Məhkəmə qərarları › İş №1(101)-1825/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1825/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1825/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə istintaqa məlum olmayan şəxslə əvvəlcədən razılaşıb, cinayət əlaqəsinə girərək naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdə həmin naməlum şəxsdən ümumi təmiz çəkisi 12,940 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 5,799 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 15,236 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə əldə edərək idarə etdiyi avtomobildə saxlamaqla daşımış və Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən 30 may 2022-ci il tarixdə, saat 17:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, quşçuluq sovxozunda yerləşən “Bərəkət” marketin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Kia Rio” markalı, “**-DH-***” dövlət nömrə qeydiyyat nişanlı avtomaşının salonundakı saxlanc yerində olan qırmızı rəngli üzərində fərqli naxış və yazıları olan uşaq çantasının içərisindən 1 (bir) ədəd tünd şabalıdı rəngli kağız bükülüdə açıq halda təmiz çəkisi - 8,410 qram, 9 ədəd tünd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,320 qram, 0,260 qram, 0,390 qram, 0,230 qram, 0,340 qram, 0,260 qram, 0,360 qram, 0,210 qram və 0,270 qram, ümumi çəkisi - 11,050 qram, 1 (bir) ədəd ağ rəngli salfet kağızı bükümündə təmiz çəkisi - 1,890 qram olan bitki mənşəli kütlələr, tərkiblərinə görə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuana və 3 (üç) ədəd bükümdə olan ayrıayrılıqda təmiz çəkiləri - 2,677 qram, 2,275 qram və 0,847 qram olmaqla, ümumi təmiz çəkisi 5,799 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumilikdə 10 ədəd bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 10,414 qram, 0,892 qram 0,861 qram, 0,898 qram, 0,368 qram 0,399 qram, 0,397 qram, 0,305 qram, 0,345 qram və 0,357 qram olmaqla, ümumi təmiz çəkisi 15,236 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ağ rəngli kristallşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud şəkildə pozulduğunu bildirərək cinayət işinə baxılmasına xitam verilməsini və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Müdafiəçi yazılı vəsatətini onunla əsaslandırmışdır ki, o, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları ilə ibtidai istintaqın sonunda tanış olduğu zaman ibtidai istintaqı həyata keçirən müstəntiqə hazırki cinayət işi üzrə vəsatətlərinin olduğunu bildirmiş, bundan sonra yazılı vəsatəti 26 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada həm müstəntiq Aqil Qasımova, həm də ki, Suraxanı rayon prokuroruna (məlumat üçün) göndərmiş, lakin hazıradək həmin vəsatətlə bağlı ona heç bir cavab təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərəçəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Həmin Məcəllənin 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Buna görə də o, müstəntiqin müvafiq qərarından şikayət verə bilməsi üçün 24 oktyabr 2022-ci il tarixdə yenidən Suraxanı RPl-nin müstəntiqinə ərizə ilə müraciət etmişdir. Həmin qərardan onun şikayət vermək hüququ icra edilməyənədək iş məhkəməyə göndərilə bilməzdi. Bundan başqa, təqsirləndirilən şəxslə sonuncunu döyüldüyünü bildirdiyi şəxs (X1 ifadəsi də alınmamış) və Post Patrul Xidmətinin əməkdaşları arasında üzləşdirmə istintaq hərəkətləri də keçirilməmişdir. Yəni ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirsizliyini sübut edə biləcək halları ümumiyyətlə araşdırmaqdan yayınmışdır. Həmçinin ibtidai istintaq dövründə ekspert tərəfindən qan nümunələri götürülmədən rəy verilmişdirsə də, istintaq orqanı bu faktı araşdırmamışdır. Göründüyü kimi ibtidai istintaqı həyata keçirən müstəntiq CPM-in 287.2-ci maddəsinin tələbini kobud surətdə pozmuş və vəsatətlərə hüquqi qiymət verməmiş və ya bununla bağlı qərar təqsirləndirilən şəxsə, onun müdafiəçisinə təqdim etməmişdir, nəticədə onların bu qərardan istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət vermək hüquqları pozulmuşdur. Bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud surətdə pozulmuşdur. Eyni zamanda vəsatətdə göstərilmişdir ki, hazıradək prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı müdafiəçi qismində ona və təqsirləndirilən şəxsə təqdim edilməmişdir. Ümumiyyətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ona və təqsirləndirilən şəxsə cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat verilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 292.2-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onlann qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir. Həmin Məcəlləninn 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Qeyd edilənlərlə yanaşı, müdafiəçi vəsatətində göstərmişdir ki, onun tərəfindən vəsatətlə iş materiallarında mövcud olan elektron daşıyıcıda olan sübutlar tələb olunsa da, həmin sübutlar ona təqdim edilməmişdir. Məhkəmə müdafiəçi tərəfindən verilmiş yazılı vəsatətdə göstərilən dəlilləri və həmin vəsatətə əlavə edilmiş sənədləri cinayət işinin materialları əsasında yoxlayıb, vəsatətlə bağlı tərəflərin fikirlərini dinləyib, eləcə də cinayət işinin materiallarında olan sübutları məcmu halda təhlil edib belə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququ kobud şəkildə pozulmuş, yəni müdafiə tərəfinin verdiyi vəsatətdə göstərilmiş dəlillər araşdırlmamış, bunun əvəzinə müdafiəçi tərəfindən verilmiş vəsatət formal olaraq işə əlavə edilməklə qismən təmin edilmiş, təmin edilən hissədə heç bir prosessual hərəkət aparılmamış, ən əsası isə vəsatət üzrə qəbul edilmiş qərar rəsmi qaydada ümumiyyətlə müdafiə tərəfinə təqdim edilməmiş, nəticədə müdafiə tərəfi vəsatətlə bağlı qəbul edilmiş qərarı əldə etməmiş və bununla da vəsatət üzrə qəbul edilmiş qərarı mübahisələndirmək imkanından məhrum edilmişdir. Bu hallar isə ona dəlalət edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələbləri kobud şəkildə pozulmuş, başqa sözlə, ibtidai istintaq zamanı CPM-nin 303.3.1-cü maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Ona görə də müdafiəçi tərəfindən verilmiş yazılı vəsatət təmin edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin 1-ci cildinin 246-cı vərəqində olan təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 10:00-dan həmin gün saat 12:00-dək təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət işinin materialları ilə tanış edilsə də, həmin protokolda müdafiə tərəfinin qeydləri aparılmamış, habelə iş üzrə maddi sübutların müdafiə tərəfinə təqdim edilib-edilməməsi barədə qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Lakin təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan müdafiə tərəfinin cinayət işinin materialları ilə tanış olması görünsə də, cinayət işi üzrə maddi sübut qismində çıxış edən narkotik vasitə və psixotrop maddələrin, videogörüntüləri əks etdirən disklərin, mobil telefonun, “Albalı” plastik kartın müdafiə tərəfinə tanış olması üçün təqdim edilməsi barədə qeyd aparılmamışdır. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında protokol natamamdır və bununla da CPM-nin 286.3-cü maddəsinin tələblərinə cavab vermir. Bundan başqa, cinayət işinin 247-251-ci vərəqələrində olan Müdafiəçi yazılı vəsatətindən görünür ki, Müdafiəçi kifayət qədər əsaslandırılmış və təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamla birbaşa əlaqədar məsələləri ehtiva edən vəsatətlə ibtidai istintaqı həyata keçirən müstəntiqə müraciət edərək iş üzrə obyektiv araşdırmanın aparılması məqsədi ilə işə aid olan müxtəlif prosessual hərəkətlərin həyata keçirilməsini, o cümlədən Təqsirləndirilən şəxs tutulduqdan sonra işgəncəyə məruz qalması nəticəsində müxtəlif xəsarətlərlə bağlı müvafiq araşdırmanın aparılmasını xahiş etmişdir. Müdafiəçinin ibtidai istintaq zamanı vermiş olduğu vəsatətinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin vəsatət ümumilikdə 19 (on doqquz) məsələnin həllinə yönəlmiş və həmin məsələlər əsasən təqsirləndirilən şəxsin tutulma yeri, vaxtı və şəraitinin aydınlaşdırılmasına, videogörüntülər vasitəsi ilə yeni sübutların əldə edilməsinə, müxtəlif növ ekspertizaların aparılmasına, cinayət işinin materiallarına əlavə edilmiş prosessual sənədlərin surətlərinin və elektron daşıcılarda olan sübutların müdafiə tərəfinə rəsmi qaydada təqdim edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, müdafiəçinin ibtidai istintaq zamanı vermiş olduğu vəsatətində qeyd edilən məsələlər qeyd edilən cinayət işinin obyektiv araşdırılmasına yönəldiyindən qeyd edilən məsələlərin araşdırılması və mümkün qədər həll edilməsi vacibdir. Bundan başqa, cinayət işinin 1-ci cildinin 252-253-cü vərəqələrində olan xx.xx.2022ci il tarixli vəsatətə baxılması və qismən təmin edilməsi barədə qərardan görünür ki, müdafiəçi tərəfindən ibtidai istintaq zamanı verilmiş vəsatət müstəntiq tərəfindən qismən təmin edilməklə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr ilə bağlı anten dairəsinin verilməsi hissəsində təmin edilmiş, qalan hissədə isə vəsatət təmin edilməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, müstəntiq tərəfindən müdafiəçinin yazılı vəsatəti qismən təmin olunsa da, bundan sonra müstəntiq tərəfindən vəsatətin təmin edilmiş hissəsinə dair heç bir prosessual hərəkət keçirilməmişdir. Başqa sözlə, vəsatət qismən təmin edilsə də, bu hissədə heç bir prosessual hərəkət həyata keçirilməmiş, bu isə vəsatətin formal cəhətdən təmin edilməsi görünüşünü yaradır. Həmçinin müstəntiq müdafiəçinin vəsatətini qalan hissədə təmin etməyərək bunun arqumenti kimi müdafiə tərəfinin belə məzmunda vəsatət verməklə istintaqın lüzumsuz uzanması və təqsirləndirilən şəxsin daha az cəza almasını istəməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, kifayət qədər geniş və müxtəlif məsələlərin həllinə yönəlmiş vəsatət istintaqın lüzumsuz uzanması və təqsirləndirilən şəxsin daha az cəza almasını istəməsi bəhanəsi ilə rədd edilə bilməz. Ona görə də müdafiəçi tərəfindən verilmiş vəsatətdə göstərilən məsələlər ayrı-ayrılıqda ibtidai istintaq zamanı həll edilərək iş üzrə obyektiv araşdırma aparılmalıdır. Bundan başqa, cinayət işinin 1-ci cildinin 254-cü vərəqəsində olan məktubdan Müdafiəçi tərəfindən verilmiş vəsatətin qismən təmin edilməsi barədə qərarın surətinin təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilməsi görünsə də, sözügedən qərarın rəsmi qaydada müdafiə tərəfinə təqdim edilməsini təsdiq edə bilən heç bir sübut cinayət işinin materiallarında yoxdur. Bu isə ona dəlalət edir ki, Müdafiəçi məhkəmə hazırlıq iclasında haqlı olaraq iddia etmişdir ki, onun tərəfindən verilmiş vəsatətlə bağlı qəbul edilmiş prosessual qərar ona təqdim edilməmiş, nəticədə o, həmin qərardan qanunla müəyyən edilmiş qaydada şikayət verə bilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktının rəsmi qaydada təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməsini və cinayət işinin mahiyyəti üzrə baxılması üçün müvafiq məhkəməyə göndərilməsi barədə məlumatın müdafiə tərəfinə təqdim edilməsini təsdiq edən heç bir sübut yoxdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, Müdafiəçi cinayət işinin materialları ilə tanış olduqdan sonra yazılı vəsatətlə ibtidai istintaqı həyata keçirən müstəntiqə yazılı vəsatətlə müraciət etmiş və müstəntiq tərəfindən həmin vəsatət həll edilərək vəsatətin qismən təmin edilməsi qərara alınmış, lakin vəsatətin nəticəsi barədə qəbul edilmiş qərarın surəti müdafiəçiyə təqdim edilməmiş, nəticədə müdafiəçi haqlı olaraq həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və digər səlahiyyətli orqanlara şikayət verə bilməmiş, bu hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, müdafiəçi tərəfindən ibtidai istintaq orqanına verilmiş vəsatətdən görünür ki, müdafiə tərəfi cinayət işinə əlavə edilmiş bir sıra prosessual sənədlərdə olan imzaların Təqsirləndirilən şəxs məxsus olmasını mübahisələndirərək həmin imzaların təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyini iddia etmiş və qeyd edilən məsələlərlə bağlı məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Yuxarıda göstərilən məsələlər kifayət qədər əhəmiyyətə malik olduqlarından məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinin 1-ci cildi təqdim edilmiş və o, cinayət işinin 1-ci cildinin 11-ci vərəqində olan ərizədə, cinayət işinin 1-ci cildinin 16-cı vərəqində olan “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda, cinayət işinin 1-ci cildinin 17-18-ci vərəqələrində olan hüquq və vəzifələrə dair bildirişdə, cinayət işinin 1ci cildinin 19-20-ci vərəqələrində olan “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında” protokolda, cinayət işinin 1-ci cildinin 22-ci vərəqində olan Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda, cinayət işinin 1-ci cildinin 23-cü vərəqində olan şübhəlin şəxsin tutulması haqqında protokolda, cinayət işinin 1-ci cildinin 25-ci vərəqində olan Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda, cinayət işinin 1-ci cildinin 27-ci vərəqində olan ərizədə, cinayət işinin 1-ci cildinin 28-29-cu vərəqələrində olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokolda, cinayət işinin 1-ci cildinin 31-ci vərəqində olan Avtomaşına baxış keçirilməsi və götürmə aparılması haqqında qərarda, cinayət işinin 1-ci cildinin 33-cü vərəqində olan ərizədə, cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqələrində olan Nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında protokolda, cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan izahatın 1-ci səhifəsində, cinayət işinin 1-ci cildinin 41-ci vərəqində olan Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda, cinayət işinin 1-ci cildinin 57-ci vərəqində olan Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda, cinayət işinin 1-ci cildinin 113-cü vərəqində olan müdafiəçinin təqdim edilməsi barədə protokolda, cinayət işinin 1-ci cildinin 160-cı vərəqində olan Ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda olan imzaların ona məxsus olmadığını, habelə onun tərəfindən icra edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında cinayət işinin 1-ci cildinin 63, 64-66 (şübhəli şəxsin dindirilməsi haqqında protokol), 74-76, 78-79, 80, 83-85-ci vərəqələrində (təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol) olan prosessual sənədlərə baxış keçirilərkən həmin sənədlərdə təqsirləndirilən şəxsin adı və soyadı olan hissədə “imza etməkdən imtina etdi” qeydinin aparılması görünsə də, prosessual hərəkəti həyata keçirən səlahiyyətli şəxs tərəfindən belə imtinanın səbəbi aydınlaşdırılmamış və bu barədə izahedici açıqlama verilməmişdir. Bundan başqa, cinayət işinin 1-ci cildinin 81, 82, 92 və 99-cu vərəqələrində olan prosessual sənədlərdə müdafiəçinin imzası olması görünsə də, Təqsirləndirilən şəxs aid hissədə heç bir imza mövcud deyil (həmin hissə boşdur). Göründüyü kimi məhkəmə hazırlıq iclasında müdafiə tərəfi ibtidai istintaq orqanı qarşısında qaldırdığı məsələləri məhkəmədə iddia edərək cinayət işinə əlavə edilmiş bir sıra sənədlərdə olan imzaların saxtalaşdırıldığını iddia etmişdir. Cinayət işinə əlavə edilmiş və yuxarıda göstərilən xeyli sayda prosessual sənədlərdə imzaların təqsirləndirilən şəxsə aid olmaması hissəsində müdafiə tərəfinin arqumenti həmin sənədlərin (sübutların) qanunuliyinə şübhə yaradır, bu da həmin sənədlərin (sübutların) gələcəkdə mötəbərliyi baxımından qiymətləndirilməsinə maneə yaradacaq. Eyni zamanda təqsirləndirilən şəxsin ilkin dindirilmələrini əks etdirən protokollarda təqsirləndirilən şəxsin imzasının olmaması, bunun əvəzində isə səbəbi aydınlaşdırılmadan və göstərilmədən “imza etməkdən imtina etdi” qeydinin aparılması da, məhkəmə üçün başa düşülən olmaması ilə yanaşı, həmçinin şübhəlidir. Bundan əlavə, yuxarıda göstərilən bir sıra sənədlərdə təqsirləndirilən şəxsin imzasının ümumiyyətlə olmaması da, həmin prosessual hərəkətlərin həqiqətən də həyata keçirilməsinə dair ciddi şübhələr yaradır. Bu səbəbdən də təqsirləndirilən şəxsin iddia etdiyi və yuxarıda göstərilən sənədlərdə, yəni cinayət işinin 1-ci cildinin 11-ci vərəqində olan ərizədə, cinayət işinin 1-ci cildinin 16-cı vərəqində olan “Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda, cinayət işinin 1-ci cildinin 17-18-ci vərəqələrində olan hüquq və vəzifələrə dair bildirişdə, cinayət işinin 1ci cildinin 19-20-ci vərəqələrində olan “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında” protokolda, cinayət işinin 1-ci cildinin 22-ci vərəqində olan Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda, cinayət işinin 1-ci cildinin 23-cü vərəqində olan şübhəlin şəxsin tutulması haqqında protokolda, cinayət işinin 1-ci cildinin 25-ci vərəqində olan Şəxsi axtarış və götürmə aparılması haqqında qərarda, cinayət işinin 1-ci cildinin 27-ci vərəqində olan ərizədə, cinayət işinin 1-ci cildinin 28-29-cu vərəqələrində olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokolda, cinayət işinin 1-ci cildinin 31-ci vərəqində olan Avtomaşına baxış keçirilməsi və götürmə aparılması haqqında qərarda, cinayət işinin 1-ci cildinin 33-cü vərəqində olan ərizədə, cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqələrində olan Nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında protokolda, cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan izahatın 1-ci səhifəsində, cinayət işinin 1-ci cildinin 41-ci vərəqində olan Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda, cinayət işinin 1-ci cildinin 57-ci vərəqində olan Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda, cinayət işinin 1-ci cildinin 113-cü vərəqində olan müdafiəçinin təqdim edilməsi barədə protokolda, cinayət işinin 1-ci cildinin 160-cı vərəqində olan Ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda olan imzaların həqiqətən də təqsirləndirilən şəxs tərəfindən icra edilib-edilməməsi məsələsi mütləq şəkildə əlavə ibtidai araşdırma zamanı müvafiq ekspertizalar təyin edilməklə aydınlaşdırılmalıdır. Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətlə bağlı məhkəmə onu da qeyd edir ki, həmin vəsatətdə göstərilən digər məsələ, yəni ittiham aktının rəsmi qaydada təqsirləndirilən şəxsə və müdafiəçiyə məhkəmə tərəfindən təqdim edilməsi (faktiki olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun üzərinə düşən vəzifə) təmin edilsə də, vəsatətdə göstərilən digər məsələlərin məhkəmə istintaqı zamanı həlli və araşdırılması kifayət qədər uzun müddət tələb edən məsələlər təşkil edir. Bu səbəbdən də qeyd edilən məsələlər bilavasitə ibtidai istintaq zamanı araşdırılması tələb olunan məsələlərdir və ona görə də əlavə ibtidai araşdırma zamanı həmin məsələlər mümkün qədər həll edilməklə obyektiv həqiqət müəyyən edilməlidir. Təəssüf ki, ibtidai istintaqı həyata keçirən müstəntiq yuxarıda qeyd edilən məsələləri həll etməli olduğu halda, məhkəməyə aydın olmayan səbəblərdən bu məsələləri həll etməmişdir. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin lazımi qaydada cinayət işinin materialları ilə tanış olmaması, məhkəmə tərəfindən CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun və CPM-nin imperativ tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri müstəntiq tərəfindən kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, yəni Təqsirləndirilən şəxs müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri kobud şəkildə pozulduğundan müdafiəçi tərəfindən verilmiş yazılı vəsatət təmin edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün kifayət qədər müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, vəsatətdə göstərilən müxtəlif məsələlərin araşdırılması və həll edilməsi ilə bağlı prosessual hərəkətlərin keçirilməsinin tələb olunması, təqsirləndirilən şəxsin ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən 2 (iki) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.2, 303.3.1 və 303.3.8-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı:

1. Müdafiəçi yazılı vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntuların tam şəkildə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna qaytarılsın.

3. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2022-ci il tarixdən 2 (iki) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılsın.

4. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar