Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1821/2024 27.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 38,995 qram narkotik vasitə heroin əldə edib, üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 03:40-da Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4vanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 38,995 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2024-cü il Nizami rayonu ərazisində Rizvan Teymurov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq satış məqsədi ilə üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və 25-ci polis bölməsinə getmək lazım olduğunu bildirmişlər. Onlarla razılaşıb bölməyə getmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları özlərində olan narkotik vasitəni ona verərək şəxsi axtarış zamanı həmin narkotik vasitənin ona məxsus olmasını deməyini bildirmişlər. Buna etiraz edən zaman onlar onu döyməyə başlamışlar. O, buna dözməyib onların dedikləri ilə razılaşmış və şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitədən iki ildir ki, istifadə edir. Narkotik vasitənin heroin növündən istifadə edir. Tutulduğu əraziyə narkotik vasitə götürmək üçün getmişdir. Narkotik vasitə götürmək üçün əvvəlcədən narkotik vasitənin satışı ilə məşğul olan şəxslə danışmışdır. Polislər onu saxladığı zaman narkotik vasitəni götürməmişdir. Polislər onu gecə vaxtı saxlamışlar. Onu 3 nəfər polis əməkdaşı saxlamışdır. Üzərinə ilk dəfə saxlanıldığı yerdə baxış keçirilmişdir. Onun narkotik vasitəni almaq ilə bağlı satan şəxs ilə mesajları olmuşdur. Ona məxsus olan telefonu zorla açmaq istədikləri üçün özünə xəsarət yetirmişdir. Özünə xəsarəti saxlanıldığı yerdə yetirmişdir. Xəsarətinə görə bölməyə həkim çağırmışlar. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 126.1-ci maddələri ilə məhkumluqları olmuşdur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət törədən zaman bıçaqdan istifadə etmişdir. Əvvəllərdə özünə xəsarət yetirmişdir. Psixatrik xəstəxanada qeydiyyatda olmamışdır. İbtidai İstintaq zamanı barəsində psixiatrik ekspertiza keçirilməmişdir. O, etiraz əlaməti kimi özünə xəsarət yetirmişdir. Onu bölmədə 3 saat döymüşlər. Onu döydüklərinə görə hər şeyi öz üzərinə götürmüşdür. Polislər bədəninin müxtəlif nahiyələrinə vurmuşlar və müxtəlif xəsarətlər almışdır. 3 saylı İstintaq Təcridxanasında bədəninə baxış keçirilmiş ancaq hər hansı bir xəsarət aşkar olunmamışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəni oxumadan imalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, anası ilə birlikdə yaşayır, əvvəllər Azərbaycan Respublikası CM-nin 181 və 126-cı maddələri ilə məhkum edilmiş, 2021-ci iiin aprel ayında sərbəst buraxılmış, azyaşlı övladı vardır, həyat yoldaşından ayrılmış, təxminən 1 ildir ki, narkotik vasitələrin aludəçisidir, xx.xx.2024-cü il tarixdə saat 3 radələrində internetdə tanış olduğu şəxsdən özü üçün “kakos” kimi tanıdığı narkotik vasitəni həmin şəxsə taksofon vasitəsi ilə zəng edərək sifariş etmiş və həmin şəxsin diktə etdiyi karta 1.200 manat pul köçürdükdən sonra metronun “Neftçilər” stansiyasının yaxınlığındakı parkın ətrafında həmin şəxsin gizlətdiyi yerdən sifariş etdiyi narkotik vasitəni əldə edib özündə saxlamış, daha sonra həmin şəxslə olan yazışmanı silmiş, narkotik vasitəni götürdükdən sonra evə getmək üçün piyada yola düşmüş və “Sevinc” kinoteatrının arxa tərəfindəki küçədə piyada hərəkətdə olarkən post patrul xidməti əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğunu izah edib Polis Şöbəsinə dəvət etmiş, o qorxaraq polis əməkdaşlarının onu buraxması üçün üzərində olan bıçaqla qarnının sağ hissəsinə bir dəfə vurmuş, bu zaman polis əməkdaşları onu saxlayıb bıçağı aldıqdan sonra onu Bakı şəhəri Nizami RPİ-nin 25ci Polis Şöbəsinə gətirmiş, Polis Şöbəsində dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuş, sonra razılığı əsasında üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində olan ağ rəngli kağıza bükülü halda 1 ədəd bükümdə “kakos” kimi tanıdığı narktotik vasitə heroini çıxararaq təqdim etmiş və olanları danışaraq səmimi etiraf etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşlarının onun hərəkətlərindən şübhələndiklərini görmüş, polis əməkdaşlarının yaxınlaşdıqlarını görüb qaçaraq uzaqlaşmaq istəsə də bunun mümkün olmadığını bilmiş, bu səbəbdən onlardan yaxa qurtarmaq üçün üzərində gəzdirdiyi bıçaqla özü özünə bir dəfə qarın nahiyəsinə vurmaqla xəsarət yetirmiş, polis əməkdaşları bıçağı onun əlindən alaraq hərəkətlərinə son qoymağını istəsələr də, o, havanın qaranlıq olmasını fürsət bilib həmin bıçağı hazırda xatırlamadığı istiqamətdə tullamışdır (cild 1, iş vərəqə 66-68). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə 22 yanvar 2024-cü il tarixdə saat 3:40 radələrində Bakı şəhəri Nizami rayonu, Rizvan Teymurov küçəsi ilə Tofiq Abbasov küçəsinin kəsişməsində baş vermişdir. Onlar Təqsirləndirilən şəxs Rizvan Teymurov küçəsində aşkar etmiş, ancaq ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını soruşduqda Təqsirləndirilən şəxs onlardan qaçmağa başlamış və qaçan zaman öz qarın nahiyəsinə xəsarət yetirmişdir. Bu məqam onlarda daha da şübhə yaratmış və bu səbəbdən həmin şəxsi aidiyyəti üzrə polis şöbəsinə təmin etmişlər. Təqsirləndirilən şəxs qarın nahiyəsinə xəsarət yetirmiş, ancaq xəsarəti hansı alətlə yetirdiyini onlar aşkar edə bilməmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərindən heç nə aşkar edilməmiş, onu bölməyə təmin etmişlər, artıq orada onun üstündən aşkar olunmuşdur. Şəxsi axtarışda iştirak etmişdir. Aşkar olunmuş narkotik vasitənin çəkisi barədə məlumatı yoxdur, onlar sadəcə onu şübhəli şəxs qismində bölməyə təhvil vermişlər. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İfadəsini təsdiq edir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunmuş və şəxsin özü də bunu təsdiqləmişdir. Şahidi işlə bağlı tanıyır, hadisə zamanı orada olmuşdur. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmunundan görünür ki, onlar Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 105-106 və 107-108). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” və “DVD diskə baxış keçirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, eləcə də 1 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq əskinas olmaqla 68 manat pulu, şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülü halda, üzərində “40” rəqəmi yazılmış, içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin “kokos” kimi tanıdığı heroin narkotik vasitə olduğunu, xx.xx.2024-cü il tarixdə saat 3 radələrində Nizami rayonu ərazisində yerləşən “Neftçilər" metrostasiyasının yaxınlığında əvvəlcədən pul göndərməklə 1200 manat pul müqabilində internetdə tanış olduğu şəxsin gizlətdiyi yerdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ekspertizaya təqdim edilməsindən ötrü 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 31-32 və 56). Cinayət işinin materiallarında olan “cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 2 may 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-4826/24 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 ədəd diskə baxış keçirilən zaman həmin diskdə 4 ədəd faylın olması müəyyən edilir. 1-ci fayl «Sms_Tarixcesi_**********3137_559307» adlanır, həmin fayl 3 vərəqdən ibarətdir, faylda əsasən ayrı-ayrı nömrələrlə şəxsi yazışmalar mövcuddur, diqqəti cəlb edən “WhatsApp” yazışması xx.xx.2024, 19:48:40 tarixdə Təqsirləndirilən şəxs məxsus olan +**********89 nömrədən +**********98 mobil nömrəyə “brat yaxwi mesul var” yazışmasıdır. 2-ci fayl «Sms_Tarixcesi_**********3139_559307» adlanır, 2-ci faylda olan yazışmalarda xx.xx.2023, 20:50:40 tarixdə +**********42 mobil nömrədən +**********89 mobil nömrəyə “Salam Heci gelmey istiyirdim olar?, 35 man var 30K 5P alinar?” mesajı, xx.xx.2023 22:43:30 tarixdə +**********34 mobil nömrədən +**********89 mobil nömrəyə “Brat bir dəfədən bayaqkindən lazımdır” mesajı, xx.xx.2023 22:46:31 tarixdə +**********34 mobil nömrədən +**********89 mobil nömrəyə “İmkan varsa cavab verdə brat birdənədə yarı lazımdır” mesajı, xx.xx.2024 23:03:13 tarixdə +**********29 mobil nömrədən +**********89 mobil nömrəyə “Qaqa burdayam nolar birdamci ged verdə, bir yerdə virullar”, xx.xx.2024 23:50:32 tarixdə +**********38 mobil nömrədən +**********89 mobil nömrəyə “Heci lalanı tutublar 37. Zeng elese götürme” yazışmaları mövcuddur. 3-cü fayl «Zenglerin_Detallaşması_**********1646», 4-cü fayl isə «Zenglerin_Tarixceleri_ 202403» adlanır və həmin fayllarda ayrı-ayrı anten məlumatları qeyd olunmuşdur (cild 1, iş vərəqə 127-128). Cinayət işinin materiallarında olan “cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında” 2 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona “anam” parolu yazaraq “Google Fotoğraflar” olan hissəyə daxil olunmuşdur. Həmin bölmədə 7 Ocak, 6 Ocak, 20 Aralık 2023, 8 Aralık 2023, 6 Aralık 2023 olan bölümlərində iş üçün əhəmiyyətli fotoşəkillər aşkar edilmişdir. Həmçinin 5 Aralık 2023 tarixində olan bölümdə binanın yaşıl oxla işarələnmiş dəhlizi, 4 Aralık 2023-də binanın yaşıl oxla işarələnmiş dəhlizin şəkilləri, ocak bölümündə ayrı-ayrı bükümlərdə olan narkotik vasitənin elektron tərəzidə çəkilməsi, həmçinin müxtəlif ərazilərin yaşıl rəngli oxla işarələnmiş yerləri görsənir. Həmçinin mobil telefonun “WhatsApp” bölümündə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Səs səmirin gəlmir, təzə götürmüşəm, var istəsən xəbər elə” cümləsini yazaraq qarşı tərəfin “qaqa, pulu 5-6-cı günlər alıram” cavab yazışmasını, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “qaqa, əmi canı 80 manat alınım, agriram, bir manat da pul yoxdur, imkanın varsa işimi düz qoş elə” mesajı yazılmışdır (cild 1, iş vərəqə 143-151). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2024-cü il tarixli 3-16-16/2- 6/420 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N165”-li dairəvi əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 1 büküm (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 38,995 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 38,995 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 38,895 qram, cild 1, iş vərəqə 43-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 16 fevral 2024-cü il tarixli 1019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 155-156). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 2 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 38,895 qram olan narkotik vasitə heroin və 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 175-185). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş və 12 aprel 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 98- 99 və 112-118). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əvvəlki və hazırkı cinayət əməlləri ağır cinayətlər hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan 6 il keçmədən yenidən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 81-84). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin təhlükəli residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 38,895 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 38,895 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1821/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1821/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver