Məhkəmə qərarları › İş №1(101)-1815/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1815/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1815/2024 21.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,639 qram olan ağ rəngli kristalardan ibarət kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 yanvar 2024-cü il tarixdə saat 15-də Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 3 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,639 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Əvvəllər sərbəst taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir ildir ki, mütəmadi olaraq narkotik vasitə istifadə edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə polislər tərəfindən saxlanılsa da, üzərində narkotik vasitə olmadığı üçün tutulmamışdır. Narkotik vasitələri Kubinka ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Hazırki cinayət işi üzrə əldə etdiyi 4 qramdan artıq çəkidə metamfetamini “Kubinka” adlanan ərazidən 200 manata almış, həmin məbləğin 50 manatını ödəmiş, 150 manat isə borclu qalmışdır. Saxlanılması ittiham aktında yazıldığı kimi olmuşdur. Narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün “Kubinka” adlanan ərazidən almışdır. Əvvəllər narkotik vasitə satmamışdır. 16 yanvar tarixində saat 11 radələrində Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə narkotik vasitəni aldıqdan sonra evə gedərkən Yasamal rayonu, A.Şaiq 134 küçəsində 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Polis əməkdaşları özlərini Yasamal rayon Polis İdarəsinin əməkdaşı kmi təqdim etmişlər. Bundan sonra polis əməkdaşları onda narkotik vasitə olması barədə məlumat əldə etdiklərini, bu səbəbdən də bölməyə aparılacağını demişlər. Bu zaman onun üzərinə baxış keçirilməmişdir. O, heç bir etiraz etməyərək polislərin avtomobilinə əyləşib Yasamal RPİ-nin 26-cı Polis Pölməsinə getmişdir. Bölmədə üzərinə axtarış keçirilən zaman narkotik vasitə onun sağ cibində olmuşdur. Şəxsi axtarış zamanı müdafiəçisi iştirak etmişdir. Sonuncu ondan narkotik istifadəçisi olub-olmadığını soruşmuşdur. Bu suallar ona müstəntiq tərəfindən də verilmişdir. Həmin vaxt da o, narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün aldığını demişdir. Narkotik vasitə istifadə etdiyini heç bir yaxını bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs Yasamal rayonu, Abdulla Şaiq küçəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və alqı-satqısı ilə məşğul olması göstərilmişdir. Əməliyyat barədə şöbə rəisinə məruzə edildikdən sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Saat 2 radələrində Təqsirləndirilən şəxs olduğu yerə gedərək sonuncunu saxlalımış və bölməyə dəvət etmişlər. Bölmədə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhiqatçının sualından sonra İlham içərisində metamfetamin olan 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. Sonradan İlhamın kiməsə narkotik vasitə satması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs Yasamal rayonu, Abdulla Şaiq küçəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və alqı-satqısı ilə məşğul olması göstərilmişdir. Əməliyyat məlumatı əsasında digər polis əməkdaşı Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. ünvan 5 ünvanın qarşısında günorta saat 14-15 radələrində Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı İlhamın şalvarının sağ yan cibindən şəffaf sellofanda bir büküm aşkar edilmişdir. İlham bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonuncu həmçinin həmin maddəni şəxsi istifadəsi üçün Papanin deyilən ərzidən 50 manata almasını bildirmişdir. İlhamın üzərindən başqa əşyanın aşkar edilməsi yadında qalmamışdır. Hadisədən sonra xidməti iş yerini dəyişdiyi üçün Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən alması, sonuncunun kiməsə narkotik vasitə satmasının müəyyən edilib-edilməməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. 16 yanvar 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 26-cı PB-ə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1 i.v. 5) 16 yanvar 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 16:00-da (faktiki saxlanılma 15:00-da) Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 25) 18 yanvar 2024-cü il tarixli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təqdim edilməməsini xahiş etmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. (Cild 1 i.v. 74-77) 16 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat saat 15:00 radələrində polis əməkdaşları tərəfində ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq 26-cı PB-nin inzibati binasına gətirilmiş xx.xx.2024-cı il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üzərinə həmin gün, saat 16:50-də “İphoe” markalı mobil telefon vasitəsi ilə çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümünün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metanfetamin bənzər maddə olması aşkar olunaraq götürülərək zərfə qoyularaq qablaşdırılaraq möhürlənərək imzalanması, barədə iki nəfər polis əməkdaşının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. (Cild 1 i.v. 37-39) Məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2024-cü il tarixli, 3-16-16/2-16/269 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,639 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin metamfetamin 0,1 qram çəkidə hissəsi sərf edilmiş, 4,539 qram çəkidə hissəsi qalıq qalmışdır. (Cild 1 i.v. 45-49) xx.xx.2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 1675 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 142-143) Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 871 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusü o dərəcədə ifadə olunmayıvb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti polulması əlamətlələpi aşkar olunmayıb həmin gövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək vəonları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1 i.v. 140- 141) 07 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,539 qram olan psixotrop maddə metamfetamin Yasamal RPİnin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. (Cild 1 i.v. 169-180) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild i.v.96-97) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 mart 2009-cu il təvəllüdlü X5 adında və xx.xx.2010-ci il təvəllüdlü X3 adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü masanın üstünə qoymuşdur. O, şəxsi axtarış zamanı həmin bükümlərin psixotrop maddə metamfetamin olduğunu, 16 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsindən olan şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı eyni mövqedən çıxış edərək irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək 4 qramdan artıq çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə qismən etirafedici ifadəsi, yəni 4,639 qram metamfetamini satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etməsi ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə də tam təsdiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, psixottrop maddənin külli miqdar təşkil etməsi özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 4,639 qram çəkidə metamfetamin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə bilər. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat verməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə metamfetamin əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 4,639 qram metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını əməlində onun cəzasını yüngülləşidirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 16 yanvar 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Yasamal RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,539 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 1 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 41 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 246 (iki yüz qırx altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Yasamal RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,539 qram metamfetamin məhv edilsin, 1 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 246 (iki yüz qırx altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar