Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1816/2023 26.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X3 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1965-ci ildə Fizuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Qəhrəmanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən 12 nömrəli yataqxanada faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 3,055 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində ünvan 1ndə özünü şübhəli apardığından Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 3,055 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1ndə yerləşən 12 saylı yataqxanada oğlu ilə birlikdə yaşayır. Fəhləlik edərək güzaranını təmin etmişdir. Təxminən 2 ildir ki, narkotik vasitə olan, “kakos” adı ilə tanınan heriondən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni adətən müxtəlif şəxslərdən, müxtəlif yerlərindən, adətən “Xalq dostluğu” metrosu ətrafından, Əhmədli qəsəbəsindən müxtəlif qiymətə almışdır. Adətən 10 manata heroin almış və onu 1 günə istifadə etmişdir. Həftədə təxminən 4 dəfə heroin alaraq istifadə etmişdir. 21 mart 2023-cü il tarixdə axşam saat 6-7 radələrində yaşadığı mənzildə olarkən qonşusunun şikayətinə əsasən 13-cü Polis Şöbəsinin əməkdaşları onu tutaraq bölməyə gətirmişlər. Həmin zaman üzərində heç nə olmamışdır. Şöbədə polis əməkdaşlarının özləri arasında telefonla çəkiliş etməyə görə mübahisə düşmüşdür. Bundan sonra polis əməkdaşı, sonradan adını bildiyi Şahid2 ona bir bükülü verərək “ölürsən, get dincəl” demişdir. Sağalmaq istədiyindən, 1-2 il müddətə cəza alacağını fikirləşdiyindən polis əməkdaşının dediyi ilə razılaşmışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və mənəvi təsir olmamışdır. Sonra üzərinə baxış keçirilmiş və polis əməkdaşının ona verdiyi bükülünü cibindən çıxararaq təqdim etmişdir. O həmişə “kakos” adı ilə tanınan narkotik vasitə heroindən istifadə etmişdir. Polis əməkdaşının ona verdiyi, guya üzərindən çıxan “şüşə” adlı metamfetamini isə “ciyər” xəstəliyi yaratdığından ondan istifadə etməmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün peşmandır. Narkotik vasitə asıllığından qurtararaq müalicə olunmaq istəyir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 22 mart 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində əməliyyat müvəkkili Şahid2 ilə inzibati ərazidə xidmətdə olarkən, ünvan 1ndə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşmuşlar. Bu zaman həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxsi saxlayaraq anket məlumatlarını soruşmuş, lakin həmin şəxs həyəcanlı vəziyyətdə tələsdiyini bildirərək yenidən onlardan yayınmağa başlamışdır. Belə olan vəziyyətdə həmin şəxsin üzərində qanunla qadağan olunmuş əşya və maddənin olmasında şübhəli bilib onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə axtarış aparılmasını xahiş etmişdir. Sonra şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın könüllü olaraq təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə, şüşəyə bənzər kristal maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “şüşə”-“patı” olduğunu və öz istifadəsi üçün adını və ünvanı bilmədiyi şəxsdən Suraxanı rayonu, Bül-bülə qəsəbəsində 60 manata alıb üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə olan psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış ilə məşğul olması və ya kiməsə satması ilə bağlı konkret faktlar müəyyən edilməmişdir. Şöbədə olan zaman Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq göstərilməmiş, sonuncu özü törətdiyi əməli səmimi etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı mənzildə deyil, küçədə özünü şübhəli apardığı üçün saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, onun tərəfindən Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə və ya psixotrop maddənin verilməsi halı olmamış, Təqsirləndirilən şəxs bildirdikləri özünü müdafiə üçündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısı X5 tərəfindən tərtib olunmuş, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Məktəbli küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellafon bükümdə şüşəyə bənzər kristal maddənin narkotik vasitə olan şüşə olduğunu və öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Suraxanı rayonu, Bül-bülə qəsəbəsindən 60 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Bununla da şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında süni işıqlandırma ilə aparıldı, saat 02:30-da başladı, 02:50-də başa çatdırıldı. Axtarış aparılan zaman “Samsung” markalı videokameradan istifadə edilmişdir (cild 1, i/v 27-28). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı 22 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1698 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,055 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 3,055 qr, tədqiqata sərf edildi – 0,05 qr, 3,005 qr. qalıq qalmışdır (cild 1, i/v 32-35). - “Sübutların qiymətləndirilməsi barədə” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,055 qram olan psixotrop maddə mefamfetamin maddi sübut kimi tanınması, aparılmış kimyəvi ekspertizası nəticəsində mefamfetaminin 3,005 qram qalığının təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 94-98). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-234/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 4(008)-556/2023 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:50-də şübhəli şəxs qismində tutulmuş, 23 mart 2023-cü il tarixdə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 06 avqust 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 8, 16, 62-65). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2194 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 92-93). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i/v 79-80). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbulediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində təxminən 5 ildir ki, “şüşə” adlandırdığı psixotrop maddə metamfetamini istifadə etdiyini, 21 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi ərazisində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümdə «şüşə» adlandırdığı psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədi ilə 60 manata alıb üzərində saxladığını, 22 mart 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 1ndə yaşadığı evin yaxınlığındakı ərazidə piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə şəxsin ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu 13-cü polis şöbəsinə dəvət etdiklərini, həmin vaxt psixotrop maddənin üzərində olmasını, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə metamfetamini çıxardaraq təqdim etdiyini bildirmişdir (cild 1, i/v 51-53). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə icraatında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 3,005 qram miqdarında psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1816/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 46 (qırx altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına 276 (iki yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 22 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ümumilikdə qalıq çəkisi 3,005 qram miqdarında psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Arbitrium” Vəkil Bürosunun hesabına 276 (iki yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1816/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1816/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver