Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1833/2025 14.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda və mənbədən sonuncunun göstərişi əsasında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda - 1.005 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1.965 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 05 iyun 2025-ci il tarixdə, saat 00:34-də ünvan 1 ünvanın qarşısında saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan sellofan torbanın içərisindən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir müddət narkotik vasitələrdən istifadə etsə də, onun satışı ilə məşğul olmamışdır. Həbs olunmamışdan əvvəl 3-cü mikrorayon dairəsi yaxınlığında obyektlərin birində fəhlə işləmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əfsun” adlı şəxsdən “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq əldə etmişdir. 05 iyun 2025-ci il tarixdə şəxsi istifadəsi üçün 10 qram marixuana almaq üçün yenidən Əfsunla əlaqə saxlamışdır. Bundan sonra Əfsun ona narkotikin qoyulduğu yerin məkanını “WhatsApp” vasitəsilə göndərmişdir. O da göndərilən məkan üzrə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsinə gələrək yaşayış binalarından birinin 3-cü mərtəbəsinə qalxmış, orada sayğacın arxasında olan marixuananı götürmək istəsə də, orada onu tapa bilməyib getmək istəmişdir. Bu zaman həyətdə bir nəfər mülki geyimli şəxsin telefonda kiminləsə danışıb “burada tutmuşam, bu həmin şəxsdir” dediyini eşitmiş və onun polis əməkdaşı olmasını ehtimal edib hadisə yerindən qaçaraq 4-cü mirkrorayon ərazisindəki dairəyə qədər gəlib dayanmışdır. Lakin, 6 nəfər mülki geyimli şəxs onu saxlamış və “Mercedes-Benz” markalı avtomobilin yük hissəsindən qara rəngli torbanı gətirərək ona verib bunu boynuna götürməli olduğunu, əks təqdirdə başına oyun açacaqlarını demişlər. Sonra onu mobil nömrəsinə gələn məkana apararaq orada üzərinə guya baxış keçirmişlər. Videoçəkilişdən əvvəl polislər onu döyüb təhqir etmiş və ona yalnız narkotik vasitənin istifadəçisi kimi ittiham irəli sürəcəklərini bildirmişlər. O da göstərilən təzyiqlər nəticəsində məcbur qalıb polis əməkdaşlarının dediklərini etmişdir. “Hüseyn” adlı şəxsi tanımır, onunla heç vaxt əlaqə saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 iyun 2025-ci il tarixdə xidmətdə olarkən “Baba” adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat tədbirləri ilə bu şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, Bu məlumatın yoxlanılması üçün ondan və şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əldə etdikləri məlumat əsasında ünvan 1 ünvana getmişlər. Saat 00:34-də həmin ünvanda olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olduğunu bildirib üzərində yoxlama aparılacağını söyləmişlər. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra ona üzərində olan əşyaların təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əlində olan ağ rəngli paketi təqdim edib orada marixuana və heroin olduğunu bildirmişdir. Paket açıldıqda içərisindən 01 ədəd böyük bağlamada marixuanaya bənzər kütlə və 01 ədəd bükümdə heroinə oxşar maddə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd “İtel” markalı mobil telefonu, 11 manat pulu, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqanı, 01 ədəd “BakıKart”ını təqdim etmişdir. Daha sonra onun üstü yoxlanılmış və başqa əşya aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etdiyini, təqdim etdiyi narkotik vasitələri İran vətəndaşı “Hüseyn” adlı şəxsdən əldə etdiyini və onları deyiləcək yerlərə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümlər və mobil telefon qablaşdırılmaqla götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Sonra o, 19-cu polis şöbəsinə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı zor tətbiq edilməmiş, qanunsuz təsir göstərilməmiş, habelə digər hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahidlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə əsasən Təqsirləndirilən şəxs ünvan 1 ünvanda saxlanılır. Saat 00:34-də onun üzərində yoxlama aparılmağa başlanılır. Təqsirləndirilən şəxs bildirir ki, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zora məruz qalmayıb. Sonra o, əlində olan 01 ədəd sellofan torbanın içərisində marixuana və “kola” olduğunu bildirib onları çıxarır. Daha sonra şalvarının ciblərindən 11 manat pulu, 1 ədəd “BakıKartı”nı, 1 ədəd ətiri və 1 ədəd “İtel” markalı telefonu, 1 ədəd siqaret qutusunu və içərisində olan alışqanı çıxarıb təqdim edir. Daha sonra onun üzəri yoxlanılır və digər əşyalar aşkar edilmir. Aşkar olunan narkotik vasitə heroinə və vasitə marixuanaya bənzər maddələr olan bağlamalar, telefon qablaşdırılır, saxlanılan şəxs tərəfindən imzalanır və götürülür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar olunmuş maddələri “Hüseyn” adlı İran vətəndaşından alıb, zəng edib onunla danışıb, sonuncunun dediyi yerdən onları götürüb “konum” atdığı yerlərə qoyacaqdır (İ cild, i.v.08-10; disk); • “Şübhəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrində qeyd olunur ki, o, uzun müddətdir narkotik vasitə istifadə edir. Narkotik vasitəni hər dəfə əldə etmək üçün pulu olmadığından həm də onun satışı ilə məşğul olmağa başlayıb. Belə ki, sosial şəbəkə vasitəsilə İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxslə tanış olmuş və həmin şəxsdən həm istifadə etmək, həm də satmaq üçün narkotik vasitə almışdır. X8 Respublikası vətəndaşı olan şəxsin tapşırığı ilə göndərdiyi narkotik vasitələri deyilən ünvanlara aparıb çatdırmış, əvəzində istifadə etmək üçün narkotik vasitə əldə etmişdir. Habelə, İran İslam Respublikası vətəndaşı olan şəxsin dediyi şəxslərə də nakrotik vasitə satmışdır. Sonuncu dəfə 04 iyun 2025-ci il tarixdə “Hüseyn” adlı şəxs ona bir ünvanın məkanını göndərib həmin yerə narkotik vasitə qoyduğunu və bağlamada olan narkotiki götürüb özündə saxlamağını, müştəri tapdıqda satacaqlarını demişdir. O da 05 iyun 2025-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsinə gəlib ünvanı ona göndərilən yerdən bir ədəd sellofan torbanı götürərək həmin küçə ilə hərəkət edən zaman saat 00:34-də 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis olduqlarını demiş və barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib üzərində yoxlama aparılacağını söyləmişlər. O da əlində olan sellofan torbadan heroin olan 01 ədəd bükümü və qurudulmuş marixuana olan 01 ədəd bükümü çıxarıb təqdim etmişdir.......Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (İ cild, i.v.61-63, 70-72, 156-158); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • xx.xx.2025-ci il tarixli, 6/2094 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 1.005 qr (1kq 5qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 1.004,8 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.49-52); • xx.xx.2025-ci il tarixli, 7/826 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.965,0 qr olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 1.964,9 qram, aparılmış tədqiqatın dəyəri isə 72 manat təşkil edir (İ cild, i.v.54- 56); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında” xx.xx.2025-ci il tarixli, 3363 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.135-136); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı” və “Müayinə aktı”ndan olan çıxarışda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə daxil olması və onda xəsarət və şikayətinin olmamasına dair qedlər aparılıb (İİ cild); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2025-ci il tarixli 792 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmir (İ cild, i.v.133-134); • “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs götürülmüş “İtel” markalı mobil telefonun “WhatsApp” mobil tətbiqinə baxış zamanı +98 914706 6873 nömrəli kontakt tərəfindən narkotik vasitənin qoyulduğu yerin işarələnmiş vəziyyətdə fotoşəkillərinin göndərilməsi aşkar olunur (İ cild, i.v.74-76); • “Baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş sənədlərə görə, Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş, diskdəki məlumatlar təhlil olunarkən ***-***-**-** saylı GSM nömrəsindən İran İslam Respublikasına məxsus olan beynəlxalq ölkə kodu +98 ilə başlayan ********** saylı mobil nömrə ilə 2025-ci il 25 və 27 may tarixlərində danışıqların baş tutması müəyyən edilir (İ cild, i.v.105-116); • Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı müvafiq olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən həmin nömrədən İran İslam Respublikasına məxsus olan beynəlxalq ölkə kodu +98 ilə başlayan ********** saylı mobil nömrə ilə 2025-ci il 25 və 27 may tarixlərində əlaqələrin olması müəyyən edilir (İ cild, i.v.122-124); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)- 376/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli həmin gündən hesablanmışdır (İ cild, i.v.84-88); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunsa da, hazırda onun ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.96-97); • “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1.004,8 qram çəkidə narkotik vasitə heroin və 1.964,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “İtel” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.142- 149); • “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Hüseyn” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır (İ cild, i.v.164); • “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır (12-ci bənd); bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir (16-cı bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin xüsusilə külli miqdar (təmiz halda) daxil olmaqla aşağı həddi 800 qram, narkotik vasitə qurudulmuş marixuananın külli miqdar (təmiz halda) daxil olmaqla aşağı həddi 500 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda və mənbədən sonuncunun göstərişi əsasında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda - 1.005 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1.965 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, 05 iyun 2025-ci il tarixdə, saat 00:34-də ünvan 1 ünvanın qarşısında saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan sellofan torbanın içərisindən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunaraq polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmadığını, hadisə yerinə şəxsi istfadəsi üçün az miqdarda narkotik vasitə götürmək üçün getdiyini, narkotik vasitəni tapa bilmədiyini və həmin yerdə polis əməkdaşının olmasından şübhələndiyi üçün qaçaraq oradan uzaqlaşdığını, ittiham aktında göstərilən maddələrin təzyiq altında boynuna götürdüyünü bildirsə də, təqsirləndirilən şəxsin hadisə yerində üzərinin video çəkilişlə yoxlanılması zamanı və ibtidai istintaq dövründə vermiş olduğu ifadələri, şahid ifadələri, üzərindən aşkar olunmuş maddələrin çəkiləri, mobil telefonundan götürülmüş şəkillər, habelə İran İslam Respublikasına aid telefon nömrələri ilə qurduğu əlaqələr onun tərəfindən xüsusilə külli miqdarda narkotik vasitə olan heroini, habelə külli miqdarda olan marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında yayılmasına yönəldilmiş hərəkətlərin edilməsi tam sübuta yetirilir. Bununla da onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi müəyyən edilir. Eyni zamanda, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsinə iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi subutları saxlama otağında saxlanılan, qalıq qalan 1.004,8 qram çəkidə narkotik vasitə heroin və 1.964,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd “İtel” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatlarının dəyəri 186 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 330 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 186 (yüz səksən altı) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, qalıq qalan 1.004,8 qram çəkidə narkotik vasitə heroin və 1.964,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “İtel” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 330 (üç yüz otuz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1833/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1833/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver