Məhkəmə qərarları › İş №1(101)-1832/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1832/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1832/2025 18.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1985-ci il Bakı şəhərində doğulmuş (FN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik rayonu, H.Aslanov küçəsi, ev 53-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, yeni yaşayış massivində inşa edilmiş fərdi yaşayış evində yaşamış, 12 iyul 2025-ci il tarixdə saxlanılmış, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən və məlum olmayan vaxtda satiş məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 8,895 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,162 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 12 iyul 2025-ci il tarixdə Bakı səhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən tikinti materialları satışı mağazasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 23:20 radələrində piyada hərəkətdə olduğu vaxt Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxdanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd qara rəngli selofanın içərisində olan həmin satış məqsədi ilə gizlədib üzərində saxladığı təmiz çəkisi 8,895 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroin 1 ədəd şəffaf rəngli selofana bükülmüş halda və həmin təmiz çəkisi 9,162 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin 1 ədəd şəffaf rəngli selofana bükülmüş halda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bir neçə ildir narkotik vasitələrdən istifadə edir. Qonşuda tikintidə işləyərkən ev sahibinin aldığı tikinti materiallarını dəyişdirmək lazım olmuş, bu məqsədlə mağazaya getmişdir. Həmin materilları dəyişdirərkən, o, Rəcəb adlı şəxslə dalaşmışdır. Daha sonra Rəcəb 1-ci Polis şöbəsinə məlumat vermiş, polis işçiləri gəlib onu tutaraq maşına mindirmişlər. Orada olan Emin adlı polis əməkdaşı ilə aralarındakı münasibət pozulmuşdur. Yaxınlıqdakı şamlığın yanında içərisində narkotik vasitə olan bükülünü ona verərək həmin maddələrin onun olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu bölməyə aparmışlar. Orada ona təzyiqlər göstərilmişdir. Videoçəkiliş olmuş, orada narkotik vasitəni boynuna almasını istəmişlər. O da, təzyiqlərə dözməyərək bununla razılaşmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs təzyiqlərə məruz qaldığı üçün polis işçilərinin dedikləri ilə razılaşdığını, istintaq təcridxanasında ona qarşı təzyiqlər edilmədiyini və orada müayinədən keçdiyini, üzərində heç bir xəsarət izləri olmadığını, əvvəllər məhkumluğu olduğunu, polis işçilərini Rəcəbin çağırdığını, gələn polislərin sayının çox olduğunu, həmin hadisədən 7-8 ay əvvəl də onun oğurluğa görə polis bölməsinə aparıldığını, həmin vaxtdan Emin adlı polis əməkdaşını tanıdığını və Eminlə mübahisəsi olduğunu, polis işçiləri tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı şikayət etmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ildir narkotik və psixotrop maddələr qəbul edir. Bu səbəbdən narkotikə olan tələbatını ödəmək üçün müxəlif vaxtlarda müxtəlif şəxslərdən alıb istifadə etmişdir. 12 İyul 2025-ci il tarixdə əvvəlcədən “Sabir” adı ilə tanıdığı, internet üzərindən tanış olduğu real həyatda görmədiyi İran İslam Respublikasının vətəndaşı +98 914 *** ** ** mobil telefon nömrəsindən ««WhatsApp»» proqramı vasitəsilə onunla əlaqə saxlayıb, Xəzər rayonu, Şüvəlan qəsəbəsində gizlədilmiş narkotik vasitənin GPS ünvanını göndərib, həmin narkotik vasitəni tanımadığı şəxsə verməyi və bunun müqabilində həmin şəxsdən 2 qram narkotik vasitə olan “kakos” alacağını bildirmişdir. O da, bundan bir neçə dəqiqə sonra «WhatsApp» vasitəsilə göndərilmiş Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsi, tikinti materiallarının satışı mağazasının yaxınlığındakı GPS ünvanına gəlmiş, orada gizlədilmiş narkotik vasitəni götürüb bir qədər aralaşdıqdan sonra 12 iyul 2025-ci il tarixdə saat 23:20 radələrində iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün saxlanıldığını izah etmişlər. Ona videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı izah olunmuş, o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan gizli cibində olan 1 ədəd qara rəngli selofana bükülmüş bükümü, yəni həmin bükümün İçində olan 1 büküm heroini və 1 büküm metamfetamini, 95 manat pulu, şalvarın sol yan cibində olan 1 ədəd alışqanı polis əməkdaşlarına təqdim etmişdir. Sonra 1-ci Polis şöbəsinə gətirilmiş, qanunsuz maddələr təhqiqatçıya təhvil verilmiş, daha sonra 1-ci Polis şöbəsində onun üstü yoxlanılmışdı Bundan sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 20,46 qram təşkil etmişdir. Sonradan həmin kütlə, pul və alışqan polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və onlar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsə məxsus olmasını, həmin maddələri götürüb başqa şəxsə verəcəyini bildirmişdir. Təxminən 20 ildir narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Bu səbəbdən öz narkotik vasitəyə olan təlabatını ödəmək üçün həmin şəxsin dediklərini etmişdir. Həmin vaxt bu addımı atarkən bunun satış niyyətini həyata keçirmək olduğunu bilməmişdir. Sonradan başa düşmüşdür ki, bu narkotik vasitələrin əlbir olub bir qrup şəxs halında satışını həyata keçirməkdir. Dəqiq olaraq ona narkotik vasitə və psixotrop maddə verən şəxsin harada olmasını və haralı olmasını bilmir. Özünü Sabir adı ilə təqdim edən şəxslə sosial şəbəkədə tanış olmuş, yalnız “«WhatsApp»” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb danışmışdır. Heç vaxt onu görməmişdir. Sadəcə olaraq o, özü İran İslam Respublikasının vətəndaşı olduğunu demiş, o da, düşünmüşdür ki, yəqin iranlıdır. Amma dəqiqliklə olaraq haralı olmasını bilmir. Telefon danışığında da həmin şəxs sərbəst şəkildə Azərbaycan dilində danışmışdır. Küçədə saxlanılandan sonra 1-ci Polis şöbəsinə gətirilmiş, qanunsuz maddələr təhqiqatçıya təqdim edilmiş, Polis şöbəsində üstü yoxlanılmışdır (Cild 1, iş vərəqi 179-182). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirdi ki, 12 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 iyul 2025-ci il tarixdə təxminən gecə saat 23-24 radələrində Təqsirləndirilən şəxs Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən tikinti materialları satışı mağazasının yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üstünün yoxlanılacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli şalvarın sağ cibindən hərəsi 1 bükümdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs 1-ci Polis şöbəsinə gətirilmiş, təhqiqatçının otağında şəxsi axtarış keçirilərək Təqsirləndirilən şəxs üstü yenidən yoxlanılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçının gözü qarşısında təqdim etdiyi bir ədəd ağ rəngli kağızın içərisində olan şəffaf rəngli selofana bükülmüş 2 ədəd bükülüdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni haradan əldə etməsi soruşulduqda, sonuncu həmin maddələrin İran vətəndaşı Sabir adlı şəxsə məxsus olduğunu, onları aparıb başqa yerə qoymaq müqabilində ona 2 qram narkotik vasitə heroin veriləcəyinə söz verildiyini bildirmişdir. Xidmət etdiyi polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki və psixoloji zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər RPİ, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 12 iyul 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 13 iyul 2025-ci il tarixli raporta əsasən, Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə saat 23:20-də Bakı şəhəri, Xəzər RPİ, 1-ci Polis şöbəsinin əməliyyat müvəkkiləri Şahid1 və Şahid2 tərəfindən Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən tikinti materialları satışı mağazasının yaxınlığında saxlanılmış, üstünün yoxlanılması zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd qara rəngli selofana bükülmüş psixotrop maddə və narkotik vasitə aşkar edilərək götürülmüşdür (Cild 1, iş vərəqi 14). İş materiallarında olan 13 iyul 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. O, bir ədəd qara rəngli “Sumsung” markalı mobil telefonu təhvil vermiş, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1, iş vərəqi 38-40). Cinayət işində olan 16 sentyabr 2025-ci il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs üstünün yoxlanılması videogörüntülərinin yükləndiyi 1 ədəd DVD diskdə əks olunanlar 13 iyul 2025-ci il tarixli raportda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunur (Cild 1, iş vərəqi 149). Cinayət işində olan 16 sentyabr 2025-ci il tarixli baxış protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci Polis şöbəsində şəxsi axtarış keçirilməsi videogörüntülərinin olduğu 1 ədəd DVD diskə baxış keçirilmiş, bu zaman həmin görüntülərin 13 iyul 2025-ci il tarixli protokolda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (Cild 1, iş vərəqi 148). Cinayət işində olan 16 sentyabr 2025-ci il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürmə aparılmasına dair videogörüntülərinin yükləndiyi 1 ədəd CD-R diskdə əks olunanların 13 iyul 2025-ci il tarixli protokolda qeyd edilənlərlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (Cild 1, iş vərəqi 150) Məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2025-ci il tarixli 6/2422 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunaraq...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,162 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir bükümdə təmiz çəkisi 8,895 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild 1, iş vərəqi 47-51). Məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2025-ci il tarixli 4828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqi 131-132). Məhkəmə-psixiatrik ekspertizasının 25 iyul 2025-ci il tarixli 2415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (Cild 1, iş vərəqi 144-147). İbtidai istintaq orqanının 17 sentyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 9,162 qram metamfetamin və təmiz çəkisi 8,895 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 9,112 qram metamfetamin və 8,895 qram heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlama kamerasına təhvil verilmişdir (Cild 1, iş vərəqi 197-208). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177,2.1, 177,2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 1200 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqi 114-115, 139-143). Cinayət işinə əlavə edilmiş Amnistiya aktının tətbiq olunması barədə 28 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Hazırda onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, saxlanılarkən üstündə qanunsuz heç nə olmadığını, polis işçilərinin təzyiqləri altında ona aid olmayan narkotik vasitələri özününkü kimi etiraf etməyə məcbur olduğunu bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına və cinayət işinə əlavə edilmiş videogörüntülərə görə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən güclü narkotik təsiri altında olmuş, şübhəli şəxs qismində saxlanılıb videoçəkiliş aparılmaqla şəxsi üstü yoxlanılarkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin İran vətəndaşı “Sabir” adlı şəxsə məxsus olduğunu, həmin maddələri götürüb başqa şəxsə verməli olduğunu, təxminən 20 ildir ki, narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini, özünün narkotik vasitəyə olan tələbatını ödəmək üçün iranlı kimi tanıdığı şəxsin dediklərini etdiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 14 iyul 2025-ci il tarixli qərara əsasən, bununla bağlı keçirilən məhkəmə iclasında verdiyi izahatında təqsirləndirilən şəxs verilmiş ittihamı qismən qəbul edərək aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin onun üzərində olduğunu, İran vətəndaşından götürdüyünü, lakin onu satmaq niyyətində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 070 669-80-80 saylı mobil telefon nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 13 iyul 2025-ci il tarixədək daxil olan və çıxan zənglərə, SMS danışıqlarına dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, həmin məlumatlarda şəxsin ittiham olunduğu müddətə uyğun gələn dövrdə mobil telefonla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS yazışmaları müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, ona edilən təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini şəxsin məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Asif Şahpələngövun ibtidai istintaq zamanı aşkar olunmuş qanunsuz əşyaların özünə məxsus olması, həmin maddələri tanımadığı İran vətəndaşından əldə edib saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə olmaqla ayrı-ayrı bükümlərə ayrılmasını, eləcə də aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən bir neçə dəfə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Amnistiya aktının tətbiq olunması barədə 28 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdarılması cəzasına məhkum edilməsinə və Amnistiya aktının tətbiq olunması barədə 28 yanvar 2026-cı il tarixli qərarına əsasən təyin olunmuş cəzadan azad olunmasına, onun məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən həmin məhkumluq cinayətlərin residivini yaratmır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməklə, təyin olunacaq cəzanın başlanğıcı 12 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi, 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən faktiki olaraq saxlanılmış və 13 iyul tarixinə keçən gecə şübhəli şəxs qismində tutularaq hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2025-ci il tarixli 4828 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,845 qram çəkidə narkotik vasitə heroin və 9,112 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 65 (altımış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 №-li qərarına əsasən hər iş saatı üçün 11 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini vəkil X3 həyata keçirmiş və ona 440 (dörd yüz qırx) manat məbləğində müdafiə xərcləri hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 8,845 qram çəkidə narkotik vasitə heroin və 9,112 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altımış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X2 ödənilməli olan 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar