklə tədqiq olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı zamanı DİN-nin BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, hər iki şahid məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» barədə və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi CD diskə baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə, saat 10:25-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-nin BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 12:15-dən etibarən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə şübhəli maddə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan hər iki protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd «Samsung» markalı mobil telefonu və 01 ədəd elektron izləmə cihazını çıxarıb təqdim etmişdir. Tədqiq olunan hər iki protokoldan görünür ki, bundan sonra Təqsirləndirilən şəxs 2 ədəd bükümdə təqdim etdiyi psixotrop maddə metamfetaminə şübhəli maddə ağ rəngli boş kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin aşkar olunmuş mobil telefon araşdırma aparılması üçün götürülmüş, 01 ədəd elektron izləmə cihazı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Tədqiq olunan həmin protokollardan daha sonra görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə şübhəli maddənin özünə məxsus olduğunu, 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi və satışı məqsədilə 100 manat pul müqabilində almaqla üzərində gəzdirdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokollardan görünür ki, şəxsi axtarış və götürmə prosesi «Sony» markalı video kameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd DVD disk «şəxsi axtarış aparılması və götürmə» barədə 16 yanvar 2024-cü il tarixli protokola əlavə edilmişdir(iş vərəqə: 27-28, 123). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/237 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №6” dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs …» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,811 qram, 5,322 qram olan ümumi təmiz çəkisi 11,133 qram olan ağ rəngli kristal formada olan maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyasıhına daxildir. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 11,133 qram olmuş, 0,1 qram tədqiqata sərf edilmiş, 11,033 qram qalıq qalmışdır(iş vərəqə: 41-43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan İstintaq zamanı «Bakcell MMC»-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL 4655/24 nömrəli məktubla alınmış 01 ədəd DVD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı GSM mobil nömrəsinə giriş və çıxış zənglərinin siyahısı müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, qeyd olunan zənglərin siyahısına baxış zamanı xx.xx.2024-cü il tarixdə 22:15:54 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrədən ***-***-**-** saylı GSM mobil nömrəyə «ala yarım dene k 5 p lazımdı cavab ver de» sözləri müəyyən edildi. Zənglərin siyahısına baxış zamanı isə iş üçün əhəmiyyət kəsb edən digər mesajlar müəyyən edilməmişdir. Rabitə kanalından alınmış məlumatlara baxış keçirilməsi prosesində iştirak etmiş Təqsirləndirilən şəxs mesajla və onun mətnləri ilə tanış olsa da, hazırda həmin mesajın kim tərəfindən yazıldığını və mobil nömrənin abonenti barədə dəqiq məlumata malik olmadığını bildirmişdir(iş vərəqə: 135). İbtidai istintaq orqanının müvafiq qərarları ilə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 11,133 qram psixotrop maddə metamfetamin, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı diski, Baksell MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL 4655/24 nömrəli məktubla alınmış 01 ədəd DVD-R formatlı disk, bir ədəd «Samsunq Galaxy» markalı mobil telefon iş üzrə maddi sübüt kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,033 qram psixotrop maddə metamfetamin və bir ədəd «Samsunq Galaxy» markalı mobil telefon saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD və 01 ədəd DVD-R formatlı disklər cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 155). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli, 2662 nömrəli rəyindən görünür ki, narkoqloji tədqiqat zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 125-126). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 aprel 2023-cü il tarixli, 1120 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: 137-138). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xarpakterli sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatları onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur(iş vərəqə: 4, 5-6). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla əməliyyataxtarış tədbirinin keçirilməsi barədə Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülft Rzayev tərəfindən təsdiq edilmiş 16 yanvar 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: 106). Tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş cavabdan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: 128). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 04 may 2024cü il tarixli qərarına əsasən cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə baxılan cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və müstəntiqin icraatına qəbul edilmişdir(iş vərəqə: 157-158). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 11,133 qram psixotrop maddə metamfetaminin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar həddindən bir neçə dəfə artıq miqdarlarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, onun istər məhkəməyədək və istərsə də məhkəmə baxışı mərhələsində səmimi etirafı, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil sms əlaqələrinin olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxs Qarayevin həm opioidlərin və həm də psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkotik asılılığının olması, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində əməlini səmimi etiraf etmiş, özünü təqsirli bilmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmiş, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəməyə heç bir şikayət etməmiş, ona qarşı hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən üzərində cəmi 0,5 qram psixotrop maddə olması, onu saxlayan polis əməkdaşları tərəfindən üzərinə iki bükümdə psixotrop maddə metamfetamin qoyulması və müxtəlif hədələrlə boynuna götürməyə məcbur edilməsi və bkna görə etirafedici ifadələr verməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışı, müvafiq məhkəmə hökmü, Probasiya Xidmətinin işdə olan 21-1/3 16372-16 saylı məlumatları və digər müvafiq sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69,3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, baxılan iş üzrə yeni cinayət hadisəsinin törədildiyi 16 yanvar 2024-cü il tarixə 2 (iki) il 24 (iyirmi dörd) gün ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır və Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənidlşməmişdir (iş vərəqə: 117-118). Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Qarayev X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratmır və qeyd olunan bu hal cəzanı ağırlaşdıran hal kimi sonuncuya cəza təyin olunarkən nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.4 və 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən və Həmin Məcəllənin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə əldə etməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, onun əvvəlki hökm üzrə olan məhkumluğunun ödənilməməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, hökmlərin məcmusuna görə cəza təyinetmənin prinsipləri və cəzaların toplanması zamanı müddətlərin hesablanması qaydası nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci və 68.1.1-1-ci maddəsinin tələblərinə görə isə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respubliası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş və çəkilməmiş 2 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 12 (on iki) gün azadlıqdan məhrum etmə müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın rəyi nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, əməlinin cinayətlərin residivini yaratmamasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisələri ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,033 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk və Baksell MMC-dən xx.xx.2023cü il tarixli, BKC/LGL 4655/24 nömrəli məktubla alınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsunq Galaxy» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65 (altmış beş) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 12 (on iki) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,033 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk və Baksell MMC-dən xx.xx.2023cü il tarixli, BKC/LGL 4655/24 nömrəli məktubla alınmış 01 ədəd DVD-R formatlı disk – cəmi 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung Galaxy» markalı mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar