Məhkəmə qərarları › İş №1(101)-1811/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1811/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1811/2025 11.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-X4 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X5, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2025ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 4,982 qram çəkidə “'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 iyul 2025-ci ıl tarixdə saat 14:40-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 16:15-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 4,982 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 08 iyul 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamın olduğunu bildirdi. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristallık formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddəni saxlanıldığı gündən təxminən 05 gün əvvəl, yəni 03 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Samir” kimi tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat ödəniş etməklə şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını, həmin maddənin üstündə olmasında heç kimin məlumatının olmadığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefona baxış zamanı “Redmi” markalı olması müəyyən edilmişdir. Təqdim edilən 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqə 27-30).

4. 09 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/2377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə...” yazıları olan zərfin içərisində 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 4,982 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 4,932 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 80 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 43-45).

5. 09 iyul 2025-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o, özünü qismən təqsirli bilərək, qeyd olunan narkotik vasitəni Binəqədi rayonu ərazisində “Sentralni” deyilən yerdə bir nəfər şəxsdən şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 99-103).

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil daxil olmuş 18 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 113).

7. 21 iyul 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mobil telefona baxış keçirilən zaman “Qalareya” bölməsində Təqsirləndirilən şəxs tərəfindən 06 iyun 2025-ci il və 09 may 2025-ci il tarixlərdə qeydə alınmış 02 ədəd fotoşəklin olması müəyyən edilmişdir. 06 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmış fotoşəkilə baxış keçirərkən Təqsirləndirilən şəxs sağ gözünün ətraf nahiyəsində xəsarət izinin olması müəyyən edilmişdir. Bundan başqa, 09 may 2025-ci il tarixdə qeydə alınmış fotoşəkilə baxış keçirilən zaman isə ayağın baldır nahiyəsində xəsarət izinin olması müəyyən edilmişdir. Aşkar edilmiş fotoşəkillərdə olan həmin xəsarət izlərinin Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl yetirildiyini təsdiq edir (cild 1, iş vərəqə 114-116).

8. 30 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə almamışdır (cild 1, iş vərəqə 121).

9. 04 avqust 2025-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan və "xxxx" MMC-dən daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 123).

10. 06 avqust 2025-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan və "xxxx" MMC-dən daxil olmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 125-126).

11. 09 iyul 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabbinodlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən RNM-da (F15x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Həmin rəydə deməsinə görə, 10 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Son dəfə 5 gün əvvəl istifadə edib. 5 ildir ki, psixotrop maddə olan metmfetamindən istifadə edir. Son dəfə 7 gün əvvəl istifadə edib. Həmçinin narkotik vasitə heroin istifadə edir. Son dəfə 5 gün əvvəl istifadə edib (cild 1, iş vərəqə 149-150).

12. 23 iyul 2025-ci il tarixli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid və tiryək qrupuna aid olan Morfin aşkar edilmişdir (cild 1, iş vərəqə 152-154).

13. 01 avqust 2025-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 08 iyul və 09 iyul 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 156-158).

14. 15 sentyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid X8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək, X2 və onun vasitəçiliyi ilə başqa şəxslərdən pul verməklə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aldığını bildirmiş, X8 isə Təqsirləndirilən şəxs nə narkotik vasitə, nə də psixotrop maddə vermədiyini və satmadığını bildirmişdir (cild 1, iş vərəqə 168-170).

15. 15 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bağlamada təmiz çəkisi 4,982 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,932 qram metamfateminin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefonun ailə üzvlərinə qaytarılması, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması, həmin DVD diskin, eləcə də "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 191-203).

16. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 08 iyul 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 08 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və polis əməkdaşları onun olması ehtimal olunan əraziyə getmişlər. 08 iyul 2025-ci il tarixdə saat 14:40-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşlarının müşayiəti altında saxlanıldığı yerdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gəlmiş, həmin inzibati binanın xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Orxan Məmmədov tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş, saat 16:00 radələrində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı" kimi tanıdığı maddə olduğunu bildirib əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, üzərində olan 01 ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddəni 05 gün əvvəl, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, “Çentralni” deyilən yerdən “Samır” kimi bildiyi, lakin anket məlumatlarını saxladığı şəxsdən 60 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, həmçinin özünün narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şahid1 eyni zamanda bildirmişdir ki, Baş İdarəyə daxil olan ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

17. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında yazılan hər bir şey düzgündür. O, tez-tez almamaq üçün ittiham aktında göstərilən miqdarda “metamfetamin” almışdır.

18. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan patı kimi tanıdığı psixotrop maddə metamfetamini tutulduğu gündən təxminən 5 gün əvvəl, yəni 04 iyul 2025-ci il tarixində "Çentralni” deyilən yerdən adını “Samir” kimi bildiyi lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manata şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Belə ki, “Samir” adlı şəxsi təxminən 1 ilə yaxındır ki tanıdığını, həmin şəxsdən bir neçə dəfə narkotik vasitə və psixotrop maddə əldə etdiyini bildirmişdir. Psixotrop maddəni aldığını heç kimə deməmiş, əldə etdiyi psxiotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Qeyd etdiyi, içərisində psixotrop maddə olan bükümü üzərində daşımış və 08 iyul 2025-ci il tarixdə saat 14:40-da yaşadığı ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Polis əməkdaşlarına yalan danışmağın artıq əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üstündə “patı" olduğunu bildirmiş, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü və şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış zamanı bükümlərin içərisində ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Ona məxsus bir ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan başqa, üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddənin "patı" adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni təxminən 05 gün əvvəl Binəqədi rayonu ərazisində, “Samir” kimi tanıdığı, lakin digər anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat ödəniş etməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, üzərində olan maddədən heç kimə satmadığını və heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan başqa, sol gözünün ətraf nahiyəsində olan xəsarət izinin xx.xx.2025-ci tarixdə sərxoş vəziyyətdə toydan çıxarkən ehtiyatsızlıqdan yıxılmağı nəticəsində yarandığını və polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq olunmadığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

19. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

22. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

23. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

25. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

26. Maddə 93.1.2. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

27. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

28. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

29. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

31. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

32. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

33. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

36. Maddə 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir.

37. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

38. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə (400 qrama qədər) psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

39. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

43. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Avropa Məhkəməsinin president hüququ:

44. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

45. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

46. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

47. Məhkəmə, təqsirləndirilən şəxsin psixotrop maddənin ona məxsus olması, həmin maddələri şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələrini iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini sübuta yetirilmiş hesab edir.

48. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

49. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 28-30-cu bəndləri).

50. Bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmuşdur (qərarın 44-46-cı bəndləri).

51. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır (qərarın 38-ci bəndi).

52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 27, 31-ci bəndləri).

53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 19-cu bəndi).

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 20-23-cü bəndləri).

55. 05 mart 2026-cı il tarixli arayışda Təqsirləndirilən şəxs anası X9 və bacısı X6 ilə birlikdə yaşadığı, 03 iyul 2008-ci il tarixli ölüm haqqında şəhadətnamədə atası X7 01 may 2007-ci il tarixdə ölməsi, 31 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Çıxarışda Təqsirləndirilən şəxs anası Xalidə Əsgərovaya avtoqəza nəticəsində yaranmış sol körpücük sümüyünün distal 1/3 hissəsində parçalı, yerdəyişmiş sınıq izlənilməsi diaqnozunun qoyulması, 15 mart 2010-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışında Təqsirləndirilən şəxs bacısı Növrəstə Əsgərovanın 3-cü qrup əlil olması görünür.

56. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xəstə anasının və bacısının olmasını, bu səbəbdən onların köməyə və qayğıya ehtiyacı olduqlarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngəlləşdirici hal kimi qiymətləndirir və nəzərə alır (qərarın 55-ci bəndi).

57. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir (qərarın 6-cı bəndi).

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 6, 24-cü bəndləri).

60. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 18), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 99-103), həbsetmənin əvvəlinin 08 iyul 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 25, 32 və 33-cü bəndləri).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 08 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,932 qram metamfatemin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 34-36-cı bəndləri).

64. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyə əsasən təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsi zərurəti olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir (qərarın 11, 26-cı bəndi).

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 4 və 37-ci bəndləri).

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,932 qram metamfatemin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Fəxri Məmmədov

Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar