Məhkəmə qərarları › İş №1(101)-1825/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1825/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1825/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində 21 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır; belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 15,951 qram narkotik vasitə heroin və 4 ədəd narkotik vasitə matedon tərkibli dərman preparatı, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən 3 ədəd tramadol hidroxlorid tərkibli dərman preparatlarını əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən 19.04.2021-ci il tarixdə saat 17:35-18:00 müddətində RPİ-nin 31-cİ polis bölməsində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd, sol yan cibindən isə iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 6,158 qram, 3,996 qram və 5,797 qram olmaqla ümumi təmiz çəkisi 15,951 qram qəhvəyi rəngli tozşəkilli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynində olan qara rəngli köynəyin sol döş cibindən tərkiblərində narkotik vasitə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olmaqla üzərində “Methadone 40” yazısı olan iki ədəd konvalyutada ümumilikdə 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon tərkibli dərman preparatları, tərkiblərində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram olmaqla üzərində “Tramadol 50” yazısı olan 3 ədəd ağ-göy rəngli güclü təsir edən kapsullar və bir ədəd üzərində narkotik vasitə heroin izləri aşkar edilmiş “CAS CUX 420H” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, bədənində ağrıları olduğundan narkotik vasitələrdən istifadə edir. 17 avqust 2021-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 200 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitələr əldə etmiş, 19.04.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əsədullayev küçəsində olduğu zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, orada otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan qara rəngli köynəyin sol döş cibində saxladığı bir ədəd elektron tərəzini, qara rəngli şalvarının sol cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş və şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi elektron tərəziyə və kütlələrə polis əməkdaşları tərəfindən baxış keçirilərək həmin kütlələrin nə olması barədə soruşulduqda o, həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu, ağrıları olduğu üçün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli köynəyin sol döş cibindən yeddi ədəd həblər aşkar olunmuşdur. Aşkar olnmuş həblərin üç ədədinin tramadol, dörd ədədinin isə metadon olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və həblər polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Üzərindən aşkar edilmiş elektron tərəzi vəfat etmiş qardaşına məxsus olmuş, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl anasına məxsus evdən götürüb cibinə qoymuşdur. Üzərindən aşkar edilmiş iki balaca bükümdə olan narkotik vasitə heroinin hər birinin çəkisi təxminən yarım qram olmuş, həmin bükümlər özünə məxsus olsa da, üzərindən aşkar edilmiş digər iri bükümdə olan narkotik vasitə ona məxsus olmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PBin baş əməliyyat müvəkkili X4 ifadə verərək göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə bölmə rəisinə raportla məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, birlikdə Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlanılmışdır. Həmin gün saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əsədulla küçəsi, 13 nömrəli evin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özülərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi zərurətinin yarandığını bildirib, onu Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-nə dəvət etmişlər. Polis Bölməsinə getdikdən sonra orada xidməti otaqların birində Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilərək vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli köynəyin sol döş cibindən bir ədəd elektron tərəzini, qara rəngli şalvarının sol cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü və şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu, bədənində olan ağrıları kəsmək üçün Bakı şəhərində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun əynində olan qara rəngli köynəyinin sol döş cibindən yeddi ədəd həb aşkar olunaraq götürülmüş, sonuncu həblərin üç ədədinin tramadol, dörd ədədin isə metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr zərfə qoyularaq möhürlənmiş bu barədə protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-in baş əməliyyat müvəkkili Şahid2 şahid X2 ifadəsinə və işin fatiki hallarına uyğun ifadə vermişdir. İşdə olan 19 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə X3 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli köynəyinin sol cibindən bir ədəd elektoron tərəzi, 3 (üç) ədəd tramadol, 4 (dörd) ədəd metadon, qara rəngli şalvarının sol cibindən 2 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinə oxşar kütlə, sağ cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 30-31). İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 163-171). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 20 aprel 2021-ci il tarixli 6/1541 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Rəhimov F» yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə təmiz çəkisi 15,951 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində “Methadone 40” yazısı olan iki ədəd konvalyutda ümumi 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatlardır və 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qramdır (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla); -üzərində “Tramadol 50” yazısı olan iki ədəd konvalyutda 3 ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 3 ədəd kapsulda tramadol hidroxlorid təsiredici maddəsinin miqdarı 0,15 qramdır (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,05 qram olmaqla); -bir ədəd eletron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 44-46). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 08 İyul 2021-ci il tarixli 2216 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək aikoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 157- 158). İşdə olan maddi sübut kimi tanınma qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 15,591 qram heroin, 3 ədəd kapsul, 4 ədəd həb və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatından sonra qalıq 15,801 qram narkotik vasitə heroin, 2 kapsul güclü təsir edən vasitə olan tramadol, 3 ədəd həb narkotik vasitə olan metadon və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (1cicild iş vərəqi 100-101). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 mart 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 17 may 2006cı il tarixli qərarı ilə 03 il azaldığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur; Suraxanı rayon məhkəməsinin 11 iyun 2007-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.1, 263.2, 264-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3, 67.1, 68.1.2-ci maddələri tətbiq olunmaqlda 3 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11 iyun 2013-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs 2013-cü ildə məhkum olunduğu Azərbaycan Respublikası CM-in 185.1, 263.2 və 264-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 19 aprel 2021-ci il tarixdə, yəni sonuncu məhkumluğu üzrə cəzasının qalan hissəsini çəkməkdən azad edildikdən (07.05.2013) 7 il 11 ay 18 gün sonra törətmişdir, qeyd olunanlara və Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsin sonuncu məhkumluğu ödənilmiş hesab olunur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 19 aprel 2021-ci il tarixli protkoldan görünür ki, 19 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 20). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 19 aprel 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 84-86). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs özünün, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməs, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına tam uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, narkotik vasitə qurudulmuş marixuananın çəkisi 501,18 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 14.05.2015-ci il təvəllüdlü və 03.01.2020-ci il təvəllüdlü iki azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzər tutulan cəzasını yüngülləşdirən halın olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 19 aprel 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 08 İyul 2021-ci il tarixli 2216 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək aikoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 15,801 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli, 2 kapsul güclü təsir edən vasitə olan tramadol, 3 ədəd həb narkotik vasitə olan metadon Azərbaycan Respublikası Səhiyyə Nazirlyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, məhkəmə məsrəfi olan iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 15,801 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin, 2 kapsul güclü təsir edən vasitə olan tramadol, 3 ədəd həb narkotik vasitə olan metadon Azərbaycan Respublikası Səhiyyə Nazirlyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mükli iddianın verilməməsi nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar