Məhkəmə qərarları › İş №1(101)-1834/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1834/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1834/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Ekol” vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs-mülki iddiaçı Qanuni nümayəndə, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.1ci maddələri təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və 02 il 06 ay cəzası saxlanılmış, xx.xx.2022ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 1 ay 5 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Qanuni nümayəndə və sonuncunun övladı X2 etibarından sui-istifadə edərək, barəsində 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasını 9 saylı Cəzaçəkmə Müəssisəsində çəkən Samir Əliyevin hökmlə təyin edilmiş cəzasının 05 il müddətinə azaldılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq həmin məqsədlə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 45 ünvanında yerləşən «Araz» marketin qarşısında Qanuni nümayəndə məxsus «Mercedes-Benz» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun 40.000 (qırx min) manat nağd pul vəsaitini, 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinin məhkumlarla görüşmək üçün ayrılmış sahədə Samir Əliyevə məxsus 10.000 (on min) manat nağd pul vəsaitini və onun adına olan "xxxx" ASC-nin 4169 7388 3575 8313 nömrəli plastik kart hesabına ünvan 4 ünvanından 29 noyabr 2022-ci il tarixdə 1.000 (bir min) manat, 01 dekabr 2022-ci il tarixdə 250 (iki yüz əlli) və 450 (dörd yüz əlli) manat, sonuncu dəfə isə 02 dekabr 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat köçürülümüş pul vəsaitini, ümumilikdə 52.500 (əlli iki min beş yüz) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib zərərçəkmiş şəxs Qanuni nümayəndə 40.000 manat, digər zərərçəkmiş şəxs X3 isə 12.500 manat yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hüquqşünasdır və 6 il Ali Məhkəmədə hüquqşünas kimi, 7 il isə vəkil kimi fəaliyyət göstərmişdir. O, Samir Əliyevi tələbəlik illərindən tanıyır və onlar birlikdə cəzaçəkmə müəssəsində cəza çəkmişlər. Zərərçəkmiş şəxs Qanuni nümayəndə doğru danışır, o Qanuni nümayəndə edə bilməyəcəyini öncədən bildiyi halda yalan vəd verərək həbsdə olan oğlunun azadlıqdan məhrumetmə cəzasının müddətini aşağı salacağını demiş və ondan 40.000 manat pul almışdır. Lakin, o, pulu ittiham aktında yazılan yerdə yəni, Bakı şəhəri, Xətai rayonunda Xəzər dairəsində olan «Araz» marketin qarşısında yox, ondan qabaqda yerləşən «Araz» marketin qarşısında maşında almışdır. Maşında Səməndərlə ikisi olmuşlar. O, Qanuni nümayəndə yalan vəd verməklə cinayət əməli törətmişdir. Lakin, ittihamın digər bəndləri yalandır. Belə ki, cinayət işi Korrupsiyaya qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başladılsa da, ittiham aktında qeyd olunur ki, ittiham Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başladılmışdır. İş Xətai RPİ-nə göndərilmiş və o İdarəyə dəvət olunaraq məhkəmədə verdiyi ifadəni vermiş, əməlini etiraf etmişdir. Cinayət işi materiallarına onun axtarışda olmağına dair sənədlər tikilmişdir. Lakin o axtarışda olmamışdır. 2023-cü ilin dekabr ayına qədər o dəfələrlə Xətai RPİ-nə dəvət olunmuşdur. Ona heç bir fiziki təzyiq olmasa da, idarədə ona psixoloji təzyiqlər edilərək ittihamın Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə tövsif edilməsi təklif olunmuşdur. O, bu təklifi qəbul etməmişdir. 27 dekabr 2023-cü il tarixində müstəntiq onu Xətai RPİ-ə dəvət edərək ona tutma prosessual məcburiyyət tədbiri tətbiq etmişdir. O, çox xahiş etmişdir ki, 29 dekabr 2023-cü il tarixində oğlunun doğum günü var və onu həmin gün sanksiyaya çıxarmasın. Lakin 29 dekabr 2023-cü il tarixində o həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə çıxarılmışadır. Hakim onun az ağır cinayətdə ittiham olunmağıyla bağlı barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Bütün proseslər bundan sonra başlamışdır. Müstəntiqə məlum imiş ki, az ağır cinayətlə aparılan işlərin istintaq müddəti az olur. İş materiallarına baxılsa 27 fevral 2024-cü il tarixində onun xəbəri olmadan cinayət işinə barəsində olan ittihamın Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə tövsif edilməsinə dair sənədlər tikilmişdir. Onun xəbəri olmadığını belə sübut edə bilər ki, o 16 aprel 2024-cü il tarixində ibtidai istintaq vaxtı vəsatət qaldırmış, vəsatət işə tikilsə də vəsatətin tarixi saxtalaşdırılmışdır. O, isə yazdığı vəsatətin surətini özündə saxlamış və təqdim edir. Təqdim etdiyi sənədin kserosurətində Samir Əliyev hələ şahid kimi tanınırmış və zərərçəkmiş şəxs deyilmiş. O, Samir Əliyevlə cəzaçəkmə müəssisəsində görüşməmişdir. Cəzaçəkmə müəssisəsində mümkün deyil ki, xüsusilə ağır cinayətə görə məhkum olunan məhkumun cibində 10.000 manat pul olsun. Ərizədə ilk dəfə zərər 53.000 manat yazılmışdır. Sonra 50.000 manat qeyd olunmuşdur. O, etiraf edir ki, o axmaqlıq edərək Qanuni nümayəndə yalan vəd verib ondan 40.000 manat pul almış, lakin o Samir Əliyevdən 10.000 manat pul almamışdır. O, çalışacaq ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Qanuni nümayəndələ barışıq əldə etsin. O, ittihamın tövsif edilməsi ilə razı deyil, əməlində külli miqdarda zərər yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Samir Əliyev onun oğludur. Oğlu DİN-in Qaradağ, Nizami rayonu ərazilərində cinayət axtarış İdarəsində işləmişdir. Oğlu həyat yoldaşını qətlə yetirdiyindən qəsdən adam öldürmə maddəsi ilə 2015-ci ilin iyul ayında həbs edilmiş və 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Oğlu cəzasını 9 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Təqsirləndirilən şəxs onun oğluyla BDU-nun hüquq fakültəsində təhsil almış, sonra isə Təqsirləndirilən şəxs da 9 saylı cəzaçəkmə müəssisəsində oğluyla birgə cəza çəkmişdir. Oğlu Samir ona demişdir ki, cəzaçəkmə müəssisəsində Ali Məhkəmədə katib, sonra vəkil işləyən yerlisi var və ona cəzasının azaldılmasında kömək edəcək. O, Səməndərə demişdir ki, Ruhid dələduzluq cinayəti törədərək məhkum olunmuş və ona inanmaq olmaz. Amma oğlu onu inandırmışdır ki, Ruhid təmiz adamdır, o sadəcə başqa şəxslərin günahını boynuna götürüb deyə cəza çəkir. Oğlu təkid etmişdir ki, ona yox, Təqsirləndirilən şəxs inansın. Təqsirləndirilən şəxs oğlunun cəzasının azaldılması üçün oğlundan 100.000 manat pul istəmişdir. Oğlu demişdir ki, ilk dəfə üçün Ruhidin işi həll etməsi üçün ona 40.000 manat pul verməlidirlər, sonra qalan məbləği ödəməlidirlər. O, Ruhidlə Bakı şəhəri, Xətai rayonunda «Araz» marketin qarşısında görüşmüş və maşında əlbəəl Ruhidə 40.000 manat pul vermiş, Ruhid pulları sayaraq götürmüşdür. Ruhid ifadəsində demişdir ki, onlar Bakı şəhəri, Xətai rayonunda Xəzər dairəsində olan «Araz» marketin qarşısında yox, ondan qabaqda yerləşən «Araz» marketin qarşısında görüşmüşlər. Onlar orda da görüşmüşlər amma o pulu Ruhidə Xətai rayonunda «Araz» marketin qarşısında vermişdir. Sonradan Ruhid oğluyla əlaqə saxlayaraq 10.000 manat pul verilməli olduğunu demişdir. Lakin həmin vaxt onlarda pul yox imiş. Ruhid oğluna demişdir ki, güya onun işi üçün öz cibindən 7.000 manat pul qoyub, oğlu da 3.000 manat versin və bütövlüklə 50.000 manat pulu bu işin həllinə görə ödəsinlər. O, pul köçürməyi bacarmadığından 9-cu sinif şagirdi olan nəvəsi kartdan Ruhidin kartına 2.500 manat pul köçürmüşdür. Beləliklə Ruhidə 42.500 manat pul vermişlər. 9 saylı Cəzaçəkmə müəssisəsində məhkumlara kart verilir ki, onlara pul köçürülsün, bu səbədən o, öz "xxxx" kartını oğluna vermişdir. Onun oğluna verdiyi kart da cəzaçəkmə müəssisəsinin rəisinin sürücüsündə imiş. Kartı onda olmasa da o kartına köçürülən və kartından çıxılan məbləğləri bank tərəfindən telefonuna göndərilən sms bildirişlərdən görür. O, oğlu üçün karta 500, 8000 manat hissə-hissə pul köçürüb. O, bütün sms bildirişlərini istintaqa təqdim etmiş və iş materiallarına əlavə etmişlər. Lakin mesajları telefonundan silmiş, çünki 1 ildən artıq müddətdə cihazdan mesajlar silinir. Ruhid deyir ki, onun kartına 2400 manat pul köçürmüşdür. Amma Ruhid həmin 2400 manat pulu ona yox, cəzaçəkmə müəssisəsində vaxtı ilə qaytarmaq şərti ilə aldığı borc pulları həmin borclu olduğu məhkumlara onun kartı vasitəsilə ödəyir. Yəni Ruhidin ödədiyi pul başqa şəxsə, məhkuma olan bocudur və Ruhidin məhkuma borcunu qaytarmağın yeganə vasitəsi onun kartıdır. Ruhid ona olan borcunu ona əlbəəl verə bilər. Oğlu deyir ki, əlavə olaraq Ruhidə 10.000 manat pul köçürmüşdür. O, oğlunun pulu Ruhidə necə verdiyini bilmir, bu barədə məlumatı yoxdur. Yəni o təsdiq edir ki, o Təqsirləndirilən şəxs 42.500 manat pul vermiş, lakin oğlu tərəfindən 10.000 manat pulun Ruhidə verilməsində iştirak etmədiyindən bu barədə heçnə bilmir. Onlar Ruhidlə marketdə də qarşılaşmış, o istəsə həmin an ona olan borcunu ödəyərmiş. O, Ruhidin atasının yanına gedəndə atası deyir ki, oğlu dələduzluq edə bilməz. Ruhidin anası da əvvəlcə etiraz etmiş, lakin sonra əmi oğlundan xahiş etmişdir ki, borcu hissə-hissə ödəyəcəklər. Lakin borcun ödənilməsi nisyə söhbətdir. Əgər Ruhid ona hissə-hissə pul ödəsə imiş o da müəyyən güzəşt edərmiş. Ruhidin borcu ödəməyə cəhd etməməsi saymamazlıqdır. O, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxsla barışıq əldə etməmiş, şikayətçidir və ona vurulan 42.500 manat maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alarkən tanış olmuş, Ruhid onun qrup yoldaşı olmuşdur. Sonradan o 9 saylı cəzaçəkmə müəssisəsində Ruhidlə qarşılaşmışdır. Ruhid cəzaçəkmə müəssisəsində onun cəzasıyla bağlı köməklik edəcəyini deyirmiş. Ruhid cəzaçəkmə müəssisəsindən çıxandan sonra da bu söhbətləri etmişdir. Həmin ərəfədə Ruhid ona tanışları vasitəsilə cəzasını 18 ildən 13 ilə endirə biləcəyini təklif etmişdir. O, Ruhidə inanaraq Təqsirləndirilən şəxs 12.500 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir, barışıq əldə etməmişdir. O, Təqsirləndirilən şəxs ona vurulmuş 12.500 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X4 onun atasıdır. O, Təqsirləndirilən şəxs tanımır, görməmişdir. Atası hazırda Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Atası Samir 2023-cü ilin oktyabr-noyabr aylarında cəzaçəkmə müəssisəsindən xatırlamadığı nömrədən onların ev telefonuna zəng edərək ona bildirmişdir ki, köçürəcəyi pulu Ruhid Ələkbərovun kartına köçürsün. Atası Samir xatırlamadığı məbləğdə pulu hissə-hissə göndərirmiş və o da həmin pulları Təqsirləndirilən şəxs köçürmüşdür. O, ümumilikdə hansı miqdarda pulu Təqsirləndirilən şəxs köçürdüyünü xatırlamır. O, pulu karta köçürəndə “Ə.R” yazıldığını görmüşdür. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Qanuni nümayəndə bildirmişdir ki, o, kartda olan pulu onlayn qaydada Ruhidə köçürürmüş. O, heç vaxt Təqsirləndirilən şəxsla görüşməmişdir. O, Təqsirləndirilən şəxs neçə dəfə pul köçürdüyünü bilmir. O, pulu terminaldan yox, telefonda olan hesabdan Təqsirləndirilən şəxs köçürmüş və ödəniş qəbzləri telefonda qalmışdır. Lakin o hazırda telefonunu satmışdır. Deyəsən, Təqsirləndirilən şəxs 40.000-50.000 manat ziyan vurmuşdur. Kart babasının adınadır. Babası Təqsirləndirilən şəxs pul köçürdüklərini bilirmiş. Babası pul köçürməyi bacarmadığından pulu o köçürürmüş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösrtərmişdir ki, o, uzun müddət Quba rayon Polis Şöbəsində əməliyyat müvəkkili işləmiş və Təqsirləndirilən şəxs və Samir Əliyevi orda işlədiyi vaxtdan tanımışdır. O, 9 saylı cəzaçəkmə müəssisəsində X4 və Təqsirləndirilən şəxs ilə bir yerdə cəza çəkmişdir. O, 6 sentyabr 2022-ci ildə 9 saylı cəzaçəkmə müəssisəsindən çıxmışdır. Samir Əliyev 2022-ci ilin ya oktyabr, ya da noyabr-dekabr aylarında ona zəng edərək Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir dəfə onların yanına gəldiyini deyib onun doğru danışdığını təsdiq edib-etməyəcəyini soruşmuş, o da təsdiq etmişdir. Samirlə telefon vasitəsilə danışan zaman Samir ona bildirmişdir ki, ona təyin edilmiş cəzanın azaldılması məqsədi ilə köməklik göstərilməsi üçün Ruhidə 53.000 manat məbləğində pul vermişdir. Lakin, o, X8 Əkbərova pul verilməsində iştirak etməmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 103-105-ci vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «...Ruhid ona təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra azadlığa buraxılmış, lakin buna baxmayaraq, hazırda dəqiq tarixlərini xatırlamır bir neçə dəfə onun yanına görüşə gəlmiş və həmin görüş zamanı Ruhid onunla yanaşı, digər tanıdığı Qubalı məhkumlarla, həmçinin Samirlə də görüşmüşdür. Lakin Ruhidlə onların arasında hansı mövzuda söhbət olmasından məlumatsızdır. Bundan əlavə bildiyinə görə Ruhid o, azadlığa buraxıldıqdan sonra da, bir neçə dəfə CÇM-ə gedərək, orada Qubalı məhkumlar, həmçinin Samirlə də görüşmüşdür. Bir neçə aydan sonra o, Samirlə telefon vasitəsi ilə danışan zaman Samir ona bildirmişdir ki, ona təyin edilmiş cəzanın azaldılması məqsədi ilə köməklik göstərilməsi üçün Ruhidə ümumilikdə 53.000 (əlli üç min) manat məbləğində pul vermişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, indi yadına düşür ki, Samir ona telefonda bildirmişdir ki, Təqsirləndirilən şəxs 53.000 manat pul vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs-mülki cavabdehin, zərərçəkmiş şəxs-mülki iddiaçının, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qanuni nümayəndə 25 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs guya həbsdə olan övladı Samir Əliyevə verilmiş cəzanın müddətini endirəcəyinə söz verərək, onun etibarından sui-istifadə edib aldatmaqla 53.000 manat pulunu mənimsədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə 40.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 45 ünvanında yerləşən «Araz» marketin qarışısını əyani formada göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 215-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 fevral 2024-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan və protokola əlavə edilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, "xxxx" ASC-nin Qanuni nümayəndə məxsus 4169 7377 0994 6020 kart hesabından çıxarışa baxış zamanı müəyyən edilmişdir ki, Qanuni nümayəndə məxsus 4169 7377 0994 6020 nömrəli plastik kart hesabından Təqsirləndirilən şəxs məxsus 4169 7388 3575 8313 nömrəli plastik kart hesabına 29 noyabr 2022-ci il tarixdə 1.000 manat, 01 dekabr 2022-ci il tarixdə 250 və 450 manat, sonuncu dəfə isə 02 dekabr 2022-ci il tarixdə 800 manat olmaqla ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 2-ci cild 36-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2024-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan və protokola əlavə edilmiş ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" ASC-nin 4169 7388 3575 8313 nömrəli plastik kart hesabından çıxarışa baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin kart hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olmuş və çıxarılmışdır. Cinayət işinin 2-ci cild 156-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 aprel 2024-cü il tarixli plastik kart hesablarından çıxarışlara baxış keçirilməsi barədə protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/11941 №-li və xx.xx.2024-cü il tarixli, 2024/111/11941 №-li məktublarla daxil olmuş Qanuni nümayəndə və Təqsirləndirilən şəxs məxsus plastik kart hesablarından çıxarışlarından görünür ki, Qanuni nümayəndə məxsus 4169 7377 0994 6020 nömrəli plastik kart hesabından Təqsirləndirilən şəxs məxsus 4169 7388 3575 8313 nömrəli plastik kart hesabına 29 noyabr 2022-ci il tarixdə 1.000 manat, 01 dekabr 2022-ci il tarixdə 250 və 450 manat, sonuncu dəfə isə 02 dekabr 2022-ci il tarixdə 800 manat olmaqla ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 2-ci cild 77-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin üzləşdirmə zamanı Samir Əliyev istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Ruhid ona tanışları vasitəsilə cəzasını 18 ildən 13 ilə endirə biləcəyini demiş, 100.000 manata bu işi həll edəcəyini demiş, buna görə atası Ruhidə 40.000 manat pul vermiş, daha sonra görüş zamanı o Ruhidə 10.000 manat da pul vermiş, kartdan isə 3000 manat pul Ruhidə atılmışdır. Üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs da onun 30.000 manat pulu götürdüyünü, aldığı 30.000 manatı maliyyə çətinliyi olduğu üçün şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 162-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X1 13 may 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Qanuni nümayəndə və X4 barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız, 40.000 manat pul almışdır, ittihamda qeyd edilən məbləğdə yox. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar edən ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib məhkəmədəki ifadələrinin təkzib olunduğunu və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxs-mülki cavabdehin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxs-mülki iddiaçının, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs-mülki cavabdehin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxs-mülki iddiaçının, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs niyyəti pulu ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin pulunu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsi olmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özüdə etiraf etmişdir ki, Qanuni nümayəndə edə bilməyəcəyini öncədən bildiyi halda yalan vəd verərək həbsdə olan oğlunun azadlıqdan məhrumetmə cəzasının müddətini aşağı salacağını demiş və ondan 40.000 manat pul almışdır. O, Qanuni nümayəndə yalan vəd verməklə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və 02 il 06 ay cəzası saxlanılmış, cinayət işinin 1-ci cild 58-62-ci vərəqələrində olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 1 ay 5 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən az ağır, ağır və xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin məzmunundan görünür ki, Cinayət Məcəlləsi vaxtından əvvəl şərti məhkum edilmiş şəxsin yalnız sınaq müddəti ərzində cinayət törətdiyi halda şərti məhkum etmənin ləğv edilməsini nəzərdə tutur. Belə ki, Təqsirləndirilən şəxs hal-hazırda ittiham edildiyi cinayət əməllərini 2022-ci ilin sentyabr-dekabr ayları ərzində, yəni, xx.xx.2022-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş şərti məhkumetmə dövründə törətmişdir. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs şərti məhkumetmə dövrü başa çatmadan, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə sonuncuya Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1 il 1 ay 5 gün hissəsinə dair xx.xx.2022-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş vaxtından əvvəl şərti məhkumetmə ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 il 1 ay 5 gün hissəsi hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 10 iyul 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ona dəymiş 12.500 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qanuni nümayəndə 12 iyun 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiyini, ondan şikayətçi olduğunu, ona dəymiş 42.500 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində residiv olmasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 1-ci cild 89-cu vərəqəsində olan 27 dekabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 121-127-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 4(011)-798/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 dekabr 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X1 27 fevral 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qanuni nümayəndə 12 iyun 2024-cü il tarixdə ərizə ilə və mülki iddianın verilməsinə dair dövlət rusumunu ödənilməsi barədə qəbzini təqdim edərək, mülki iddiaçı qismində tanınmasını və ona dəymiş zərərin Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Qanuni nümayəndə 42.500 manat pulu təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tələb etmiş və məhkəmədə həmin mülki iddianı müdafiə edərək, mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxs Qanuni nümayəndə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia təmin edilməli, zərərçəkmiş şəxs Qanuni nümayəndə dəymiş maddi ziyan 42.500 manat pul Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Qanuni nümayəndə ödənilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, sonuncu dəymiş ziyanla bağlı mülki iddia verərkən dövlət rusumunu ödəmədiyi səbəbindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 22 dekabr 2023-cü il tarixli, 3-13-16/2- 178817/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyaytda yoxdur. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş 25 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında olan daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə hissəsi ləgv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 1(bir) il 1(bir) ay 5 (beş) gün müddət şərti olaraq vaxtından əvvəl azad edilmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxs Qanuni nümayəndə mülki iddiası təmin olunsun və sonuncuya dəymiş maddi ziyan 42.500 manat pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Qanuni nümayəndə ödənilsin. Zərərçəkmiş şəxs X3 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar