Məhkəmə qərarları › İş №1(101)-1828/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1828/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1828/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır: belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,755 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, Sabunçu RPİ-nin 42-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 fevral 2024-cü il tarixdə saat 02.45 radələrində Sabunçu RPİ-nin 42-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi, nömrəsiz evin qarşısında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 42-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 4,755 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları evinə qanunsuz girmişdirlər. Evinə qanunsuz girdiklərinə görə polis əməkdaşları ilə aralarında mübahisə olmuşdur. Polis əməkdaşları tərəfindən bölməyə aparılmışdır. Orada ona demişdilər ki, ya narkotik vasitəni «götürsün, ya da çəkilişlə evindən çıxaracaqlar». Hadisə fevralın 11-i saat 11-12nin yarısı baş vermişdir. Hadisə zamanı həyat yoldaşı ilə evdə olmuşdur. Kənd yeri olduğu üçün evin qapısı açıq olmuşdur. Elton və Ruslan adlı 2 polis əməkdaşı evə girmişlər. 4 nəfər də həyətdə, küçədə qalmışlar. Kamran adlı şəxs şahid kimi göstərilsə də, saxlanılanda orada olmamışdır. Evə daxil olarkən narkotik axtardıqlarını demişlər, cavab olaraq evdə narkotik vasitə olmadığını bildirmişdir. Sonra polis əməkdaşlarından biri əlini silahına atdığı üçün aralarında münaqişə olmuşdur. Elton Ruslana demişdir ki, onu bölməyə aparsınlar. Əvvəllər narkotik vasitə olan «kokos» istifadə etmişdir. Fikirləşmişdir ki, azadlığın məhdudlaşdırılması cəzası alar, ona görə narkotik vasitəni «qəbul etmiş» yəni ifadəsini polis əməkdaşlarının dediyi kimi vermişdir. O polis əməkdaşlarına bildirmişdir ki, əgər ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilərsə, narkotik vasitənin ona məxsus olduğunu qəbul edər. Polis əməkdaşları da bu barədə narahat olmamasını bildirmişlər. Özü «oxuma-yazma» bilmir, ona görə ifadəsinin mahiyyətini bilmədən imzalamışdır. İstintaqın gedişində heç bir orqana şikayət etmədmişdir, çünki özü cəzaçəkmə müəssisəsində olmuşdur, həyat yoldaşı da «oxuma-yazma» bilmir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmişdir, lakin bununla bağlı üzərində hər hansı xəsarət olmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olur. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Bir neçə gün əvvəl sosial şəbəkələrində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxsdən narkotik vasitəni almaq istəmiş, buna görədə MilliÖn vasitəsi ilə ona 100 manat məbləğində pulu xatırlamadığı hesabına göndərmişdir. Həmin iranlı şəxs ona WhatsApp vasitəsi ilə narkotik vasitənin olduğu yeri göndərmiş, o da Sabunçu rayonu Ramana qəsəbəsinə gedib həmin narkotik vasitəni küçədən yerdən götürüb Nardaran qəsəbəsinə qayıtmışdır, Narkotik vasitəni 12 fevral 2024-cü il tarixdə gecə saat 01 radələrində Ramanadan götürmüşdür. Həmin narkotik vasitə heroin bir bükümdə olmuşdur - təxminən 4 qram heroin. 12 fevral 2024- cü il tarixdə saat 02.40 radələrində Nardaran qəsəbəsi A.Zeynallı küçəsi ilə gəzmiş və əlverişli şərait axtarmış ki, həmin narkotik vasitəni qəbul etsin. Narkotik vasitəni o özü üçün almış və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. Aldığı narkotik vasitə heroini o əynində olan şalvarın sağ yan cibinə qoymuş, və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə heroin siqaretin selofan kağızına bükülmüşdür. Sabunçu rayonu Nardaran qəsəbəsi Asəf Zeynallı küçəsində gəzişən zamanı ona iki nəfər mülkü geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Onlar ona yaxınlaşanda o istiqamətini dəyişib digər tərəfə getmək istəmişdir ki, onlarla üz üzə gəlməsin, çünki üzərində narkotik vasitə heroin saxlamışdır. Polis əməkdaşları onu saxlayanda onun üzərində heç bir sənəd olmadığına görə onlar onu Sabunçu RPİ-nin 42- ci polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçiriləcək və o istəməmişdir ki, vəkili həmin axtarışda iştirak etsin, çünki üzərində narkotik vasitə heroin saxlamışıdr. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd özünə məxsus olan ağ rəngli «Samsung duas» markalı mobil telefon aparatı, şalvarının sağ yan cibindən isə bir bükümdə narkotik vasitə heroin götürülmüşdür. Polis əməkdaşların suallarına cavab verərkən o bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə heroindir. Həmin maddəni o öz istifadəsi üçün X3 tanımadığı vətəndaşından 100 manata almışdır. Həmin narkotik vasitə heroin ondan aşkar olunaraq götürülmüş və ekspertizaya göndərildi. Bu barədə protokol tərtib olunmuşdur. Protokolu və zərfi o, imzalamışdır.Ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroini o öz istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi narkotik vasitə heroini başqa şəxsə satmaq onun fikri olmamışdır, özü üçün almışdır ki, əlverilişli anda özü qəbul etsin. Aşkar olunaraq götürülmüş «Samsung» duas markalı mobil telefon aparatı ona məxsusdur, həmin telefonu o, (099) ***-**-** və (070) ***-**-** saylı nömrələrlə istifadə etmişdir. WhatsAppı (099) 326- 66-86 saylı nömrə ilə istifadə edir (cild 1, iş vərəqi 84-86, 177-178). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 11 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 fevral 2024-cü il tarixdə saat 02.45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev X1 rayonu Nardaran qəsəbəsi A.Zeynallı küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinin inzibati binasına gətirilmişdir. Polis bölməsində videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən bir bükümdə spesifik iyli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş bir bükümdə olan maddə narkotik vasitə heroindir, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə 5 ildir ki, məşğul olur, həmin narkotik vasitə heroini tanımadığı İran İslam Respublikasının vətəndaşından sosial şəbəkələr vasitəsi ilə öz istifadəsi üçün əldə edib saxlamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. Belə ki, 12 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 17). 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 54-55). Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 70-74). 12 fevral 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə olan bir büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində olan qəhvəyi rəngli kütlə narkotik vasitə olduğu güman edilən bir ədəd şəffaf sellofan bükümü bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqi 36-37). Məhkəmə-kimyəvi ekspertizası üzrə 12 fevral 2024-cü il tarixli 3-16-16/2- 6/829 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində dairəvi möhür və «... 2) şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs ..” sözləri , ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,755 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə herondir (cild 1, vərəqi 37-41). Məhkəmə-narkoloji ekspertiza üzrə 1124 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 93-94). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1,iş vərəqi 122-123, 124-127). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə narkotik vasitə qoyulması, polis əməkdaşlarının fiziki təsiri nəticəsində xəsarətlər alması və etirafedici ifadələr verməsi barədə göstərdiklərini işin faktiki hallarına uyğun olmayan hesab edir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində üzərində narkotik vasitə olmaması və aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlərə yol verilməsi barədə göstərməmiş, bu barədə müdafiəçinin iştirakı ilə barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Bakı şəhəri Sabunçu rayon məhkəməsində də bildirməmişdir. Bundan başqa, 12 fevral 2024-cü il tarixli şəxsi axtarış aparılması barədə protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi-fiziki təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş və məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olmadığından barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi isə 4,755 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 12 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 12 fevral 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 12 fevral 2024-cü il tarixli 3-16-16/2- 6/829 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 4,755 qram narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,705 qram narkotik vasitə heroin məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə olunmalı digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,705 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar