Məhkəmə qərarları › İş №1(101)-1841/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1841/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1841/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,553 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 11,553 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, həbs olunmazdan əvvəl Moskva univermağında qızıl-zinyət əşyalarının satışı ilə məşğul olmuşdur. xx.xx.2024-cü il saat 13:45 radələrində Moskva univermağının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşarq heç bir söz deməyərək qoluna girmiş və onlar ilə birgə getməli olduğunu demişlər. Avtomobilə əyləşərək Polis İdarəsinə getmişlər. Polis İdarəsində otaqda olarkən bir nəfər polis əməkdaşı onunla söhbət edərək ona sifariş edildiyini, üzərinə psixotrop maddə metamfetamin qoyulacağını, videoçəkiliş zamanı cibindən çıxardaraq həmin narkotik vasitənin ona məxsus olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Memar Əcəmi metrosundan tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını deməsini istəmişdir. Həmin polis əməkdaşı ilə razı olmamış və dindar olduğunu demişdir. Daha sonra psixoloji təzyiq göstərilməyə başlanmış və 3-4 saat mənəvi - psixoloji təzyiq göstərildikdən sonra polis əməkdaşları əgər onların dediklərini etməsə əxlaqsız hərəkətlər edən zaman videoçəkiliş edərək onu rüsvay edəcəklərini demişdir. Bu sözlərdən sonra razılaşmışdır. Polis əməkdaşları tərəfindən verilən psixotrop maddə metamfetamini şalvarının cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının iştirakı ilə keçirilmiş videoçəkiliş zamanı üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı şalvarının cibindən çıxardığı psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Memar Əcəmi metrostansiyasının yaxınlığında öz istifdəsi üçün 100 manata aldığını demişdir. Gecə vaxtı idarədə olan zaman su istəmişdir. Suyu içdikdən sonra halı pisləşmişdir .Ayaq üstə dayana bilməmiş, əlləri və ayaqları tutulmuşdur. Təcili tibbi yardım gəlmiş həkim tərəfindən venasına iynə vurularaq suya dərman qatılıb verilmişdir. Həmin hadisədən sonra iki gün yemək yeyə bilməmişdir. Heç vaxt psixotrop maddə qəbul etməmiş və üzərindən çıxan psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Əlavə olaraq bildirmişdir ki, ona qarşı fiziki təzyiq olmayıb, lakin psixoloji təsir olunub. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, o, bir neçə ay olar ki, psixotrop maddə olan “patı” yəni metamfetamin qəbul edir. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu Memar Əcəmi metrostansiyasmm yaxınlığında tanımadığı şəxsdən 100 manata öz istifadəsi üçün bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddə metamfetamini ona şatan şəxs bildirmişdir ki, bükümün içərisində təxminən 12 qram metamfetamin vardır. O, psixotrop maddə metamfetamini aldıqdan sonra şalvarının cibinə qoyub üzərində saxlamışdır ki, əlverişli şərait olanda istifadə etsin. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində o, ünvan 5 ünvanının qarşısında olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşı olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O, da özü haqqında anket məlumatlarını şifahi bildirmişdir. Bundan sonra polis əməkdaşları ona demişlər ki, qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməyi ilə bağlı şübhəlidir və onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Nəsimi Rayon Polis İdarəsində ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir, hüquq və vəzifələri ona izah olunmuş, bundan sonra vəkilnin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O, şalvarının sol cibindən üzərində 055- ***-**-** GSM nömrəsi olan İphone 14 markalı mobil telefonunu və 131 manat pulu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra o, əynindəki şalvarının sağ cibindən 01 ədəd şəffaf bükümə bükülmüş bükümü masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə psixotrop maddə “patı”, yəni metamfetamindir. Daha sonra o, özünə məxsus olan qara rəngli əl çantamı açaraq içərisindən 01 ədəd qələm, 01 ədəd qeyd dəftəri, 01 ədəd Kapital banka məxsus Birbank bank kartı, 01 ədəd Unibanka məxsus Leobank bank kartı, 01 ədəd Bakı kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Bundan sonra içərisi boş olan 02 ədəd zərf ona və iştirakçılara təqdim olunmuşdur. İçərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm və İphone 14 markalı mobil telefon zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübutların əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmiş, zərflərə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı həmin zərflərin üzərinə imza etmişdir. Daha sonra protokol tərtib olunmuş və protokola imzalar etmişlər. Bundan sonra təqdim etdiyim maddənin tərkibinin müəyyən edilməsi üçün təhqiqatçı məhkəmə kimyəvi ekspertizası təyin edilməsi barədə qərar qəbul etmiş, o, həmin qərar ilə tanış olmuşdur. Məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tanış olanda ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş maddə 11,553 qram psixotrop maddə metamfetamindir. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin onundur, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır.Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu Memar Əcəmi metrostansiyasınm yaxınlığında tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi üçün 100 manata almışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları onu saxlayıb Nəsimi RPİ-nə gətirəndə və Nəsimi RPİ-də olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, psixotrop maddə metamfetamin qəbul etsə də, satışı ilə məşğul olmur. O, psixotrop maddə metamfetamini falqanın üzərində yandırıb tüstüsünü udmaq yolu ilə qəbul edir. O, saxlanmazdan əvvəl ***-***-**-** CSM nömrəli mobil telefondan istifadə etmişdir. İbtidai araşdırmanın sonrakı mərhələsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin İŞdə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, baş verənləri yenidən danışmaq istəyir. O, həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Moskva Univermağmda qızıl-zinyət əşyalarını satışı ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində o, ünvan 5 ünvanında yerləşən “Moskva” Univermağmın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb heç bir söz demədən qollarına girib onlarla getməli olduğunu deyib onu avtomobilə əylədirmişlər. O, Nəsimi Rayon Polis İdarəsinin qarşısına çatanda görmüşdür ki, onu Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. Nəsimi Rayon Polis İdarəsində olarkən otaqda bir nəfər polis əməkdaşı təklikdə onunla söhbət edib ona demişdir ki, “sən sifariş edilmisən, sənin üzərinə psixotrop maddə metamfetamin qoyulacaq, videoçəkliş çəkiləndə sən də həmin bükümü cibindən çıxardıb təqdim edib deyəcəksən ki, bir müddət olar ki, psixotrop maddə metamfetamin qəbul edirəm, həmin maddəni xx.xx.2024-cü il tarixdə Memar Əcəmi metrostansiyasınm yaxınlığında tanımadığım şəxsdən öz istifadəm üçün almışam”. O, həmin polis əməkdaşı ilə razı olmamış, ona demişdir ki, bu iş onluq deyil, o, dindar, namaz qılan adamdır. Daha sonra ona sözlə təzyiq göstərmişlər, o, onların sözü ilə razı olmamışdır. Beləliklə təxminən 3-4 saat ona mənəvi təzyiq göstərdikdən sonra polis əməkdaşlarından biri ona demişdir ki, əgər onların dediklərini etməsə ona qarşı əxlqasız hərəkətlər edib videoçəkiliş edib onu rüsvay edəcəklər. O dabu psixoloji təzyiqlərdən sonra polis əməkdaşlarına demişdir ki, onların sözləri ilə razıdır. Polis əməkdaşları ona bir büküm psixotrop maddə metamfetamini vermişlər, o, həmin bükümü şalvarının cibinə qoymuşdur. Sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona izah olunmuşdur, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir, o, şalvarının cibindən həmin bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümdə psixotrop maddə metamfetamindir, həmin bükümü xx.xx.2024-cü il tarixdə səhər saatlarında Memar Əcəmi metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata almışdır. Gecə vaxtı MSYdə olarkən o, su içdikdən bir az sonra onun halı pisləşmişdir, ayaq üstə dayana bilməmiş, ayaqları və əlləri tutulmuşdur, MSY-nə təcili tibbi yardımdan həkim çağırmışlar. Həkim gəlib ona vena damarına iymə vurub suya dərman qatıb ona vermiş, suyu qəbul etmişdir. Həmin gündən iki gün sonra yemək yeyə bilməmiş, dişləri qıc olmuşdur. Bir daha bildirir ki, o, heç vaxt psixotrop maddə metamfetamin qəbul etməmiş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olmamışdır, polis əməkdaşları ona həmin bükümü vermişlər, ona təzyiq olunduğu üçün o, məcbur olub videoçəkliş zamanı həmin bükümü cibindən çıxardıb təqdim etmişdir. Onu da qeyd etmək istəyir ki, o, tutulduğu gün adını bilmədiyi polis əməkdaşı ona yaxınlaşıb Zübeydə adlı vəkil Polis İdarəsinə gələcəyi təqdirdə ondan imtina edəcəyini ona təkidlə bildirmişdir. O, Polis İdarəsinə gətirildikdən sonra ona bir neçə sənədə qol çəkdirmişlər, təxminən bir saat sonra dövlət hesabına dəvət edilən vəkil gəlmiş, vəkilin gözünün qarşısında polislər onun cibinə psixotrop maddə metamfetamini qoymuşlar, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış bir neçə dəfə aparılmışdır. Çünki, videoçəkiliş zamanı o, deyirmişdir ki, heç bir təqsiri yoxdur. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, polis əməkdaşları onu Nəsimi RPİ-nə apararkən və polis bölməsində olarkən ona zor tətbiq etməyiblər, lakin ona mənəvi təzyiq göstərib şalvarını əynindən çıxaracaqlarını bildirmişlər, ona mənəvi təzyiq göstərildiyi üçün o, videoçəkliş zamanı könüllü olaraq bir büküm psixotrop maddə metamfetamini şalvarının cibindən çıxardıb polisə təqdim etmişdir. Ona təzyiq göstərən polis əməkdaşlarının üzünə qarşı indi dediklərini deyə bilər. Lakin o, onların səmimiyyətinə inanmır, onlar yenə də, onun üzünə qarşı yalan danışacaqlar, ona görə də o, polis əməkdaşları ilə üzləşmədən imtina edir. Bir daha bildirir ki, o, heç vaxt psixotrop maddə metamfetamin qəbul etməmişdir. O, Nəsimi RPİ-nin MSYdə saxlanılarkən çox güman ki, onun yeməyinə psixotrop maddə metamfetamin qatıblar, ona görə müayinə zamanı onun analizinin cavabında psixotrop maddə metamfetamin aşkar olunması qeyd edilib. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat tədbiri görülmüşdür. Təqsirləndirilən şəxs Moskva univermağının yaxınlığında saxlanılaraq idarəyə gətirilmişdir. İdarədə müdfiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmayıb. Əməliyyat məlumatının kimə daxil olması və əməliyyt qrupunun kim tərəfindən təşkil edilməsi barədə xatırlamır.Tədbirdə 3 nəfər olmuşlar. Müstəntiqə öz sözləri ilə ifadə vermişdir. Onun dediklərini müstəntiq yazmış və o da imza çəkmişdir. Əməliyyat məlumatı gündüz vaxtı daxil olmuşdur. Məlumatın doğru olub-olmması şəxsin üzərinə axtarış keçirildikdən sonra aydın olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman ətrafda yad insanlar olduğu üçün üzərinə baxış keçirilməmişdir. Çünki Ceyhunu tanıyan insanlar baxış zamanı maneçilik törədə bilərdilər. İdarəyə gətirildikdən sonra üzərinə baxış keçirilmişdir. Dindirildikdən sonra müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, 2003-ci ildən DİO-da, 2023-cü ildən Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis polkovnik- leytenantıdır. İşin mahiyyəti üzrə bildirir ki, Nəsimi RPİnə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Ceyhun” adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb istfadəsi ilə məşğul olur. Ona görə də Nəsimi RPİ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbər o özü təyin edilmiş, Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid3 və Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid2 da əməliyyat qrupuna üzv olaraq daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid3 və Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Şahid2 ilə birlikdə ünvan 5 ünvanının qarşısına getmiş, orada özlərinə mövqe seçib müşahidə aparmağa başlamışlar. Təxminən 45 dəqiqə sonra qeyd edilən ünvanın qarşısında “Ceyhun” adlı şəxsin zahiri əlamətləri ilə üst-üstə düşən bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib adını soruşduqda həmin şəxs xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə axtarış keçiriləcəyini bildirdib onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. Nəsimi RPİ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Nəsimi RPİ-nin inzibati binasının xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilnin, polis əməkdaşlarının, yəni onun və digər polis əməkdaşlarının iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi Nəsimi RPİ-nin X3 inspektor kriminalisti X10 “Sony” markalı kamera vasitəsilə aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs şalvarının sol cibindən üzərində ***-***-**-** GSM nömrəsi olan İphone 14 markalı mobil telefonunu və 131 manat pulu çıxardıb masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ cibindən 01 ədəd şəffaf bükümə bükülmüş bükümü masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə psixotrop maddə “patı”, yəni metamfetamindir. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus olan qara rəngli əl çantasını açaraq içərisindən 01 ədəd qələm, 01 ədəd qeyd dəftəri, 01 ədəd Kapital banka məxsus Birbank bank kartı, 01 ədəd Unibanka məxsus Leobank bank kartı, 01 ədəd Bakı kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Bundan sonra içərisi boş olan 02 ədəd zərf Təqsirləndirilən şəxs və iştirakçılara təqdim olunmuşdur. İçərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm və İphone 14 markalı mobil telefon zərfə qoyularaq qablaşdırılacağı, möhürlənərək maddi sübutların əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmiş, zərflərə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş, hər bir iştirakçı həmin zərflərin üzərinə imza etmişdir. Daha sonra protokol tərtib olunmuş və protokola imzalar etmişlər. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümün içərisindəki maddə 11, 553 qram psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə dəvət edəndə onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmiştir ki, 19 fevral 2024-cü il tarixdə Ceyhun adlı şəxsin üzərində narkotik vasitə daşıması ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq həmin ünvana gedilmiş və təqsirləndirilən şəxsi saxlayaraq bölməyə gətirmişlər. Saxlanılan zaman üzərinə baxış keçirilməmişdir. Onun üzərinə baxış təhqiqatçının otağında videoçəkiliş vasitəsilə idarədə keçirilmişdir. Tədbirdə 3 nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs Moskva univermağının yaxınlığında saxlanılmışdır. Ona qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman ətrafda başqa adamlar olmuş lakin onun yanında heç kəs olmamışdır. İdarədə üzərinə baxış keçirilən zaman Ceyhunun yanında olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 19 fevral 2024-cü ildə Ceyhun adlı şəxsin narkotik vasitənin qanunsuz şəkildə daşıması ilə bağlı məlumat daxil olmuşdur. Raportla idarə rəisinə məruzə olunduqdan sonra əməliyat qrupu yardılmışdır. N.Cəfərov 16 ünvanında gözlədikdən sonra Ceyhunu görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. İdarəyə gətirildikdən sonra üzərinə baxış keçirilmiş və üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Əməliyyat məlumatı Nəsimi RYP-nə daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Tədbirdə 3 nəfər olmuşlar. Ceyhuna yaxınlaşan zaman tək olmuş, lakin ətrafında insanlar olmuşdur. Aşkar edilən narkotik vasitəni təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etdiyini demişdir. İdarəyə gətirilən zaman polis əməkdaşlarına qarşı hər hansı etiraz bir etirazı olmamış və müqvimət göstərməmişdir. Videoçəkiliş müdafiəçinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxsin əlamətləri polis əməkdaşlarına bildirilmiş və bu əlamətlərin nəticəsində həmin şəxsin Ceyhun olduğunu müəyyən etmişlər. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar ilə tanış olmuşdur. Şəxsin qoluna qandal vurulmamışdır. İdarədə Ceyhun səhəti ilə bağlı hər hansı problemlə bağlı şikayətlənməmişdir.Ceyhun saxlanıldıqdan sonra videoçəkilişin nə vaxt keçirilməsini xatırlamamış, lakin çəkilişdə iştirak etmişdir. İdarədə olan zaman Ceyhuna kim tərəfindən su və ya çay təklif edildiyini görməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni tapdığını demişdir. Daxil olan məlumat onun narkotik vasitəsinin istifadəsi və daşıması ilə bağlı olmuşdur.Satması ilə bağlı məlumat olmamışdır. Şahid3 və Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri- qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən üzərində İphone markalı mobil telefonunu və 131 manat pulu çıxardıb masanın üzərinə qoyur. Əynindəki şalvarının cibindən 01 ədəd şəffaf bükümə bükülmüş bükümü masanın üzərinə qoyub bildirir ki, təqdim etdiyi bükümün içərisindəki maddə psixotrop maddə “patıdır”. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus olan əl çantasını açaraq içərisindən 01 ədəd qələm, 01 ədəd qeyd dəftəri, 01 ədəd Kapital banka məxsus Birbank bank kartı, 01 ədəd Unibanka məxsus Leobank bank kartı, 01 ədəd Bakı kartı və özünə məxsus şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmır. Daha sonra həmin büküm açılır, bükümün içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar olunur. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1003 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” və sair yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 11,553 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,453 qr qram olan psixotrop maddə metamfetamin saxlanmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 1424 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub, Təqsirləndirilən şəxs müayinə zamanı - narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Nizami oğlundan aşkar olunmuş bir ədəd “İphone” markalı mobil telefon X9 həmin tarixdə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, psixotrop maddə istifadə etmədiyini, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsi zamanı (müdafiəçilərinin iştirakı ilə) verdiyi ifadələri ilə səmimi etiraf etmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 1424 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq X8 (saxlanıldığı Polis İdarəsindən) onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun polis əməkdaşları tərəfindən psixoloji və ya fiziki təzyiqlərə məruz qalmasına dair məlumat aşkar olunmamışdır (müəyyən edilməmişdir). Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması, onu şəxsi istifadəsi üçün əldə etməməsi və polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini, yəni psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələrini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini (psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirlən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci madəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 11,453 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (anten dairəni və digər məlumatlar məlumatları özündə əks etdirən) 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “İphone” markalı mobil telefonun X9 (qəbz əsasında) təhvil verilməsi - qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkişi 11,453 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil operatordan (Bakcell MMC) təqdim edilmiş (anten dairəni və digər məlumatlar məlumatları özündə əks etdirən) 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “İphone” markalı mobil telefonun X9 (qəbz əsasında) təhvil verilməsi - qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar