Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1823/2022 20.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 18 avqust 1994-cü il tarixdə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, 23 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 24 iyul 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 4,417 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri, Xətai rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri zamanı o, 23 iyul 2022-ci il tarixdə saat 01:10 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3nvanda yerləşən Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə üzərində müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli kətan şalvarın sağ yan cibindən külli miqdarda - 4 ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,196 qram, 1,144 qram, 0,760 qram, 1,317 qram olmaqla, ümumi təmiz çəkisi 4,417 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təqribən 8 aydır psixotrop maddə metamfetamindən istifadə edir. Sonuncu dəfə 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhərinə gəldiyi vaxt gəzmək üçün “Ağ Şəhər” adlanan əraziyə getmişdir. Orada olarkən yerdə kiçik ölçülü bir ədəd selofan paket görmüş, onu götürüb içərisinə baxdıqda 4 ədəd büküm olduğunu, həmin bükümlərin içərisində özünün də istifadə etdiyi psixotrop maddə metamfetamin olduğunu başa düşmüşdür. Onun az hissəsindən istifadə etmiş, qalan hissəsini şalvarının cibinə qoyub saxlamışdır. Gündüzlər şəhərdə müxtəlif yerlərdə vaxt keçirdikdən sonra gecələr yatmaq üçün bacısının yaşadığı Abşeron rayonu, Qurtuluş küçəsindəki kompleksə getmişdir. Sonuncu dəfə 23 iyul 2022-cı il tarixdə saat 01:10 radələrində Abşeron rayonuna qayıtmaq üçün Xətai rayonu, Süleyman Vəzirov küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar. Onu narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 37-ci Polis şöbəsinə aparmışlar. Orada ona vəkil təqdim olunmuş və təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynindəki şalvarın sağ yan cibində 1 ədəd şəffaf rəngli selofan bükümü təqdim etmiş, onun içərisindən 4 ədəd xırda bükümlərdə metamfetamin aşkar olunmuşdur. Onun təqdim etdiyi həmin psixotrop maddələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 4,74 qram olmuşdur. Bundan sonra aşkar edilmiş psixotrop maddələr təhqiqatçı tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərfin üstünə hamı imzalamışdır. O, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmin maddədən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Saxlanılarkən və sonradan Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və təzyiq göstərilməmişdir. Sonradan protokol tərtib olunmuş və o da, hamı kimi protokolu imzası ilə təsdiq etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, avtoqəza keçirəndən sonra mobil telefondan istifadə etmədiyini, əvvəllər ***-***-**-** nömrəsindən istifadə etdiyini, həmin nömrənin Şəhla Ağayevanın adına olduğunu, üzərində təxminən 4,7 qram metamfetamin olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilmədiyini, əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, işlədiyi bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün onun rəhbərliyi ilə Xətai RPİ, NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 iyul 2022-ci il tarixdə saat 01:10 dəqiqədə onlar Təqsirləndirilən şəxs Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 22 ünvanının qarşısında saxlamışlar. Ona narkotik vasitələrin dövriyyəsində şübhəli olması bildirilmiş, Babək narkotik vasitə istifadəçisi olduğunu etiraf etdikdən sonra onu 37-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli, kiçik ölçülü selofan torbanın içərisində olan 4 ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və onun 4,74 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan psixotrop maddəni təxminən 15- 20 gün əvvəl «Ağ şəhər» ərazisində tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 23 iyul 2022-ci il tarixdə onun 37-ci Polis şöbəsinə dəvət edilməsi və üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək göütürülməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 23 iyul 2022-cı il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Xətai RPİ, 37-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs ona edilmiş təklifdən sonra əynindəki qara rəngli şalvarın sağ yan cibindən 4 ədəd şəffaf rəngli selofanda olan bükümü təqdim etmiş, həmin bükümün içərisində 4 ədəd şəffaf rəngli selofan bükümlər aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs həmin 4 ədəd bükümlərdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bükümlərin içərisinə baxıldıqda, ağ rəngli, kristal şəkilli maddələr aşkar edilmişdir. Həmin bükümlərdəki maddələr elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə ümumi çəkisinin 4,74 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs həmin maddələri 15-20 gün əvvəl Xətai rayonu «Ağ şəhər» deyilən ərazidə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr bir ədəd kağız zərfə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 32-33). Cinayət işində olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri olan diskdə videogörüntü faylının adının “S1790001” olması, faylın 05 dəqiqə 51 saniyədən ibarət olması müəyyən edilir. Həmin videogörüntülər 23 iyul 2022-ci il tarixdə Xətai RPİ, 37-ci Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi, bu zaman onun üzərində psixotrop maddə metamfetaminə bənzər maddələrin aşkar edilməsini əks etdirir və həmin tarixli protokolla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 75-76). Məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2022-ci il tarixli 6/3999 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Ağazadə...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,196 qram, 1,144 qram, 0,760 qram, 1,317 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 41-43). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlərdəki psixotrop maddə metamfetaminin eyni tərkibli olub-olmamasını müəyyən etmək məqdəsi ilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın 15 avqust 2022-ci il tarixli 6/4155 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Ağazadə...” soyad və imzalar qeyd edilmiş zərfdəki 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,146 qram,1,094 qram, 0,710 qram, 1,267 qram, ümumi təmiz çəkisi 4,217 qram olan kustar üsulla azırlanmış psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir (cild 1, iş vərəqi 116-119). Məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 4560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəq 120-121). İbtidai istintaq orqanının 10 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə qalıq çəkisi 4,017 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 122-131). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefon nörməsinin mövcudluğunun yoxlanılması məqsədi ilə müvafiq mobil operatorlara sorğular verilmiş və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş cavab məktublarına əsasən Təqsirləndirilən şəxs adına qeyd olunan şəbəkələrdə nömrələrin qeydiyyatdan keçməməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 113- 115). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 787 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Ağazadə X5 rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri il yaşayır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 111-112). Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli ***-**** saylı məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 113). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» Qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 98-99). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs gənc olmaqla əməlindən peşman olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 263- 1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 noyabr 2021-ci il tarixdə o, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» Qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Lakin həmin hökmə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın 9 (doqquz) ay 12 (on iki) günü çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş qalan 9 (doqquz) ay 12 (on iki) günü CM-nin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ, 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 4560 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4 ədəd bükümdə 4,017 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 130 (yüz otuz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 130 (yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabat arayışından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında 21 saat vaxt sərf etməklə Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Sevdiyar Bayramova ödənilməli olan 126 (yüz iyirmi altı) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş qalan 9 (doqquz) ay 12 (on iki) günü tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) ay 12 (on iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə qalıq çəkisi 4,017 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - 130 (yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X1 ödənilməli olan 126 (yüz iyirmi altı) manat pul vəsaiti Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1823/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1823/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver