Məhkəmə qərarları › İş №1(101)-1828/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1828/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1828/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,599 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 5 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 4,599 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitənin heroin növündən istifadə edir. 04 iyun 2022-ci İl tarixdə səhər saat 10-11 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında küçədə piyada gəzdiyi zaman yolun kənarında yerdə 01 ədəd sellofan bükümün olmasını görmüş, həmin sellofan büküm ona maraqlı gəldiyi üçün içərisində nə olmasını bilmək məqsədi ilə sellofan bükümü götürüb açıb baxmış və içərisində narkotik vasitə olan heroin olmasını görmüşdür. Narkotik vasitə heroin istifadə etdiyi üçün bükümün içərisində olan maddələrin heroin olmasını bilmişdir. Tapdığı həmin narkotik vasitəni lazım olduğu vaxt istifadə etməsi məqsədi ilə götürüb üzərində saxlamışdır. Lakin uyğun şərait olmadığı üçün narkotik vasitədən istifdə edə bilməmiş və həmin narkotik vasitəni üzərində saxlamışdır. 04 iyun 2022-ci il tarixdə saat 14:00-da yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “kakos” kimi tanıdığı narkotik vasitələr olduğunu etiraf edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümün içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin 01 ədəd bükümün içərisində heroin vardır. Şifahi sorğu zamanı üzərindən aşkar olunan bükümün özünə məxsus olduğunu, təxminən 3 ildir narkotik vasitələrdən istifadə etdiyini, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu, həmin bükümü bu gün saat 10-11 radələrində yaşadığı evin yaxınlığından tapdığını, narkotik istifadəçisi olduğu üçün götürərək özündə saxladığını, tapdığı narkotik vasitədən istifadə etmədiyini və heç kəsə vermədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heç kəsin ona narkotik vasitə olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra ondan aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümün içərisində olan heroin 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə aparılması ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən və ya saxlandıqdan sonra hər hansısa formada fiziki və ya psixi təsirə məruz qalmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, əvvəllər istifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən əldə edərək istifadə etmiş, həmin şəxsləri tanımamış, onların anket məlmatlarını bilməmiş, onun narkotik vasitə istifadəçisi olması barədə, həmçinin narkotik vasitə əldə edərək üzərində saxlaması barədə ailə üzvlərinin və digər şəxslərin məlumatları olmamış, sol göz nahiyyəsində olan xəsarəti xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman evin otağının qapısına öz ehtiyyatsızlığından vurması nəticəsində almış, ona heç bir formada fiziki və psixi təzyiq olmamış və sol göz nahiyyəsində olan xəsarəti öz ehtiyyatsızlığından yaşadığı evdə almışdır. Narkotik vasitələrin heç bir zaman satışı ilə məşğul olmamış, satış məqsədi ilə üzərində saxlamamış və ya daşımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 04 iyun 2022-ci il tarixli qərar çıxarılmışdır. Alınmış məlumatda Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində olması bildirilmişdir. X1 Cəfərovun olduğu ünvan 1 ünvanına yollanmışlar. Həmin ünvana çatmış və əməliyyat mövqeyi seçib gözləməyə başlamışlar. Həmin gün saat 14 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin yaxınlaşdığını görüb ona tərəf getmişlər. Ona yaxınlaşdıqda xidməti vəsiqələrimizi göstərib polis əməkdaşı olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs anket məluamtlarını soruşmuşlar. Anket məlumatlarını dəqiqləşdirdikdən sonra onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının qorunması üçün müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamasında və daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və götürmə keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 04 iyun 2022-ci il tarixdə saat 15:08-də “Sony” markalı videokamera aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu etiraf edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümün içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin bir ədəd bükümün içərisində narkotik vasitə heroin vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün özünə məxsus olduğunu, təxminən 3 ildir narkotik vasitələrdən istifadə etdiyini, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu, həmin bükümü bu gün saat 10-11 radələrində yaşadığı evin yaxınlığından tapdığını, narkotik istifadəçisi olduğu üçün götürərək özündə saxladığını, tapdığı narkotik vasitədən istifadə etmədiyini və heç kəsə vermədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heç kəsin ondan narkotik vasitə olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə heroinə bənzər maddə bir ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs sol göz nahiyəsində şişkinlik olduğundan bu barədə ona sual edilmiş və o, cavab olaraq bildirmişdir ki, həmin xəsarəti dünən, yəni 03 iyun 2022-ci il tarixdə yaşadığı evdə qapı ilə ehtiyyatsız davranması nəticəsində alıb. Şəxsi axtarış 04 iyun 2022-ci il tarixdə saat 15:19-da başa çatmişdir. Daha sonra bu barədə protokol ərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3157 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,599 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 4,599 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,549 qramdır. (iş vərəqə 42-46) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X3 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4626 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür.” (iş vərəqə 171-172) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 X3 məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2022-ci il tarixli, 2028/K nömrəli rəyindən görünür ki: “Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan Heroin və Metadon aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.” (iş vərəqə 174-176) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 X3 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 302/MEŞ nömrəli rəyindən görünür ki, "Təqsirləndirilən şəxs sol göz nahiyəsində qeyd olunan qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi müayinəsindən 3-4 gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, yaşadığı evin otaq qapısına dəyməsi nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.” (iş vərəqə 178-179) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Respublika Psixiatriya Xəstəxanası” X3 xx.xx.2022-ci il tarixli 7745 saylı məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb. (iş vərəqə 143) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 5 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda 4,599 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. (iş vərəqə 28-31) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluqlar vardır. Təqdim edilmiş məlumatlar 01 yanvar 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək olan müddəti əhatə edir. CD diskdə olan SMS məlumatlarını keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ***- ***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Cəfər deyə müraciət etmişdir: xx-xx-2022 11:29:39 1.1.**********02 1.1.**********15 Cəfər bidənə Cavab verdə işə tələsirəm qadan alım sənin xx-xx-2022 06:58:16 1.1.**********02 1.1.**********15 Ay Cəfər söz sorşuram e sənən derəm ki agrıyram məni arxayın edirsən ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı İlə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahiblərinin Təqsirləndirilən şəxs narkotik vasitə heroin (mesajlarda əsasən koko və kola kimi qeyd edilmişdir) və psixotrop maddə metamfetamin (mesajlarda patı və şüşə kimi qeyd edilib) istədikləri əks edilmişdir: xx-xx-2022 02:22:24 1.1.**********99 1.1.**********15 Qaras 5m pati vardı pulu verim ver mene xx-xx-2022 16:57:27 1.1.**********54 1.1.**********15 Qardasim bir cavab de mene bilimde arxada dukanin yanındayam 20manatlig pati lazimdi 50 manata kola bucur alindirmag olarmi?etaga qebri oz pulumdu xx-xx-2022 15:06:15 xx-xx-2022 15:06:15 1.1.**********83 1.1.**********15 Emidi 36 X10 1 Kola 5man Pati Bundan əlavə qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrə sahiblərinə gedən mesajlarda mesaj yazan şəxsin Təqsirləndirilən şəxs olması müşahidə edilir. Mesaj yazan şəxs müxtəlif nömrə sahiblərinə müraciət edərək onlara pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif edir: xx-xx-2022 10:56:35 xx-xx-2022 10:56:36 1.1.**********15 1.1.**********99 7mat noldu getir ver sora ne isdesen verim. xx-xx-2022 15:36:00 1.1.**********15 1.1.**********65 Necidene isdiyirsen pulun varsa getizdirim secunde 25den Təqdim edilmiş “SMS” məlumatlarına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması fatkı təsdiq edildiyindən "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd “CD” disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. (iş vərəqə 124-129) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 05 ədəd qovluqlar vardır. Təqdim edilmiş məlumatlar 01 yanvar 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək olan müddəti əhatə edir. CD diskdə olan SMS məlumatlarını keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ***- ***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Cəfər deyə müraciət etmişdir: xx-xx-2022 13:42:54 xx-xx-2022 13:42:54 1.1.**********60 1.1.**********15 Cəfər tez telfonu açda xeyir işdi xx-xx-2022 15:56:21 1.1.**********84 1.1.**********15 Cəfər telfonuna bir saniyəlik cavab ver gozduyen var gözüm atmır el ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahiblərinin Təqsirləndirilən şəxs narkotik vasitə heroin (mesajlarda əsasən koko və kola kimi qeyd edilmişdir) və psixotrop maddə metamfetamin (mesajlarda pati və şüşə kimi qeyd edilib) istədikləri əks edilmişdir: xx-xx-2022 02:19:23 1.1.**********27 1.1.**********15 X6 Necesen Qaqa, X8 X9 X7. X5. 10 X11 Gelim Goturum. X12 Dide xx-xx-2022 12:25:27 xx-xx-2022 12:25:27 1.1.**********54 1.1.**********15 Qaqaw menem elcin 35manat pul var qiram kola bir azda pati alinar? xx-xx-2022 02:13:54 1.1.**********17 1.1.**********15 CEFER 5 AMANAT VERİM PATİ VERDE MENE Bundan əlavə qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrə sahiblərinə gedən mesajlarda mesaj yazan şəxsin Təqsirləndirilən şəxs olması müşahidə edilir. Mesaj yazan şəxs müxtəlif nömrə sahiblərinə müraciət edərək onlara pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif edir: xx-xx-2022 14:53:25 1.1.**********15 1.1.**********27 Pati yoxdu kolada 1sta olacaq sat 4de getirecekler Təqdim edilmiş “SMS” məlumatlarına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması fatkı təsdiq edildiyindən "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd “CD” disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. (iş vərəqə 130-141) İş üzrə istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş xx.xx.2022-ci il tarixli, 007-8123-1222 nömrəli əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli, 007-8631- 1222 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 110-111, 115) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(005)-709/2022 nömrəli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 04 iyun 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (iş vərəqə 114) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlardan sonra 4,549 qram qalmış narkotik vasitə heroin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə 104-105) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, üzərindən aşkar olunan narkotik vasitə heroini şəxsi istifadəsi üçün götürərək üzərində gəzdirməsi, narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi və saxlamaması, barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokollar və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə tərkibi belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilmiş üzərində saxlamaqla daşıdığı külli miqdarda 4,599 qram çəkidə narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(006)-38/2020 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Salyan Rayon Məhkəməsinin 7(057)- 517/2021 saylı qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş və Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2021-ci il tarixə hesablanmışdır. (iş vərəqə 147-158) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs kimi hesab edilməlidir və onun əməlində cinayətlərin residivi (sadə) halı mövcuddur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi (sadə) halını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(005)-657/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 20,93-97) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 4626 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd şəffaf sellofan bükümdə olan 4,599 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra 4,549 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, "xxxx" MMC-yə aid 01 ədəd CD disk və "xxxx" MMC-yə aid 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra 4,549 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, "xxxx" MMC-yə aid 01 ədəd CD disk və "xxxx" MMC-yə aid 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar