Məhkəmə qərarları › İş №1(101)-1839/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1839/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1839/2022 05.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 12 avqust 1987-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Bakı şəhəri, ünvan 3, mənzil 127 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən binanın qarşısında olan söhbətgahda qardaşı Zərərçəkmiş şəxs yaşadıqları evin satılacağı halda gələcəkdə pay tələb etməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik suvenir və soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs bədəninə üç dəfə qəsdən vuraraq sonuncuya iki tərəfli hemopnevmotoraksla, mədə və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin hər iki səthinin daxilə nüfuz edən üç ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən – xuliqanlıq niyyəti olmadan ağır xəsarət yetirməklə təqsirli bilərək göstərdi ki, özü atası ilə birlikdə evlərdə usta, fəhlə kimi işləyərək dolanmışdır. Anası 2018-ci ilin yanvar ayının 29-da vəfat etmişdir. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Emil təxminən 5 ildir ki, evlərindən çıxıb getmiş, tüfeyli həyat tərzi yaşamış, hətta onun harada yaşadığını belə bilməmişlər. Buna görə də, Emillə aralarında yaxşı münasibət olmamışdır. Hərdən Emil onlara gəlib dolanmaq üçün pul tələb etmiş və onlar arabir kömək etsələr də bəzən Emilə verəcək pullarının olmadığını demişlər. Dəfələrlə Emil ona və atasına zəng edərək nalayiq ifadələr işlətmiş və onlardan ev tələb etmişdir. 06 iyun 2022-ci il tarixdə təxminən saat 22 radələrində Emil ona zəng edərək harada olduğunu soruşmuş, o da Qaraçuxurda məhəllədə olduğunu bildirmişdir. Emil ona Günəşli qəsəbəsinə gəlməyini və onunla söhbəti olduğunu demişdir. O da söhbəti varsa özünün Qaraçuxura gəlib sözünü deməsini bildirmişdir. Emil taksi sifariş vermək üçün konturunun olmadığını demiş, buna görə Emilə özü taksi sifariş vermişdir. Təxminən yarım saat sonra Emil Qaraçuxurda olduğunu deyərək onu yaşadığı məhəllənin yanında yerləşən ağaclığa çağırmışdır. O, həmin vaxt şübhələnmiş və Emilə məhəlləyə gəlməsini demişdir. O, atasına zəng edərək Emilin onunla söhbət etmək üçün məhəlləyə gəldiyini, onunla birlikdə gedib Emillə görüşməyi bildirmiş, atası da razılaşmışdır. Bundan sonra o, birdən Emilin çox adamla üstünə gəlib onu döyəcəyindən ehtiyat edib yaşadıqları evə qalxaraq gizlincə atasının xəbəri olmadan mətbəxdən bıçağı götürmüş və özünü müdafiə etmək üçün şalvarının cibinə qoymuşdur. Sonra məhəlləyə düşmüş, atası da həmin vaxt məhəllədə olmuş və o atasına yaxınlaşmışdır. Həmin vaxt Emilin pilləkəndən düşərək onlara tərəf gəldiyini görmüşdür. Əvvəlcə atası Emilə yaxınlaşaraq niyə belə etdiyini, niyə onları və özünü normal yaşamağa qoymadığını soruşmuşdur. Emil isə qəflətən hücum edib ardıcıl yumruq və təpik zərbələri ilə onu vurmuşdur. Atası əsəbiləşib Emili sinəsindən sıxaraq məhəllədə olan söhbətgaha tərəf çəkmiş və sakitləşməsini, belə etməməsini bildirmişdir. Amma Emil sakitləşməmiş və hədsiz nalayiq ifadələr işlətmişdir. O, əvvəlcə Emilin onu vurmasına baxmayaraq ona qarşılıq verməmiş, sonra Emilin sakitləşmədiyini və atasının əlindən burulub çıxaraq onunla birlikdə atasını da söydüyünü görmüş və əsəbləri dözmədiyindən özünü idarə edə bilməyib cibindəki bıçağı çıxararaq Emilin sağ yan hissəsindən bir-iki dəfə vurmuşdur. Emil büdrəyərək yerə yıxılmış və həmin anda atası onun Emili bıçaqla vurduğunu başa düşmüşdür. O, əvvəlcə “103” xidmətini zəng edərək hadisə yerinə çağırmış, sonra isə “102” xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Bir müddət sonra polislər hadisə yerinə gəlmiş və o, törətdiyi hadisəni etiraf edərək qardaşı Emili vurduğu bıçağı polislərə vermişdir. Onun heç vaxt Emili bıçaqla vurmaq və xəsarət yetirmək niyyəti olmamışdır. Amma Emil arada evlərinə gəlib absurd şəkildə gələcəkdə satıla biləcək evin pulundan onlardan pay tələb etmiş, nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Onlar Emili nə qədər düz yola çəkməyə çağırsalar da, Emil tüfeyli həyat tərzi keçirmiş, harada və kiminlə yaşadığını deməmiş, hətta eşitdiklərinə görə kiminləsə qeyri-rəsmi ailə həyatı qurmuş və onların da bu barədə sonradan məlumatı olmuşdur. Dəfələrlə Emil evə gəldikdən sonra evdən kiçik miqdarda pul, ev əşyaları oğurlamış və evi yandıracağı ilə hədələmişdir. Baş verən bütün bu hallara görə, habelə hadisə günü Emilin ondan başqa atasını da söyüb hörmətsizlik etdiyini gördükdən sonra əsəbiləşmiş və bıçaqla Emili vurmuşdur. Emil doğma qardaşıdır, artıq hər kəs səhvini başa düşüb, hadisədən sonra barışmışlar. Əməlindən çox peşmandır, maddi vəziyyətləri çox ağırdır, atası da xəstədir, tək qalacağı halda özünü dolandıra bilməyəcək. Ona görə bütün bu halları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1 atası, Təqsirləndirilən şəxs isə doma qardaşıdır. X7 2018-ci ildə vəfat etmişdir. Anası həyatda olduğu müddətdə onun valideynləri və qardaşı ilə münasibəti çox yaxşı olmuşdur. Amma anası rəhmətə getdikdən sonra atası və qardaşı ilə evin gələcəek bölgüsü ilə bağlı mübahisə yaranmışdır. Ondan evi Kamilin adına keçirmək üçün ərizə istənilmiş, o da belə bir ərizəni vermişdir. Həmin vaxt ev kreditdə olmuş və belə danışmışlar ki, gələcəkdə evi satıb bölərlər. Amma hələ ev satılmamış və onun maddi imkanı çox zəif olduğundan evin satılıb ona da pul verilməsi arzusuna düşmüşdür. Müəyyən zərərli vərdişləri də yaranmış və çox vaxt içkili olanda gedib atası və qardaşı ilə bu mövzuda söz-söhbət salmışdır. Özü 2018-ci ildə kənarda bir qadınla qeyri-rəsmi ailə kimi yaşamağa başlamışdır. Tez-tez atasına və qardaşına zəng edərək evin nə yerdə olduğunu soruşmuş, amma onlar hər dəfə evin bankda olduğunu demişlər. Sonra özü banka gedərək maraqlanmış və evin bir ildən artıq müddətdir ki, kreditinin bağlandığını və evin girovdan azad olunduğunu öyrənmişdir. Bundan sonra o, atası və qardaşına zəng edib bu barədə məlumat vermiş, evi satmaq lazım olduğunu demişdir. Amma atası və qardaşı evi satacaqları halda iki yerdə ev ala bilməyəcəklərini demiş, o da belə hesab etmişdir əslində bu bəhanədir. Maddi vəziyyəti ağır olduğundan dəfələrlə bu mövzuda söhbət açaraq mübahisə yaratmışdır. 06 iyun 2022-ci il tarixdə axşam saatlarında kifayət qədər spirtli içki içmiş, sərxoş vəziyyətdə olan bir halda qardaşı və atasından pul tələb etmək fikrinə düşmüş, qardaşına zəng edərək onunla görüşmək istədiyini demiş, Kamil də razılaşmışdır. O, Kamili Qaraçuxur qəsəbəsində yerləşən evin yanındakı ağaclığa çağırmış, amma Kamil razılaşmamış və sonda onlar evin qabağındakı söhbətgahda görüşmək qərarına gəlmişlər. O, həmin məhəlləyə çatanda Kamilin atası ilə birlikdə aşağı düşdüyünü görmüşdür. O, Kamilə niyə atasını da söhbətə gətirdiyini demiş, atası da onlardan nə istədiyini soruşmuşdur. O da sərxoş vəziyyətdə olduğundan sözlərinə heç bir sərhəd qoymayaraq nə vaxta kimi onu aldadacaqlarını, 4 ildir ki, kirayə qaldığını və onu aldatdıqlarını bildirmiş, ağır söyüşlər işlətmişdir. Həmin vaxt atası qabaqda olduğu üçün o, atasının yanından sol əli ilə yumruqla Kamilin sifətindən vurmaq istəmiş, amma Kamil geri çəkilmiş və yumruq ona dəyməmişdir. Amma imkan tapıb qardaşına bir neçə yumruq və təpik vura bilmişdir. Bu vaxt atası sakitləşdirmək üçün sillə ilə onun sifətindən vurmuş və bu vəziyyət onu daha da əsəbiləşdirmişdir. Əlbəyəxa olduğu vaxtda Kamil onun bədənindən bir neçə dəfə vurmuş və o yerə uzanmışdır. Əvvəlcə nə ilə vurulduğunu anlamasa da sonra bıçaqla vurulduğunu başa düşmüş, sonra huşunu itirmişdir. Atası və qardaşı təcili tibbi yardım çağıraraq onu həkimə aparmışlar. Bu hadisədə günahkar yalnız özünü bilir. Spirtli içkinin təsiri altında o atasını və qardaşını həmin gecə bu əsəbi vəziyyətə salmışdır. Hərəkətlərindan çox peşmandır. Yeganə qardaşını bu ağır duruma saldığı üçün xəcalət çəkir. Hadisədən dərhal sonra barışmışlar. Heç bir tələb və şikayəti yoxdur. Atası bütün müalicə xərclərini ödəmişdir. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınaraq qardaşının barəsində ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun doğma övladlarıdır. Emil bir neçə ildir ki, evdən çıxıb başqa yerdə yaşamış və onlara xəbər etmədən kiminləsə ailə həyatı qurmuşdur. Emil uzun müddətdir ki, tüfeyli həyat tərzi keçirmiş və bu barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq evə qayıdıb onlarla yaşamamışdır. Həyat yoldaşı Kəmalə Səfərova 2018ci ilin yanvar ayında vəfat etdikdən sonra isə Emil ümumiyyətlə nadir hallarda və yalnız maddi sıxıntısı olanda onlarla əlaqə saxlayıb görüşmüşdür. 06 iyun 2022-ci il tarixdə axşam saat 23 radələrində evdə olarkən Kamil ona yaxınlaşıb Emilin onunla söhbət etmək üçün məhəlləyə gəldiyini bildirmiş və birlikdə gedib Emillə danışmağı təklif etmişdir. O da razılaşmış və onlar birlikdə məhəlləyə düşmüşlər. Onlar məhəllədə Emili görməmişlər və o, Kamilə zəng edib Emilin harada olması barədə maraqlanmağını demişdir. Emil telefonda kobud şəkildə danışıb nalayiq ifadələr işlədərək niyə görüşə tək gəlmədiyini, onunla birlikdə görüşmək istəmədiyini bildirmişdir. O, Kamilə narahat olmamasını, Emil onlara yaxınlaşmadığı üçün Kamilə evə qalxıb yeməyini yeməsini demişdir. Onlar birlikdə evə qalxmışlar və sonra o, təkrar məhəlləyə düşmüşdür ki, Emil birdən gəlib onların avtomobilinə nəsə zərər yetirər. Biraz gəzişdikdən sonra Emil məhəllədəki söhbətgahda ona yaxınlaşmış və o, həmin vaxt Emilin çox sərxoş olduğunu görmüşdür. O, Emilə Kamildən nə istədiyini, niyə onu narahat etdiyini soruşmuşdur. Emil cavab verməmiş və birdən onu kənara itələyərək tullanıb arxasında dayanmış Kamili yumruqla, təpiklə vurmuşdur. O, Kamilin onun arxasınca həyətə düşməsini görməmiş və Emil həmin vaxt Kamili yumruqla vuran zaman Kamilin məhəllədə olduğunu bilmişdir. O, iki qardaş dalaşmasın və sakitləşsin deyə araya girib Emili tutub saxlamış, amma Emil dayanmayıb onu itələyərək sakitləşməmişdir. Emil hədsiz nalayiq ifadələr işlədərək onu və Kamili təhqir etmiş, həmin vaxt Kamil Emili bir neçə dəfə vurmuşdur. O, Kamilin Emili yumruqla vurduğunu düşünmüş, amma sonradan ona Kamilin Emili yumruqla deyil, evdən götürdüyü mətbəx bıçağı ilə vurduğu məlum olmuşdur. Kamil Emili vurduqdan sonra Emil yerə yıxılmışdır. O, Kamilə təcili tibbi yardıma zəng edib məhəlləyə çağırmasını demiş, Kamil də öz telefonu ilə təcili tibbi yardıma zəng edib hadisə yerinə çağırmışdır. Əvvəlcə polislər, daha sonra isə təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmişdir. Kamil polislərə hadisə barədə məlumat verərək törətdiyi əməli etiraf etmişdir. O da oğlu Emili təcili tibbi yardım avtomobili ilə Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Məhkəmədən övladları arasında baş vermiş bu münaqişənin ailə məsələsi olmasının, əslində Kamili Emilin bu vəziyyətə gətirib çıxartdığının nəzərə alınaraq övladına azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir neçə ildir ki, qonşu kimi tanıyır. Onlar hər ikisi yaşca ondan kiçikdirlər, buna baxmayaraq aralarında qonşu kimi normal münasibətlər olmuşdur. Bildiyinə görə, Emil uzun müddətdir ki, atasıgillə birlikdə yaşamır. 06 iyun 2022-ci il tarixdə axşam saat 23 radələrində məhəllədə olan zaman Emilin məhəllənin qarşısına gəldiyini görmüş, qardaşı Kamil və atası Xəlil ilə mübahisə etdiyini eşitmiş, əvvəlcə sakitləşdirmək üçün onlara yaxınlaşmış, amma aralarında ailədaxili mübahisə oluğunu gördükdən sonra kənarlaşmış və yaşadıqları evdən bir az aralıda yerləşən kafeyə getmişdir. Bir qədər sonra məhəllə tərəfdə təcili tibbi yardım avtomobilinin səsini eşitmiş və tez kafedən çıxıb məhəlləyə getmişdir. Bu vaxt təcili tibbi yardımın işçilərinin Emili avtomobilə əyləşdirərək xəstəxanaya apardığını və polislərin Kamili tutduqlarını görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən binanın həyətində yerləşir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 5-7). İfadənin yerində yoxlanılması haqqında 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 36-39). Məhkəmə-tibbi ekspertizasının 07 iyul 2022-ci il tarixli 626 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: iki tərəfli hemopnevmotoraksla, mədə və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin hər iki səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları (cəmi 3 ədəd). Qeyd edilən xəsarətlər deşici-kəsici alətin (alətlərin, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə hər biri-ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsinə xarakterikdir. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (cild 1, iş vərəqə 105-107). Məhkəmə-kriminalistik ekspertizasının 05 avqust 2022-ci il tarixli 3/948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik suvenir bıçağıdır, soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 108-110). Ambulator məhkəmə psixiatrik ekspertizasının 20 avqust 2022-ci il tarixli 2231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 112-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 07 iyul 2022-ci il tarixli 6114 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 94). Cinayət işinin materiallarına əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli 987 nömrəli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 noyabr 2022-ci il tarixli PHŞ/632- 2022-2188 nömrəli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Hemofiliya A” diaqnozu ilə xəstədir və xx.xx.1996-cı il tarixdən X1 dispanser qeydiyyatındadır, müxtəlif növ qanaxma və qansızmalarla Hemofiliya Mərkəzində mvafiq müalicələr almışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 91-93). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək qardaşı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 103). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, habelə atasının Zərərçəkmiş şəxsla münasibətləri sonuncunun tüfeyli həyat tərzi keçirməsi, spirtli içkilərə qurşanması, arabir evlərinə gəlib onlardan pul, mülk tələb etməsi, mübahisə edib onları nalayiq ifadələr işlədərək təhqir etməsi səbəbindən pozulmuşdur. Nəticədə bu vəziyyət və zərərçəkmiş şəxsin hərəkətləri təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin motivinin formalaşmasının əsas ünsürləri kimi çıxış etmişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. Bu məqamlar işin mübahisəsiz hallarıdır və faktiki olaraq ibtidai istintaq orqanının əldə etdiyi sübutlarla da tam təsdiq olunur. İbtidai istintaq orqanı qanuni və əsaslı olaraq cinayət işini 07 iyun 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlamış, təqsirləndirilən şəxsə 09 iyun 2022-ci il tarixli qərarla həmin maddə ilə ilkin ittiham elan olunmuşdur. İbtidai istintaqın bütün sonrakı mərhələsində əldə edilmiş sübutlar da məhz bu ittihamın təsdiqinə yönəldiyi halda, ibtidai istintaqın yekunlaşması ərəfəsində təqsirləndirilən şəxsə 26 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqə 1, 51, 136-137). Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı məqam müəyyən edilməmişdir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmır. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törədilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Qeyd olunan Plenum qərarının 3-cü bəndinə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü tam təqsirli bilərək səmimi peşman olmasını, “Hepatit C” və “Hemofiliya A” xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə “Hepatit C” və “Hemofiliya A” xəstəliklərindən əziyyət çəkən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24, 76-80). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 109, 176). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq məhv məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar