Məhkəmə qərarları › İş №1(101)-1837/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1837/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1837/2022 02.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Babayeva Leyla İsa qızının, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili İsmayılova Elmira Fətulla qızının iştirakları ilə, 05 aprel 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Quliyev Rauf Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quliyev Rauf Rəfail oğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, naməlum vaxtda və mənbədən qanunsuz yolla əldə etdiyi çətənə bitkisinin toxumlarını həyətyanı sahəsində əkib xx.xx.2022-ci il tarixədək onlara aqrotexniki qaydada qulluq göstərərək qanunsuz olaraq 69 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Sabunçu RPl-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı Quliyev Rauf Rəfail oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində axtarış və götürmə aparılarkən kultivasiya olunmuş vəziyyətdə ümumi sayı 69 (altmış doqquz) ədəd, yaş vəziyyətdə bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli- çətənə (kannabis) bitkiləri aşkar edilərək çıxarılıb götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Quliyev Rauf Rəfail oğlu ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsiylə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası deyilən yerdə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. O, narkotik vasitənin marixuana növündən çəkmək yolu ilə istifadə edirмиш. Narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin narkotik vasitəni Sabunçu rayonu ərazisində tanımadığı müxtəlif şəxslərdən alırmış. Bu səbəbdən də özü yaşadığı evinin həyətyanı sahəsində şəxsi istifadəsi üçün narkotik vasitə marixuana əkmək qərarına gəlmiş və təxminən iki il ərzində çəkdiyi marixuananın toxumlarını yığıb saxlayaraq xx.xx.2022-ci il tarixdə hazırda yaşadığı Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində əkib qulluq eləməyə başlamışdır. Ailə üzvlərinə isə əkib becərdiyi bitkilərin pomidor şitilləri olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:10 radələrində yaşadığı evin yaxınlığında olarkən ona polis əməkdaşları yaxınlaşıb özləri ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getməyini təklif etdikdə, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin PB-nə getmişdir. Orada ona müdafiəçi təqdim olunmuşdur. Sonra xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokollar tərtib edilmişdir. O da həmin protokolları imzalamışdır. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, yaşadığı evin həyətyanı sahəsində marixuana kolları əkməyi barədə onlarda məlumatlar vardır. Ona görə də həyətyanı sahəsinə də baxış keçirmək istəyirlər. O, etiraz etməyərək səmimi etiraf etmişdir ki, yaşadığı evin həyətyanı sahəsində marixuana kolları əkmiş və şəxsi istifadəsi üçün həmin kolları becərir. Bundan sonra o polis əməkdaşları ilə birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş Karxanasında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişdir. Polis əməkdaşları ona yaşadığı ünvanda videoçəkilişlə axtarış aparılacağını bildirdikdə, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə evin həyətyanı sahəsinə daxil olaraq marixuana kоlлары əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları evinin həyətyanı sahəsində əkdiyi kolları aşkar etmişlər. Aqronom olan şəxs bildirmişdir ki, həmin kollara qulluq olunmuşdur. O da səmimi olaraq etiraf etmişdir ki, kollara qulluq etmişdir. Kollar polis əməkdaşları tərəfindən götürülmüşdür. Lakin, ona verilmiş ittihamda göstərilən qədər, yəni 69 ədəd marixuana kolu deyil, az sayda kollar olmuşdur. Kolları götürərkən yerdə olan kol-kosu, çöpləri də qarışdırıb yığmışlar. O, həmin kolları özü iсtifadə etmək üçün əkmişdir. Kollar qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, щямин protokolu o da imzalamışdır. Narkotik tərkibli çətənə kollarını əkib becərməyi ilə bağlı heç kimlə razılaşmamış, bu barədə heç kim bilməmiş, ailə üzvləri isə həmin bitkilərin pomidor ştilləri olduğunu bilmişlər. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs Rauf Quliyev bildirmişdir ki, o, başqa şəxslərdən aldığı marixuananın toxumlarını yığıb saxlamış, həmin toxumları əkmişdir. O, həmin kolları özü istifadə etmək üçün əkmiş, ona görə ki, marixuanadan istifadə etdiyinə görə və onu tanımadığı müxtəlif şəxslərdən almamaq üçün özü əkib becərmək qərarına gəlmişdir. Hazırda istifadə etmir. O, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Həmin kolları əkib becərməyi barədə də heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyeva Gülmirə Hüsaməddin qızı ifadəsində göstərmişdir ki, təqsirləndiilən şəxs həyat yoldaşıdır. 10 ildir ki, evlidirlər. Birgə niкahdan 10 və 9 yaşlı iki övladları var. Onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində fərdi yaşayış evində yaşayırlar. Rauf müxtəlif yerlərdə fəhləlik edib aləsini dоlandırır. Raufun narkotik vasitə qəbul etməsi barədə bir-iki dəfə yaxın qohumlardan eşitsə də, o özü heç bir narkotik vasitə tanımadığına və narkotik vasitə qəbul edən adamların hansı vəziyyətdə olduğunu bilmədiyinə görə Raufun narkotik vasitə qəbul etdiyini görməmiş və ya bunun şahidi olmamışdır. Həmçinin, Raufun həyətlərində narkotik tərkibli bitkilər əkib becərməsindən də xəbəri olmamışdır. Bu barədə yalnız 31 may 2022-ci il tarixdə Rauf polis işçiləri ilə birlikdə həyətə gələrək, həyətdə evin yanında olan bitkiləri aşkar edib götürəndə bilmişdir. Lakin, bundan əvvəl Rauf ona bu bitkilərin pomidor ştilləri olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov Azər Nazim oğlu ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş karxanası yaşayış massivində nömrəsiz evdə yaşayan Quliyev Rauf Rəfail oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün qərar qəbul etmiş, o və həmin bölmənin digər əməliyyat müvəkkili Elvin Hümbətlidən ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Aparılmış tədbirlər zamanı, o və qrupun digər üzvü Elvin Hümbətli 31 may 2022-ci il tarixdə saat 18 radələrində Rauf Quliyevi Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivindəki fərdi evlərdən birinin qarşısında saxlayaraq, özlərini təqdim edib, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində, narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğunu deyərək onu 14cü PB-nə dəvət etmişlər. Rauf Quliyev də etiraz etməyib onlarla birlikdə PB-nə gəlmişdir. Bu barədə bölmə rəisinə raporta məruzə etmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Rauf Quliyevə hüquq və vəzifələri izah edilərək, Rauf Quliyevə müdafəçi dəvət olunaraq sonuncuya təqdim olunmuşdur. Rauf Quliyevə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmişdir. Rauf Quliyev etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisinin iştirak etməməsini bildirmişdir. Bundan sonra onun və Elvin Hümbətlinin iştirakı ilə təhqiqatçı tərəfindən Rauf Quliyevin üzərinə şəxsi axtarış keçirilmiş və heç bir narkotik vasitə və ya başqa əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı Rauf Quliyevə yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş və Rauf Quliyev buna etiraz etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra, təhqiqatçı, o, Elvin Hümbətli, həmçinin, aqronom müxətəxəssis qismində dəvət olunmuş Bayramov Ramis Məmməd oğlu və Rauf Quliyev özü sonuncunun yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən fərdi evə gedib, baxış keçirmişlər. Baxış zamanı həmin evin həyətində, bir mərtəbəli yaşayış binası ilə həyət hasarının arasındakı təxminən 10 kv.m sahədə 69 ədəd uzunluqarı təxminən 80-90 sm arasında müxtəlif ölçülərdə olan yaşıl rəngli bitkilər aşkar edilmişdir. Dəvət edilmiş mütəxəssis aqronom Ramiz Bayramov bitkiləri nəzərdən keçirərək onların narkotik tərkibli çətənə kolları olduğunu, bu bitkilərə yüksək səviyyədə aqrotexniki qulluqlar göсtərildiyini, təmizləndiyini, qida maddəsi verildiyini və suvarıldığını bildirmişdir. Sorğu zamanı Rauf Quliyev aşkar edilmiş bitkilərin çətənə kolları olduğunu bildirərək, bu bitkiləri gələcəkdə yarpaqlarından özünün istifadəsi etməsi üçün qurudurlmuş marixuana hazırlanması məqsədilə əkib becərmişdir. Daha sonra aşkar edilmiş 69 ədəd çətənə kolları köklərindən çıxarılıb ağ rəngli politilen kisələrə yığılıb götürülmüş, kisələrin üzəri möhürlənmişdir. Daha sonra Rauf Quliyevin yaşadığı həmin mənzilə baxş keçirilmiş və baxış zamanı mənzildən heç bir narkotik vasitə və ya saxanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonda bu barədə protokol tərtib olunmuş, bütün iştirakçlar tərəfindən protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Hümbətli Elvin Sahib oğlu eyni məzmunlu ifadə verərək şahid Hüseynov Azər Nazim oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Azər Hüseynovun 29 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Quliyev Rauf Rəfail oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etmə, satış məqsədilə əkib becərmə və qulluq etmə barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 52-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 5(008)-436/2022 saylı qərarına əsasən Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Azər Hüseynovun əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 29 may 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quliyev Rauf Rəfail oğlunun 31 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına heç bir etiraz etməmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Quliyev Rauf Rəfail oğlunun üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, sonuncunun üzərindən hər hansı qanunsuz əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quliyev Rauf Rəfail oğlunun 31 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu polis əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Cinayət işinin 37-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2022-ci il tarixli axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, araşdırılmış Quliyev Rauf Rəfail oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş Karxanasında yerləşən nömrəsiz evin həyatyanı sahəsində axtarış keçirilən zaman, Rauf Quliyevə orada ola biləcək narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları verməsi təklif edilmiş, bundan sonra Rauf Quliyev könüllü olaraq göstərdiyi həyətyanı sahədə hasarlanmış ərazidə içərisində xüsusi qulluq edilmiş kultivasiya üsulu ilə əklib becərilmiş 69 ədəd çətənə kolları aşkar edilib götürülmüşdür. Axtarış zamanı mənzildə də baxış keçirilmiş, lakin, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək predmet aşkar edilməmiş, axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış iş üzrə təyin edilmiş aqronom mütəxəssisin 31 may 2022-ci il tarixli rəyindən görünür ki, həmin tarixdə Quliyev Rauf Rəfail oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən fərdi evin həyətində, yaşayış evi ilə daş hasarın arasındakı təxminən 10m2 ölçüdə olan sahədə əkilib becərilməsi qanunla qadağan edilmiş olan 80-90 sm müxtəlif ölçülərdə 69 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 7/559 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Quliyev Rauf Rəfail oğlunun həyətindən aşkar olunan maddi sübut» yazıları və imzalar olan 3 (üç) ədəd ağ rəngli sintetik torbalarda ümumi sayı 69 (altmış doqquz) ədəd yaş vəziyyətdə bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli-çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2022-ci il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Rauf Quliyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı həmin həyətdə yaşayış binası ilə daş hasarın arasındakı sahədə 69 ədəd 80-90 sm müxtəlif ölçülərdə yaşıl rəngli bitkilər aşkar edilmişdir. Mütəxəsis aqranom Ramis Bayramov bitkiləri nəzərdən keçirərək onların narkotik tərkibli çətənə kolları olduğunu, bu bitkilərə yüksək səviyyədə aqrotexniki qulluqlar götərildiyini, belə ki, təmizləndiyini, qida maddəsi verildiyini və suvarıldığını bildirmişdir. Rauf Quliyev aşkar edilmiş bitkiləri gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana hazırlanması məqsədilə əkib becərdiyini bildirmişdir. Aşkar edilmiş 69 ədəd çətənə kolları köklərindən çıxarılıb politilen kisələrə yığılıb götürülmüş, kisələrin ağzı bağlanılaraq möhürlənmişdir. Daha sonra Rauf Quliyevin yaşadığı həmin mənzilə baxş keçirilir və baxış zamanı mənzildən heç bir narkotik vasitə və ya saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 10 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Quliyev Rauf Rəfail oğlunun narkotik vasitə satışı ilə məşöul olması barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlu özünü qismən təqsirli bilərək, həqiqətən həyətyanı sahəsində çətənə bitkiləri yetişdirmiş, lakin, ittihamda göstərilən qədər çətənə kolu olmamış, daha az sayda kol olmасыны билдирмишдир. Məhkəmə, təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlunun məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar hesab edilir. Bundan başqa,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kolkosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Quliyev Rauf Rəfail oğlunun məhkumluğu olmamışdır. Cinayət işinin 106-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Quliyev Rauf Rəfail oğlunun himayəsində iki azyaşlı uşağı – xx.xx.2013-cü il təvəllüdlü Quliyev Nihat Rauf oğlu və xx.xx.2014-cü il təvəllüdlü Quliyev Nahid Rauf oğlu vardır. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, 9133 saylı məktubdan görünür ki, Quliyev Rauf Rəfail oğlu arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin 27 sentyabr 2022-ci il tarixli 5527 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Quliyev Rauf Rəfail oğlunda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlunun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Quliyev Rauf Rəfail oğlunun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi barədə müddəa təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən belə hesab edir ki, bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərindən görünür ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlunun təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah oluna və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail oluna bilər. Belə ki, cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən eni cinayətlərin törədilməsinin qarşını almaq məqsədi ilə tətbiq edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğluna yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Бунунла йанашы, ъяза тяйин едяркян мəhkəmə коллеэийасы, himayəsində ики azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməсини nəzərə alaraq belə hesab edir ki, она гаршы Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsininin tətbiq edilməsi üçün əsaslar vardır və ona cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 18-ci vərəqəsində olan 31 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Quliyev Rauf Rəfail oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 87-90-cı vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli 4(008)-459/2022 saylı qərarından görünür ki, Quliyev Rauf Rəfail oğlu barəsində həbsetmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 30 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Quliyev Rauf Rəfail oğlu щябсдян азад олунараг barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğlunun 31 may 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Quliyev Rauf Rəfail oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 69 (altmış doqquz) ədəd çətənə kolları məhv edilməli, 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Quliyev Rauf Rəfail oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs Quliyev Rauf Rəfail oğluna məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Quliyev Rauf Rəfail oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Quliyev Rauf Rəfail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Quliyev Rauf Rəfail oğlunun 31 may 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Quliyev Rauf Rəfail oğlunun üzərində qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. R.R.Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. R.R.Quliyevin barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. R.R.Quliyevin cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablansın. R.R.Quliyev ərazi narkoloji dispanserində qeydiyyata alınsın. R.R.Quliyev barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Quliyev Rauf Rəfail oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 69 (altmış doqquz) ədəd çətənə kolları məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Quliyev Rauf Rəfail oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar