Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1839/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 15 A, mənzil 20 ünvanında qeydiyyatda olmaqla, ünvan 1, döngə 8, nömrəsiz fərdi evdə faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “İsi” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə xüsusilə külli miqdarda 9440 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, M.Həmidov küçəsi 41A ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 dekabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:40də Bakı şəhəri, Yasamal rayonu, M.Həmidov küçəsi 41A ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 23 dekabr 2023-cü il tarixdə saat 00:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Nike” sözü yazılmış çantadan onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlağı doqquz ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1035 qram, 1040 qram, 1030 qram, 1015 qram, 1025 qram, 1015 qram, 1200 qram, 1055 qram, 1025 qram, ümumi təmiz çəkisi 9440 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanıldığı gün axşam saatlarında ailəsi ilə birlikdə evdə olmuşdur. Bir qədər keçdikdən sonra evdən çıxmışdır. Evdən çıxdıqdan sonra İran İslam Respublikasından olan tanışı ona zəng edərək “canın ağrımır” deyə soruşmuşdur. Narkotik vasitə istifadəçisi olduğu üçün ağrıdığını demişdir. Daha sonra İİR vətəndaşı ona başqa şəxsin alması üçün 2 qram çəkidə narkotik vasitə qoyduğunu, lakin həmin şəxs cavab vermədiyini bildirmiş və həmin narkotik vasitəni ona 100 manata təklif etmişdir. O, 100 manatının olmadığını, 1-2 günə verə biləcəyini demişdir. İİR vətəndaşı ona inanaraq razılaşmışdır. Narkotik vasitənin pulunu 1-2 gün işləyərək verməyi planlaşdırmışdır. Sonuncu ilə narkotik vasitənin miqdarı az olduğu üçün razılaşmışdır. Belə ki, əgər polislər onu narkotik vasitə ilə gördüyü halnda həmin narkotik vasitəni udacağını fikirləşmişdir. Bundan sonra Yasamal rayonuna getmişdir. “İctimai TV”-ni qarşı tərəfində çökəklik görmüşdür. Çökəkliyə düşərkən 3-4 nəfər idman geyimində şəxsin olduğunu görmüşdür. Sonradan həmin şəxslərin polis olduğunu bilmişdir. Çökəkliyə düşdükdə deyilən yerdə narkotik vasitəni görməmişdir. Başqa tərəfdən getmək istədikdə 7-8 nəfər birdən üzərinə gəlmişdir. Onu yerə yıxaraq başına-qulağın zərbələr vurmuş, kurtkasının cibini cırmış, barmağını tapdalamışlar. Bu zaman telefonu yerə düşmüşdür. Sonra ondan malın harda olduğunu soruşmuşlar. O, heç nədən xəbərinin olmadığını demişdir. Onu döyərək polis maşınına mindirmişlər. Bölməyə çatdıqda polis əməkdaşlarından biri ona “Bilirsən bura haradır?” sualını vermişdir. Hara aparıldığını bilmədiyi üçün polis əməkdaşlarına oranı tanımadığını demişdir. Bundan sonra həmin polis əməkdaşı oranın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi olduğunu demişdir. BMCMİ-ə aparılan kimi üzərinə baxış keçirilməmişdir. Şəxsi axtarış zamanı vəkil iştirak etsə də, həmin şəxsin ona hüquqi yardım etmək üçün təyin edilmiş vəkil olduğunu barəsində həbs qətimkan tədbiri seçilərkən bilmişdir. Şəxsi axtarış zamanı vəkili ona heç bir sual verməmişdir. İdarəyə aparıldıqdan yarım saat sonra bir kisə bağlamanı qabağına qoyaraq həmin bağlamanın ona məxsus olduğunu demiş, sonra dəmir ağacla onu vurmağa başlamışlar. Onu sərt şəkildə təhqir etmişlər. Başqa başqa, otağa saldıqdan sonra narkotik vasitənin ona məxsus olubolmamasını soruşmuşlar. O, narkotik vasitələrin ona məxsus olmadığını demişdir. Bu cavabı verdikdən sonra ona “sən deməklə deyil, bu sənindir” deyilmişdir. Həmin vaxt cibindən 5 manatdan artıq pul çıxmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Heç kəsin tanımadığı şəxsə yarım milyon dəyərində narkotik vasitə verməyəcəyini bildirərək ona qarşı irəli süülmüş ittihamla razılaşmamışdır. BMCMİ-nin zirzəmisində 7-8 saat saxlandıqdan sonra Kürdəxanıya aparılmışdır. Daha sonra dindirilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik vasitələrə aidiyyətinin olmadığını bildirmiş, lakin polis əməkdaşlaı tərəfindən döyülməsi barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməmişdir. Xəsarətləri heç bir yerdə qeydə alınmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, arada narkotik vasitə heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə edirmişdir. 22 dekabr 2023-cü il tarixdə saat 22:40-da ünvan 2 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirməklə ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda əlində saxladığı qara rəngli idman çantasında narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində o hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o sağ əlində saxladığı üstündə “Nike” yazısı olan qara rəngli idman çantasının içərisində narkotik vasitə heroin olduğunu bildirib, həmin çantanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra həmin çantanı açmış və çantanın içərisindən 03 ədəd qara rəngli sellofan paketdə olan və üzəriləri şəffaf rəngli yapışqanla bağlanmış 03 ədəd bağlamanın olması müşahidə edilmişdir. Həmin 03 ədəd bağlamalar açıldıqda hər birinin içərisində ümumilikdə 09 ədəd bağlamanın olması müşahidə edilmişdir. Təqdim edilən 09 ədəd şəffaf sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o əlində saxladığı idman çantasından aşkar edilmiş 09 ədəd şəffaf sellofan bağlamada olan maddələrin “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə axşam saatlarında “İsi” kimi tanıdığı, lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri “İsi”-nin ona göndərdiyi ünvana gedərək yerdən götürdüyünü və “İsi” tərəfindən növbəti göstəriş verilənədək həmin narkotik vasitələri öz yaşadığı evə aparmaq üçün əlində olan idman çantasında saxladığını bildirmişdir. Bundan başqa o əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon cihazını çıxardıb təqdim etməklə həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş narkotik vasitəni “İsi” adlı İran İslam Respublikası vətəndaşının göstərişi ilə müəyyən edilmiş yerlərə qoymaq məqsədilə əldə etmişdir. O narkotik vasitə heroindən arada istifadə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, SMS məlumatları və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında ondan, Hüseyn Həsənov və Əli Kazımovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs tutulması istiqamətində həmin gün saat təxminən 23:40 radələrində Yasamal rayonu ərazisinə getmişlər. Həmin vaxtda Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən görmüşlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan şəxsin şəxsi məlumatlarını dəqiqləşdidikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olması ilə bağlı şübhəli olduğunu qeyd edərək baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gətirildikdən sonra şəxsin üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış və üzərində əlində saxladığı 1 ədəd qara rəngli çantanın içərisindən 9 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddə heroin olduğunu və İİR vətəndaşı olan “İsi” adlı şəxsin göstərişi əsasında əldə edərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq və ya zorakılıq edilməmiş, onun barmağını sındırmamışlar. 22 dekabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Aydın” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. Müəyyən edilmişdir ki, “Aydın” adlı şəxs 10 avqust 1980-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 1, döngə 8, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 3) 22 dekabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 23:50də (faktiki saxlanılma saat 22:40-da) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 18) 23 dekabr 2023-ci il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v. 78-82) 20 aprel 2024-cü il Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X4 4(005)-523/2024 saylı qərarı ilə cinayət işinin mürəkkəbliyi ilə əlaqədar 02 ayadək, 22 iyun 2024-cü il tarixədək uzadılmışdır. (İ.v. 78-82) 22 dekabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 00:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Nike” sözü yazılmış çantadan onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlağı doqquz ədəd bağlamada ümumi təmiz çəkisi 9440 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 1 i.v 26-27) 26 dekabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə +**********42 saylı mobil nömrə ilə danışıqlar aparmışdır. Qeyd olunan danışıqların fotoşəkli çəkilməklə protokola əlavə olunmuşdur. (İ.v 86-88) Məhkəmə-kimyəvi 23 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əkis, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, imzalar olan qara rəngli çantaya qablaşdırılmış 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1040 qram, 1030 qram, 1015 qram, 1025 qram, 1015 qram, 1200 qram, 1055 qram, 1025 qram, ümumi təmiz çəkiləri 9440 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazılranmış narkotik vasitə - heroindir. 09 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1 i.v 44-48) Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli 2285 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması msələhət görülür. Şifahi sorğu zamanı bildirmişdir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və inyeksiya yolu ilə istifadə edir. (İ.v 131-132) 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 9439,55 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v 90-91) Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs dəri səthində köhnə bədən xəsarətləri aşkar edilmiş, həbs olunmamışdan əvvəl alınmış xəsarət aldığını inkar etmişdir. Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(001)-20/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlarında iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs sağ əlində saxladığı üstündə “Nike” yazısı olan qara rəngli idman çantasını təqdim edərək “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin çanta Təqsirləndirilən şəxs tərəfindən açılmış və çantanın içərisində 03 ədəd bağlama olduğu müəyyən olunmuşdur. Həmin 03 ədəd bağlama açıldıqda hər bir bağlamanın içərisində 03 ədəd olmaqla ümumilikdə 09 ədəd bağlama olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaların içərisindəki maddələrin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə “İsi” adlı İİR vətəndaşından əldə etdiyini, həmin narkotik vasitəni “İsi”-nin ona göndədiyi konum vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki dəqiq xatırlamadığı ünvana gedərək yerdən götürdüyünü və “İsi” tərəfindən növbəti göstəriş verilənədək həmin narkotik vasitələri öz yaşadığı evdən aparmaq üçün əlində olan idman çantasında saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon cihazını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddələr qablaşdırılaraq eksperttizaya təqdim edilməsi üçün götürülmüş, 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar edilən narkotik vasitəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək üzərindən aşkar edilmiş 9440 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olmadığını, ümumiyyətlə satış məqsədilə narkotik vasitə əldə etmədiyini, BMCMİ-nin əməkdaşları tərəfindən üzləşdiyi təzyiqlər nəticəsində ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs aşkar edilmiş 9440 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olub-olmamasını, həmin narkotik vasitələri satış məqsədilə əldə edib-etməməsini, həmçinin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə təzyiqlər edilib-edilməməsini araşdırmaqdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmamasını polis əməkdaşları tərəfindən edilən təzyiqlərlə əlaqələndirmişdir. Onun ifadəsində göstərdiyi halların müəyyən edilməsi məqsədilə Bakı İstintaq Təcridxanasına müvafiq sorğu göndərilmiş, təcridxanadan daxil olmuş Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətinə baxış keçirilərkən müəyyən edilmişdir ki, təəcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs dəri səthində xəsarətlər aşkar edilsə də, sonuncu həmin xəsarətlərin həbs olunmamışdan əvvəl almasını inkar etmişdir. Bundan başqa şəxsi axtarış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə dair videodiskə baxış keçirilərkən o, təhqiqatçının polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalması ilə bağlı sualına inkaredici cavab vermişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroin satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncudan aşkar edilmiş narkotik vasitə xüsusilə külli miqdarda, yəni 9440 qram çəkidə və 9 ayrı-ayrı bağlamada olmaqla şəxsi istehlak miqdarından dəfələrlə artıq olmuş, bu da öz növbəsində Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi ilə bağlı onu qeyd edir ki, o, ifadəsində “İsi” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri sonuncunun ona göndərdiyi məkan vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində xatırlamadığı ünvana gedərək xatırlamadığı ərazidən götürdüyünü və “İsi” tərəfindən növbəti göstəriş verilənədək həmin narkotik vasitələri öz yaşadığı evə aparmaq üçün əlində olan idman çantasında saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən onun ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə İran İslan Respublikasına məxsus +**********42 saylı mobil nömrə ilə danışıqlar aparması müəyyən edilmişdir. Göründüyü kimi o, İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitə heroinin götürülməsi və hansı formada realizə edilməsi barədə qabaqcadan razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlamadan ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən aşkar edilmiş narkotik vasitənin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, şahidin ifadəsi, məhkəmə kimyəvi ekspertizasının rəyi və digər sənədlərlə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki işdən də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin haradan, kimdən, nə məqsədlə əldə edilməsi, saxlanması ilə bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu var. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-20/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də, ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 9439,55 qram heroin məhv edilməli, cinayət işinin materiallarında olan 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Redmi” markalı mobil telefon onun özünə qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “De Fendo” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)- 20/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla, 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla hazırki cinayət işi üzrə ona təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-20/2024 saylı hökmü ilə ona təyin edilmiş cəzadan çıxılmış xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış qalmış 9439,55 qram heroin məhv edilsin, cinayət işinin materiallarında olan 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsin, 01 ədəd “Redmi” markalı mobil telefon onun özünə qaytarılsın. İş üzrə məhkmə kimyəvi ekspertizasına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 270 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1839/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1839/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver