Məhkəmə qərarları › İş №1(101)-1829/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1829/2025

20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1829/2025 20.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı - Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi - Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1959-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ünvan 2 ünvanında tikiləcək yeni binadan 02 ədəd 82 kvadratmetrlik mənzil verəcəyinə dair həqiqətə uyğun olmayan məlumatlar verib onu inandıraraq, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında 11000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının qarşısında 20000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının qarşısında həmin dövrün valyuta məzənnəsi ilə 11900 manata bərabər 7000 ABŞ dolları və 8800 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının qarşısında 38000 manat, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında 5000 manat və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında 3200 manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs qızma məxsus ümumilikdə 97900 manat pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxsin bacısından borca pul istəmiş, zərərçəkmiş şəxs özü ona müraciət edib evini ona verməyini təklif etmiş, bunun qarşılığında borc verə biləcəyini demişdir. O, zərərçəkmiş şəxsə evinin sənədinin olmadığını bildirmişdir. O, zərər çəkmiş şəxsdən cəmi 20.000 manat pul almış, həmin pulu da borc kimi almışdır. Borc kimi aldığı məbləği 7000 ABŞ dolları və 6700 manat kimi vərəqədə qeyd etmişdir. Zərər çəkmiş şəxs sonradan həmin 20.000 manatı ona yazdırmış, bir müddət sonra 11.000 və 18.600 manat yazdırmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə zərərçəkmiş şəxsdən 20.000 manat pul almış, ittihamda göstərilən məbləğləri zərər çəkmiş şəxsdən almamış, zərər çəkmiş şəxs məcburi olaraq ona müəyyən qeydlər yazdırmışdır. O, zərər çəkmiş şəxsə evini satıb pulu ödəyəcəyini bildirmişdir. Onlar heç bir yerdə borc müqaviləsi bağlamamışlar. Zərər çəkmiş şəxs bütün məbləğləri ona demiş, o da sadəcə qeyd etmişdir. Zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi əl yazması Zərərçəkmiş şəxs aldığı pulla bağlı qeydlər olmamış, onun öz qeydləri olmuş, zərərçəkmiş şəxs həmin kağızı onun evindən onun icazəsi olmadan götürmüşdür. Zərərçəkmiş şəxsə ev verilməsi məsələsi olmamış, onun yataqxanada mənzili olmuş, MTK-da olan evin heç bir sənədi olmamışdır, həmin evi yataqxanada olan evin əvəzinə verməli olmuşlar. Zərərçəkmiş şəxsdən başqa heç kimə borcunun qarşılığında evini satmaqla bağlı vəd verməmişdir. Ona bu işlərdə heç kim yardım göstərməmiş, Eleanora adlı şəxs onun sadəcə qonşusu olmuşdur. Heç bir torpaq sahəsi olmamış, Əlisahibə 30.000 manat, Eleonoraya isə təxminən 80.000-85.000 manat borcu olmuşdur. Zərərçəkmiş şəxsdən 1 dəfəyə 20.000 manat pul almış, həmin pulu borc məqsədilə almış, aldığı borcun qaytarılması ilə bağlı aralarında hər hansı bir müddət müəyyən etməmişlər. Pulu olmadığına görə zərərçəkmiş şəxsə olan borcunu qaytara bilməmiş, hal-hazırda borcunu qaytarmaq niyyətindədir. Gözəllik salonu açmaq üçün Eleonoradan, Əlisahibdən borc almışdır. Sifariş verdiyi mallar gəlmədiyi üçün ziyana düşmüşdür. Zərərçəkmiş şəxs onu təhdid edərək iş materiallarında olan qəbzləri yazdırmışdır. İlk dəfə pul aldığı tarix yadında deyil. Zərər çəkmiş şəxs qəbzi ona sonradan yazdırmışdır. O, Eleonoraya pul verməmişdir. Əlisahibə 30.000 manat borcu olmuş və həmin pulu vermişdir. Əlisahibə verdiyi pulun Elnarə ilə arasında olan pul məsələsinə aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs həmçinin mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 1986-cı ildən tanıyır. Təqsirləndirilən şəxs Mayakovski küçəsi 8/9 ünvanında yataqxanada yaşamış və Komitədə işləmiş, o da həmin vaxtlarda həmin Komitədə işləməklə Ofelya ilə orada tanış olmuşlar. Sonra Ofelyanın həyat yoldaşı 5 mərtəbəli binadan 3 otaqlı ev almışdır. Onun övladı olandan sonra o, hamıdan uzaqlaşmış, Ofelya onun bacısını görüb, tez-tez onu soruşmuş, bir müddət sonra bacısına sms yazaraq, 10000 manat pul istədiyini bildirmiş, daha sonra ona yazıb 10000 manat pul istədiyini bildirmiş, o da Ofelyaya həmin məbləği verə bilməyəcəyini demişdir. Pulun qarşılığında ona sənəd təqdim edəcəyi halda Ofelyaya borca pul verəcəyini bildirmişdir. Özü də bilmədən sonradan 10000 manat pulu qarşılıqsız şəkildə Ofelyaya vermişdir. Ofelya bir müddət sonra parkda onunla görüşmüş və ağlamağa başlamış, bacısının rəhmətə getdiyini, evdə tək qaldığını bildirmişdir. Ofelya bu işə Eleonora adlı qadınla başladığını bildirmişdir. Bir il ərzində Ofelya ona hər cür yalanı danışmış, 25 may 2023-cü il tarixindən artıq onu tapılmaq mümkün olmamışdır. O, ilk dəfə 2022-ci il tarixdə Ofelyaya pul vermişdir. Ofelyaya 2 dəfə 10.000 manat pul vermişdir. Ofelya bir müddət sonra ona demişdir ki, qeyri-yaşayış sahəsinin ona verilməsi üçün o, 80.000 manat rüşvət verməlidir. Daha sonra isə evin verilməsi üçün notariusa getməli olduqlarını, nə qədər pulu varsa götürməyini, sonra öz aralarında haqq-hesab edəcəklərini demişdir. Ofelya sonra yenidən ondan 20.000 manat, daha sonra isə 38.000 manat da pul almış, həmin məbləği o, Ofelyaya iş yerində vermişdir. Bir müddət sonra Ofelya yenə evə görə 5000 manat istəmiş, o, həmin məbləği Ofelyaya onun evində vermişdir. Onun yanında Ofelya kimləsə danışmış, lakin kimlə danışdığını deməmişdir. Sonra Ofelya onun verdiyi 5000 manat məbləği pəncərədən Eleonoraya atmış, Eleonoranın yanında bir kişi də olmuşdur. O, həmişə Ofelyaya pul verəndə qeyd etmişdir. 05 aprel 2022-ci ildə 11.000 manat, 26 aprel 2022-ci il tarixdə 20.000 manat pulu Ofelyaya vermişdir. Bu pulları başqa şəxslərdən borc kimi götürüb Ofelyaya vermişdir. 2023-cü ilin sentyabr ayında Ofelyadan polisə şikayət etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, ona evin verilməsi ilə bağlı təklifi Ofelya özü vermiş, o, Ofelyaya 6-7 dəfəyə pul vermiş, pulları Ofelyanin evində və iş yerində şəxsən özünə vermişdir. Eleonora yataqxanada Ofelyanın qonşusu olmuş, Ofelya ondan aldığı pulu həmişə Eleonora və onun yanındakı kişi ilə bölüşmüşdür. Ofelyaya hissə-hissə olmaqla ümumilikdə 97.900 manat pul vermişdir. Təqsirləndirilən şəxs aldığı məbləğlərdən ona heç bir məbləğ qaytarılmamışdır. Ofelya bacısına yazaraq ona borc pul lazım olduğunu bildirmiş, bacısı ona pul verməmiş, sonra Ofelya ona zəng edib 10.000 manat borc pul istəmiş, əvəzində ona Mayakovski ərazisində yerləşən 40 kv. metr ev verəcəyini bildirmiş, lakin o razılaşmamışdır. Sonradan Ofelya ona həmin ünvanda yerləşən 82 kv. metr olan mənzili təklif etmiş, həmin mənzilin sənədini soruşanda sənədin verilməsi üçün pul verməli olduğunu demişdir. O, Ofelya ilə Elmlər Akademiyası metrosu tərəfdə görüşəndə Ofelya ağlamağa başlamış və bacısının rəhmətə getdiyini bildirmişdir. Ona bu işi Eleonoranın təklif etdiyini bildirmişdir. Ofelya 2022-ci ilin aprel ayında ona zəng etmiş və 18 avqusta kimi onunla birinci ev barəsində danışmışlar. Birinci evin qiyməti 64.000 manat olmuşdur. O, həmin evdə olmuş, satış menecerini də görmüşdür. Ofelya isə dayanacaqda oturub onu gözləmişdir. Ofelya ona əvvəlcədən tapşırmışdır ki, satış menecerinin yanında onun adını çəkməsin. O, MTK rəhbəri ilə görüşməmişdir. 2100 manat pul notarius xərci kimi nəzərdə tutulduğundan izahatında 95.800 qeyd etmişdir. O, Ofelyaya qarşı heç bir təzyiq göstərməmişdir. Oraya konkret olaraq mənzilə baxmağa deyil, binaya, ümumi proyektlərə baxmağa getmişdir. Ofelyaya verdiyi məbləğləri müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə verdiyinə görə ümumi məbləği dəqiq bilməmişdir. Polisə şikayət edəndə ərizəni ona orada yazdırmışlar, ifadəsini də tələsik formada almışlar. Lakin istintaqın sonlarına yaxın müstəntiqə onda olan əl yazılarını, sübutlarını təqdim etdikdən sonra birlikdə həmin məbləğləri hesablamış və yekun məbləğin 97.900 manat olduğunu müəyyən etmişlər. Qeyd olunan ziddiyyət bununla əlaqədar olmuşdur. Ofelya bir neçə il əvvəl onu Eleonoranın yanına qab almaq niyyəti ilə aparmış, onun evində olmamışdır. Sonradan Ofelya onun pulunu mənimsəyəndən sonra Eleonora ilə 20 Yanvar metrostansiyası ərazisində görüşmüş və görüşdə Əlisahib də iştirak etmişdir. Eleonora ilə başqa heç yerdə görüşməmişdir. O, Ofelyaya pul verən zaman Eleonora Əlisahib ilə birlikdə Ofelyagilin evinin qarşısında olmuş və Ofelya öz evinin eyvanından pulu Eleonoraya atmışdır. Ofelya eyvanından pulu atan zaman həyətdə gördüyü qadın Eleonora olmuşdur. Ofelya pulu Əlisahib və Eleanoraya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, Ofelya onun həyat yoldaşı ilə bir yerdə işləmiş, eyni zamanda da qonşu olmuşlar. Elnarəni isə 20-25 il əvvəl görmüş, belə ki, o, bir vaxtlar qab-qacaq satmış, Elnarə də Ofelya ilə birlikdə mal almaq üçün onun evinə gəlmişlər. Sadəcə Təqsirləndirilən şəxs Elnarədən 20.000 manat məbləğində faizə pul götürdüyünü, qaytara bilmədiyini eşitmişdir. Bu işlə bağlı başqa heç bir məlumatı yoxdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ofelya ilə hər hansı ev alqısatqısı işi ilə maşğul olmamış, Ofelya üçün heç kimdən pul götürməmişdir. Elnarə ona zəng etmiş, onunla görüşmək istədiyini bildirmiş, o da olduğu yeri deyib Elnarəni həmin yərə dəvət etmişdir. Elnarə Ofelyanı axtarmış və sonuncunun yerini soruşmaq üçün onunla görüşmüşdür. Onun da Ofelyadan xəbəri olmamış, Ofelyanın yerini bilmək üçün Elnarə ilə görüşmüşdür. Ofelyanın Elnarədən 20.000 manat götürdüyünü eşitmişdir. Çünki Elnarənin pulunu qaytarmaq üçün Ofelya ondan 20.000 manat borc istəmişdir. Ofelya ona borcu olduğuna görə Elnarədən pul götürdüyünü demişdir. Elnarə ilə görüşəndə Elnarənin yanında başqa heç kim olmamışdır. Elnarə ilə görüşə Şahid5 ilə birlikdə getmiş, sonradan Elnarə onun da adını çəkdiyi üçün Əlisahibi çağırıb Elnarə ilə görüşdürmüşdür. Şahid5 Ofelya ilə birlikdə ev alqı-satqısı ilə məşğul olmamışdır. Şahid5 Ofelyaya evini qaytarması üçün 30.000 manat məbləğində pul vermişdir. Ofelyanın hər hansı bir işlə məşğul olduğunu görməmişdir, sonuncu yalnız xəstə bacısına baxmışdır. Ofelya ondan borca pul istəmiş, o da pulun nəyə lazım olduğunu soruşanda Elnarəyə borcu olduğunu bildirmişdir. Ofelyanın qızı Gülər ilə münasibəti normal olmuşdur. Ofelya ona heç bir məbləğdə pul verməmişdir. Ofelya ev satmaqla məşğul olmamışdır. Ofelya ilə bağlı heç bir məhkəmədə şahid qismində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Ofelyanı Eleonoraya görə tanımışdır. Eleonora onun kirvəsidir. Ofelya ilə aralarında pul alış-verişi olmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ev alqı-satqısı ilə məşğul olmamış, təqsirləndirilən şəxsdən heç vaxt pul almamış, Ofelyaya evinin qaytarılması üçün pul vermiş, verdiyi pulu Ofelya qaytarmamışdır. Heç vaxt təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslə birlikdə görüşməmişdir. Zərər çəkmiş şəxslə heç vaxt telefon əlaqəsi saxlamamışdır. Zərər çəkmiş şəxs ondan pul tələb etməmişdir. Eleonora zərərçəkmiş şəxslə 20 Yanvar metrostansiyasında görüşmüş, o da avtomobilində olmuşdur. Ofelya onun pulunu qaytarmamışdır. Eleonora ilə arasında pul məsələsi olmamış, o, zərər çəkmiş şəxslə görüşməmiş, təqsirləndirilən şəxsin evinə getməmişdir. Ofelya 30000 manat məbləğində pulu ondan özünə məxsus evi geri qaytarmaq üçün almışdır. Ofelyanın o pulu kimə verəcəyini bilməmişdir. Ofelya ilə Fərid adlı şəxs arasında nə mübahisə olduğunu bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Əvvəllər bir yerdə Nərimanov rayonu Montin qəsəbəsində kirayə evdə yaşamışlar. Təxminən 10 ilə yaxındır ki, ayrı evlərdə yaşamışlar. Zərərçəkmiş şəxs bacısı Ofelya vasitəsilə təxminən 5 ilə yaxındır tanımışdır. Ofelya və Elnarə yaxın rəfiqə olmuşlar, o, bildiyinə görə Elnarə Təqsirləndirilən şəxs təxminən 30-40 min manat borc vermiş, lakin borcu nə üçün verdiyini tam dəqiq bilməmişdir. O, bacısı Təqsirləndirilən şəxs bir ilə yaxındır ki görməmiş, harada olması barədə heç bir məlumatı yoxdur. Tez-tez Zərərçəkmiş şəxs ona zəng vurub bacısı Ofelyanın harada olmasını soruşur, lakin o, həmin şəxsə də bildirmişdir ki, xəbəri yoxdur. Aralarında hansı formada pul məsələsi, müqavilə bağlanması barədə heç bir məlumatı olmamışdır. (cild İ, i/v 67-69) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X6 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Hazırda axtarışda olması barədə məlumatlıdır, onun yeri barədə məlumatsızdır. Zərərçəkmiş şəxs uşaqlığından tanımışdır, onunla anası rəfiqə olmuşlar. Onlar arasında olan pul haqq-hesabından sonradan məlumatlı olmuşdur. Həmin pulları fiziki olaraq görməsə də Elnarə və anası Ofelya arasında hansısa pul məsələsinin olmasından məlumatlı olmuşdur. Lakin, kimin kimə verəcəyi, kimin kimdən alacağı olduğunu bilməmişdir. O, anasından necə ev alacağını maraqlandıqda o, ona “mən yolunu bilirəm” demişdir. Ümumən o, anasının işlərinə nə qarışmış və nə də müdaxilə etməmişdir. Elnarə və anası Ofelya arasında olan heç bir söhbətdə iştirak etməmişdir. Elnarə onunla da əlaqə saxlamış anası barədə maraqlanmışdır. O, ona hər dəfə məlumatsız olduğunu demişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, Şahid5 tanımır, Şahid1 tanımışdır. Eleonora onların evlərinə gəlib-getmişdir. Az da olsa məlumatlıdır ki, o da anasının ev alacağı yerdən ev almalı olmuşdur. Bu səbəbdən tez-tez onların evinə gəlib-getmişdir. (cild İ, i/v 82-83) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Eleonora onların qonşusu olmuşdur. Onlar ünvan 2 ünvanında yerləşən yataqxanada yaşamışlar. 2022-ci ilin dəqiq xatırlamadığı tarixində Eleonora gəlib anasına yataqxananın söküləcəyini, gələcəkdə pul verib əlavə kvadratlar ala biləcəklərini bildirmişdirlər. Bu fikir anasının ağlına batmışdır. Bundan sonra anası bütün əmlaklarını satmış, kreditlər götürüb Eleonoraya vermişdir ki, gələcəkdə bina tikilərkən böyük mənzillər alsın. Bu hərəkətlər 3 il davam etmişdir. O, anasına etiraz etsə də, anası ona fikir verməmişdir. Eleonora və Əlisahib anasına digər şəxslərdən pullar aldırıb ələ keçirmişlər. Anası hər yerdən binadan ev veriləcəyi adı ilə pullar almış, həmin pulları alıb Əlisahib və Eleonoraya vermişdir. Bu hadisələr onun gözünün qarşısında baş vermişdir. Anasının həmin şəxslərə hansı məbləğlərdə pullar verməsini bilməmişdir. (cild İ, i/v 110-112) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - Təqsirləndirilən şəxs tərəfindən yazılmış əl yazmalardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında tikiləcək yeni binadan 02 ədəd 82 kvadratmetrlik mənzil vermək üçün xx.xx.2022-ci il tarixdə 11000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 7000 ABŞ dolları və 8800 manat, xx.xx.2022-ci il tarixdə 38000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 3200 manat olmaqla ümumilikdə 97900 manat pul almışdır. (cild İ, i/v: 141-150) - Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Ağstafa rayonunda müəyyən olunaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. (cild İ, i/v: 87) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1829/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Nərimanov RPİ-nin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir, həmçinin Nizami RPİ-nin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi mövcuddur. (cild İ, i/v: 52-53) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyan, 20000 (iyirmi min) manat mənəvi ziyan, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 118.708 (yüz on səkkiz min yeddi yüz səkkiz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsdən ittihamda qeyd olunan məbləğdə pul götürmədiyini, zərər çəkmiş şəxsdən cəmi 20000 manat borc aldığını, cinayət işinin materiallarına əlavə edilmiş əl yazılarını zərərçəkmiş şəxsin ona təzyiq göstərməklə yazdırdığını, digər əl yazısının isə onun özünün qaralaması olduğunu, həmin kağızı zərərçəkmiş şəxsin onun icazəsi olmadan onun evindən götürdüyünü, verilən ittihamla özünü təqsirli bilməyərək dələduzluq etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan əl yazmalarından görünür ki, (təqsirləndirilən şəxs həmin əl yazılarının ona məxsus olmasını təsdiq edir) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “7 min dollar borc aldım; Notarius xərci sizə aiddir, 2100 manat (82 m2) Həmçinin də 8800 manat onun 2100 manatı notarius xərcidir. 7 min dollar+6700 manat almışam. xx.xx.2022 İmza” məzmununda qəbz yazmış; - 1760 dollar x 1,7= 3000 manat + 2000 5000 Bu olub 12 martda 2023-dən 1300 dollar x 1,7 = 2210 manat + 990 manat 3200 manat Bu oldu 18 mart 2023 8200 manat Cəmi götürdüm 38000 manat 10000 dol+6440 dol+5900 dol=22340 dol x 1,7 = 38000 manat Bu olub 22 avqust 2022-ci ildə 2-ci ev üçün verilən puldur. 1 kv-1200 manatdan verilib. 98400 evin qiyməti - 3800 60000 qalıq Təqsirləndirilən şəxs xx.xx.2023 İmza məzmununda vərəqə; - “Mən Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən yeni tikilidəki 82 m2 (127 m2) sahəli yaşayış mənzilimi Zərərçəkmiş şəxs kv.m-ni 800 manata, ümumi dəyəri 64 min manata (100 min manat) satıram. İlkin ödəniş olaraq 20 min manat mənə xx.xx.2022-ci il tarixində ödənildi. Zəmanət verirəm ki, heç bir problem yaşanmayacaq, 100 % mənzil veriləcək! 2 il müddətinə qalan məbləğ Mansurova tərəfindən ödəniləcək. Təqsirləndirilən şəxsS İmza xx.xx.2022 Zərərçəkmiş şəxsF İmza xx.xx.2022” məzmununda “Razılaşma müqaviləsi” yazmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan əl yazıları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin, o cümlədən təqsirləndirilən şəxsin öz qızı Şahid4 ifadəsi ilə təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsdən məhz ona 2 müxtəlif mənzil verilməsi ilə əlaqədar pul aldığı müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-55/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs X1 da eyni üsulla aldadaraq ona ünvan 6 ünvanında yerləşən yaşayış binasından ev verilməsi adı ilə 66.100 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarlarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 5 il azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 avqust 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyan, 20000 (iyirmi min) manat mənəvi ziyan, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 118.708 (yüz on səkkiz min yeddi yüz səkkiz) manat məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs - mülki iddiaçı məhkəmə baxışı zamanı mülki iddianı müdafiə edərək mülki iddianın təmin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs - mülki cavabdeh məhkəmə baxışı zamanı mülki iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin plenum qərarının müvafiq bəndlərinə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 189- 191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyan, 5000 (beş min) manat mənəvi ziyan, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 103.708 (yüz üç min yeddi yüz səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 5 il azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin olunsun, 97900 (doxsan yeddi min doqquz yüz) manat maddi ziyan, 5000 (beş min) manat mənəvi ziyan, 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu, 400 (dörd yüz) manat hüquqi yardımla bağlı ödənilmiş məbləğ olmaqla, cəmi 103.708 (yüz üç min yeddi yüz səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia ərizəsi qalan hissədə təmin olunmasın. İş üzrə maddi sübut kimi tanınmış qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Səbuhi Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar