Məhkəmə qərarları › İş №1(101)-182/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-182/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-182/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:45-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi – anası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Beyləqan rayonunun, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri rəsmi evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini törətmişdir. Belə ki, o, yaşının ötməsinə, uzun müddət ailə qura bilməməsi, habelə birlikdə kirayədə yaşadığı başqa şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində olmasına baxmayaraq övlad sahibi ola bilmədiyindən başqasının uşağını götürüb saxlamaq qərarına gəlsə də, bunu qanuni yollarla etmək əvəzinə Bakı şəhəri, Sabunçu rayonu ərazisində az təminatlı ailələrin məskunlaşdığı yaşayış massivlərini gəzib belə ailələrdən birinin uşağını oğurlamağı qərara alıb cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə əsl niyyətini gizlədib özünü qeyd edilən ailələrə maddi yardım edən şəxs kimi təqdim edərək 21-24 dekabr 2021-ci il tarixlərdə bir neçə dəfə Qanuni nümayəndə Raqif qızının qeyri-rəsmi əri və beş azyaşlı uşağı ilə kirayədə yaşadığı ünvan 2 ünvanındakı nömrəsiz fərdi evə gedib onların ailə şəraiti və maddi vəziyyəti ilə maraqlanaraq yardım gətirəcəyini bildirərək özünü yardımsevər insan kimi göstərib həmin ailəni diqqətində saxlamaqla 29 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində yenidən yuxarıda qeyd edilən ünvana gəlib azyaşlı X4 qapını açması nəticəsində evə daxil olduqdan sonra azyaşlı Şahid4 valideynlərinin harada olması ilə maraqlanıb evdə olmamalarını dəqiqləşdirdikdən sonra cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli fürsətin yaranmasını görüb xx.xx.2019-cu il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan (azyaşlı) Zərərçəkmiş şəxs qucağına götürüb evdən çıxmaq istədikdə azyaşlı Şahid4 etirazına baxmayaraq onun qardaşını aparıb şirniyyat alıb qayıdacağı adı ilə aldadaraq Zərərçəkmiş şəxs oğurlayıb özü ilə kirayədə yaşadığı ünvan 3 ünvanına aparıb 08 yanvar 2022-ci il tarixə qədər orada saxlamaqla adam oğurlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsinə qaraçılar məhəlləsi deyilən yerə getmişdir. Getməkdə məqsədi orada yaşayan kasıb ailələrin uşaqlarına maddi yardım göstərmək olmuşdur. O, özü həmişə kasıb ailələrin azyaşlı uşaqlarına köməklik etmiş, buna görə də həmin küçədə tanımadığı bir nəfərin qapısını döymüş, qapını tanımadığı bir qadın açmışdır. Həmin qadın onun kim olmasını soruşmuş, o da qadına kasıb ailələrə köməklik etdiyini deyib, bu küçədə yaşayan kasıb ailələrə kömək etmək məqsədi ilə gəldiyini bildirmişdir. Bundan sonra həmin evdən bir neçə qadın çıxmış, həmin qadınlar ona adlarını və soyadlarını deyib maddi vəziyyətlərinin pis olduğunu bildirmişlər. O, da əlində olan dəftərə həmin qadınların adlarını qeyd etmişdir ki, onların ailələrinə köməklik göstərsin. Bundan sonra adı sonradan ona məlum olan Afət adlı qadın ona qayınanasıgilin vəziyyətlərinin pis olduğunu, xəstə uşaqları olduğunu, onların da adlarını qeyd etməsini deyib, onlara da köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, Afətlə birlikdə sonuncunun qayınanasının yaşadığı evin qarşısına getmişlər. Afətin qaynanası küçəyə çıxmış, o, həmin qadının adını və soyadını dəftərinə qeyd etmiş, həm qadın evdə xəstə uşağının olmasını bildirmişdir. Küçədə olduqları vaxt adı sonradan ona məlum olan Reyhan adlı qadın onların yanına gəlmiş, Reyhan onun maddi köməklik göstərmək üçün gəldiyini bildikdən sonra ona onun da adını qeyd etməsini və köməklik göstərməsini xahiş etmişdir. O, da Reyhana ancaq qaraçılara köməklik göstərmək üçün gəldiyini bildirmiş, lakin, Reyhan ona yalvararaq “gəl bizim yaşadığımız evə gedək mənim vəziyyətimi gör ki, mən nə gündə yaşayıram” demişdir. Onun ürəyi dözməmiş, ilk dəfə orada tanış olduğu Afət və Reyhanın özü ilə birlikdə Reyhanın yaşadığı evə getmişlər. Evdə vəziyyət çox acınacaqlı olmuş, beş azyaşlı uşaqların yorğan döşəksiz döşəmənin üzərində uzanıb yatdıqlarını görmüşdür. Həmin vaxt o, çox pis olmuş, evdə kişi də olduğunu görüb, Reyhandan həmin kişinin kim olduğunu soruşmuş, Reyhanda həmin kişinin onun əri olduğunu bildirmiş, həmin vaxtı həmin kişi də döşəmənin üzərində uzanıqlı vəziyyətdə yatmışdır. O, Reyhana “ərin var nə üçün işləmir, uşaqların da pis vəziyyətdə yaşayırlar” demiş, Reyhan da iş olmadığı üçün ərinin işsiz olduğunu bildirmişdir. Azyaşlı uşaqlardan birinin başında yara olmuş, Reyhana bildirmişdir ki, “bəlkə təcili tibbi yardım çağıraq uşağa müalicə etsinlər”, lakin Reyhan razı olmamışdır. Reyhanla bir qədər söhbət etmiş, söhbət edən zaman Reyhana “uşaqların çox pis vəziyyətdə yaşayırlar, nə üçün Xoşqədəm xanımın verilişinə gedib köməklik istəmirsən” demişdir. Reyhan isə lazım olmadığı üçün Xoşqədəm xanımın verilişinə müraciət etmək istəmədiyini bildirmişdir. Reyhanla söhbət edən zaman başında yara olan, Məhəmməd adlı uşaq onların yanına gəlmiş, o, uşağın çirkli vəziyyətdə, dırnaqları uzun olduğunu görüb, Reyhana uşağı nəyə görə belə vəziyyətdə saxlamasının səbəbini soruşmuşdur. Reyhan da, imkanları olmadığı üçün uşaqlarına baxa bilmədiyini bildirmiş, o da ondan uşağın başının harada yaralanmasını soruşmuş, Reyhan uşağın özü əli ilə başını qaşıdığı üçün yara elədiyini bildirmişdir. Ancaq həmin vaxt uşaq onun gödəkcəsindən tutub, əl işarəsi ilə evdə olan kişini, yəni Reyhanın ona əri kimi təqdim etdiyi şəxsi göstərib demişdir ki, “ana məni bu əmi vurub”. Həmin vaxt orada yaşayan tanımadığı qadınlardan biri Reyhana “axırda bu uşaq ərini tutduracaq” demiş, o da Reyhanın ailə üzvlərini əlindəki dəftərə qeyd etdikdən sonra küçəyə çıxmış, küçədə olan qadınlardan soruşmuşdur ki, Reyhanın “əri var, nə üçün uşaqları pis vəziyyətdə yaşayırlar”. Qadınlar da gülərək demişlər ki, “Reyhan və əri narkomandırlar, dərman zorla tapırlar uşaqları necə saxlasınlar”. Hətta qonşular arada bir Reyhanın uşaqlarına köməklik göstərdiklərini demiş, bundan sonra, o, oranı tərk edib yaşadığı evə getmişdir. Səhəri günü, yəni 22 dekabr 2021-ci il tarixdə təxminən saat 14 radələrində o, yenə qaraçıların yaşadığı küçəyə getmiş, həmin gün yağış yağmış, Reyhanın yaşadığı evin qapısını döymüşdür ki, uşaqları ilə maraqlansın. Həmin vaxt Reyhan evdə olmamış, qapını Reyhanın əri, sonradan adı ona məlum olan Elgün açmışdır. Həmin vaxt Reyhanın azyaşlı uşaqları qışqıra-qışqıra onun üstünə tərəf gəlmiş, həmin uşaqlardan biri Məhəmməd əlini açıb onu qucağına götürmək istədiyini işarə etmişdir. Məhəmmədin və digər uşaqların əynində paltarları olmamış, Məhəmmədi qucağına götürmüş, Elgündən nə üçün uşaqlarının əynində paltarlarının olmamasını soruşmuşdur. Elgün uşaqlarının paltarlarının olduğunu deyib, sadəcə olaraq geyinmək istəmədikləri üçün paltarsız olduqlarını bildirmişdir. Həmin vaxtı o, fikirləşmişdir ki, Reyhangilin ailəsi çox pis vəziyyətdədir, başqasına köməklik göstərməkdənsə bunlara köməklik etsin. Elgündən, Məhəmmədin başının yarası ilə bağlı həkimə müraciət edibetməmələrini soruşmuş, Elgün, Məhəmmədi heç bir xəstəxanaya aparmadıqlarını deyib, aptekdən maz alıb özləri müalicə etdiklərini bildirmişdir. O, Reyhangilin qapısından çıxıb getmək istəyən zaman, Elgün ona 5 manat verməsini xahiş etmiş, o, da Elgünə 5 manat vermişdir ki, uşaqlarına nəyisə alsın. O, uşaqların yanında dayanmış, Elgün yaşadıqları evin qarşısında olan mağazaya gedərək şirin külçələr alıb gəlmiş və uşaqlarına vermiş, uşaqlar həmin şirin külçələri yemiş, o, isə onların evini tərk edib getmişdir. Yolda gedərkən uşaqlara yazığı gəldiyi üçün geriyə qayıtmışdır ki, Elgünə 50 manat versin. Elgüngilin yaşadıqları evin qarşısına çatdıqda, Elgünün həyətdə oturub öz bədəninə iynə vurduğunu görüb geriyə qayıdıb yaşadığı evə getmişdir. Səhəri gün o, yenə, Elgünün yaşadığı evə getmişdir ki, uşaqları ilə maraqlansın, Reyhan yenə də evdə olmamış, qapını Elgün açmış, Elgündən arvadı Reyhanın nə vaxt gələcəyini soruşmuş, Elgün arvadı Reyhanın hər gün gecə evdən çıxaraq limon satmağa getdiyini bildirmişdir. O, Məhəmmədlə maraqlanmış, Elgün də nə üçün hər dəfə Məhəmmədlə maraqlanmasının səbəbini soruşmuş, o da Elgünə təkcə Məhəmmədlə maraqlanmadığını, uşaqların vəziyyətləri ona çox pis təsir etdiyini deyib, Məhəmmədin başında yara olmasının onu narahat etdiyi üçün Məhəmmədlə maraqlandığını, özünün övladı olmadığı üçün azyaşlı uşaqların pis olmasını görəndə ona pis təsir etdiyini bildirmişdir. Elgün ondan bir də nə vaxt gələcəyini soruşmuş, o, da Elgünə 25 dekabr 2021-ci il tarixdə saat 15 radələrində onlara və qonşuluqda yaşayan kasıb ailələrə yardım gətirəcəyini bildirmişdir. Elgün ona "səhər tezdən saat 12:00-da gələrsən səninlə şəxsi işim olacaq” demiş, o da fikirləşmişdir ki, yəqin Məhəmmədi xəstəxanaya aparmaq üçün onun gəlməsini istəyir. O, səhəri gün, yəni 24 dekabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində Elgünün yaşadığı evə gələrək qapını döymüş, qapını Elgün açmış, Reyhan yenə də evdə olmamış, onların evlərinə daxil olduqda uşaqlarının döşəmənin üzərində yatdıqlarını görmüş, yenə uşaqları nəyə görə belə vəziyyətdə saxlamasını Elgündən soruşmuşdur. Həmin vaxt Elgün ona "sən uşaqlara fikir vermə, mənim çoxlu borcum var, mənə 3000 manat verə bilərsinizmi” demiş, o da nəyə görə bu qədər məbləğdə pulu ona verməsinin səbəbini soruşmuş, Elgün də ona "görürəm sənin pulun var, yardım etmək məqsədi ilə gəlmisən, gəl Məhəmmədi sənə verim, sən mənə 3000 manat ver, bu aramızda sirr olaraq qalacaq” demişdir. O, Elgünə arvadının bu məsələyə münasibətinin necə olacağını soruşmuş, Elgündə arvadı Reyhanın yüngül həyat tərzi keçirdiyini deyib, uşaqlarla maraqlanmadığını bildirmiş, eyni zamanda uşaqlarının ona da maraqlı olmadığını deyib, uşaqlarından birini pul müqabilində hər hansısa bir şəxsə verəcəyini demişdir. O, da övladı olmadığına görə fikirləşmişdir ki, Elgünün uşaqları pis vəziyyətdə yaşayır, uşaqları başqa bir adama verməkdənsə özü götürsün. Bundan sonra Elgünün dedikləri ilə razılaşmış, Elgün səhər onlara gəlməsini, eyni zamanda 3000 manatı da üstündə gətirməsini bildirmişdir. 29 dekabr 2021-ci il tarixdə təxminən saat 19 radələrində Elgünün yaşadığı evin qarşısına gəlmiş, Elgünün dediyi 3000 manat məbləğində pul onun üstündə olmuş, bir qədər orada gözləmiş, Reyhanın evdən çıxıb getdiyini görmüş, Reyhan getdikdən sonra Elgün küçəyə çıxmışdır. O, Elgünə yaxınlaşaraq 3000 manatı gətirdiyini deyib, uşağı yəni oğlu Məhəmmədi ona verməsini bildirmiş, Elgün yaşadığı evə gedərək oğlu Məhəmmədi gətirmiş və ona “arxamca gələrsən kamera olmayan yerdə uşağı sənə verərəm” demişdir. O da Elgünün arxasınca getmiş, Sabunçu dəmir yolu stansiyasının yaxınlığında qaranlıq bir yerdə Elgün Məhəmmədi ona vermiş, o da üstündə olan 3000 manatı Elgünə vermişdir. O, Elgündən soruşmuşdur ki, "Reyhan gəlib uşağını axtarar, evdə olmadığını görüb polisə məlumat verə bilər”, Elgün də ona narahat olmamasını deyib, Reyhanı uşaqların maraqlandırmadığını bildirmişdir. Bundan sonra o, tanımadığı taksiyə əyləşərək Nizami rayonu ərazisində yerləşən metrostansiyanın yaxınlığında bir qaranlıq yerə getmiş və səhərə kimi çöldə qalmışdır. Səhər açılan kimi kirayə yaşadığı evə getmiş, həmin günü axşamı qeyri rəsmi ər-arvad münasibətində olduğu Şahid1 evə gəlmiş, Şamil ondan evə gətirdiyi Məhəmmədin kim olduğunu soruşmuş, o da Şamilə, Məhəmmədi kasıb bir ailədən atasının razılığı ilə 3000 manata aldığını bildirmişdir. Həmin vaxt Şamil ona əsəbləşmiş və uşağı geri valideyinlərinə qaytarmasını bildirmiş, o da Şamilə uşağın valideyinlərinin narkoman olduqlarını, uşağı başqa şəxsə satacaqlarını deyib, övladları olmadığı üçün özlərində saxlamalarını bildirmişdir. Şamil yenə də onunla razılaşmamış və bildirmişdir ki, hər bir halda onun etdiyi hərəkət cinayətdir. O da Şamilə yalvararaq "uşağın başı yaradır, heç olmasa sağaldaq sonra bir yolla qaytararıq” demişdir. Şamil də, uşağın başında xəsarət olduğunu görüb onun da, uşağa yazığı gəlmiş və ona “uşağı sağaltdıqdan sonra təcili qaytararsan” demişdir. O, 06 yanvar 2022-ci il tarixdə yaşadığı evdə olan vaxtı ARB telekanalında “səni axtarıram” verilişinə baxan zaman Məhəmmədin valideyinləri Reyhanın və Elgünün telekanalda yayımlanan verilişdə olduqlarını və Məhəmmədin oğurlandığını dediklərini bilmişdir. Hazırda etdiyi əməldən çox peşmandır, Məhəmmədin valideyinləri Reyhanə və Elgünlə barışmış, onlar onu bağışlayaraq ona qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmədə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə Raqif qızı ifadəsində göstərdi ki, qeyri rəsmi ərarvad münasibətində olduğu Şahid3, azyaşlı övladları X6, Şahid4, X7, X8 və Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşayırlar. Bakı şəhərinin müxtəlif ərazisində yerləşən metrostansiyaların qarşısında limon satışı ilə məşğul olaraq ailəsini dolandırır. Təxminən 21 dekabr 2021-ci il tarixdə saat 13 radələrində evdə olduğu vaxtı, qonşuluqda yaşayan Şahid2 yanında tanımadığı bir qadınla onun kirayədə yaşadığı evə gəlmişdir. Həmin vaxt qeyri rəsmi ər-arvad münasibətində olduğu Şahid3 və azyaşlı övladları da evdə olmuşlar. O, Afətdən yanındakı qadının kim olduğunu soruşmuş, Afət onunla birlikdə gələn qadının kasıb ailələrə yardım edən şəxs olduğunu deyib, həmin qadını onun ailəsinə də yardım göstərməsi məqsədi ilə onlara gətirdiyini bildirmişdir. O, da həmin qadını yaşadığı evə buraxmışdır ki, onunda ailəsinə köməklik göstərsin. Bundan sonra Afətlə birlikdə gələn qadın əlindəki kağıza onunda adını yazaraq, ailədə neçə nəfər olduqlarını soruşub onun yaşam tərzi ilə bağlı onu sorğu-sual etməyə başlamışdır. O, həmin qadına maddi durumunun pis olmasını və azyaşlı övladlarını çətinliklə saxlaması barədə danışmış, eyni zamanda Afət də onun çətin vəziyyətdə yaşaması barədə qadına danışmışdır. Həmin qadın ona narahat olmamasını deyərək, ona və ailə üzvlərinə yardım göstərəcəyini bildirmişdir. Ancaq həmin qadın haradan gəlməsi barədə heç bir söz deməmişdir. O, həmin qadından hansı yardım fondundan gəlməsini soruşduqda, eləcə də əlaqə nömrəsini verməsini bildirdikdə, qadın məxfi bır yardım edən şirkətdə işlədiyini, istifadə etdiyi mobil nömrənin də həmin şirkətə məxsus olduğunu deyərək, bu səbəbdən də istifadə etdiyi mobil nömrəsini ona verəbilməyəcəyini bildirərək çıxıb getmişdir. O, sonuncu dəfə 29 dekabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı küçənin yaxınlığında yerləşən “Qədim Məhəllə” kafesinin yanında 70 nömrəli sərnişin avtobusundan düşmüş, yaşadığı küçə ilə Sabunçu dəmiryolu stansiyası istiqamətinə tərəf piyada gedərkən, bir neçə gün əvvəl Afətlə onun yaşadığı evə yardım etmək adı ilə gələn qadının təxminən ondan 20 metr aralıda piyada getdiyini görmüşdür. Həmin vaxtı qadın arxaya baxıb onu görüb sonra yoluna davam etmiş, o da başını aşağı salıb yoluna davam etmiş və başını yuxarı qaldıranda həmin qadını görməmişdir. O, nə qədər çalışmışdır ki, həmin qadını görüb ona yaxınlaşsın, lakin qadını tapa bilməmiş və hansı istiqamətdə getdiyini görə bilməmişdir. Həmin gün təxminən saat 18:30 radələrində yaşadığı evdən çıxaraq Nizami rayonu ərazisində yerləşən 8-ci k/m adlanan bazara getmiş və həmin bazarda yerləşən yeməkxanadan azyaşlı övladları üçün yemək götürüb yaşadığı evə qayıdan zaman təxminən saat 21 radələrində istifadə etdiyi mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, telefon zənginə cavab verən də zəng edən şəxsin əri Elgün olduğunu bilmişdir. Elgün ona evdə olan azyaşlı oğlu Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən evdən aparıldığını bildirmişdir. O, yaşadığı evə gəlmiş, həmin vaxt əri və azyaşlı övladları evdə olmuş, lakin Məhəmməd evdə olmamışdır. Azyaşlı qızı Firuzə ona bir neçə gün əvvəl onlara yardım göstərmək məqsədi ilə gələn nənə onların evinə gələrək Məhəmmədi özü ilə apardığını demişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş, o da hadisəni tam təfərrüatı ilə polis əməkdaşlarına danışmış və yazılı ərizə ilə onlara müraciət etmişdir. Təqsirləndirilən şəxs onun övladı Məhəmmədi oğurlayıb onların haqqında böhtanlarla danışsa da o, onunla barışaraq onu bağışlamış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qeyri rəsmi ərarvad münasibətində olduğu X5, azyaşlı övladları X6, Şahid4, X7, X8 və Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşayır, Bakı şəhərinin müxtəlif ərazisində fəhləliklə məşğul olub ailəsini dolandırır. Təxminən 21 dekabr 2021-ci il tarixdə saat 13 radələrində ailə üzvləri ilə birlikdə kirayədə yaşadıqları evdə olduqları vaxt, qonşuluqda yaşayan Şahid2 yanında tanımadığı bir qadınla onlara gəlmişdir. Reyhan Afətdən yanındakı qadının kim olduğunu soruşanda, Afət ona bildirmişdir ki, onunla birlikdə gələn qadın kasıb ailələrə yardım edən şəxsdir, “qadını sizin ünvana gətirmişəm ki, sizə də yardım göstərsin”. Bundan sonra həmin qadın Reyhanla bir qədər söhbət etmiş, söhbət əsnasında ailədə neçə nəfər olduqlarını soruşub yaşam tərzləri ilə bağlı Reyhanı sorğu-sual etməyə başlamışdır. Reyhanda həmin qadına çətin vəziyyətdə yaşadıqları barədə danışmış, eyni zamanda Afət də onların çətin vəziyyətdə yaşamaları barədə qadına danışmışdır. Həmin qadın onlara narahat olmamalarını deyərək, onlara yardım göstərəcəyini bildirmiş və haradan gəlməsi barədə heç bir söz deməmişdir. 29 dekabr 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində çörək almaq üçün yaşadıqları evdən çıxaraq dükana getmiş, həmin vaxt Reyhan evdə olmamış, azyaşlı övladları isə evdə olmuşlar. Təxminən 30 dəqiqədən sonra o, evə qayıtmış və evdə olan azyaşlı övladı Zərərçəkmiş şəxs evdə olmadığını görmüş, azyaşlı qızı Firuzə ona bir neçə gün əvvəl onlara yardım göstərmək məqsədilə gələn nənənin evlərinə gələrək Məhəmmədi apardığını demişdir. Bundan sonra qonşuluqda yaşayan adını bilmədiyi şəxsin mobil telefonu ilə Reyhanın istifadə etdiyi mobil nömrəsinə zəng vuraraq Məhəmmədin evdən naməlum şəxs tərəfindən aparıldığını bildirmişdir. Reyhan evə gəldikdən sonra DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları yaşadıqları evə gəlmiş, onlar ərizə ilə də onlara müraciət etmişlər. Təqsirləndirilən şəxs onların haqqında yalan ifadə versə də, onunla həyat yoldaşı onunla barışmış və onu bağışlayaraq, ona qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə Raqif qızının iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərdi ki, yaşadıqları evə qonşuları Afət xala ilə bir yaşlı nənə onlara gəlmiş, həmin nənə onlara köməklik göstərəcəyini demişdir. Həmin vaxt anası da evdə olmuş, 29 dekabr 2021-ci il tarixdə anası onlara yemək gətirmək üçün bazara, atası isə çörək almaq üçün dükana getmişlər. Qardaşları İslam, Elcan, Ömər, Məhəmməd və o, evdə olmuş, onlar evdə tək olan vaxt evin qapısı döyülmüşdür. O, qapıya yaxınlaşaraq kimdir deyə soruşmuş, həmin vaxt bir neçə gün Afət xala ilə onların yaşadıqları evə yardım etmək məqsədilə gələn nənə “mənəm qızım, açın qapını” demişdir. Anası və atası evdə olmadıqları üçün o, qapını açmamış, qardaşı Ömər isə qapını açmış, həmin vaxt həmin nənə yaşadıqları evin içərisinə daxil olmuş, anasının və atasının harda olduqlarını soruşmuşdur. O, anasının onlara yemək gətirmək üçün bazara getdiyini, atasının isə dükana çörək almağa getdiyini bildirmişdir. Bundan sonra həmin nənə ona “gəl birlikdə dükana gedək-gələk” demiş, lakin o, getməmiş, bundan sonra həmin nənə qardaşı Məhəmmədi qucağına almış, Məhəmmədin əynində paltarları olmadığı üçün atasının köynəyinə bürüyüb evdən çıxmışdır. O, nə qədər qardaşını aparmamasını desə də, nənə “birini ver mənə dükana gedib sizə şirin kökələr alıb gələcəm” demiş, o, yenə də nənənin dedikləri ilə razlaşmamış və onların heç birini dükana aparmamasını bildirmişdir. Lakin nənə onun sözlərinə məhəl qoymadan qardaşı Məhəmmədi özü ilə evdən çölə çıxarmış, o da nənənin arxası ilə çölə çıxmış, qışqıraraq qardaşı Məhəmmədi geri qaytarmasını demişdir. Lakin nənə Məhəmmədi qaytarmamış və özü ilə aparmış, həmin vaxtı çöldə heç kim olmamış, bir az vaxt keçdikdən sonra atası Elgün evə gəlmişdir. O, atasına bir neçə gün bundan əvvəl onlara gələn arvadın qardaşı Məhəmmədi özü ilə apardığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi, Bakı şəhərində müxtəlif yerlərdə fəhləliklə məşğul olub ailəsini dolandırır. 29 dekabr 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində işdən evə gəlmiş, lakin qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs evdə görməmişdir. Gültəkinin mobil telefonu olmadığı üçün onunla əlaqə saxlaya bilməmiş, həmin gün Gültəkin evə gəlməmişdir. Səhəri gün, yəni 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq, Kürdəxanı qəsəbəsində yerləşən fəhləliklə məşğul olduğu yerə getmişdir. Həmin gün təxminən saat 18 radələrində evə gəlmiş, evdə Gültəkini və bir azyaşlı oğlan uşağını görmüşdür. Gültəkindən 29 dekabr 2021-ci il tarixdə nəyə görə evə gəlməməsini və azyaşlı uşağın kim olmasını soruşmuş, Gültəkin də evə gətirdiyi uşağın valİdeyinlərinin narkoman olduğunu deyib, uşağı 3000 manata valideyinlərindən aldığını bildirmişdir. O, Gültəkinin hərəkətlərinə əsəbləşərək, etdiyi hərəkətlərin düzgün olmadığını bildirmiş və təcili uşağı valideyinlərinə qaytarmasını tələb etmişdir. Gültəkin uşağın xəstə olduğunu, eyni zamanda valideyinlərinin narkoman olduğunu deyib, uşağı valideyinlərinə qaytardığı halda başqa bir şəxsə satacaqlarını bildirmiş və xahiş etmişdir ki, uşağı öz övladları kimi saxlayaraq sağaldıqdan sonra polisə məlumat versinlər. Həqiqətən də uşaq onların evinə gələndə başında yara və çox pis vəziyyətdə olmuş, Gültəkin hər gün onun başındakı yaranı müalicə etmiş, beləliklə də uşağa öz övladları kimi baxmağa başlamışlar. 07 yanvar 2022-ci il tarixdə işdən evə qayıdanda Gültəkin ARB telekanalında “səni axtarıram” verlişinə baxdığını, Məhəmmədin valideyinləri Reyhanın və Elgünün telekanalda yayımlanan verilişdə Məhəmmədin oğurlanması barədə məlumat verdiklərini ona bildirmişdir. O, Gültəkinə dərhal Məhəmmədi valideyinlərinə qaytarmasını tələb etmiş, qaytarmadığı halda cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdir. Lakin Gültəkinlə o, qorxduqları üçün polisə məlumat verməmiş, onlar fikirləşmişlər ki, ara sakitləşər polisə bu barədə məlumat verərlər. Təqsirləndirilən şəxs ona uşaq almaq fikirinin olması barədə heç bir söz deməmiş, Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, ailəsini o özü dolandırmış, 3000 manat pul ona məxsus olmuş, o, həmin pulu öz zəhməti ilə üç il ərzində yığmışdır. Gültəkin həmin pulu götürüb Məhəmmədin atası Elgünə verib Məhəmmədi almışdır. Onun evdə 3000 manatının olmasından Gültəkinin xəbəri olmuş, həmin puldan Gültəkinin xərcləməsinə icazə vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 dekabr 2021ci il tarixdə təxminən saat 10 radələrində xalası qızı X3 yaşadığı evdə olduğu vaxt qapı döyülmüş, qapı açıq olduğundan içəri tanımadığı bir qadın daxil olmuşdur. Həmin qadın adını və soyadını təqdim etməmiş, Sabunçu rayon ərazisində yerləşən yardım fondlarından birində işlədiyini deyərək, kasıb ailələrə yardım etmək məqsədi ilə gəldiyini bildirmişdir. Bundan sonra həmin qadın Maya və onunla bir qədər söhbət etmiş, söhbət əsnasında işlədiyi yardım fondu tərəfindən kasıb ailələrin oğlan uşaqlarına pul, qız uşaqlarına isə paltar veriləcəyini deyib, eyni zamanda ərzaq məhsulları ilə təmin ediləcəyini bildirmişdir. 2020-ci ilin dekabr ayında onların yaşadıqları küçəyə tanımadıqları imkanlı şəxslər yardım etmək məqsədi ilə gəlmiş və kasıb ailələrə ərzaq məhsulları paylamış, onlar elə bilmişlər ki, həmin qadın da yenə sakinlərə yardım etmək məqsədi ilə gəlib, kasıb ailələrə yardım edəcəkdir. Bundan sonra o, qaynanası Maral xanımı çağırmışdır ki, həmin qadını Maral xanıma təqdim etsin. Həmin qadın qayınanasına da onlara dediklərini danışmışdır. Bir qədər sonra onunla eyni həyətdə yaşayan qonşusu Reyhan küçəyə çıxmış və ondan söhbət etdikləri qadının kim olduğunu soruşmuşdur. O da Reyhana söhbət etdikləri qadının kasıb ailələrə yarım etmək məqsədi ilə gəldiyini bildirmişdir. Bundan sonra Reyhan həmin qadına yaxınlaşaraq beş uşağının olmasını deyib, çətin vəziyyətdə yaşadığını bildirərək ona da yardım etməsini xahiş etmişdir. Qadın əlindəki kitabçaya onların hamısının adlarını və soyadlarını qeyd etmiş, saat 15 radələrinə kimi yardım gələcəyini bildirmişdir. Sonra Reyhan həmin qadını öz yaşadığı evə aparmış, o da yaşadığı evə getmişdir. Lakin həmin qadın heç kimə yardım gətirməmiş və həmin gündən sonra onu görməmişdir. 29 dekabr 2021-ci il tarixdə axşam saatlarında Reyhanın qeyri rəsmi yaşadığı əri Elgünü küçədə görmüş, Elgün bir neçə gün əvvəl yardım etmək məqsədi ilə gələn qadının onlardan icazəsiz azyaşlı övladı Məhəmmədi özü ilə aparmasını bildirmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının 22/60R nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs, Qanuni nümayəndə və Şahid3 bioloji övladıdır. (cild 02, İş vərəqə 55-58) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X2 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Pisixoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 736 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışı iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli törədilən anda hər hansı psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, GA.Muradova törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda ruhi, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinİ dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli-intellektual imkanlarına görə qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında (diqqət, qavramaya, yaddaş, təfəkkür, təsəvvür və s.) zəiflik əlamətləri müəyyən edilmir. Nümayişkaranəlik, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə patoloji meyillilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq, təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 02, İş vərəqə 67-70) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2022-ci il tarixli, 44 saylı rəyindən görünür ki, Şahid3 hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Şahid3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. (cild 02, iş vərəqə 60-62) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X2 xx.xx.2022-ci il tarixli, 46 saylı rəyindən görünür ki, Qanuni nümayəndə hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Qanuni nümayəndə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmamışdır. (cild 02, iş vərəqə 63-65) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X9 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 114 saylı rəyindən görünür ki, Şahid3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 190-191) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X9 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 115 saylı rəyindən görünür ki, Qanuni nümayəndə opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 192- 193) Məhkəmə iş üzrə ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, adam oğurluğu cinayəti törətməməsi, azyaşlı Zərərçəkmiş şəxs onun atası Şahid3 icazəsi ilə, Elgünə 3.000 manat verməklə övladlığa götürmək məqsədi ilə qaçırması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir, iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri, 09 yanvar 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolu və iş üzrə digər mötəbər sübutlarla təkzib olunur. İş materiallarında olan 09 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3, Təqsirləndirilən şəxs yalan danışdığını, oğlu Məhəmmədi 3000 manata ona satmadığını, onlar evdə olmadıqları müddət ərzində Məhəmmədi evdən oğurlayaraq özü ilə apardığını, bunu azyaşlı qızı Firuzənin də gördüyünü Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 01, İş vərəqə 122-124) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, adam oğurluğu cinayətinin obyektiv cəhətini zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və digər zorakı hərəkətlər daxildir. Zərərçəkmiş şəxsi onun iradəsi əleyhinə oğurlama həmçinin, gizli yolla və ya aldatmaqla, yaxud etibardan sui-istifadə etməklə törədilən hərəkətlərlə xarakterizə oluna bilər. Zərərçəkmiş şəxsi gizli yolla oğurlama dedikdə, heç kəsin görmədiyi, yaxud başqalarının gördükləri, lakin belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şərait başa düşülür. Zərərçəkmiş şəxsi aldatma yolu ilə oğurlama dedikdə isə zərərçəkmiş şəxsi yaxın qohumlarının adından təcili olaraq hər hansı bir yerə çağırmaqla və digər formada yalan məlumat verməklə onu oğurlama başa düşülür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat və X1 İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, i.v. 222) Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə, eləcə də Şahid3 Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət, tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Göründüyü ki, Təqsirləndirilən şəxs AR CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətsə də, cinayətin törədilməsi zamanı davranışı ilə bağlı müstəsna hal ondan ibarət olmuşdur ki, o, aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu cinayətini törədərkən onun əməlində tamah, qisas, xuliqanlıq kimi motivlər olmamışdır. O, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə narkomaniya xəstəliyindən əziyyət çəkən valideynləri tərəfindən qayğı göstərilmədiyini düşünərək, onu övladı kimi yanında saxlayaraq, qayğısına qalmaq niyyətində olmuş, lakin, öz niyyətini həyata keçirərkən AR CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilsə də, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmamış, Təqsirləndirilən şəxs azyaşlı zərərçəkmiş şəxsə hər hansı fiziki zərər yetirməmiş, əksinə zərərçəkmiş şəxsin qayğısına qalaraq, ona tibbi yardım göstərmişdir. Beləliklə Məhkəmə tərkibi, yuxarıda qeyd edilənləri, törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayət, tələbinin olmamasını, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilərək, AR CM-in 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-21/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək həbs etmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 181-183) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs, Qanuni nümayəndə və Şahid3 götürülmüş yanaq epiteli qaşıntısı nümunələrinin ekspertiza tədqiqatı zamanı sərf edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona AR CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs, Qanuni nümayəndə və Şahid3 götürülmüş yanaq epiteli qaşıntısı nümunələrinin ekspertiza tədqiqatı zamanı sərf edilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar