Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1836/2021 25.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti X3, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına 01 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–1836/2021 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi üzrə ittiham aktı 27 oktyabr 2021-ci il tarixdə Suraxanı rayon prokuroru tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 22 noyabr 2021-ci il tarixdə, saat 10:00-a təyin edilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı, habelə müdafiəçi vəsatətlərlə çıxış edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələblərini rəhbər tutmaqla, cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Dövlət itthamçısı eyni zamanda məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmasını və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin bir ay müddətə uzadılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində göstərmişdir ki, cinayət işi üzrə ittiham aktı 27 oktyabr 2021-ci il tarixdə Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, hazırlıq iclasından əvvəl iş materialları ilə tanışlıq zamanı və məhkəmənin 15 və 22 noyabr 2021-ci il tarixli hazırlıq iclasları zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin tələblərinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə iş üzrə icraat təqsirləndirilən şəxs sağalanadək dayandırılmış, həmin qərar əsasında o, 23 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Ümumi tipli Psixiatriya Stasionarına məcburi müalicəyə qəbul olunmuş, Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli qərarı əsasında məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 16 dekabr 2011-ci il tarixdə evə yazılmış və 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim psixiatr kabinetində müvafiq qeydiyyata götürülmüşdür. 20 noyabr 2020-ci il tarixli 15 saylı Birləşmiş Şəhər Xəstəxanasından və 12 aprel 2021-ci il tarixli Bakı Baş Səhiyyə İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktublarda Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin rejiminə əməl etmədiyi, vaxtında müraciət etmədiyi, həkim məsləhət komissiyasının çağırışlarına gəlmədiyi göstərilmişdir. Həm də qeyd edilmişdir ki, bu barədə Suraxanı rayon Polis İdarəsinə məktub da göndərilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs həkim məsləhət komissiyasının çağırışlarına gəlməmişdir. Ona görə də bu halların nəzərə alınaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin ləğv edilərək ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Yuxarıda qeyd edilən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli qərarı cinayət işinin ibtidai istintaqı zamanı istintaq orqanı tərəfindən əldə edilərək iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin eksperti X4 tərəfindən təkbaşına verilmiş 25 sentyabr 2021-ci il tarixli 2242 saylı ambulator məhkəmə-psixiatrik ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs “şizofreniya paranoid forma remissiya vəziyyəti” xroniki xəstəliyinin aşkar edildiyi, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmədiyi qeyd edilmişdir. Həmin rəy Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin və “Ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərini pozulmaqla verilmişdir, həm də məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs davranışları adekvat olmadığından həmin rəy haqlı şübhə doğurur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə cinayət prosesində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs və 14 yaşına çatmamış zərərçəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar. Həmin Məcəllənin 100.3-cü maddəsinin tələbinə görə ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərərçəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 100.7-ci maddəsinin tələbinə əsasən cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısı bu Məcəlləyə uyğun olaraq öz hüquqlarını müstəqil həyata keçirə bilməz. Həmin hüquqları bu Məcəllədə nəzərdə tutulmuş qaydada onun qanuni nümayəndəsi həyata keçirir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 486-cı maddəsinin tələbinə əsasən şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həkim komissiyasının rəyinə əsaslanmış təqdimatı üzrə məhkəmə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır. Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında vəsatəti şəxsin yaxın qohumları, qanuni nümayəndələri və digər maraqlı şəxslər qaldıra bilərlər. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və dəyişdirilməsi məsələləri tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi yer üzrə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 487-ci maddəsinin tələbinə əsasən məhkəmə, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edildiyi şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi haqqında qərar çıxarır və cinayət işini ibtidai araşdırmanın aparılması və ya məhkəmə baxışının keçirilməsi üçün göndərilməsi haqqında məsələni həll edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin tələblərinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə iş üzrə icraat təqsirləndirilən şəxs sağalanadək dayandırılmış, həmin qərar Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs qismində olmasını təsbit etsə də, hazırkı iş üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin və “Ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərini pozmaqla məhkəməpsixiatrik ekspertiza rəyinin verilməsi, müvafiq qərar iş materiallarına əlavə edildikdən sonra Təqsirləndirilən şəxs istintaq orqanına cinayət prosessual fəaliyyəti qabiliyyəti olmaması məlum olduqdan sonra onun qanuni nümayəndəsinin təyin olunmaması və sonuncunun iştirakı ilə prosessual hərəkətlər edilməməsi cinayət-prosesual qanunvericiliyin müddəalarının kobud pozulması olmaqla təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Beləliklə, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə cinayət işi üzrə dövlət ittihamçısının təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etməsini, həmçinin iş üzrə əlavə istintaq hərəkətləri aparılması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 vəsatəti də oxşar məzmunludur. Məhkəmə hesab edir ki, vəsatətlər əsaslıdır və təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 303.1-ci, 303.3.1-ci, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı :
1. Dövlət ittihamçısının və müdafiəçinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Bakı şəhəri Suraxanı rayon prokuroruna qaytarılsın.
2. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X1 barəsində xüsusi qərar çıxarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılsın.
4. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).