Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1827/2023 15.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 8 iyun 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 dekabr 2023-cü il tarixdə, saat 17:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olan 9,078 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 9 aprel 2023-cü il tarixdə, saat 15:30-da ünvan 1 ünvanının yaxınlığında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarda olan təmiz çəkisi 9,078 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 25 avqust 2023-cü il tarixli iclas zamanı ifadəsində göstərdi ki, o, əvvəllər sürücü işləmiş, idmanla məşğul olmuş, narkotik vasitələr və psixotrop maddələrə qarşı olmaqla hətta siqaret də çəkməmişdir. 9 aprel 2023-cü il tarixdə, təxminən saat 8-9 radələrində yaşadığı evin həyətində yerləşən qarajda avtomobilinin təmiri ilə məşğul olarkən 2-3 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən qarajın qapısı döyülmüşdür. O, qapını açdıqda həmin polis əməkdaşları onu saxlayaraq Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları onu polis bölməsinə apararkən vəkili və ailəsinə məlumat verməyə icazə verməmişlər. Belə ki, əvvəllər mülki və inzibati xəta ilə bağlı işlər üzrə bir neçə dəfə müxtəlif məhkəmələrdə işi olarkən tanıdığı vəkilə hüquqlarını qoruması üçün məlumat vermək istəmiş, lakin polis əməkdaşları ona icazə verməmişlər. Təxminən saat 9-10 radələrində onu bölmə rəisinin otağına aparmışlar. Bölmə rəisi ona tapşırıq verildiyini, ən azı altı ay həbs olunmalı olduğu, əks təqdirdə daha artıq miqdarda narkotik vasitə ilə “yükləyəcəklərini” deyərək altı aydan sonra azadlığa çıxa biləcəyini bildirmişdir. O, kimin tapşırıq verdiyi ilə maraqlandıqda bölmə rəisi əsəbiləşmişdir. O, eynəyi olmadığından polis bölməsində qarşısına qoyulmuş bütün sənədləri oxumadan imzalamışdır. Bölmədə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona psixi təzyiq edilməklə videoçəkiliş aparılmış və üzərində ümumiyyətlə hər hansı narkotik vasitə olmamışdır. O, təmənnasız olaraq yas mərasimlərində iştirak edərək “Quran” oxuduğunu, dini mənsubiyyəti ilə əlaqədar tutulduğunu ehtimal etdiyini bildirmişdir.
3. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Ona hər hansı fiziki təzyiq olunmasa da, psixi təzyiqə məruz qalaraq ibtidai istintaq zamanı ilk dəfə ifadə verərkən ifadəsini oxumadan məcbur olaraq imzalamışdır. Onun tutularkən öz vəkili ilə görüşmək istəməsinə dair tələbi polis əməkdaşları tərəfindən yerinə yetirilmədiyindən sonradan ona təqdim olunmuş müdafiəçi ilə görüşməkdən imtina etmişdir. Ona sonradan təqdim olunmuş müdafiəçi günorta saatlarında gələnə qədər o, artıq bütün sənədləri imzalamışdır. Həmin müdafiəçi isə sənədlərə formal olaraq imza etmişdir. O, sonradan narkotik vasitənin çəkisinin çox olduğunu bildikdə polis əməkdaşlarına narazılıq etsə də, sonuncular ona “cibinə qoyanda bilərdin” demişlər. Evindən 14-cü Polis Bölməsinə təxminən 10 dəqiqəlik məsafə vardır. Videoçəkiliş bir neçə dəfə aparılmış və videoçəkiliş zamanı o, etiraz etsə də polis əməkdaşları təkid edərək sonuncuların dediklərini təkrarlamağa onu məcbur etmişlər. Dindirmə bitdikdən sonra o, bir gün polis bölməsində saxlanılmış, növbəti gün isə Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparılmışdır. Saxlanılarkən polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən hər hansı sənəd tələb etməmiş, həmçinin ona oğurluqla bağlı hər hansı sual verilməmişdir. Onun şəxsiyyətini təsdiq edən bütün sənədləri avtomobilində olmuşdur. Polis əməkdaşları ondan hər hansı sənəd tələb etdiyi halda, o, avtomobilindən tələb edilən istənilən sənədi götürüb polis əməkdaşlarına təqdim edə bilərdi. Polis əməkdaşları tərəfindən saxlanılarkən əynində köhnə iş paltarı olmuşdur.
4. Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, 9 aprel 2023-cü il tarixdə, saat 8 radələrində yaşadığı evin həyətində yerləşən qarajda avtomobilini təmir edərkən iki nəfər qohumu da yanında olmuşdur. Müdafiəçi videoçəkilişdən sonra gəlmiş, ondan hər hansı şikayəti və tələbi olubolmamasını soruşmuş, o isə hər hansı şikayətinin olmadığını bildirmişdir. Ona əvvəlcə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, sonradan isə həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Polis əməkdaşları ona hədə-qorxu gələrək videoçəkiliş zamanı onların bildirdikləri kimi demədiyi halda, evinə 15 kiloqram narkotik vasitəni qoyaraq sənədləşdirəcəklərini bildirmişlər.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, lakin istifadə etmək fikrində olduğundan 9 aprel 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 110 (bir yüz on) manata olmaqla, təxminən 9 qrama yaxın narkotik vasitə heroini alıb şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə üzərində saxlayaraq daşımış, lakin satışı ilə məşğul olmamışdır. 9 aprel 2023-cü il tarixdə, saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən yaşadığı evin yaxınlığında yol kənarı ilə piyada hərəkət edərkən iki nəfər özlərini 14-cü Polis Bölməsinin əməkdaşları kimi təqdim etmiş mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. O, şəxsiyyət vəsiqəsinin yanında olmadığını bildirmiş, üzərində heroin olduğundan polis əməkdaşları tərəfindən tutulmasından ehtiyat edərək həyəcanlanmış və onlardan tez bir zamanda yayınmaq istəmişdir. Onun bu hərəkətlərindən polis əməkdaşları şübhələnərək sonuncularla birlikdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə getməyi təklif etdikdə, o etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşı tərəfindən ona bölməyə gətirilməsinin səbəbi, dövlət hesabına vəkil dəvət ediləcəyi izah edilmiş, bundan sonra ona öz istəyi ilə vəkil seçməkdən ötrü vəkillərin siyahısı təqdim edilmişdir. Siyahını nəzərdən keçirdikdən sonra onun istəyi ilə təhqiqatçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X13 dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Gələcəkdə hüquqlarını müdafiə edəcəyini, etibar və inamı itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bu səbəbdən əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik maddə heroini təqdim etmişdir. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi maddədən başqa üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Əynində olmuş şalvarın sol yan cibindən polis əməkdaşları tərəfindən aşkar edilmiş 1 (bir) ədəd qara rəngli mobil telefon təhqiqatçıya təqdim edilmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilərək doğruluğu onun və axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə tez-tez əlaqədə olarsa, polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyat edərək sonuncu dəfə külli miqdarda heroini mütəmadi istifadəsi üçün almış və hər hansı şəxsə hədiyyə verməmişdir. Onun başqa niyyəti və məqsədi olmamış, istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur (Cild 1, iş vərəqi (bundan sonra i.v) 33; 44-46; 63-65).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə 9 aprel 2023-cü il tarixdə, saat 15:30-da ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən bir nəfər əvvəllər tanımadığı, hər hansı münasibəti, ədavət və ya düşmənçiliyi olmadığı, polis bölməsinə aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs onları gördükdə həyacanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs suallara qeyri-adekvat cavabları, habelə tez bir zamanda onlardan yayınmağa çalışan hərəkətləri şübhə yaratdığından sonuncunun onlarla birlikdə 14-cü Polis Bölməsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 14-cü Polis Bölməsinin rəhbərliyinə raportla müraciət olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Emil Həsənzadəyə həvalə edilmişdir. Polis bölməsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması və saxlanılması qanunla qadağan olunan əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Daha sonra tərəflərindən üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd mobil telefon aşkar edilərək təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan büküm və 1 (bir) ədəd mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin olduğunu, heroini öz şəxsi istifadəsi üçün 9 aprel 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 110 manata alıb üzərində saxlayaraq daşıdığını bildirmişdir. Qeyd olunanlarla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilərək doğruluğu Təqsirləndirilən şəxs, onun və Şahid1 tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində ona qarşı hər hansı bir şəxs tərəfindən hər hansı formada fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid2 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun hansı fəaliyyətlə məşğul olması, narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis bölməsinə niyə aparıldığını soruşduqda ona özünü şübhəli aparması və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından aparıldığı bildirilmişdir. Onların üzərində vətəndaşların şəxsiyyətini yerində müəyyənləşdirməyə imkan verən texniki imkan olmadığından Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirmək məqsədilə polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs təxminən saat 15-16 radələrində saxlanılmış, saxlanılarkən, polis bölməsinə aparılarkən və polis bölməsində ona qarşı hər hansı təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs onlara şəxsiyyətini təsdiq edən sənədlərin avtomobilində olmasını deməmiş, onun şəxsiyyətini müəyyənləşdirmək üçün saxlanıldığı yerdə başqa imkanları olmamışdır. Təqsirləndirilən şəxs bölmə rəsinin yanına aparılmamış, ona dinə mənsubiyyəti və sair digər hallarla bağlı hər hansı suallar verilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.
10. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, 9 aprel 2023-cü il tarixdə, saat 9-10 radələrində dayısı Təqsirləndirilən şəxsla birlikdə sonuncunun qarajında avtomobil təmir etməklə məşğul olmuşdur. O, “yamada” avtomobilin altında olarkən həyətin qapısı döyülmüş və iki nəfər mülki geyimli şəxs qapıdan daxil olmuşdur. O, əvvəlcə həmin şəxslərin dayısının dostları olduğunu güman etmiş, lakin sonradan sonuncuların polis əməkdaşı olduğunu bilmişdir. Polislər özlərini təqdim etdikdən sonra dayısının onlarla birlikdə polis bölməsinə getməli olduğunu, səbəbini isə polis bölməsində deyəcəklərini bildirmişlər. Onlar dayısı Təqsirləndirilən şəxs polis bölməsinə getmək lazım olduğunu dedikdə, dayısı paltarını dəyişməsi üçün icazə istəmiş, onlar isə icazə verməyərək avtomobilə əyləşdirib aparmışlar. Polislər iki nəfər olmuş, onların üzünü görməmiş, sadəcə ağ rəngli avtomobili görmüşdür. O, tez çölə çıxsa da, lakin onlar artıq getmişlər. Evdəkilərə baş vermiş hadisə barədə məlumat verdikdə onlarla birlikdə 14-cü polis bölməsinə getmişlər. İbtidai istintaq zamanı ifadə vermək üçün müraciət etməmişlər. Dayısı əvvəllər polislər tərəfindən saxlanılmamışdır. Dayısının evi həyət evi olmaqla həyətlərində qapısı küçəyə baxan qarajı vardır. Onlar vəkillə məsləhətləşərək vəkilin dediklərinə uyğun hərəkət etmişlər. Müdafiəçi ibtidai istintaq zamanı görmüşdür.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, aprelin 8-də dayısı Təqsirləndirilən şəxs onları kömək etmək üçün çağırmış, 9 aprel 2023-cü il tarixdə o və qardaşı dayısı Təqsirləndirilən şəxs evində olmuşlar. O, çay dəmləməyə gedib geri qayıtdıqda dayısını apardıqlarını görmüşdür. Qardaşı Farizdən bu barədə soruşduqda sonuncu ona dayısını polislərin 14-cü polis bölməsinə apardıqlarını demişdir. O, Təqsirləndirilən şəxs necə aparıldığını bilmir. O, çay gətirməyə gedəndə həyətin qapısı bağlı olmuşdur. Dayısı təxminən saat 8-9 radələrində polis bölməsinə aparılmışdır.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, 9 aprel 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,078 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, iş vərəqi (bundan sonra i.v) 1).
14. Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid1 həmin bölmənin rəisi, polis kapitanı Süleyman Abbasova ünvanlanmaqla müvafiq qaydada qeydə alınmış 9 aprel 2023-cü il tarixli raportunda göstərilmişdir ki, həmin tarixdə, saat 15:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində xidmətdə olarkən bir nəfər özünü narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanılmasında şübhəli apardığını görərək həmin şəxsə yaxınlaşıb sorğu-sual aparılan zaman verilən suallara qeyri-adekvat cavab verdiyi və onlardan qaçaraq yayınmaq istədiyi üçün tərəflərindən həmin şəxs şübhəli bilinərək Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmiş, orada həmin şəxsin 8 iyun 1972-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (Cild 1, i.v.4).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs sonuncunun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 17:20-dən 17:25-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı X14 tərəfindən həmin bölmənin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid1 iştirakı ilə Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsinin səbəbləri izah edilərək şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni səhər saatlarında Bakı şəhərində tam xatırlamadığı və tanımadığı şəxsdən 110 manata aldığını qeyd edərək şəxsi istifadəsi məqsədilə üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş bükülü açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd şəffaf rəngli siqaret sellofanına bükülmüş bükülü narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənməklə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Videoçəkiliş gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkətinin aparılması barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçi X13 qeyd edilən protokolla tanış olaraq hər hansı qeyd aparmadan həmin protokolu imzalamışdır (Cild 1, i.v. 25-28).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 9 aprel 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 5 dəqiqə 41 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq M.E.Cümşüdov tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi C.S.Cəfərlinin iştirakı ilə baxış keçirilməsinə dair 10 aprel 2023-cü il tarixli protokolla, eləcə də məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 29; 47).
17. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2072 saylı, 9 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Novruzov” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,078 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 9,078 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 9,028 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (Cild 1, i.v. 35-37).
18. “İstintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 10 aprel 2023-cü il tarixli təhqiqatçı Emil Həsənzadə tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar toplanmış material araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 40-41).
19. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X6 iştirakı ilə elan edilməklə mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 54-61).
20. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(008)- 291/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 9 aprel 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək barəsində verilmiş təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v. 76-80).
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 97).
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 25 aprel 2023-cü il tarixli, 6078 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.107).
23. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 2120 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 116-117).
24. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 aprel 2023-cü il tarixli, 984 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Cinayət törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmur, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Rəyin tədqiqi hissəsindən görünür ki, ekspert komissiyası tərəfindən Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşulduqda narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (Cild 1, i.v.119-120).
25. 0311852 saylı, 8 may 2023-cü il tarixli vəkil orderi və müvafiq prosessual sənədlərdən görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müqavilə bağlanmış, Müdafiəçi 23 may 2023-cü il tarixdə təqsirləndirilən şəxsə təqdim edilməklə işə buraxılmış, digər müdafiəçi C.S.Cəfərlinin isə iş üzrə müdafiəçi qismində iştirakına xitam verilmişdir (Cild 1, i.v.108-109;121-124).
26. “Mobil telefona baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi zamanı götürülmüş “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir (Cild 1, i.v.193).
27. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis kapitanı Süleyman Abbasov tərəfindən həmin X9 müstəntiqi, polis mayoru Məhəmmədəli Cümşüdova ünvanlanmış məktubdan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir (Cild 1, i.v. 134).
28. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 9,078 qram olan narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 9,028 qram heroin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda həmin qərarla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin əlavə edildiyi bir ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefonun sonuncunun ailə üzvlərinə qaytarılması qərara alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi ekspertizasının 9 aprel 2023-cü il tarixli, 6/2072 saylı, ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 12 aprel 2023-cü il tarixli 2120 saylı, ambulator məhkəmə psixiatrik ekspertizasının 12 aprel 2023-cü il tarixli 984 saylı rəyləri, 9 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” və “Yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar sübut növü kimi qiymətləndirilmişdir (Cild 1, i.v. 135-142;157).
29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.E.Cümşüdov tərəfindən 17 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 21 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.158-163).
30. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan, “Nikah haqqında” AZ-İ 560286 nömrəli şəhadətnamədən və “Doğum haqqında” AZ-İİ 566949, AZ- İİİ 134650, 134561 və 676268 nömrəli şəhadətnamələrdən, habelə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyul 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs X4 ilə birgə nikahından himayəsində 10 sentyabr 2010-cu il təvəllüdlü Kübra Novruzlu, 16 aprel 2012-ci il təvəllüdlü Meşədağa Novruzlu, 6 may 2013-cü il təvəllüdlü Zeynəbxanım Novruzlu və 28 dekabr 2014-cü il təvəllüdlü Rüqəyyaxanım Novruzlu adlı dörd azyaşlı uşağı vardır. (Cild 2).
31. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində qəsəbədə yaşadığı müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır. (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
35. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
36. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
37. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
38. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
40. 2023-cü ilin 9 aprel tarixində qüvvədə olmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
41. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşlarının onu aldadaraq, habelə ona psixi təzyiq edərək onların bildirdikləri kimi demədiyi halda daha ağır maddələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və pis rəftara məruz qalacağı ilə hədə-qorxu gəlmələri, məcbur qaldığından polislərin təklifi ilə razılaşaraq onların bildirdikləri kimi deməsi və təqdim edilmiş sənədləri imzalaması, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi, həmçinin məhkəməyədək icraat zamanı ifadələrini və tərtib edilmiş sənədləri oxumadan imzalaması, ibtidai istintaq orqanının göstərdiyi vaxtda və yerdə deyil, başqa vaxtda və yerdə tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
42. Belə ki, hökmün 15-16-cı bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması, sonradan müdafiəçisi tərəfindən tərtib edilmiş protokolla tanış olunaraq hər hansı qeyd aparılmadan imzalanması, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs suallara sərbəst cavab verməsi, ona qarşı hər hansı fiziki, psixi və sair təsir və ya təzyiqin olmasının müəyyən edilməməsi əyani formada öz əksini tapmışdır.
43. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 və X10 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən sonuncunun yaşadığı evin həyətində yerləşən qarajdan onların yanından aparmalarına dair verdiyi ifadələrə tənqidi yanaşaraq hesab edir ki, qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir və X18 Rəsulovun dayıları olan təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaqla müdafiə məqsədi daşıyır. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşlarının onu küçədə deyil, evdən aparması və bu zaman yanında iki nəfər şahidin olmasına dair verdiyi ifadələrə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat dövründə, istərsə də məhkəmə baxışının ilkin mərhələsində bu barədə ümumiyyətlə hər hansı məsələ qaldırmaması, yalnız məhkəmə baxışının sonrakı mərhələsində həmin məsələni qaldırması nəzərə alınaraq həmin ifadələrə tənqidi yanaşılmalı və işin faktiki halları öz təsdiqini tapmadığından sübut kimi qiymətləndirilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ifadələrində təkidlə onu saxlayan polis əməkdaşlarının 3 nəfər olmasını bildirməsinə baxmayaraq, bacısı uşaqları ifadələrində həmin polis əməkdaşlarının iki nəfər olmasını bildirmişlər. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs işin faktiki halları ilə ziddiyyət təşkil edən həmin ifadələri sübut kimi qiymətləndirilməməlidir.
44. Belə ki, hökmün 14-19-cu bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması ilə əlaqədar saxlanılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində narkotik vasitə heroin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.
45. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmaması, onun polis əməkdaşları tərəfindən küçədə piyada gəzərkən deyil, evdə avtomobil təmiri ilə məşğul olarkən saxlanılması, ibtidai araşdırma orqanı tərəfindən psixi təzyiqlərə məruz qalmasına görə törətmədiyi əməli etiraf etməsi, tərtib edilmiş sənədləri oxumadan imzalaması və sair hallar işin faktiki halları öz təsdiqini tapmadığından onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, habelə barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona istinad edilən əməli səmimi etiraf etməklə hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmadığını vurğulamışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onlar iş materialları ilə təsdiq edilmədiyindən rədd edir. Həmçinin hökmün 24cü bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilərkən ekspert komissiyasına narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.
46. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
48. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı psixi zorakılıq tətbiq edilməsi, aldadılması barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş vəkilin işə qoşulmasına baxmayaraq ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra ona qarşı hər hansı psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.
49. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
50. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
51. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
52. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
53. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
54. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid2 və Şahid1 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
55. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
56. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
57. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
58. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
59. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
60. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.2-ci maddəsinin tələbinə görə isə əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
61. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
62. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
64. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
65. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 9 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 4(008)-291/2023 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 9 aprel 2023-cü il tarixdən hesablanmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.16; 76- 80; Cild 2).
66. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 9 aprel 2023-cü il tarixdən hesablanmalıdır.
67. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 9 aprel 2023-cü il tarixdən hesablanmalıdır.
68. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
69. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
70. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
71. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 9,028 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
72. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
73. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
74. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 9 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 9,028 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoyazının köçürüldüyü 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.