Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1819/2021 29.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısıun, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şako” ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Şako” ləqəbli şəxsdən satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan çəkidə külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 8,635 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, “Şako” ləqəbli şəxsin təklifi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin 1 (bir) ədəd bükümdə istintaqa məlum olmayan hissəsini satış məqsədilə istintaqa məlum olmayan vaxtda “Sahil” metro stansiyasının yaxınlığına daşıyaraq istintaqa məlum olmayan yerə qoymuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində piyada hərəkət edən zaman saxlanılaraq, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə aparılmış və Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 27,515 qram, 27,923 qram və 3,011 qram olmaqla, ümumi təmiz çəkisi 58,449 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,875 qram və 4,760 qram olmaqla, ümumi təmiz çəkisi 8,635 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdrda psixotrop maddə metamfetamin, əynindəki şalvarın sol arxa cibindən isə narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə gəzdirdiyi elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən restoranların birində inzibatçı işləmişdir. Həmin vaxt onun aylıq qazancı təxminən 500-550 manat olmuşdur. O, restoranda işlədiyi vaxt “kakos” adlı narkotik vasitədən istifadə etməyə başlamışdır. O, narkotik vasitə “kakosdan” istifadə etməyə başladıqdan sonra narkotik vasitə aludəçisi olmuşdur. O, qazandığı pulun demək olar ki, hamısını narkotik vasitəyə xərcləmişdir. Atası onun narkotik istifadə etdiyini bilməsin deyə o, “Qaqarin” körpüsü kimi tanınan ərazidə ayı 450 manata kirayəyə ev tutmuş və orada yaşamağa başlamışdır. Həmin vaxt o, narkotik vasitəyə gündəlik təxminən 10 manat pul xərcləmişdir. Hər gün keçdikcə o, daha çox narkotik vasitə “kakosdan” istifadə etmişdir. Buna görə də o, daha çox “kakos” almaq qərarına gəlmişdir. Elə həmin ərəfədə “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı “Şako” adlı şəxs ona mesaj yazaraq narkotik vasitə satdığını bildirmişdir. O, Şako ilə yazışdıqda, özünün də narkotik vasitə “kakosdan” istifadə etdiyini bildirmişdir. “Şako” ona narkotik vasitə satmağı təklif etmişdir. O da Şako ilə razılaşmışdır. Birinci dəfə Şako ona 2 (iki) qram “kakos” satmışdır. Sonra Şako ona bildirmişdir ki, “əgər xoşuva gəldisə, sənə daha çox “kakos” sata bilərəm”. O da bu dəfə Şakoya daha çox çəkidə “kakos” almaq istədiyini demişdir. Sonra o, “20 Yanvar” metro stansiyası yanında yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığına getmiş və oradan Şako adlı şəxsin göndərdiyi 13 (on üç) qram çəkidə narkotik vasitəni götürmüşdür. O, narkotik vasitəni götürüb kirayədə yaşadığı evə aparıb qoymuşdur. Növbəti gün axşam vaxtlarında o, taksi sifariş edərək valideynlərinin yaşadığı Buzovna qəsəbəsinə getmək istəmişdir. O, taksiyə minmək istəyərkən polislər onu tutmuşlar. Polislər onu tutan zaman onun üzərində narkotik vasitə olmamışdır. Polislər onu tutduqdan sonra özlərinin maşınına otuzdurub döymüşlər və ondan narkotik vasitələrin yerini soruşmuşlar. O da polislərə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sonra polislər onun üzərini yoxlayan zaman cibində kirayədə qaldığı mənzilin açarlarını görmüşlər və ondan harada qaldığını soruşmuşlar. O da polislərə yaxınlıqdakı binanın 13-cü mərtəbəsində kirayədə qaldığını bildirmişdir. Polislər ona narkotik vasitələrin yerini deməcəyi təqdirdə taksi sürücüsünü də ona görə tutacaqlarını bildirmişlər. O da polislərə taksi sürücüsünün ailəli olduğundan sonuncunun tutulmasını istəmədiyini demiş və buna görə də polislərin onun kirayədə yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra o, polislərlə birlikdə kirayədə yaşadığı mənzilə getmişdir. Polislər evə baxış keçirmişlər və evdə olan dolabın üstündən Şakonun ona göndərdiyi 13 (on üç) qram çəkidə narkotik vasitəni tapmışlar. Bundan sonra polislər özləri ilə gətirdikləri digər narkotik vasitələri və elektron tərəzini 13 (on üç) qram çəkidə narkotik vasitəyə əlavə edərək evdə olan masanın üzərinə qoyaraq həmin əşyaların evdən aşkar olunduğunu ona bildirmişlər. O, polislərə etiraz edərək evdə elektron tərəzinin və 60 qramdan çox narkotik vasitənin olmadığını, ancaq 13 (on üç) qram çəkidə narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Sonra polislər yenə onu döyərək masanın üzərinə qoyulmuş narkotik vasitələrin və elektron tərəzinin ona aid olmasını etiraf etməyini ondan tələb etmişlər. O da təzyiqlərə dözməyərək polislərin dediyi kimi ifadə vermişdir. Sonra polislər onu Polis bölməsinə aparmışlar. O, Polis bölməsində olanda polislər onun cibinə narkotik vasitə “kakosu”, psixotrop maddə “şüşəni” və 1 (bir) ədəd tərəzini qoyaraq demişlər ki, “videoçəkiliş zamanı bu narkotik vasitələrin və tərəzinin sənə məxsus olmasını etiraf et”. O da polislərdən qorxaraq həmin əşyaların ona aid olmasını bildirmişdir. O, heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. O, tutulduqda üzərində heç bir narkotik vasitə omamışdır. Onun kirayədə yaşadığı evdə ancaq 13 (on üç) qram çəkidə “kakos” olmuşdur. O, həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək (aşkarlanmış narkotik vasitə heroinin 13 (on üç) qram çəkidə olması, qeyd edilən narkotik vasitə heroini öz istifadəsi üçün əldə etməsi, psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmaması) elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış əməliyyat məlumatı əsasında onun tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra bu qərarın icra olunması ilə bağlı İdarə rəisi tərəfindən müvafiq əmrlə ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra onlar həmin gün saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsinə getmişlər. Onlar Ü.Hacıbəyov küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının onlara daxil olduğunu bildirmişlər və əməliyyatda göstərilmiş məsələyə aydınlıq gətirilməsi üçün Təqsirləndirilən şəxs 22-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə 22-ci Polis şöbəsinə getmişdir. Onlar birlikdə Polis şöbəsinə getdikdən sonra o, raportla rəhbərliyə müraciət edərək Təqsirləndirilən şəxs gətirilməsi barədə məlumat vermişdir. Sonra Təqsirləndirilən şəxsla bağlı məsələnin araşdırılması Polis bölməsinin təhqiqatçısı olan Vüsal Həsənquliyevə həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və sonuncuya hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuşdur. Vəkil gəldikdən sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu halda həmin predmetləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 1 (bir) ədəd özünə məxsus «Samsung» markalı mobil telefonu, 1 (bir) ədəd elektron tərəzini, 2 (iki) ədəd içərisində ağ rəngli kristal şəkilli kütlə olan sellofan bükümü və 2 (iki) ədəd içərisində qəhvəyi rəngli kəskin iyli kütlə olan sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərin ikisinin içərisində olan kütlənin psixotrop maddə metamfetamin, aşkar olunmuş digər üç ədəd sellofan bükümün içərisində olan kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddə, psixotrop maddə metamfetaminə oxşar maddə və 1 (bir) ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan bükümlərdəki kütlələrin narkotik vasitə heroin və metamfetamin olduğunu, həmin vasitələri iki gün əvvəl gecə saat 02.00-03:00 radələrində Bakı şəhərində “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığından götürdüyünü, həmin yerə narkotik vasitələri «İnstagram» sosial şəbəkəsində təxminən bir ay əvvəl tanış olduğu “Şako” ləqəbli İran İslam Respublikasının vətəndaşının qoydurduğunu və “Şako” ləqəbli şəxsin deyəcəyi şəxsə təqdim etməli olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün psixotrop maddə metamfetamindən istifadə etdiyini, ilk dəfədir ki, “Şako” ləqəbli şəxsin göstərişinə əsasən narkotik vasitəni sonuncunun dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan sonra aşkar edilmiş qanunsuz predmetlərlə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu, şalvarının sol arxa cibindən 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzini, şalvarının sol yan cibindən 2 (iki) ədəd içərisində ağ rəngli kristall şəkilli kütlə olan sellofan bükümü və 2 (iki) ədəd içərisində qəhvəyi rəngli kəskin iyli kütlə olan sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sol yan cibindən əlavə olaraq 1 (bir) ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan büküm aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2744 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 42-44) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №7» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» və sair yazılar olan paketdəki 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 27,515 qram, 27,923 qram və 3,011 qram, ümumi təmiz çəkisi 58,449 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 (üç) ədəd bükümdəki heroinlərdən 2 (iki) ədədi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, digər nümunə kimyəvi tərkibinə görə fərqlidir, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,875 qram və 4,760 qram, ümumi təmiz çəkisi 8,635 qram olan ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 (iki) ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 1 (bir) ədəd elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 51-52) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-264/2021 saylı qərarından (cild 1, iş vərəqə 73-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 93-94) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin məktubundan (cild 1, iş vərəqə 95) görünür ki, müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, “Şako” adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamış, lakin Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 2155 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 108-109) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda da onda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 3760 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 105-106) görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 115-123) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, İran İslam Respublikasının vətəndaşı “Şako” ləqəbli şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 58,359 qram təşkil edən narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,555 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 ədəd elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 125) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs atası X4 təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 126-127) görünür ki, İran İslam Respublikasının vətəndaşı “Şako” ləqəbli şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa, ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyul 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum tarixdə və naməlum şəraitdə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin onun qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etməsi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə istintaqında onun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etdikdən sonra üzərində saxlayaraq daşıması da öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt, hansı növdə (aşkarlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa) və çəkidə ölkədə dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən məhkəmə istintaqında müəyyən edilməsi mümkün olmayan məsələlər faktiki olaraq ətraflı araşdırılmamışdır. Bu açıq-aşkar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və belə hesab edir ki, Təqsirləndirilən şəxs ətrafında və onunla bağlı daha səmərəli əməliyyataxtarış tədbirlərini keçirməklə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha çox şəxslərin qanunsuz əməllərini ifşa etmək mümkün olardı. Lakin cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı ibtidai araşdırmanı formal və səthi şəkildə apararaq ancaq Təqsirləndirilən şəxs məsuliyyətə cəlb etmişdir. Bunun bariz nümunəsi - ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs daimi əsaslarla valideynləri ilə birlikdə yaşadığı evə və müvəqqəti kirayədə yaşadığı mənzilə baxış keçirilməməsidir. Halbuki qeyd edilən prosessul hərəkətlərin keçirilməsi dövriyyəsi qadağan olunmuş predmetlərlə bağlı xüsusi qaydada vacib əhəmiyyətə malikdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməllərini məhkəmə istintaqında müəyyən edilmiş natamam hallar əsasında müəyyən etmək məcburiyyətində qalmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər və həqiqi sübutlar əsasında müəyyən edilmişdir ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 iyul 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, bu tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin gün Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində piyada hərəkət edən zaman saxlanılmış və 22-ci Polis şöbəsinə aparılmışdır. 22-ci Polis şöbəsində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin prosessual hərəkətin keçirilməsi zamanı onun üzərindən 3 (üç) ədəd bükümdə ümumi çəkisi 58,449 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə təmiz çəkisi 8,635 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən və onun üzərindən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edildikdən sonra o, narkotik vasitə və psixotrop maddəni bir neçə gün əvvəl “İnstagram” sosial şəbəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şako” ləqəbli şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə və psixotrop maddəni əldə etməsi ilə bağlı mənbəyi sorğu-sual zamanı bildirsə də, ibtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən “Şako” ləqəbli şəxsin şəxsiyyəti müəyyən edilməmiş, qeyd edilən şəxsin və sonuncu ilə bağlı digər şəxslərin əməlləri ifşa olunmamışdır. Lakin 08 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 3 (üç) ədəd bükümdə ümumi çəkisi 58,449 qram təşkil edən külli miqdarda narkotik vasitə heroinin, 2 (iki) ədəd bükümdə təmiz çəkisi 8,635 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməllərinin tövsifində mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı irəli sürülmüş ittihamı mübahisələndirməsə də, məhkəmə istintaqında ifadə verərkən irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Belə ki, o, tutulduğu vaxt üzərində ümumiyyətlə narkotik vasitə və psixotrop maddənin olmadığını, kirayədə yaşadığı evdə yalnız 13 qram çəkidə narkotik vasitə heroinin olduğunu, ittiham aktında qeyd olunmuş çəkidə narkotik vasitə və psixotrop maddənin, o cümlədən elektron tərəzinin ona məxsus olmadığını, tutularkən onun üzərindən ümumiyyətlə psixotrop maddə və elektron tərəzinin olmadığını, “Şako” ləqəbli şəxsdən aldığı 13 qram çəkidə narkotik vasitə heroini məhz öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əvvəllər heç kəsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında səmimi ifadə verməmiş, əksinə həqiqəti gizlətməklə məsuliyyətdən yayınmağa cəhd etmiş, başqa sözlə, ifadə verərkən cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə cəzasını yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin növünü və çəkisini, həmin vasitə və maddənin bir neçə bükümdə olmasını, habelə üzərindən elektron tərəzinin aşkarlanmasını, həmin elektron tərəzidə narkotik vasitə heroinin izlərinin olmasını, özünün ifadəsinə görə onun Şako adlı şəxsdən bir neçə dəfə narkotik vasitə almasını, işləmədiyi təqdirdə daimi əsaslarla yaşadığı Buzovna qəsəbəsindən xeyli uzaqda (şəhərin mərkəzinə yaxın ərazidə) aylıq 450 manata kirayədə yaşamasını, gündəlik istifadə dozası 1 (bir) qram olduğu halda əvvəlcədən öz istifadəsi üçün 2 (iki) aylıq istifadə dozasında narkotik vasitə və psixotrop maddəni tədarük etməsini ağlabatan və inandırıcı hesab etmir və qeyd edilən hallara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni həqiqətən də satış məqsədi ilə qanunsuz şəkildə əldə edərək üzərində saxlamış və daşımışdır. Məhkəmə istintaqında göstərilən hallar tam şəkildə öz təsdiqini tapsa da, onun hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satması öz təsdiqini tapmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz şəkildə əldə etsə də, həmin vasitəni və ya onun hər hansı bir hissəsini hər hansı şəxsə satmamışdır. Bu hal da onun törətmiş olduğu əməlin ictimai təhlükəliliyinin azalmasına təsir edən haldır. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs cavan olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi hallarını məcmu halda nəzərə alaraq, hesab edir ki, ağır cəza təyin etmədən də onun islah olunmasını mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ələlxüsus da onun cavan olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz aşağı həddə cəzanı ona təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 04 oktyabr 2021-ci il tarixli narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 58,359 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 8,555 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun onun atası X4 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr üzrə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 58,359 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 8,555 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs atası X4 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1819/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1819/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver