Məhkəmə qərarları › İş №1(101)-1814/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1814/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1814/2022 02.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 18 iyun 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı şəhəri, Yasamal rayonu “Qələbə dairəsi” yaxınlığında naməlum şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 9,411 qram qəhvəyi rəngli toz şəklində maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 12:00-da Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş, üzəri izoletlənmiş bükümdə təmiz çəkisi 9,411 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə edir. Quba rayonunda yaşayır və narkotik vasitə və ya psixotrop maddələri Xaçmaz rayonunun müxtəlif yerlərində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alıb istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Quba rayonunda olarkən “İnstaqram” sosial şəbəkəsində narkotik vasitə satışı edən, hazırda adını xatırlamadığı səhifə ilə rastlaşmış və həmin səhifəyə salam sözü yazıb göndərmişdir. Oradan ona narkotik vasitə istəyirsə “whatsapp” ilə mesaj yaz deyə cavab gəlmişdir. O, həmin nömrəyə mesaj yazıb heroin istədiyini bildirdikdə, həmin şəxs ona cavab verərək, iranlı olduğunu və az çəkidə mal satmadığını, pulu əvvəldən istədiyini və mal qoyduğu yerin şəklini çəkib atacağını bildirmişdir. O, həmin şəxsdən qiyməti soruşduqda həmin şəxs ən az 10 qram satacağını və qramını 15 manata verəcəyini, cəmi 150 manat istədiyini bildirmişdir. O, həmin şəxsə razılaşdığını bildirmiş, lakin Quba rayonunda olduğunu bildirdikdə İranlı ona Bakıya yola çıxanda pulu atacağı karta vuraraq ona xəbər etməyini və Bakıya çatanda yazmağını demişdir. O, xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində Quba şəhərinə gələrək orada ödəniş terminalından həmin iranlının “whatsapp” ilə göndərdiyi kartın hesabına 150 manat pul vurub ona xəbər vermiş və Bakıya yola çıxmışdır. Təxminən saat 23:30 radələrində Bakıya çatmış və bu barədə həmin şəxsə yazıb cavab gözləmişdir. Həmin İran vətəndaşı olduğunu deyən şəxs onunla yazışdıqca mesajları silməyi tapşırdığı üçün o hər yazışmadan sonra mesajları silmişdir. O, xx.xx.2022-ci il səhər saat 08:30 radələrinədək 20 yanvar metrostansiyası yaxınlığında gözləmişdir. Bakıda çox yeri tanımadığı üçün heç yerə getməmişdir. Səhər saatlarında həmin özünü iranlı olduğunu bildirən şəxs “whatsapp” vasitəsilə ona narkotik vasitəni qoyduğu yerin adresini və şəklini atmışdır. O, Bakını yaxşı tanımadığı üçün həmin yeri xeyli axtarmalı olmuşdur. xx.xx.2022-ci il tarixdə Yasamal rayonundakı Qələbə dairəsinin yaxınlığında o narkotik vasitə heroinin bükülü olduğu izolentlənmiş bükümü tapıb götürmüş və onu əynində olan göy rəngli şalvarının cibinə qoymuşdur. O, həmin ünvandan uzaqlaşmağa başladıqda təxminən 7-8 dəqiqə sonra 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda, polislər ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nə getmişdir. Orada ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etməyini bildirmişlər. O, şalvarının sağ cibində olan şəffaf rəngli sellofana bükülmüş üzəri izolentlənmiş və üzərində göy rəngli qələm ilə 10 yazısı olan kokos kimi bildiyi narkotik vasitə olan heroin bükümünü və sağ arxa cibindəki “Samsung” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm açılan zaman onun içərisində qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Sorğu zamanı o həmin bükülüdəki maddənin kokos kimi bildikləri narkotik vasitə olan heroin olduğunu, həmin maddəni o “whatsapp” da adını bilmədiyi, özünü iranlı kimi təqdim edən şəxslə yazışaraq həmin şəxsin ona dediyi yerdən, yəni Yasamal rayonu, Qələbə dairəsi adlanan yerin yaxınlığındakı işarətlənmiş yerdən götürdüyünü və həmin İranlı kimi özünü təqdim edən şəxsə 150 manat pul göndərdiyini bildirmişdir. Onun həmin narkotik vasitəni satmaq məqsədi olmamışdır. Narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İran vətəndaşı kimi özünü təqdim edən şəxs ona bildirmişdir ki, qram az olsa göndərmir, ən az 10 qram göndərir. Ona görə də o məcbur olub 10 qram göndərməsini demişdir. O, ***-***-**-** və ***-***-**-** mobil nömrələrini istifadə etmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün almışdır. Elan olunmuş cinayət işinin 125-126-cı vərəqələrində olan CD diskinə baxış keçirilməsi barədə protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolda olan SMS-ləri hazırda xatırlamır. O, tutularkən və polis idarəsində olarkən ona hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə ondan və Yasamal RPİ-nin NİB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin qrupa o da daxil olmuşdur. 18 iyun 2022-ci il tarixdə Şahid1 və onun iştirakıyla saat 12:00-da Bakı şəhəri, Yasamal rayonunda Qələbə dairəsinin yaxınlığında olan zaman orada piyada hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Turalı Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, əşyaları və ya sənədləri təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş üzəri izoletlənmiş 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli toz şəklində spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra Tural Qəhrəmənovun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Tural Qəhrəmənovun təqdim etdiyi büküm heroinə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi sorğu zamanı Tural Qəhrəmənov üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik maddə heroini özünü iranlı kimi təqdim edən şəxsdən onun kartına əvvəlcədən 150 manat pul vurmaqla telefonuna göndərdiyi şəkillər vasitəsilə Yasamal rayonu ərazisində Qələbə dairəsinin yaxınlığında işarələnmiş yerdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq emişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 18 iyun 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 18 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli, 5(004)-644/2022 saylı qərarından görünür ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 18 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirovun 18 iyun 2022-ci il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş üzəri izoletlənmiş maddəni çıxarıb təqdim etmiş, həmin maddənin narkotik vasitə heroin olduğunu, 18 iyun 2022-ci ildə səhər saatlarında Yasamal rayonu “Qələbə dairəsi” yaxınlığında adını və anket məlumatlarını bilmədiyi İran vətəndaşından “whatsapp” vasitəsilə əlaqə saxlayıb 150 manat pul ödəyərək aldığını bildirmişdir. Həmin bükülüyə baxış keçirdikdə, içərisindən üəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd büküm və Samsung markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 45-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2022-ci il tarixli, 6/3406 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi və “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,411 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siahısına (Siyahı İ) daxildir. Cinayət işinin 92-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 iyun 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş içərisində ***-***-**-** nömrəli sim kartı olan 01 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun ismarıc qutusuna baxış keçirildikdə, iş üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Telefonunda olan “Whatsapp” tətbiqetməsinə keçirilmiş baxış zamanı orada Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə danışıqlarının olması müəyyən olunmuş, danışıqlar aparılmış nömrələrin arasında Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi narkotik vasitəni aldığı iranlı ləqəbli şəxsin +98-***-***-**-** nömrəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin nömrəyə xx.xx.2022-ci il tarixdə saat 19:56-da “Whatsapp” vasitəsilə zəng vuraraq 3 dəqiqə 11 saniyə danışmış, həmin gün saat 20:48də həmin nömrədən ona zəng gəlmiş və 1 dəqiqə 59 saniyə danışılmış, həmin gün saat 21:19-da həmin nömrədən zəng gəlmiş və 10 saniyə danışılmışdır. Bundan sonra iki dəfə saat 22:09 və 22:35-də Təqsirləndirilən şəxs həmin nömrəni eyni qaydada yığmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsilə həmin nömrəyə saat 01:54, 01:56, 01:57, 02:45, 03:08, 03:13, 03:25, 03:46, 03:47, 04:02, 04:03, 04:04, 04:05, 04:06, 04:07, 04:011, 05:05, 05:14-də dəfələrlə zəng vursa da zənglər açılmamışdır. Həmin gün 05:16-da həmin nömrəyə zəng vuraraq 01 saniyə danışmışdır. Həmin gün saat 07:45-də Təqsirləndirilən şəxs həmin nömrəyə bir daha zəng vurmuş və aralarında 28 saniyəlik danışıq olmuşdur. Həmin gün həmin +98-***-***-**-** nömrəsindən “Whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs saat 10:23 və 11:03 radələrində zəmg gəlmiş lakin cavablandırılmamışdır. Mobil telefonun fotoşəkillər olan bölməsinə baxış keçirilmiş və burada 4 ədəd narkotik vasitənin gizlədildiyi ərazinin işarələnmiş şəkilləri olduğu şübhəsi olan və bağlama göstərilən fotoşəkillər müəyyən edilərək götürülmüşdür. Cinayət işinin 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 iyun 2022-ci il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş üzəri izoletlənmiş bükülünü və sağ arxa cibindən isə “Samsung J2” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılır və həmin bükülüdə qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisindəki maddənin kokos kimi tanınan narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 18 iyun 2022-ci il tarixdə səhər saatlarında Qələbə dairəsinin yaxınlığında adını və anket məlumatlarını bilmədiyi İran vətəndaşından “Whatsapp” vasitəsilə əlaqə saxlayıb 150 manat pul ödəyərək aldığını, işarələnmiş yerdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş üzəri izoletlənmiş büküm zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Cinayət işinin 125-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 avqust 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglərin və SMS mətnlərinə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 21:54-də ***-***-**-** mobil nömrəsindən “men bele elememsemde hec kime hec kmide agrida saxlamamsamda ozun gesey bilsen kı pulumda olmayb nese elemsem indi men agridayam gorumde neyniyeceysen ” mətnli sms: xx.xx.2022-ci il tarixdə saat 16:10-da ***-***-**-** nömrəsindən “2 dene 0.5 ele orda 1 denede 1 qram ele duz olsun qaqa ceklsl qardadimsan ” mətnli sms göndərilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 5/872 nömrəli ekpert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Samsung Galaxy J2” markalı, SM-J250F/DS modelli, **********31114, **********31112 imei kodlu mobil smartfon işlək vəziyyətdədir. “Samsung Galaxy J2” markalı, SM-J250F/DS modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar və.s) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Tədqiq olunan “Samsung Galaxy J2” markalı, SM- J250F/DS modelli mobil smartfonda quraşdırılmış “Whatsapp” proqram təminatında pozulmuş məlumat mübadiləsi müəyyən olunmamışdır. Cinayət işinin 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 sentyabr 2022-ci il tarixli DVD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung Galaxy J2” markalı mobil telefonda silinmiş məlumatların geri qaytarılması üçün “Kompüter texniki ekspertizası” təyin olunmuş və müvafiq ekspert rəyinə əlavə edilmiş 02 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş, baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-dən daxil olmuş 03 sentyabr 2022-ci il tarixli, ***-*******0/1122 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 155-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Emin Cəfərlinin 14 sentyabr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan sms danışıqlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı – xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 vardır. Cinayət işinin 130-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 13 avqust 2022-ci il tarixli 4487 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 138-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 22 avqust 2022-ci il tarixli 2249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməltəri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 18 iyun 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 18 iyun 2022ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 91-ci-ci vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 4(004)-522/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 9,411 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon aparatı sonuncunun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk, ekspert rəyinə əlavə edilmiş 02 ədəd DVD-R formatlı disk "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 9,411 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon aparatı sonuncunun yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk, ekspert rəyinə əlavə edilmiş 02 ədəd DVD-R formatlı disk "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar