Məhkəmə qərarları › İş №1(101)-1838/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1838/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1838/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:15 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1983-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Qıraq Müşlan kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdar - 9,600 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar - 10,998 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 29 mart 2023-cü il tarixdə, saat 18:00-da Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidə yerləşən mebel sexinin qarşısında saxlanılaraq Zəngilan rayon Polis Şöbəsinə aparılmış, orada üzərində videoçəkiliş keçirilməklə şəxsi axtarış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən həmin narkotik vasitələr və psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Səbail rayonu ərazisində yerləşən mebel sexində usta işləmişdir. 29 mart 2023-cü il tarixdə axşam saat 6-da işdə olarkən işçilərdən bir nəfər ona yaxınlaşıb dostlarının gəlib onu çağırdığını demişdir. O, içəridən çölə çıxıb baxanda həmin şəxslərin arxa tərəfə keçdiklərini görmüşdür. O, yenidən içəri daxil olub kameraya baxıb həmin şəxslərdən birinin tanıdığı Zəngilan rayon Polis Şöbəsinin polis əməkdaşı Rəşad olduğunu görmüşdür. O, çölə çıxanda həmin şəxslər onu maşında oturmağa dəvət etmiş və onlar Zəngilan rayon Polis Şöbəsinə getmişlər. Əgər üzərində narkotik vasitə olsaydı, kameradan baxanda tanıdığı polis əməkdaşını görən kimi üzərində olan narkotik vasitəni atardı. Masazırda yerləşən Zəngilan rayon Polis Şöbəsində 3-4 saat qaldıqdan sonra üzərinə baxış keçirilmiş, baxışdan əvvəl üzü yadında qalmayan polis əməkdaşı narkotik vasitəni cibinə qoymuşdur. O, narkotik vasitənin cibinə qoyulmasına etiraz etsə də, Polis Şöbəsinin rəisinin müavini əgər boynuna almasa, narkotik vasitəni onun evinə qoyacaqlarını demişdir. O, məcbur qalıb razılaşmış və çəkilişdə narkotik vasitə üzərindən aşkar olunmuşdur. Çəkiliş zamanı vəkil də iştirak etmişdir. Həmin vaxt ona ifadəsində onun narkotik vasitə istifadəçisi və satıcısı olmadığını, narkotik vasitəni tapıb üzərində gəzdirdiyini və buna görə polis əməkdaşlarının onu tutduqlarını yazdırmışlar. Sonradan isə onun ifadəsini dəyişib guya 1 ildir ki, narkotik vasitədən istifadə etdiyini yazdırmışlar. Halbuki onu heç narkoloji dispanserdə yoxlamamışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, tutulana qədər 3 il müddətində Səbail rayonu, Bayıl qəsəbəsi, Su idmanı sarayının yaxınlığında yerləşən mebel sexində işləmiş, elə həmin ünvanda da saxlanılmışdır. Ona təsir, təzyiq olması ilə bağlı heç yerə şikayət etməmişdir. Onun ad, soyadını narkoloji dispanserdə yazmışlar, amma onu ekspertizadan keçirməmişlər. Rəylə tanış olmuşdur, həmin rəydə qanında narkotik vasitə aşkar olunduğu göstərilmişdir. O, həmin vaxt sexə 4 nəfər polis əməkdaşlarının gəlməsinin səbəbini bilməmişdir. Həmin polis əməkdaşı özlərini ona təqdim etməmiş və “bir nəfər cinayətkar var, bax gör tanıyırsan” demişlər, maşının yanına gedəndə biri sağına, biri soluna keçib onu maşına əyləşdirmişlər. Maşında ona polis olduqlarını demişlər. Xalası oğlu Xalid, İbadulla, Natiq, Qismət və Zeynal həmin vaxt orda olmuşlar. Maşında onunla mehriban danışmışlar, üzərinə baxış keçirmişlər, telefonu sənədləşdirib götürüb nə məsələ olduğunu bilmədiklərini demişlər. O, polisləri gördükdən sonra maşına oturmağına qədər 5 dəqiqə çəkmişdir. Maşına minib Polis Şöbəsinə çatana qədər isə 1 saat çəkmişdir. Onun heç bir dini fəaliyyəti olmayıb, namaz qılır. Polis Şöbəsində ona dini inancına görə hörmətsizlik etməmişlər. Onun cibinə rəis müavininin yanında polis əməkdaşları narkotik vasitə qoymuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Zəngilan rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazidə yerləşən mebel sexində işləyir. Təxminən 1 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, istifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən alır. 29 mart 2023-cü il tarixdə işlədiyi mebel sexinin yanında hərəkətdə olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitələri və psixotrop maddələri satmaqda şübhəli olduğunu deyib onu Polis Şöbəsinə aparmışlar. Orada ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış və götürmə aparılacağı deyilmişdir. Əvvəlcə ona üzərində qanunla qadağan edilmiş nəsə varsa, təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra şalvarının arxa sol cibində saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr və psixotrop maddələr elektron tərəzi ilə çəkilmiş, daha sonra qablaşdırılıb götürülmüş, həmin qablaşdırmanın üzərini imzalamışdır. Üzərindən aşkar edilib götürülmüş heroin və metamfetamini yaşadığı evin yanında tullantılar atılan yerin yanından sellofan paketin içərisində tapmış, istifadə etməsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəllər istifadə etdiyi narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Polis Şöbəsində olanda ona hər hansı zor təbiq edilməmişdir (cild 1, iş vərəqə 62-64). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Zəngilan rayon Polis Şöbəsinin Cinayət- Axtarış Qrupunun əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə olmasına dair məlumat daxil olmuşdur. Rəhbərliyə bu barədə məruzə etdikdən sonra göstərişlə Şahid1 və Şahid2la birlikdə qrup şəklində Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs işlədiyi yerin qarşısına getmişlər. Rza piyada hərəkətdə olarkən ona yaxınlaşıb Polis Şöbəsinə dəvət etmişlər. Rza müqavimət göstərməmiş və onlarla birlikdə gəlməyə könüllü razılaşmışdır. Polis Şöbəsində dindirmə otağında videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən ağ rəngdə, metamfetaminə bənzər maddə və qara rəngdə, heroinə bənzər maddə aşkar olunmuşdur. Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, tutulan anda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmamasının səbəbi ətrafda kənar şəxslərin olması və axtarış üçün uyğun şəraitin olmaması idi. Polis əməkdaşlarından kimsə Rzanın dostu olduğunu deyib onu çölə çağırmamışdır. Onlar Rzaya yaxınlaşarkən sonuncu hər hansı narahatlıq keçirməmiş, narazılıq nümayiş etdirməmiş, şübhənin mahiyyəti ilə də maraqlanmamış və könüllü şəkildə şöbəyə getmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs dediyinə görə üzərindəki maddəni evdən götürmüşdür. Onun üzərinə polislər tərəfindən hər hansı narkotik vasitə qoyulmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Zəngilan rayon Polis Şöbəsinin Cinayət- Axtarış Qrupunun digər əməkdaşları Şahid1 və Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən iki ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olanların narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri tapdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-30). Məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 6/1841 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərində..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 9,600 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi - 10,998 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in Siyahısına (Siyahı İ) daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 9,500 qram, metamfetaminin qalıq çəkisi 10,898 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 may 2023-cü il tarixli 2895 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 125-126). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 22 may 2023cü il tarixli 1409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 127-130). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı, xx.xx.2008-ci il və xx.xx.2007-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqə 137-139, 143-145). 14 iyun 2023-cü il tarixli 3-13-119/1-2489/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 133). Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 135). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103-104). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin, 2 qramdan artıq çəkidə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin polislər tərəfindən üzərinə qoyulması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zəngilan Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 74-77). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Zəngilan rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,500 qram təşkil edən heroin və qalıq çəkisi 10,898 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Zəngilan rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9,500 qram təşkil edən heroin və qalıq çəkisi 10,898 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar