Məhkəmə qərarları › İş №1(101)-1814/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1814/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1814/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Calal oğlunun iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 saylı inzibati binada qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi, xx xxxx 1968-ci il tarixdə Ukrayna Respublikası, Lvov vilayəti, Droqobiç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, yeni yaşayış massivindəki nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 quldurluq etmiş, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz olaraq girməklə, silah qismində istifadə etdiyi əşyaları tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla basqın etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, 11 aprel 2021-ci il tarixdə təxminən saat 06 radələrində tanışları Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən nömrəsiz yarımtikili fərdi yaşayış evinin saxlanc yeri hesab edilən həyətinə hasardan aşıb qanunsuz girmiş, Təqsirləndirilən şəxs1 yerdən götürdüyü dəmir parçası ilə oraya gəlib çıxmış Zərərçəkmiş şəxs baş nahiyyəsindən, Təqsirləndirilən şəxs2 isə yerdən götürdüyü yük qaldırıcı mexanizim ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən vuraraq sonuncunun müqavimətini qırıb yerə yıxaraq ona ağ ciyərlərin əzilməsi və sol Vİİ qabırğanın ikili qapalı sınığı və sol əlin İİ daraq sümüyünün diafizinin qapalı yerdəyişmə sınığı - ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər və pnevmosefaliyaya (baş beyinə havanın yığılması) və baş beyinin əzilməsinə səbəb olan sol gicgah-təpə sümüklərinin açıq qəlpəli sınıqları və sol gicgah-təpə, ənsə, alın-təpə nahiyyələrinin əzilmiş-cırılmış yaraları, hemotoraks (plevra boşluğuna qanın yığılması), ağ ciyərlərin əzilməsi və sol Vİİ qabırğanın ikili qapalı sınığı, sol əlin İİ daraq sümüyünün diafizinin qapalı yerdəyişmə ilə sınığı ilə müşayiət edilən dərəcələrinə görə xəsarətlərdən pnevmosefaliyaya və baş beyinin əzilməsinə səbəb olan sol gicgah-təpə sümüklərinin açıq qəlpəli sınıqları və sol gicgah təpə, ənsə, alın-təpə nahiyyələrinin, əzilmiş-cırılmış yaraları ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vuraraq huşsuz vəziyyətə salıb, cibindəki pul kisəsindən 600 manat məbləğində pulunu götürüb ələ keçirərək quldurluq cinayəti törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyi üçün məhkum olunmuşdur. Zərərçəkmiş şəxs tutulmazdan təxminən iki ay əvvəldən tanımışdır. 10 aprel 2021-ci il tarixdə axşam saatlarında Rəhmanın qaynı Elnurun Balaxanı qəsəbəsində yerləşən «moyka»sını bağlayıb, gecə orada yatmağı qərarlaşdırmışlar. Rəhman buna razılıq vermişdir. Ümumiyyətlə, Rəhman həmişə əl tutan, kömək edən adam olmuşdur. Romanla birlikdə «moyka»da qalmış, Rəhmanla Elnur isə evlərinə çıxıb getmişlər. Xatırlayır ki, həmin gün orada psixotrop maddə olan “şüşə” də qəbul etmişlər. 11 aprel 2021-ci il tarixdə səhər saat 06 radələrində öz aralarında danışıb belə razılaşmışlar ki, Rəhmanın Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən evinə oğurluğa girsinlər. Onların ehtimalına görə evdə pul ola bilərdi. Əgər pul olmasaydı satıb pula çevirə biləcəkləri əşyalardan, tikinti materiallarından aparmağı düşünmüşlər. Bu fikrə düşmələrinin yeganə səbəbi maddi ehtiyaclarını ödəmək, yemək və içki almaq niyyəti olmuşdur. Rəhmanın həmin evində yaşayış olmadığını, hələ təmir getdiyini, həyətdə olan itə Rəhmanın gündə gedib bir dəfə yemək verdiyini qabaqcadan dəqiq bilmişlər. Onlar evə çatıb darvaza bağlı olduğu üçün hasardan aşaraq evin həyətinə daxil olmuşlar və həyətdə olan bəzi təmir-tikinti əşyalarını oğurlayıb aparmaq üçün toparlayarkən gözləmədikləri halda Rəhman həyətin qapısını açıb içəri daxil olmuşdur. Rəhman əvvəlcə həyətin işığını yandırmış və işıqda onları görüb onlardan burada nə işlərinin olduğunu soruşmuşdur. Bu zaman onların arasında mübahisə yaranmış və Rəhman onları söyməyə başlamışdır. Vəziyyətin qəliz olduğunu görüb yerdən götürdüyü dəmir parçası ilə Rəhmanın başına möhkəm zərbə endirmişdir. Rəhman bu zərbədən yıxılmamış, əksinə, onun üstünə yerimişdir. Bu vaxt Roman yerdə olan qaldırıcı mexanizmi götürüb onun üstünə gələn Rəhmanın başına yadında qalana görə iki dəfə vurmuşdur. Rəhman zərbələrdən səndələyib yıxılmış və huşu getmişdir. Bu vəziyyətdə artıq heç bir müqavimət göstərə bilməyən Rəhmanın ciblərini axtarmağa başlamışdır. Rəhmanın cibindən içində 600 manat olan pul qabı tapıb çıxartmış və içindəki pulları götürmüşdür. Artıq ətrafda səs-küy yaranmağa başladığını görüb Rəhmanın boş pul qabısını qonşunun həyətinə tullamış, özü də hasardan aşıb qonşunun həyəti ilə qaçaraq oradan uzaqlaşmışdır. O, hasardan aşıb oradan uzaqlaşarkən Roman hələ də həyətdə olmuş və onun oradan necə getməsindən məlumatı olmamışdır. Rəhmanın cibindən götürdüyü 600 manat pulu öz maddi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən çox peşmandır, özünə heç cür haqq qazandıra bilmir. Uzun müddət xəstə yatmış Rəhmana da heç bir köməklik edə bilməmişdir. Əslində köməklik etmək üçün onun heç bir imkanı da olmamışdır. Hesab edir ki, hadisənin baş verməsinin əsl səbəbi onun sərxoşluğu ilə bağlı olmuşdur. Bu hərəkətini heç cür özünə bağışlaya bilmir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 20 ildən artıqdır ki tanıyır. Bu müddət ərzində münasibətləri həmişə yaxşı olmuş, Rəhmanı xeyir-şər məclislərində həmişə öndə görmüş, özünə görə hörmətli adam kimi bilmişdir. Rəhman ona ancaq yaxşılıq etmiş, əl tutmuş, köməklik etmişdir. 10 aprel 2021-ci il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsində yerləşən Rəhmanın qaynı Elnurun «moyka»sında oturub bir qədər söhbətləşmiş, həm də «şüşə» qəbul etmişlər. Elnur obyekti bağlayıb getmək istəyəndə ondan Nizami ilə birlikdə gecəni orada qalmalarına icazə verməsini xahiş etmişlər və Elnur da razılaşmışdır. O və Nizami «moyka»da qalmış, Rəhmanla Elnur isə hərə öz evinə çıxıb getmişdir. Gecə Nizami ilə maddi vəziyyətlərinin dözülməz olduğu barədə xeyli söhbətləşmiş, sonda belə qərara gəlmişlər ki, pul əldə etmək, yaxud nəsə oğurlayıb satmaq üçün Rəhmanın təmir gedən, hələlik heç kəsin yaşamadığı evinə girsinlər. Münasibətləri yaxşı olduğu üçün həmin evdə dəqiq olaraq heç kimin yaşamadığına, yaxud qalmadığına tam əmin olmuşlar. Təkcə onu bilmişlər ki, həmin evin həyətində ancaq Rəhmanın iti var və Rəhman gündə bir dəfə o həyətə gedib itə yemək və su verir. 11 aprel 2021-ci il tarixdə səhərə yaxın «moyka»dan çıxıb saat təxminən 5-6 radələrində planlaşdırdıqları oğurluğu etmək üçün Rəhmanın Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən evinə getmişlər. Darvaza bağlı olduğu üçün hasardan aşaraq həyətə daxil olmuşlar və həyətdə olan bəzi təmir-tikinti əşyalarını oğurlayıb aparmaq üçün toparlayarkən qəflətən səs eşitmiş, Rəhmanın həyətin qapısını açıb içəri daxil olduğunu görmüşlər. Həyətin işığını yandırdıqda Rəhman onları görmüş, burada nə işlərinin olduğunu soruşmuş və artıq onların oğurluğa girdiklərini başa düşmüş, aralarında mübahisə yaranmış və Rəhman onları söymüşdür. O anda Nizami cəld yerdən götürdüyü dəmir parçası ilə Rəhmanın başına bir zərbə vurmuşdur. Rəhman bundan daha da əsəbiləşib Nizaminin üzərinə getmiş, bu vəziyyəti görüb o özü yerdə olan qaldırıcı mexanizmi – «domkratı» götürüb Rəhmanın başına iki dəfə vurmuş, Rəhmanın huşu başından getmiş və yerə yıxılmışdır. Nizami yerdə hərəkətsiz qalan Rəhmanın ciblərini axtarmağa başlamış və onun cibindən pul qabı tapıb çıxartmışdır. Bu vaxt çöldən səs-küy gəlmiş və Nizami hasara dırmaşıb qonşunun həyətinə aşaraq qaçıb uzaqlaşmışdır. O isə darvazadan çölə çıxmış, elə çıxan kimi tanımadığı bir nəfər oğlan özünü mühafizəçi kimi təqdim edərək onu tutub saxlamışdır. Tutulacağından ehtiyat edib həmin oğlana səs-küy eşidib ora gəldiyini izah etməyə çalışmış, amma mühafizəçi ona inanmamış və buraxmamışdır. Bir qədər sonra oraya polislər gəlmiş və onu Polis Bölməsinə aparmışlar. Törətdiyi əməldən çox peşmandır. Nə qədər fikirləşsə də özünə haqq qazandıra bilmir. Rəhmana qarşı etdiyi hərəkətdən xəcalət çəkir. Rəhmana heç bir maddi köməklik göstərmək imkanı da olmayıb. Ona görə də bütün bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı tam etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs1 məlum hadisədən bir neçə ay əvvəldən, Təqsirləndirilən şəxs2 isə 20 ildən artıqdır ki, tanıyır. Bu şəxslərlə onun heç bir ədavəti olmamış, əksinə, maddi imkansız kimi bu insanlara həmişə əlindən gələn köməyi etmişdir. Özü uzun illərdir ki, meyvə satışı ilə məşğul olur. Qohumu Şahid2 da onunla birlikdə işləyir. Özünün Balaxanıda meyvə mağazası vardır. Bu işi ilə bağlı hər gün səhər tezdən «Meyvəli» topdansatış bazarına gedib mağazası üçün mal alıb gətirir. Oğlu üçün Balaxanı qəsəbəsinin Şəfqət küçəsində həyət evi tikdirmişdir və hazırda orada təmir işləri yekunlaşmaqdadır. Orada heç bir yaşayış yoxdur, yalnız mühafizə məqsədilə həyətə çoban iti bağlamışdır. Hər gün səhər saat təxminən 04-05 arası yaşadığı evdən çıxaraq həmin evin həyətinə gedərək itə yemək və su verib oradan da «Meyvəli» bazarına gedir. Məlum hadisənin baş verdiyi gün, yəni 11 aprel 2021-ci il tarixdə eyni saatlarda yuxudan qalxmış və təxminən saat 05 radələrində itə yemək vermək məqsədilə həmin evə yollanmışdır. Həyətin qapısını açıb içəri girəndə işığı yandırmaq istəmiş, amma işıq yanmamışdır. Elə həyətdə iki addım atan kimi tanıdığı Nizamini görmüş və sonuncu ona tərəf şığıyıb əlindəki dəmir parçası ilə başına zərbə endirmişdir. Dəhşətli ağrıdan sarsılmış və qışqıraraq Nizamini söymüş və burda nə etdiyini soruşmuşdur. O anda Romanın da ona tərəf gəldiyini görmüşdr. Nə baş verdiyini anlamadığı vəziyyətdə Nizamini yerə yıxmış, o anda arxadan yaxınlaşan Roman yerdən qaldırıcı mexanizmi – «domkrat»ı götürərək başının arxa hissəsindən bir neçə ağır zərbələr endirmişdir. Artıq huşunu itirməyə başlamış, həmin anda Romanın Nizamiyə qışqıraraq «o bizi tanıdı, sağ qalsa zibilə düşəcəyik, öldürmək lazımdır» dediyini eşitmiş, bununla da hüşunu itirmiş və daha nələrin baş verməsini bilməmişdir. Özünə gəldikdə 3 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu bilmişdir. Bir neçə gün komada olmuşdur. Uzun aylar davam edən müalicəsinə 20 min manata yaxın pul xərcləmişdir. Bu şəxsləri heç cür bağışlaya bilmir. Ancaq yaxşılıq etdiyi bu insanların ona qarşı törətdikləri vəhşiliyə görə qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 01 aprel 2021-ci il tarixdən Bakı Abadlıq mühafizə xidmətinin Balaxanı qəsəbəsi üzrə postunda nəzarətçi kimi xidmət edir. 11 aprel 2021-ci il tarixdə təxminən saat 06 radələrində növbədə olduğu vaxtda ərazidə səs-küy eşitmiş, dərhal növbə rəisinə zəng edərək səs-küy barədə məlumat vermişdir. Səs-küyün yarandığı Şəfqət küçəsində yerləşən evin hasarının üstünə çıxmaqla bir nəfərin içəridən küçəyə tullandığını görmüşdür. Cəld o evə doğru getmiş, o yaxınlaşanadək həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Evin qapısının yanında isə adını sonradan bildiyi Romanı görmüş, dərhal həmin şəxsə yaxınlaşmış, Romanın çox həyəcanlı olduğunu, aşkar şəkildə yayınmaq niyyətində olduğunu görmüşdür. Roman sanki özünə haqq qazandırırmış kimi elə şübhəli halı ilə də həyəcanlı səslə özünün də oraya səs-küyə gəldiyini demişdir. Amma Romandan şübhələri daha da artmış, ona görə də bu şəxsin oradan uzaqlaşmaması, qaçıb getməməsi üçün onu saxlamışdır. Az sonra polislər gəlib çıxmış və o tutub saxladığı Romanı polislərə təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. O yeznəsi Rəhman ilə birlikdə meyvə alqı-satqısı ilə məşğul olur. 11 aprel 2021-ci il tarixdə təxminən saat 06 radələrində o öz yaşadığı evdə olan zaman bacısı Səbinə ona zəng edərək Rəhmana ağır bədən xəsarəti yetirildiyini tez özünü ora çatdırmağı ona bildirmişdir. O taksiyə əyləşərək tez özünü həmin yerə çatdırdıqda mühafizə işçilərinin bir nəfəri tutduqlarını görmüş, elə zənn etmişdir ki, hadisəni törədən şəxsdir ona görə də arxası ona tərəf olduğu üçün yumruğuyla arxa hissədən başına bir dəfə zərbə endirmişdir. Daha sonra həmin şəxsin tanışı Roman olduğunu görmüşdür, Roman ona hadisəni onun törətmədiyini səs-küyə bura gələn zaman mühafizə işçilərinin onu tutduğunu bildirmişdir. Hadisədən bir gün qabaq gecə saatlarında Balaxanı qəsəbəsində onun «moyka»sında yeznəsi Rəhman, tanışları Roman və Nizami psixotrop maddə olan «şüşə» istifadə etmişlər. Onun sidiyində analiz zamanı «şüşə» çıxdığı üçün Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona 20 gün müddətinə inzibati həbs verilmişdir (cild 1, iş vərəqə 19-21). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 23 aprel 2021-ci il tarixli 504 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs pnevmosefaliyaya (baş-beyinə havanın yığılması) və baş-beyinin əzilməsinə səbəb olan gicgah-təpə sümüklərinin açıq qəlpəli sınıqları və sol gicgah-təpə, ənsə, alın-təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, hemotoraks (plevra boşluğuna qanın yığılması), ağ ciyərlərin əzilməsi və sol Vİİ qabırğanın ikili qapalı sınığı, sol əlin İİ daraq sümüyünün diafizinin qapalı, yerdəyişmə ilə sınığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 11 aprel 2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə xəsarətlərdən pnevmosefaliyaya və baş-beyinin əzilməsinə səbəb olan sol gicgahtəpə sümüklərinin açıq qəlpəli sınıqları və sol gicgah-təpə ənsə, alın-təpə nahiyyələrinin əzilmiş-cırılmış yaraları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, hemotoraksa səbəb olan ağ ciyərlərin əzilməsi və sol Vİİ qabırğanın ikili qapalı sınığı və sol əlin İİ daraq sümüyünün diafizinin qapalı, yerdəyişmə ilə sınığı ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 45-48). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 2103 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 əqli və intellektual imkanları normaya uyğun olub, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürünün analizetmə, ümumiləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Yaddasaxlama və yadasalma funksiyalarında, emosional və assosiativ yaddaşında çətinlik müəyyən edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, əsəbilik, hövsələsizlik aşkar olunur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. İnadkarlıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, hirslilik, məsuliyyətsizlik, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs1 baş vermiş hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 şüur və davranışlarına mühüm təsir göstərən psixi-emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 187-191). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 2104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Yadda saxlama və yadasalma prosesləri, təfəkkürü, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik müəyyən edilmədi. Nitqi ardıcıl, mühakiməli məntiqlidir. Ümumilikdə emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Lakin o, özünü müdafiə etmək məqsədi ilə hadisənin bəzi təfərrüatlarını öz maraqlarına uyğun tərzdə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 şüur və davranışlarına təsir göstərə biləcək psixiemosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 192-195). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 09 sentyabr 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 168-170). Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən ağır və az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 sentyabr 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 171-172). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 11-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.) həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilərək səmimi peşman olmalarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal qismində nəzərə alır. Cəza təyin edərkən məhkəmə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada çəkməlidir. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hazırlıq iclasında seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 22 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 03 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti uzadılmamış, bununla da təqsirləndirilən şəxslər həmin tarixdən həbsdən azad edilmişlər. İbtidai istintaq orqanı tərəfindən 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdir (cild 1, iş vərəqə 26, 76-79, 84,126-129). Bakı Ağır Cinayətlər Məhkəməsinın hazırlıq iclasının 18 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, 25 noyabr 2021-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirləri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı həbsdə olduqları müddətlər nəzərə alınmaqla, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 noyabr 2021-ci il, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd dəmir parçası və 01 ədəd yük qaldırıcı mexanizm məhv edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadıqları üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Müdafiəçi1 və Müdafiəçi2 Calal oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 və Müdafiəçi2 Calal oğlunun vəkil işlədikləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə olduğu 5 (beş) ay 20 (iyirmi) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 12 (on iki) il 6 (altı) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçildiyi 18 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə olduğu 5 (beş) ay 9 (doqquz) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 11 (on bir) il 6 (altı) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçildiyi 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd dəmir parçası və 01 ədəd yük qaldırıcı mexanizm məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Calal oğlunun hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar