Məhkəmə qərarları › İş №1(101)-1841/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1841/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1841/2025 26.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçilər – X3 və X1 iştirakları ilə, xx xxx 1988-ci ildə Rusiya Federasiyasının Çita şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaqTəcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,998 qram çəkidə psixotrop maddə metamfetamini və xeyli miqdarda - 31,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib 31,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanında saxlamaqla, 4,998 qram çəkidə psixotrop maddəni isə üzərində saxlayaraq ünvan 3 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkii Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 14:11-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,998 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq xx.xx.2025-ci il tarixdə, saat 14:43-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına özünün və anası Şahid3 razılığı, həmçinin sonuncunun iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında müxtəlif yerlərdən 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkilən 6,48 qram, 0,06 qram və 25 qram olmaqla ümumi təmiz çəkisi 31,54 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun satış məqsədilə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlaması və xx.xx.2025-ci il tarixdə saat 14:11-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,998 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun bu epizodla bağlı təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü – xx.xx.2025-ci il tarixdə səhər saatlarında onun mobil telefonuna zəng gəlmiş və telefondakı şəxs kuryer olduğunu bildirib, hara gəlməli olduğunu soruşmuşdur. O, telefondakı şəxsə “Baku Electronics” mağazası tərəfə gəlməsini izah etmiş, təxminən 15 dəqiqə sonra özü kuryerin çatıb-çatmamasını öyrənmək üçün ona zəng etmişdir. Həmin şəxs ona çatdığını dediyi üçün, sonuncuya özünün də 5 dəqiqəyə orada olacağını demişdir. O, evdən çıxıb aşağı düşdükdən sonra kuryerə zəng etmiş, həmin an telefona kimsə cavab vermişdir. Bu zaman iki nəfər ona yaxınlaşaraq bir nəfər sol tərəfdən, bir nəfər də sağ tərəfdən qoluna girmişlər. Sağ tərəfində olan ondan telefonunu almışdır. Polis əməkdaşları özlərini ona təqdim etdiklərini desələr də, onlardan heç biri özünü ona təqdim etməmişdir. Polis əməkdaşları onu saxlayan kimi, həmin dəqiqə cibini axtarmışlar. Bundan sonra bahalı maşın gəlmiş və polislər onu həmin maşına mindirmiş, onun əllərini qandallayıb, boynunda olan boyunbağını da çıxarmışlar. O, hara aparıldığını soruşduğu zaman, ona çatanda görəcəyi bildirilmişdir. Artıq getdikləri yerə çatana yaxın hara aparıldığını anlamış, BMCMİ-nin inzibati binasına daxil olduqdan sonra onu 3-cü mərtəbəyə qaldırıb, rəisin otağına aparmışlar. Otağa daxil olan kimi ondan - “50 kq. haradadır, sən niyə camaatı zəhərləyirsən?” deyə soruşmuşlar. Həmin vaxt onun cibində heç nə olmamış, cibində yalnız bıçaq qalmışdır. O, ifadəsini məhkəmədə verəcəyini, polis əməkdaşlarına heç nə demək istəmədiyini bildirmişdir. Daha sonra onu 3-cü mərtəbədə sol tərəfdən axırıncı otağa aparmışlar. Onunla söhbət edən adam otağa gələrək əlini çəkməsini demiş, o səbəbini soruşduğu zaman polis əməkdaşları onun əlindən tutaraq hər tərəfindən vurmağa başlamışlar. Rəis olaraq özünü təqdim edən şəxs kənara çəkilmiş və “bunun şortunu çıxardın” demişdir. Bundan sonra həmin şəxslər onu yerə yıxandan sonra həmin rəis gəlib dizini onun başına qoymuş, o, əlini tutub heç nə etməmələri üçün çalışsa da, rəis dizini onun başından vurmuş, başı yerə dəyərək həmin an qaşı partlamış və iki ədəd dişi qırılmışdır. Polislər ondan qan axdığını görəndə ona qarşı təzyiqi dayandırıb, onu buraxmış, su vermişlər. O, etiraz edərək, “niyə heyvan kimi rəftar edirsiz, mənim də hüquqlarım var” demiş, cavabında isə ona, “sənin hüquqların burada işləmir” demişlər. Bundan sonra onun telefonunu gətirərək açmasını tələb etsələr də, o, vəkili olmadan telefonunu açmayacağını, onlara heç bir ifadə verməyəcəyini bildirib etiraz etmişdir. Bundan sonra onu binanın birinci mərtəbəsinə düşürtmüşlər. Orada onun əşyaları, qəbz, 50 manat pul, siqaret, alışqan olmuşdur. Ona əşyalarının qaytarılması təklif edilsə də, o, lazım olmadığını demişdir. Bundan sonra onu xidməti otaqlardan birinə salmışlar, orada tərcüməçi və vəkil oturmuşdur. Vəkili ona təqdim edən kimi o, evə zəng etmək istədiyini desə də, evinə məlumat verildiyi ona bildirilmişdir. Daha sonra əşyalarını stolun üzərinə töküb, ondan bükümü əlinə götürməsini istəmişlər və videoçəkiliş edəcəklərini demişlər. O, “bükümü yığışdırın, ondan sonra nə lazımdır çəkərik” demişdir. Bundan sonra onu dəhlizdə saxlamışlar və getməsini demişlər. O, məhkəmə qərarının olub-olmamasını soruşmuş, cavab isə, “sənlik deyil” olmuşdur. Onu maşına əyləşdirəndən sonra o, polis əməkdaşları ilə getməyəcəyini bildirib, ona hüquqlarının müdafiəsi üçün vəkil vermələrini tələb etsə də, ona cavab olaraq,- “biz dediyimiz kimi olacaq” deyilərək tələblərindən imtina olunmuşdur. Bundan sonra polis əməkdaşları onun iştirakı olmadan mənzilinə qalxmış, anası onları evə buraxmamış, evə buraxması üçün məhkəmə qərarını tələb etmişdir. Polis əməkdaşları onun anasını itələyib evə daxil olmuşlar. O, istintaq müddətində qan analizinə aparılmamışdır. İttiham aktında yazılanların 70 faizi yalandır. Polis əməkdaşları onun evində qutuda marixuana tapmışlar. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, onu kuryeri gözləyən zaman “Baku Electronics” mağazasının yanında tutmuşlar. Ona Baş İdarədə xəsarət yetirilmiş, xəsarət alması ilə bağlı o, prokurorluğa şikayət də etmişdir. O, onu saxlayan polis əməkdaşlarını tanımır. Yaşadığı evə on nəfərə yaxın polis əməkdaşı qalxmışdır. Onu evə aparan zaman maşında iki nəfər olmuş, o, hal şahidini görməmişdir. Hal şahidlərindən yalnız bir nəfəri görmüşdür. Polis əməkdaşlarının heç biri özünü təqdim etməmişdir. Onu döyənləri isə yadında saxlamış, dişini sındıran şəxsin adı Tərlan Yaqublu olmuşdur. İdarədə olan zaman hər şeyi əlindən almışlar və şəxsi axtarış vaxtı onun cibində heç nə olmamışdır. Ona əvvəlcədən cibində nəsə varsa təqdim olunması ilə bağlı heç bir təklif olmamışdır. Baş İdarədə olan zaman onu yerə yıxıb, şortunu çıxarmaq, şəxsiyyətini alçaltmaq istəmişlər, dizləri ilə isə başını yerə sıxmışlar. Həmin təzyiq olunan vaxt başı yerə dəymiş və dişi qırılmışdır. Hər şey video çəkiliş edilməsi ilə bağlı təklifdən sonra olmuş və orada yerdə qanı qalmışdır. O, marixuanadan başqa heç bir narkotik vasitədən istifadə etməmişdir. Evdə aşkarlanan qutuda olan marixuana ona məxsus olmuş, qalan psixotrop maddə ona aid deyildir. Saxlanılarkən heç bir müqavimət göstərməmiş, qaçmağa yeri də olmamış, ətrafda camaat da olmamışdır. İdarədə ona zor tətbiq edənlərdən baş rolda Şahid4 olmuş, həmin şəxs onun şortunu çıxarıb, qeyri-etik hərəkətlər etmək istəmişdir. Şahid5 ona qarşı bilavəsitə zor tətbiq etməmiş, sadəcə onu saxlamış, saxlanılan zaman hər şeyi cibindən götürmüşlər. Polis əməkdaşları onun əşyaları ilə otağa girmişlər, həmin vaxt onun üstündə heç nə olmamışdır. Təhqiqatçı öz çantasından metamfetamin çixararaq stola qoymuş, yaxınlaşıb götürməsini və bunun videosunu çəkəcəklərini demişdir. Bu vaxt Şahid5 orada olub-olmamasını xatırlamır. O, kart sifariş vermiş, kuryer kartla bağlı gəlmiş, o, kuryerlə görüşüb kartı götürməli olmuşdur. Polis əməkdaşları nə kartını, nə açarını, nə də mobil telefonunu qaytarmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Əlibala oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, bu məlumat barəsində rəhbərliyə məruzə olunmuşdur. Bundan sonra müvafiq əməliyyat qrupu yaradılmış və sonuncu barəsində aparılan əməliyyat-axtarış tədbirlərinə o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yeri Binəqədi rayonu ərazisində müəyyən olunmuşdur. Əməliyyat zamanı Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edən zaman, sonuncu qaçmağa cəhd etmiş, lakin onlar həmin şəxsi tutub maşına əyləşdirib, idarəyə gətirmişlər. İdarədə təhqiqatçı, vəkil, tərcüməçi və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman üzərindən 1 büküm metamfetamin və kağız bükümdə marixuana aşkar olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zərurəti yaranmış, lakin şəxs özü mənzilə baxış keçirilməsində iştirak etmək istəmədiyini bildirmişdir. Bundan sonra Muradın anasının iştirakı ilə yaşadıqları evə baxış keçirilmişdir. Baxış zamanı evin müxtəlif hissələrindən narkotik vasitə marixuana və digər elektron vasitələr aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq şahid göstərmişdir ki, əməliyyat zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində yaxınlaşmışlar. Həmin vaxt əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Fərhad Mürsəlov olmuş, əməliyyataxtarış tədbirində iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa cəhd etmişdir. Bununla belə sonuncuya qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs hər hansı xəsarəti olmamışdır. Əməliyyataxtarış tədbirinə o, özü rəhbərlik etmiş, əməliyyat məlumatı aldıqdan sonra əməliyyat tədbirlərindən soraqlaşma tədbiri həyata keçirmişdir. Mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin alışı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Lakin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamışdır. Ona verilmiş tapşırıq Muradın yerini aşkar etmək və idarəyə gətirilməsini təmin etmək olmuşdur. Təqsirləndirilən şəxs barəsində tərəflərindən təxirəsalınmaz tədbir keçirilmişdir. O, Təqsirləndirilən şəxs saxlayan zaman mülki geyimdə olmuşdur. Sonuncuya yaxınlaşan kimi özlərini təqdim edib, Muradı BMCMİ-yə gətirmişlər. İdarəyə daxil olduqları zaman növbətçi hissənin qarşısından keçmişlər. İdarənin növbətçi hissəsində mütləq qaydada baxış keçirilmir, belə ki, şəxs əməliyyatçılarla birlikdə gəldiyinə görə növbətçi hissədə yoxlanışa ehtiyac olmamışdır. İş otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək istəyəndə sonuncu üzərində qeyri-qanuni əşya olmadığını bildirmişdir. O, özü şəxsi axtarışda sona kimi iştirak etmişdir. Hal şahidlərinin iştirakı ilə baxış keçirilməsinə təhqiqatçı qərar vermişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara müqavimət göstərmişdir. Onlar Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbiri nəticəsində saxlayan zaman sonuncunun üzərini yoxlamamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onların nəzarəti altında olduğundan üzərini yoxlamamışlar. Şəxsi axtarış zamanı Murad heç bir müqavimət göstərməmişdir. Onun yanında Təqsirləndirilən şəxs heç bir xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması yadında deyil. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs özü mənzilə qalxmaq istəməmişdir. Mənzilə baxış keçirilməsi ilə bağlı məhkəmənin qərarı olmamış, Təqsirləndirilən şəxs anası könüllü olaraq özü onlara qapını açmışdır. X13 Mərkəzə (“Semaşko” adına xəstəxana) və narkoloji müayinəyə aparılmasında o iştirak etməmişdir. Təhqiqatçının foto çəkilişi nə əsasla apardığı yadında deyil. Şəxsin üzərində xəsarət olması yadında deyil. Şəxsin üzərinə baxış keçirilən zaman heç bir insident baş verməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid4 Qabil oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı idarəyə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı xx.xx.2025-ci il tarixdə tərəflərindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilən tədbir zamanı onlar Əcəmi ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs qaçmaq istəyərkən tutmuşlar. Bundan sonra həmin şəxsi baş idarəyə gətirmiş, orada sonuncuya barəsində əməliyyat-axtarış keçirildiyini elan etmişlər. Təqsirləndirilən şəxs idarədə də problem yaratmışdır. Təhqiqatçı, tərcüməçi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ilk öncə sonuncu üzərində qeyri-qanuni əşya olmadığını bildirmiş, telefonunu, siqaret qutusunu təqdim etmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər bir ədəd büküm və siqaretə bükülmüş marixuanaya bənzər bir ədəd büküm aşkarlanmışdır. Qeyd olunanlarla yanaşı onlara daxil olmuş məlumatda Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik olması barədə qeyd olunduğundan, sonuncuya yaşadığı ünvana da baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs əvvəl razılaşsa da, tədbirin gedişatında ünvana çatdıqları zaman süni problemlər yaradaraq evə çıxmayacağını demişdir. Bundan sonra bütün iştirakçılar evə qalxmışlar. Qapını Muradın anası açmış, axtarış zamanı Muradın otağı dağınıq olmuşdur. Həmin mənzildən yanlış xatırlamırsa, bir qutuda marixuanaya oxşar və yataqda və ya divanda 1 ədəd sallofan bükümdə marixuana, daha sonra kibrit qutusunda narkotikə bənzər maddə, telefon, flaşkartlar təhqiqatçı tərəfindən götürülmüşdür. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Murad polis şöbəsində üzərinə baxış keçirilən zaman çəkilişə görə problem yaratmışdır. Hal şahidlərini o çağırmamış, kimin çağırması yadında deyil, çox güman ki, Tərlan çağırmışdır. Raportda qeyd olunan əlverişli şərait olmaması dedikdə, Muradın qaçmağa cəhd etməsini nəzərdə tutmuşlar. Murad avtomobilə əyləşənə qədər qaçmağa çalışmışdır. Onlar həmin gün təlimatlandırılmışlar, çox güman ki, məlumat həmin gün daxil olmuşdur. Şəxsin əməllərinin ifşa olunması ilə bağlı zəruri olan tədbirlərin hamısı keçirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin üsul və taktikaları onların fəaliyyətinə aid olan məsələdir. Məlumat daxil olduqdan sonra gəlib Təqsirləndirilən şəxs orada müəyyən etmiş, onu mənzilindən çıxarmamışlar, Muradı saxladıqları zaman sonuncu çöldə dayanmışdır. Muradı əvvəlcədən tanımamışlar, şəxsiyyətini əvvəlcədən müəyyənləşdirərək tanımışlar. Yanlış xatırlamırsa Muradı saxladıqları zaman sonuncu qısa şortda olmuşdur. Hüquqi əhəmiyyət kəsb edən hər şey (qanunsuz predmetlər) Muradın sağ cibində olmuşdur. Muradın cibindən telefon, siqaret çıxardığını xatırlayır. Şəxsi axtarış zamanı təhqiqatçı əvvəlcədən üstündə olan qeyri-qanuni nə varsa çıxarmasını Muraddan tələb etmişdir. Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparmış, sonuncunun hər bir hərəkəti onların diqqətində olmuşdur. Otaqda olan müddətdə nə onlar Təqsirləndirilən şəxs, nə də sonuncu onlara zor tətbiq etməmişdir. Otaqda şəxsin sakitliyi təmin edilmiş, özünə və ya kiməsə xəsarət yetirmə ehtimalı olmamışdır. Təqsirləndirilən şəxs onlardan qaçan zaman, ola bilər özünə nəsə etmiş olsun. Evdə axtarış zamanı Muradın anası heç bir problem yaratmamışdır. Şəxsin yataq otağında və digər otaqlarda axtarış keçirmişlər. Muradın anası qanunsuz predmetləri aşkar etdikləri otağın Muradın öz otağı olduğunu demişdir. Axtarış zamanı evdə it də olmuş, lakin it sakit olmuşdur. Muradın anası hər bir hərəkəti icra etdikləri zaman onların yanında olmuş, həmin vaxt it isə kənarlaşdırılmışdı. Aşkar edilən predmetlərin qablaşdırılması yerində olunmuş, lakin o, qablaşdırma formasını xatırlamır. Yanlış xatırlamırsa, protokol yerində tərtib olunmamışdır. Protokolun harada tərtib olunduğu və onu harada imzaladığını xatırlamır. İstintaq hərəkətləri zamanı videoçəkilişlər təhqiqatçının rəhbərliyi ilə həyata keçirilir. Şəxsin üzündə və ya bədənində tutmazdan əvvəl və sonra gözlə görünən bariz xəsarət görməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib, satılması ilə bağlı məlumat daxil olmuş, həmin gün günorta saat 12-13 radələrində şəxs Binəqədi rayon, Naxçıvanski küçəsində müəyyən olunmuş, əməliyyatın gedişində özlərini təqdim etmiş, sonuncu qaçmağa cəhd etdiyinə görə saxlamışlar. Təqsirləndirilən şəxs idarəyə gətirərək vəkilin, tərcüməçinin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə üzərində qanunsuz heç nə olmadığını qeyd etmiş, daha sonra şəxsi axtarış zamanı üzərindən bir ədəd kağız bükümdə marixuanaya bənzər maddə, bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunaraq, protokollaşdırılmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs 20 ildir narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni sosial şəbəkədən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitənin olması şübhəsi yarandığına görə evinə də baxış keçirilməsi qərara alınmışdır. Murad əvvəlcə razılıq versə də, sonra iştirak etmək istəməmişdir. Evə baxış zamanı özünü Təqsirləndirilən şəxs anası kimi təqdim edən şəxs qapını açmış, daha sonra axtarış zamanı mənzildən 1 ədəd bükümdə marixuanaya bənzər maddə, qutuda marixuanaya bənzər maddə və digər maddələr götürülmüşdür. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına aid olan hər hansı tədbir görməmişdir. Axtarışın nə qədər müddətə keçirildiyini xatırlamır. Onlarda onsuz da şəxslə bağlı şübhələr olmuş, baxış zamanı qanunsuz maddə müəyyən olunmuşdur. Muradı saxlayarkən üzərinə baxış keçirməmişlər. Şəxsin üzərinə şəxsi axtarış idarədə, növbətçi hissədə keçirilmişdir. Muradı saxladıqdan sonra idarədə təhqiqatçının yanına aparmışlar, otaqda nə Murad onlara, nə də onlar Murada hər hansı fiziki zor tətbiq etməmişlər. Şəxsi axtarışın videoçəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə aparılmasının səbəbi Təqsirləndirilən şəxs özünün buna etiraz etməsi olmuşdur. Hal şahidlərini o dəvət etməmiş, yəqin ki, digər əməkdaşlar dəvət etmişlər. Hal şahidləri onun tanıdığı şəxslər olmamışlar. Evə baxış zamanı da eyni hal şahidləri iştirak etmişlər. Mənzilə baxış zamanı da videoçəkilişin aparılmamasının səbəbi təhqiqatçının belə qərar qəbul etməsi olmuşdur. Aşkar olunmuş predmetlərin qablaşdırılması təhqiqatçı tərəfindən edilmişdir. Maddi sübutların qablaşdırıldığı zərfə 6 saylı möhür vurulmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özünün imzalayıb-imzalamadığını xatırlamır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kiçik inspektoru Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixində idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar şübhəli olması ilə bağlı məlumat daxil olmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Tərlan Yaqublu, qrup üzvləri isə o, Ayaz Hüseynli və Şahid4 olmuşdur. X10 daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu ərazisində, saat 12-13 radələrində Təqsirləndirilən şəxs tutmuşlar. Sonradan ona vəkil, tərcüməçi təyin olunmuş, hal şahidləri dəvət edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə əvvəlcə razılıq versə də, sonradan çəkilişdə olmaq istəmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsin qeydiyyatda olduğu ünvana yaxınlaşdıqda bir qadın qapını açaraq özünü Muradın anası kimi təqdim etmiş, sonradan baxış zamanı evdən marixuanaya bənzər büküm aşkarlanmış, qablaşdırılaraq götürülmüşdür. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən predmetlərin qablaşdırılmasını təhqiqatçı həyata keçirmişdir. O, evdə axtarış keçirməyə dair protokolu nə vaxt imzaladığını tam xatırlamır. Muradla bağlı saxlanıldığı yerdə sənədləşməni aparmamalarının səbəbi əlverişli şəraitin olmaması, onun qaçmağa cəhd etməsi olmuşdur. Növbətçi hissədə vəkil təyin olunana qədər baxış keçirə bilmədiklərinə görə gözləmişlər, lakin müdafiəçinin gəlməsini nə qədər gözlədiklərini tam xatırlamır. Muradın hər hansı əşyanı cibindən götürüb atmağa cəhd göstərib-göstərməməsini xatırlamır. Murad şəxsi axtarış zamanı şəxsi əşyalarından bəzilərini çıxartsa da, narkotik vasitəni çıxartmamışdır. Həmin vaxt Muradın davranışı sakit, normal olmuşdur. Hal şahidlərini kimin çağırdığını xatırlamır. Mənzildə axtarış zamanı Muradın anası yanlarında durmuş, itlə məşğul olmamışdır. Mənzildən narkotik vasitə aşkar edilmiş, lakin həmin vasitənin hansı otaqdan tapıldığını dəqiq xatırlamır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16- 17 radələrində evdə olan zaman qapı döyülmüş və qapını açması istənilmişdir. O, səbəbini soruşanda oğluna görə gəldiklərini demişlər. O, polislərə məhkəmə qərarını göstərmədən qapını açmayacağını demiş, 35-40 dəqiqə sonra ona qapının gözlüyündən kağız göstərib, məhkəmə qərarı olduğunu demişlər. O, qapını açan zaman polis əməkdaşları onu itələyib, içəri girmişlər. Polis əməkdaşları evə daxil olan zaman birinci Muradın otağına keçmişlər. Yaşadıqları evdə it olmuş, o iti digər otağa keçirən zaman polis əməkdaşları evdən nə isə aşkar etmişlər. O, polislərin yanında olduğu zaman mənzildən heç nə tapılmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları birinci Muradın otağına daxil olub baxış keçirmişlər. Polis əməkdaşları onun yanında evdən heç nə tapmamışlar. O, evdə heç bir sənədə imza atmamışdır. Onun yanında hal şahidləri heç nəyə imza atmamışlar. O, hadisə günü Muradın evdən çıxmağını görmüşdür və Murad gedərkən ona bank kartı üçün getdiyini bildirmişdi. Murad evdən çıxanda əynində qısa şort və köynək olmuşdur. Muradın dişinin sınması məsələsindən xəbəri olmamış, hadisə günü Murad evdən çıxdığı zaman normal vəziyyətdə olmuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o və Murad narkotik vasitədən sadəcə istifadə etmişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Muraddan 10 gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona ilkin olaraq AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. O, marixuana adlı narkotik vasitədən istifadə etmişdir. Metamfetamin adlı psixotrop maddədən istifadə etməmişdir. Muradın metamfetamindən istifadə etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsdən pul qarşılığında narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxslə bir-birilərini məhəllədən tanıyırlar, eyni məhəllədə yaşamışlar. Muradın narkotik vasitə satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. O, Muradla narkotik vasitədən sadəcə birlikdə istifadə etmişlər. O, Muradı saxlayan şəxsləri tanımır. Onu da BMCMİ əməkdaşları saxlamışlar. Onu BMCMİ saxlayanda Binəqədi rayonu ərazisində Samir adlı şəxsdən narkotik vasitəni əldə etdiyini bildirmişdir. Müstəntiq ondan Muradı tanıyıb-tanımadığımı soruşmuş, o isə sadəcə sonuncunu tanıdığını bildirmişdir. Sonda ona təzyiq olunacağı üçün əvvəlcədən istintaqda həmin məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş, Şahid2 İlyar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, onun narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu bildiyini, bir neçə dəfə Muraddan və Muradın vasitəsi ilə pul verməklə tanımadığı başqa şəxslərdən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aldığını qeyd etmişdir. Həmçinin Muradla birlikdə bir neçə dəfə narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, həmçinin, Murad özündə narkotik vasitə və psixotrop maddə olmadığı halda, başqa şəxslərdən ona verilməsindən ötrü narkotik vasitə və psixotrop maddə aldığını qeyd etmişdir. Muradın adını bilmədiyi başqa şəxslərdən ona görə aldığı narkotik vasitə və psixotrop maddənin pulunu Murada verdiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov rayonunda dostunu gözləmiş, tanımadığı 1 nəfər yaxınlaşıb BMCMİ-nin əməkdaşı olduğunu, bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və idarəyə onunla gedib şahid kimi iştirak etməsini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. İdarədə Murad, vəkil və daha bir nəfər başqa şəxs olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmiş, özü üzərindən siqaret, telefon və 50 manat pulu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları özləri şəxsin üzərinə baxış keçirəndə üzərindən narkotik vasitə aşkarlamışlar. Şahid ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, ilk dəfədir ki, hal şahidi kimi iştirak edir. Ona nə görübsə, onu da bildirməsini demişlər. Polis əməkdaşı onu dəvət edən zaman Nərimanov rayonu ərazisində dostunu gözləmişdir. Onun həmin vaxt vacib işi olmamışdır. O, təxminən 15-20 dəqiqə idarədə olmuş, daha sonra isə evdə baxış keçirilməsi üçün getmişlər. Şəxsin üzərində axtarış keçiriləndə 10-15 dəqiqə vaxt keçmiş, o da tərtib olunan protokola imza atmışdır. Evdə baxış üçün getdikləri zaman Murad başqa maşında, o isə başqa maşında olmuşdur. Evə daxil olan zaman polis əməkdaşları Muradın maşında olduğunu və evə baxış keçirilməsinə etiraz etdiyini bildirmişlər. Mənzilin qapısını Təqsirləndirilən şəxs anası açmış və polis əməkdaşları vəziyyəti sonuncuya izah etmişlər. Axtarış zamanı Muradın öz otağında sellofan paketdə maddə tapılmış və onun narkotik vasitə olduğunu bildirmişlər. Narkotik vasitələr qablaşdırılmış və zərflərin üzərinə imza atmışlar. Həmin vaxt tərcüməçi də iştirak etmişdir. O, mənzilə baxış keçiriləndə mənzildə olmuşdur. O, Muradda hər hansı xəsarət görməmişdir. Şəxsi axtarış keçirilərkən Muradın davranışı normal olmuşdur. Murad həmin vaxt özünə heç bir xəsarət yetirməmişdir. Mənzildən çıxıb idarəyə gəlmişlər və o da idarədə protokola imza atıb oradan çıxıb getmişdir. İdarəyə daxil olanda bütün əşyalarını növbətçi hissədə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən polis əməkdaşı balaca bir şey çıxarmışdır. O, idarənin şəxsi axtarış aparılan otağına daxil olanda təqsirləndirilən şəxs, digər hal şahidi, vəkil, tərcüməçi və başqa polis əməkdaşları otaqda olmuşdur. O, hadisə günü Elgiz adlı dostu ilə görüşməli olmuşdur. Polis əməkdaşları onu dəvət etdikdən sonra o, dostuna işi çıxdığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra müdafiəçi tərəfindən verilmiş suala cavab olaraq şahid göstərmişdir ki, Muradın otaqda başını harasa vurmağını xatırlamır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş BMCMİ-nin baş təhqiqatçısı X8 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarəyə gələn zaman onlara raportla məlumat daxil olmuşdur. Bundan sonra onlar vəkil və tərcüməçi dəvət etmiş, şəxsin öz hüquqlarını izah etmişlər. Daha sonra şəxsi axtarış, sonra da yaşadığı evinə baxış keçirilmişdir. Həmin gün təqsirləndirilən şəxs özü təhqiqat hərəkətinin video çəkilişlə aparılmasına etiraz etmişdir. Təhqiqat hərəkətləri üçün dəvət edilmiş hal şahidləri baş idarə tərəfdən təsadüfən yoldan keçən şəxslər olmuşdur. Təqsirləndirilən şəxs üzərində xəsarətin olubolmaması yadında deyil. Təqsirləndirilən şəxs əşyaları əynindəki şortun cibindən çıxartmış, lakin hansı cib olmasını xatırlamır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetamin və marixuana aşkar olunmuşdur. Evə baxış keçiriləndə Murad da mənzilə baxışda iştirak etməsi üçün aparılsa da, sonuncu baxışda iştirak etməkdən imtina etmiş, buna səbəb olaraq, evdə yaşlı anasının olduğunu göstərmişdir. Mənzildə aparılan baxış zamanı narkotik vasitə marixuana, borucuqlar, elektron tərəzi aşkar edildiyini xatırlayır. Mənzildən aşkar olunanların orada bağlamada olduğunu, yoxsa zərfə qoyduqlarını xatırlamır. Şahidlər imzanı elə yerində atmışdılar. Saxlandıqdan sonra Təqsirləndirilən şəxs aqressiv olmuş, ozünü rəfə vurmuş, bədənində qızartı olmuşdur. Məhkəmə tibbi ekspertizası onun prosessual hərəkətləri icra etməsindən sonra həyata keçirilmişdir. Protokolu inzibati binada, baş idarədə tərtib etmişdir. Evə baxış keçirilməsi ilə bağlı prosessual hərəkətin protokoluna təqsirləndirilən şəxsin anası imza etmişdir. Ona təqdim olunan fotoşəkildə olan stol və divan bütün xidməti otaqlarda eynidir, lakin həmin otaq onun xidməti otağına axşayır. Maddi sübut zərfin içərisində olmuşdur. Şəkildəki zərf şəxsi axtarışa dair zərf olmuşdur. Hadisənin üzərindən 7-8 ay vaxt keçdiyinə görə təqsirləndirilən şəxsin anasının idarədə nə qədər vaxt olduğunu xatırlamır. Axtarış və götürmə aparılması protokolunu o tərtib etmişdir. Axtarış aparılan zaman hamı orada olmuş, təqsirləndirilən şəxsin anası video çəkilişdən imtina etmişdir. Videoçəkilişin aparılmasından imtina edilməsini rəsmiləşdirib-rəsmiləşdirmədiyini xatırlamır. Təqsirləndirilən şəxsin anası idarədə mənzilə baxış keçirilməsi barədə protokolu imzalamışdır. Fotoşəkildəki qablaşdırılan predmetlər və noutbuk çantasının hansı məsələyə aid olduğunu xatırlamır. Zərfin üzərinə vurulan möhür kağızda olur və qablaşdırmanı onlarda hər bir şəxs imzalayır. Təqsirləndirilən şəxs proses gedən zaman başını şkafa vurmuş, özünə xəsarət yetirmişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması faktına görə barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, i/v:1) BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə, eləcə də yaşadığı ünvan 5 ünvanında saxlaması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild İ, i/v:4) “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yuxarıda qeyd edilən əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə, eləcə də yaşadığı ünvan 5 ünvanında saxladığı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsi aparılsın, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üstünə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (cild İ, i/v:5-6) “Əməliyyat qrupunun yaradılması haqqında” xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, BMCMİ-ni rəsisi tərəfindən Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid4 və Şahid5, həmçinin həmin idarənin kiçik inspektoru Şahid6 ibarət tərkibdə birgə əməliyyat qrupu yaradılması əmr edilmişdir. (cild İ, i/v:7-8) BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, həmin tarixdə tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 12:20də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərkən sonuncunun qaçmağa cəhd etsə də tərəflərindən saxlanıldığını, saxlanılarkən üstünə şəxsi axtarış və götürmə keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü tərəflərindən müşayiətləri altında saxlanıldığı yerdən Baş İdarəyə gətirildiyini bildirmiş, habelə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Raportun üzərinə dərkənar qoyulmaqla, M.Dostuyevdən müvafiq tədbirlərin görülməsini təmin etməsi xahiş edilmiş, o cümlədən sözügedən raport BMCMİ-nin ştampı ilə xx.xx.2025-ci il tarixdə, 3-13-6/2-4962/25 nömrəsi ilə qeydiyyata alınmışdır. (cild İ, i/v:9) xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, DİN BMCMİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə saat 13:47 dəqiqədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə tutulmuşdur. Tutulmanın əsasları olaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 12:20-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 12:20 dəqiqədən tutulmuş hesab edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2025-ci il tarixdə saat 13:47 dəqiqədə tərtib edilmişdir. (cild İ, i/v:25) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DİN BMCMİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən, həmin gün, saat 14:11-dən 14:19-dək olan müddətdə tərcüməçi, müdafiəçi, polis əməkdaşları və 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet olmadığını bildirib, əynində olan qara rəngli qısa yay şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd açarı, şalvarının sol yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu, 50 manat pulu və 1 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla tədim etmişdir. Daha sonra əməkdaşlar tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, bu zaman onun əynində olan qara rəngli qısa yay şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 1 ədəd kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Həmçinin 01 ədəd “Xiaomi” markalı mobil telefonun arxa hissəsinə baxış zamanı orada bir ədəd şəxsiyyət vəsiqəsinin olması müəyyən edildi. Aşkar olunmuş bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd “Xiaomi” markalı mobil telefon götürüldü, 50 manat pul, açar və siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddə və kütlələri bir neçə gün əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 70 manata aldığını, təxminən 20 ildir ki, “nəşə” adı ilə tanıdığı narkotik vasitədən istifadə etdiyini bildirdi. Həmçinin protokolun məzmunundan görünür ki, təhqiqatçı tərəfindən “Şəxsi axtarış prosesi həyata keçirilərkən Murat Mehtibəyli heç bir səbəb olmadan başını otaqda olan şkafa vuraraq özünə xəsarət yetirdi”yi xüsusi qeyd olaraq protokolun məzmununda vurğulanmışdır. Təhqiqatçı tərəfindən protokolun tərtibatı saat 15:38-də başlamış, saat 16:00-da qurtarmışdır. (cild İ, i/v:38-42) “Ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesindən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr olmasına əsaslı şübhələr olduğundan onun yaşadığı ünvanın qarşısına gəldik. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 24 iyun 2025-ci il tarixli qərara əsasən DİN BMCMİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən, həmin gün saat 14:43-dən 15:08-dək olan müddətdə tərcüməçi, müdafiəçi, polis əməkdaşları və 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Protokolda qeyd edilmişdir ki, Murad Mehdibəyli heç bir əsas və səbəb göstərmədən baxış prosesində iştirak etmək istəmədiyini bildirmiş, daha sonra təhqiqatçı tərəfindən sonuncunun göstərdiyi ünvanın qapısı döyülmüşdür. Qapını qadın cinsindən bir nəfər açmış, həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, daha sonra həmin şəxs də özünü təqdim edib Murad Mehdibəylinin anası X4 olmasını demişdir. Şübhəli şəxs Şahid3 yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq təqdim etdi. Daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla birlikdə həmin ünvana baxış keçirilmişdir. X5 məxsus yataq otağına, sonra mətbəxə, daha sonra isə Təqsirləndirilən şəxs məxsus yataq otağına baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus yataq otağına keçirilən baxış zamanı həmin otaqda müxtəlif yerlərdən 01 ədəd karton qutuda, 01 ədəd sellofan bağlamada, 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd kağız boru, 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar qara rəngli maddə, 01 ədəd şüşə lampa, 01 ədəd elektron tərəzi aşkar olunraq təhqiqatçı tərəfindən müvafiq qaydada bağlaşdırılmışdır. Baxış prosesi davam etdirilərkən həmin ünvandan 2 ədəd Samsung markalı mobil telefon, 1 ədəd səsyazan, 1 ədəd kaset, 1 ədəd kamera, 14 ədəd yaddaş daşıyıcısı, 1 ədəd Sazz avadanlığı aşkar edilib iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış gündüz vaxtı, suni işıqlandırma şəraitində aparılmışdır. (cild İ, i/v: 46-48) Təqsirləndirilən şəxs tərcüməçi və müdafiəçinin iştirakı ilə BMCMİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayevə verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs izahatında yuxarıda qeyd edilən protokolların məzmununa uyğun izahat verilməklə yanaşı “şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona prosesin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildiyi, onun buna etiraz edib videoçəkilişin aparılmasını istəmədiyini bildirərək prosesin hal şahidləri vasitəsi ilə həyata keçirilməsini xahiş etdiyini”, təhqiqatçının “Siz nə üçün şəxsi axtarış zamanı üstünüzdə həmin maddə və kütlələrin olması barədə məlumat verməmisiniz?” sualına cavab olaraq “Məsuliyyətə cəlb olunacağından qorxduğu üçün bu barədə məlumat vermədiyi, həmçinin üstünə əməkdaşlar tərəfindən şəxsi axtarış keçirilməyəcəyini düşündüyü üçün həmin maddə və kütlənin üstündə olması barədə məlumat vermədiyi”, təhqiqatçının “Siz şəxsi axtarış keçirilərkən heç bir əsas və səbəb göstərmədən başınızı otaqda olan şkafa vurdunuz. Bunun səbəbini necə izah edərsiniz?” sualına “Bu yolla məsuliyyətdən boyun qaçıra biləcəyini düşündüyü, ona görə də özünə xəsarət yetirmək üçün başını otaqda olan şkafa vurduğu” məzmunda, təhqiqatçının “Şəxsi axtarış və götürmə prosesindən sonra yaşadığınız ünvana tərəfimizdən baxış keçirilmişdir. Siz həmin prosesdə iştirak etməkdən imtina etdiniz. Bunu necə izah edərsiniz?” sualına cavab olaraq “Öz arzusu ilə yaşadığı ünvana baxış keçirilməsi prosesində iştirak etmək istəmədiyini, evdə yaşlı anasının olduğunu düşündüyünü, buna görə də həmin prosesdə iştirak etmək istəmədiyini”, təhqiqatçının “Şahid3 sizin nəyinizdir və yaşadığınız ünvandan aşkar olunmuş həmin vasitələrdən məlumatı vardırmı?” məzmunda sualına isə “Şahid3 onun anasıdır, uzun müddətdir narkotik vasitələrdən istifadə etməyindən anasının məlumatı olduğunu, ancaq yataq otağında hansı növ narkotik vasitə saxlamasından və dəqiq yerlərindən məlumatı olmadığı” məzmunda cavablar vermişdir. (cild İ, i/v:65-67) 25 iyun 2025-ci il tarixli 6/2305 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi - 4,998 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetarnindir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı 1 ədəd şüşə predmetin 1 ədəd boruşəkilli kağızın içərisində və 1 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümdə olan metamfetaminlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün olmadı. Həmin bağlamada olan 1 ədəd kibrit qutusundakı təmiz çəkisi 8,898 qram qara rəngli maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyil. Qeyd: 1) Metamfetaminin ümumi çəkisi: 4,998 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq - 4,898 qram. (cild İ, iş vər. 68-73) 25 iyun 2025-ci ıi tarixli 7/917 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 1 ədəd sellofan bağlamada təmiz çəkisi - 6,48 qram, 1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 0,06 qram, həmin bağlamada karton qutunun içərisində 1 ədəd sellofan bükülüdə təmiz çəkisi — 25 qram olan bitki mənşəli kütlələr içərisində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş 01 ədəd sellofan torbacıqda və 01 ədəd sellofan bükülüdə marixuanalar öz aralarında eynidirlər və təqdim olunmuş 01 ədəd sellofan bağlamada olan marixuanadan fərqlənirlər. Həmin ağ rəngli polietilen bağlamadakı 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə..yazısı və imzalar olan kağız paketdəki sellofan torbacıqda 01 ədəd popirosun içərisində ümumi çəkisi - 0,23 qram olan qarışıq kütlədə tütün hissəcikləri və cuzi miqdarda çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Marixuana cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı, Qeyd: 1)“Marixuananın ümumi çəkisi: 31,54 qram, tədqiqata sərf edildi - 0,13 qram, qalıq - 31,41 qram. 2) Qarışıq kütlənin ümumi çəkisi: 0,23 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 0,19 qram. (cild 01, iş vər. 74-78) Məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2025-ci il tarixli 3824 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür.” Məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs 20 ildir ki, narkotik vasitə istifadə etdiyini bildirmişdir. (cild İ, i/v 207-208) AR DİN BƏSİİ tərəfindən verilmiş tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, DİN-in BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Vüsal Hüseynov tərəfindən Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və və barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin sübut kimi tanınmadan iş materiallarına əlavə edilməsinin nəzərə alınmaması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Xiaomi" markalı mobil telefonun yaxın qohumlarına qaytarılmasından ötrü müdafiəçisinə təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş 4,998 qram çəkidə psixotrop maddə metamfetaminin və 31,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 4,898 qram qalmış psixotrop maddə metamfetaminin və 31,41 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixlərində verdiyi ifadələrində özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi, 20 avqust 2025-ci il tarixdə yenidən dindirilən zaman isə özünü təqsirli bilməyərək üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ona aid olmadığını, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilərək üzərinə qoyulduğunu və narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən alaraq yaşadığı mənzildə saxladığını bildirməsi xüsusatların özünümüdafiə kimi qiymətləndirilməsi və rədd edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.42 -ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuanam əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı dindirilən zaman bildirdiyi xüsusatlar üzrə ayrıca icraata material ayrlaraq hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi nəzərə alınması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininvə 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın 2 mərhələdə (şəxsi axtarış zamanı üzərindən və yaşadığı evdə axtarış zamanı yataq otağından) aşkar edilmiş dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələr ilə bağlı olduğunu, şəxsin həmin vasitələri əldə edib, saxlayaraq daşımada ifadə olunan hərəkətlərinin satış məqsədi ilə müşayiət olunduğu halda ayrı-ayrı epizodlar olaraq təhlil edildiyi zaman yaşadığı mənzildən aşkar edilmiş vasitələrin CM-in 234.2-ci maddəsinin (xeyli miqdar təşkil etməklə) tərkibini, üzərindən aşkar edilmiş vasitələrin isə CM-in 234.4.3-cü maddəsinin (külli miqdar təşkil etməklə) tərkibini yaratdığını qeyd etməyi zəruri hesab edir. CM-in 234.2-ci maddəsi ilə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – qanunla qadağan edilir. Həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi – qanunla qadağan edilir. Məhkəmə hazırki cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə hər iki epizod üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetlərin əldə edilmiş olması və həmin predmetlərin Təqsirləndirilən şəxs (üzərindən və yaşadığı mənzildən) aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərində yuxarıda sadalanan tövsifedici əlamətlərin mövcud olub-olmaması tədqiq edilməlidir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2025-ci il tarixdə, saat 12:20-də ünvan 3 ünvanında saxlanması, üzəri yoxlanmadan və baxış keçirilmədən BMCMİ-yə aparılması və bir müddət sonra orada üzərinə şəxsi axtarış, daha sonra isə yaşadığı mənzilə özünün iştirakı olmadan baxış keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən əsas sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs ilk növbədə hadisələrin başqa formada cərəyan etdiyini, saxlandığı zaman faktiki olaraq üzərinin yoxlanmaqla baxış keçirildiyini, idarəyə aparıldıqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirmiş, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübutlarını məhkəməyə təqdim etmişdir. O cümlədən aparılmış məhkəmə istintaqının gedişatında tərəflərin vəsatəti əsasında bir sıra yeni sübutlar əldə olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan göründüyü kimi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsinin əsasını 3 mərhələdə toplanmış sübutlar məcmusu təşkil etmişdir. Bunlar Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanması və bundan sonrakı üzərinə şəxsi axtarış keçirilənədək dövr, həmin tarixdə keçirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və daha sonra yaşadığı mənzilə baxış istintaq hərəkətləri olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş yuxarıda sadalanan tədbir və prosessual hərəkətlərin bir-biriləri ilə qarşılıqlı şəkildə bağlı olduğunu qeyd edərək belə hesab edir ki, hər bir mərhələdə keçirilmiş tədbirlərin və onların rəsmiləşdirilməsi ilə bağlı protokolların məzmunu, məhkəmə istintaqı zamanı əldə olunmuş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, ətraflı şəkildə araşdırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxsun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı birinci növbədə qeyd edir ki, istintaq materiallarına və verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:20 dəqiqədə ünvan 3 ünvanında saxlanmış və BMCMİ-nin inzibati binasına gətirilmiş, bu barədə əməliyyat müvəkkili tərəfindən müvafiq raport tərtib edilmişdir. Həmçinin keçirilmiş əməliyyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs saxlandığı zaman qaçmağa cəhd edərək müqavimət göstərdiyini qeyd etmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən saxlandığı vaxtı və yeri təsdiq etsə də, saxlandığı zaman elə oradaca faktiki olaraq üzərinin yoxlandığını, qanunsuz heç bir predmetin olmadığını, habelə polis əməkdaşlarına heç bir müqavimət və qaçmağa cəhd göstərmədiyini, daha sonra isə polis əməkdaşlarının onu avtomobilə mindirərək BMCMİ-yə aparıb, orada bir neçə saat saxladıqlarını və şəxsi axtarışadək fiziki və psixi təzyiq göstərilərək, polis əməkdaşlarının dizləri ilə onun baş nahiyəsindən xəsarət yetirildiyini, şəxsi axtarışdan əvvəl isə təhqiqatçı tərəfindən çantasından qanunsuz maddələr çıxarılaraq stolun üstünə qoyulub videoçəkiliş aparılmasını, özünün də buna etiraz etməsini bildirmişdir. Tərtib edilmiş protokolların məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saat 12:20-də saxlanmasından sonra sonuncu saat 13:47-də şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış isə saat 14:11-dən etibarən keçirilməyə başlanmışdır. Bu isə Təqsirləndirilən şəxs faktiki olaraq əməliyyat-axtarış tədbiri gedişində tutulmasından üzərində şəxsi axtarışın (polis əməkdaşları əməliyyat-axtarış tədbiri gedişində sonuncunun üstünün yoxlanmadığını ifadələrində qeyd edirlər) keçirilməsinədək 2 saata yaxın bir müddətdə polisin nəzarəti altında olduğunu mübahisəsiz şəkildə təsdiq edir. Belə olan halda məhkəmə həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılmasını oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyataxtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən verilməsi, tutularkən üzərində heç bir narkotik vasitə və psixotrop maddənin olmaması, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, psixotrop maddənin təhqiqatçı tərəfindən şəxsi axtarışdan əvvəl öz çantasından çıxararaq Təqsirləndirilən şəxs qarşısına qoyması, sonradan üstündə şəxsi axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və "Savalanlı və digərləri Azərbaycana qarşı" işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır. "Savalanlı və digərləri Azərbaycana qarşı" şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib- etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edilə bilməz (İbrahimov və Məmmədov, § 127). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Hazırkı iş materiallarından isə nəinki əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi hərəkətlərinin aparılmaması, bundan sonra keçirilən şəxsi axtarış və götürmənin videoçəkiliş aparılmadan 2 nəfər hal şahidinin iştirakı ilə keçirilməsi müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 29 noyabr 2016-cı il tarixli, 439-VQD nömrəli Azərbaycan Respublikasının Qanununu ilə müvafiq istintaq hərəkətlərinin, o cümlədən şəxsi axtarış və götürmə aparılması zamanı (CPM 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir) videoçəkilişin aparılması ilə bağlı tələblər əlavə edildikdən sonra istintaq orqanları tərəfindən müvafiq olaraq şəxsi axtarış və götürmə kimi istintaq hərəkətlərinin mütləq əksəriyyəti videoçəkiliş aparılmaqla keçirilir ki, bu hal sübutların obyektivliyinin və cinayət mühakimə icraatında şəffaflığın təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə bu istintaq hərəkətinin videoçəkiliş aparılmaqla deyil (yuxarıda qeyd edilən plenum qərarında hətta əməliyyat-axtarış tədbirinin gedişində keçirilən hərəkətlərin fasiləsiz videoçəkilişinin aparılması tələbi müəyyən edilir) hal şahidlərinin iştirakı ilə keçirilməsi halı məhkəmədə təbii olaraq belə bir addımın atılmasının səbəblərinin araşdırılmasını zəruri edir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, texnologiyanın hazırkı inkişaf mərhələsində demək olar ki, hər bir yetkinlik yaşına çatmış şəxsin istifadəsində müasir smartfonların videoçəkiliş aparmaq imkanına malik olması hamıya məlum olmaqla, istintaq orqanında videoçəkiliş aparılmasına imkan verən texniki avadanlığın olmaması halı praktiki olaraq mümkünsüzdür və bu halı müvafiq istintaq hərəkətlərinə əlavə edilmiş fotocədvəllər də dolayısı ilə təsdiq edir. Digər tərəfdən qeyd edilməlidir ki, təhqiqatçı və polis əməkdaşları ifadələrində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkiliş aparılmaqla keçirilməməsi səbəbini Təqsirləndirilən şəxs özünün xahiş etməsi ilə əsaslandırmış, Təqsirləndirilən şəxs isə həmin istintaq hərəkətindən əvvəl ona edilmiş fiziki və psixoloji təzyiqlər, ona yetirilmiş xəsarət və üzərində qanunsuz predmet olmadığı halda təhqiqatçının psixotrop maddə çıxararaq ona məxsus olmasını bildirməsinə etiraz etməsi və müdafiəçi ilə təmin edilərək obyektiv istintaqın aparılmasının təmin edilməsini tələb etməsi ilə əsaslandırmışdır. Məhkəmə yuxarıda qeyd edilən təhqiqatçı və polis əməkdaşları ifadələrində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkiliş aparılmaqla keçirilməməsi səbəbini Təqsirləndirilən şəxs özünün xahiş etməsi ilə bağlı qeyd edilən xüsusata münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs həm istintaq zamanı davranışı (şübhəli şəxs və təqsirləndirilən qismində dindirilməsi barədə protokolu imzalamaqdan imtina etmiş olması), həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri və davranışı sonuncunun barəsində olan cinayət işi üzrə obyektiv cinayət təqibinin və ədalət mühakiməsinin aparılmasında maraqlı olduğunu deməyə əsas verir. Belə olan halda isə Təqsirləndirilən şəxs faktiki olaraq şəxsi axtarış və götürmə istintaq hərəkətinin obyektiv sübut olaraq videoçəkiliş aparılmaqla keçirilməsinə etiraz etməsi ağlabatan deyildir. Əksinə Təqsirləndirilən şəxs qarşılaşdığı qanunsuzluqlara qarşı etiraz əlaməti olaraq davranışları, habelə ondan tələb olunan etirafedici məzmunda ifadələr verməməsi və polislərlə “əməkdaşlıq” etməməsi sonuncu ilə istintaq hərəkətlərinin videoçəkiliş ilə aparılmasını çətinləşdirən amil kimi çıxış etmiş olması məhkəmə üçün daha inandırıcı gəlir. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə bu qənaətə gələrkən sonuncu tərəfindən verdiyi ifadələrində yaşadığı evə onun iştirakı olmadan keçirilmiş baxış və götürmə istintaq hərəkəti nəticəsində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini də xüsusi ilə nəzərə alır. (Bu barədə müvafiq epizodla bağlı sübutların tədqiqi aparılarkən daha geniş şərh veriləcəkdir.) Əksinə belə bir videoçəkilişin olmaması Təqsirləndirilən şəxs istintaq hərəkətinə və polis əməkdaşlarının qanunsuz hərəkətlərinə etiraz edən, habelə istintaq hərəkətindən bilavasitə əvvəl xəsarət yetirilmiş olan şəxsin videoçəkilişdə görünməməsi ilə istintaq orqanının məqsədlərinə xidmət edən hal kimi qəbul edilməlidir. Burada qiymət verilməli olan əsas məqam isə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması və nəticədə xəsarət almasıdır ki, qeyd olunan xüsusatla bağlı məhkəmə aşağıdakıları sadalamağı zəruri hesab edir: İlk növbədə məhkəmə və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində xx.xx.2025-ci il tarixdə saxlandıqndan sonra polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını, idarədə polis əməkdaşları tərəfindən yerə yıxılaraq, əynindəki şortunu çıxarmaq istədiklərini, dizləri ilə isə başını yerə sıxdıqlarını, həmin vaxt başının yerə dəyərək xəsarət aldığını bildirmişdir. Bununla belə məhkəmə-tibbi ekspertizasının 32S/MES nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədənində sol qaş qövsünün bayır bucağı nahiyəsində 0,5x0,4sm ölçüdə, qəhvəyimtil rəngli qartmaqla örtülmüş, qeyridüzgün formalı sıyrıq xəsarəti, alt çənədə solda dişləri kariez hesabına hissəvi dağılması, döş qəfəsinin ön səthində döş sümüyü dəstəyi proyeksiyasına uyğun sahədə köhnə qaysaqlanmış 1,1 sm diametrində dəri yarası qeyd edilmiş, Təqsirləndirilən şəxs bədən səthində qeyd olunan və müayinə olunanın göstərdiyi xx.xx.2025-ci il tarixə və şəraitə uyğun xəsarət aşkar edilməmiş, sol qaş qövsünün bayır bucağı nahiyəsində qeyd edilən sıyrığın küt təsir mexanizminə malik əşya ilə yetirilmişdir, törənmə müddəti məhkəmə-tibbi müayinəsindən (xx.xx.2025-ci il) 3-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild İ, i/v 210-212) Qeyd olunan ekspert rəyindən fərqli olaraq isə yuxarıda qeyd edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən protokolun məzmununda “Şəxsi axtarış prosesi həyata keçirilərkən Murat Mehtibəyli heç bir səbəb olmadan başını otaqda olan şkafa vuraraq özünə xəsarət yetirdi”yi xüsusi qeyd olaraq protokolun məzmununda vurğulanmışdır. Məhkəmə iclasında ifadə verən əməliyyat-axtarış qrupunun üzvü olan polis əməkdaşları, o cümlədən hal şahidi Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri, təhqiqat və istintaq hərəkətləri zamanı hər hansı xəsarət almadığını qeyd etsələr də, məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş BMCMİ-nin baş təhqiqatçısı Murad Azayev ifadəsində saxlandıqdan sonra Təqsirləndirilən şəxs aqressiv olduğunu, ozünü rəfə vurduğunu, bədənində qızartı olduğunu və xəsarət aldığını bildirmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı sorğu verilməklə əldə olunmuş Bakı İstintaq Təcridxanasına qəbul edilərkən həyata keçirilmiş tibbi müayinə aktında qeyd edilir ki, Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar “Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirməsi, habelə baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri hissəsində “ sol qaş nahiyəsində sıyrılmış üzəri qərtməkli yara və yumşaq toxuma əziyi, sağ əlin bayır səthində köhnə çapıq izi” Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlandıqdan sonra xəsarət almış olması istintaq sənədlərində bilavasitə təhqiqatçının özü tərəfindən qeyd edilməklə təsdiqlənsə də, ekspertiza tədqiqatında (müayinənin aparılması ilə rəyin verilməsi arasında olan müddətlərin 1 ayı əhatə etməsi də qeyd olunmaqla) sonuncunun xx.xx.2025-ci il tarixə uyğun gələn xəsarətin aşkar edilmədiyini qeyd edilməsi sübutların arasında bir-biri ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Mövcud ziddiyyət isə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmaqla yanaşı, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, anası Liliya Mehtibəylinin ifadəsində Muradın hadisə günü evdən çıxarkən bədənində hər hansı xəsarətin olmamasını bildirməsi, Təqsirləndirilən şəxs həbs olunmasından sonra Bakı İstintaq Təcridxanasına qəbul edilərkən tibbi müayinə aktında qeyd edilən xəsarətləri “Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirməsi, habelə baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri hissəsində “sol qaş nahiyəsində sıyrılmış üzəri qərtməkli yara və yumşaq toxuma əziyi, sağ əlin bayır səthində köhnə çapıq izi” və digər faktorlarla qarşılıqlı tədqiq və təhlil edilməlidir. Belə olan halda isə məhkəmə Təqsirləndirilən şəxs məhz xx.xx.2025-ci il tarixdə saxlandıqdan sonra polis əməkdaşları tərəfindən qanunsuz davranışa məruz qaldığını işin obyektiv halı kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə istintaqı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında müəyyən edildiyi kimi fasiləsiz videoçəkiliş aparılmaqla saxlanıldığı yerdə deyil, 1 saat 51 dəqiqə müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda videoçəkiliş aparılmadan şəxsi axtarış və götürmə istintaq hərəkəti olaraq keçirilmiş, şəxsi axtarış və götürmə haqqında protokol isə istintaq hərəkətinin aparılmasından şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 01 saat 19 dəqiqə sonra, yəni saat 15:38-də tərtib olunmağa başlanmış və bununla da protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edilmişdir. Protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı digər sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Məhkəmə üçün isə anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxsin üstünün yoxlanılması nəyə görə videoçəkiliş aparılmaqla tutulduğu yerdə deyil (tutulduğu tarix yay ayları olmaqla, günorta saatları və yaşayış ərazisində tutulması nəzərə alınmaqla), idarəyə gətirildikdən uzun müddət sonra həyata keçirilmişdir. Müvafiq raport, prosessual sənədlər və polis əməkdaşlarının (Şahid6 və Şahid4) ifadələrində Təqsirləndirilən şəxs saxlandığı zaman oradaca üstünün yoxlanmamasının və sübut əhəmiyyəti ola biləcək əşyaların götürülməsinə yerində şərait (əlverişli şərait) olmaması xüsusatı ilə bağlı qeyd edilməlidir ki, şəxsin üzərinin əməliyyat-axtarış tədbirinin gedişində yoxlanmasının tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir. Halbuki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması zamanı üzərinin yoxlanmaması, əksinə saxlandığı an ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (1 saat 51 dəqiqə) nəzərə alınmalıdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılma ilə şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (psixotrop maddənin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Sonuncunun həmin vaxt ərzində polis orqanında işgəncəyə məruz qalması isə bu narahatlıqları daha da artırır. Bu da onun göstəricisidir ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşdur. Şəxsin əməliyyat-axtarış tədbirinin gedişində Təqsirləndirilən şəxs saxlandığı andan onların nəzarəti altında olduğunu məhkəmə istintaqı zamanı ifadə vermiş əməliyyat-axtarış qrupunun qrup rəhbəri Şahid1 Əlibala oğlu da öz ifadəsində (Həmin vaxt Təqsirləndirilən şəxs onların nəzarəti altında olduğundan üzərini yoxlamamışlar) qeyd etməklə faktiki olaraq təsdiq etmişdir. Göstərilən hallar isə şəxsi axtarış və götürmə hərəkətini, həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolun ittihamı təsdiq edən sübut olaraq qəbul edilənliyini və mötəbərliyini şübhə altına qoymaqla, etibarsız edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkii Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:20-də yuxanda qeyd edilən ünvanda saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həmin gün saat 14:11-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, əynində olan qara rəngli qısa şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 4,998 qram olan külli miqdarda psixotrop maddə metamfetamm aşkar edilərək götürülməsinə dair Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham (CM-in 234.4.3-cü maddəsinin tətkibini yaradan) qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən ittihamın epizodu CPMin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın sonrakı epizodu olan istintaq hərəkətlərinin davamı olaraq xx.xx.2025-ci il tarixdə, saat 14:43-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına özünün və anası Şahid3 razılığı, həmçinin sonuncunun iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında müxtəlif yerlərdən 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 6,48 qram, 0,06 qram və 25 qram olmaqla ümumi təmiz çəkisi 31,54 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi epizodu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ilk növbədə xx.xx.2025-ci il tarixdə axtarış və götürümə istintaq hərəkəti zamanı ünvan 1 ünvanından aşkar edilmiş 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 6,48 qram, 0,06 qram və 25 qram olmaqla ümumi təmiz çəkisi 31,54 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzinin aşkar edilməsinin prosessual qanunvericiliyin tələbləri baxımından mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunub-olunmamasına qiymət verilməsi, daha sonra şəxsin həmin vasitələri hansı niyyətlə əldə etmiş olmasının araşdırılması sübutların daha məntiqli tədqiqi yolu olmaqla, şəxsin ittiham olunduğu cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi üçün mühüm amildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona qeyd olunan epizod üzrə elan edilmiş ittihamda özünü həm ilkin ifadələrində, həm barəsində prosessual məcburiyyət tədbirinin tətbiqinə dair işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən, həm xx.xx.2025-ci il tarixdə yenidən təqsirləndirilən şəxs qismində dindirilən zaman, həm də xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunan zaman özünü qismən təqsirli bilərək evdən aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı sərbəst ifadə verən Təqsirləndirilən şəxs həmin hissədə bir daha ibtidai istintaq zamanı verdiyi ifadələrlə oxşar məzmunda ifadə verərək, yaşadığı ünvan 1 ünvanından aşkar edilmiş narkotik vasitə marixuananın ona məxsus olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda qeyd edilən narkotik vasitə marixuananın bağlama sayını və miqdarını heç bir mərhələdə mübahisələndirməmiş, verilmiş ittihamdan fərqli olaraq qeyd etdiyi yeganə məqam həmin narkotik vasitəni satış məqsədi olmadan əldə edərək, daşıdığı və yaşadığı mənzildə saxlaması ilə bağlı olmuşdur. Həmin epizodla bağlı ittihamın əsas sübutlarını xx.xx.2025-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” qərara əsasən keçirilmiş “Ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol, həmin istintaq hərəkəti zamanı mənzildən aşkar edilmiş sübut əhəmiyyətinə malik və dövriyyəsi qadağan edilmiş predmetlər, şahid ifadələri və müvafiq məhkəmə ekspertiza rəyləri təşkil edir. Məhkəmə həmin sübutların mötəbərliyi ilə bağlı müdafiə tərəfinin dəlilləri kimi polis əməkdaşları tərəfindən məhkəmədə israrla maddi sübutların mənzildə zərflərə qoyularaq DİN möhürü ilə möhürləndiyi, protokolun mənzildə tərtib edilərək oradaca imzalandığını qeyd etdiklərinə baxmayaraq Təqsirləndirilən şəxs anası tərəfindən təhqiqatçının iş otağında çəkilmiş fotoşəkillərdən (iş materiallarına əlavə edilmişdir) maddi sübutların qablaşdırılmadığı, əşyaların təhqiqatçının iş otağında müxtəlif yerlərə düzüldüyü, protokolun faktiki olaraq təhqiqatçının otağında tərtib edilmiş və orada imzalandığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Şahid3 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir.(cild İ, i/v: 44) “Ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Baxış və götürmə aparılması haqqında” 24 iyun 2025-ci il tarixli qərara əsasən DİN BMCMİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən, həmin gün saat 14:43-dən 15:08-dək olan müddətdə tərcüməçi, müdafiəçi, polis əməkdaşları və 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Həmçinin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məxsus yataq otağına keçirilən baxış zamanı həmin otaqda müxtəlif yerlərdən 01 ədəd karton qutuda, 01 ədəd sellofan bağlamada, 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd kağız boru, 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar qara rəngli maddə, 01 ədəd şüşə lampa, 01 ədəd elektron tərəzi aşkar olunraq təhqiqatçı tərəfindən müvafiq qaydada bağlaşdırılmışdır. Protokolun tərtibatı başlanmış saat 16:15 dəqiqədə, protokolun tərtibatı qurtarmış saat 16:42 dəqiqədə. Sadalananlardan müəyyən edildiyi kimi qeyd olunan mənzilə baxış və götürmə (faktiki olaraq axtarış və götürmə) istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə, saat 14:43-dən 15:08-dək olan müddət ərzində aparılmış, protokol isə bundan 1 saatdan bir qədər sonra saat 16:15-də tərtib olunmağa başlayaraq saat 16:42-də bitmişdir. İş materiallarına diqqət etdikdə bu müddət aralığında daha əvvəl keçirilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin protokolunun tərtib edildiyi (saat 15:38-dən 16:00dək) də aydın görünür. Burada qeyd edilməlidir ki, protokoldan görünür ki, o, kompüterdə tərtib edilməklə printer vasitəsilə çap edilmişdir ki, bu halda həmin texniki əməliyyatların baxış keçirilən mənzildə icra edilməsi təbii olaraq mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 51.1. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. 51.2. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. Göründüyü kimi müdafiə tərəfi protokolun mənzildə deyil, BMCMİ-də tərtib edildiyini prosessual qanunvericiliyin tələblərinin pozulması kimi təqdim etsə də, məhkəmə müvafiq təcrübədə prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən etmir. Digər tərəfdən müdafiə tərəfi mənzildən aşkar edilmiş sübut əhəmiyyətinə malik predmetlərin dərhal qablaşdırılmadığı, təhqiqatçının xidməti otağında çəkilmiş fotoşəkillərlə bu halın təsdiqini tapdığı (kreslonun üzərində olan plastik qabda olan predmetlərin həmin əşyalar olduğunu qeyt edərək) ilə bağlı dəlillərlə əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, fotoşəkillərdə olan plastik qabın içərisində nə kimi predmetlərin olması aydın görünməməklə, tərtib edilmiş müvafiq protokolda mənzildən aşkar olunmuş predmetlərin təhqiqatçı tərəfindən müvafiq qaydada bağlaşdırıldığı qeyd edilmişdir. CPM-in 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Göründüyü kimi qanunvericilikdə axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilən predmetlərin qablaşdırılması vurğulanmışdır ki, mənzildən aşkar edilən predmetlərin aşkar edilən zaman forması və həcminə nəzər saldıqda (protokola əlavə edilmiş fotocədvəllərdən) karton qutu və s. kimi predmetlərin kifayət qədər iri olmaqla, istintaq orqanının təcrübədə istifadə etdiyi zərflərin daxilinə qablaşdırılması mümkünsüz olmuşdur. Belə olan halda həmin predmetlərin istinad olunan fotoşəkildə görünən plastik qab kimi predmətdə qablaşdırılaraq (protokolda qeyd edildiyi kimi bağlaşdırılaraq) mənzildən götürülməsi praktiki olaraq əlverişli olmuş və bu zaman prosessual qanunvericiliyin tələbləri hər hansı formada pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ittihamın hazırkı epizodu ilə bağlı istintaq orqanı tərəfindən toplanmış sübutlar qanuni yollarla əldə edilmiş mümkün və mötəbər sübutlar hesab edilməli, Təqsirləndirilən şəxs konkret hissədə cinayəti törətmiş olmasını sübut edən amillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən narkotik vasitənin və digər predmetlərin təqsirləndirilən şəxsin yaşadığı mənzildən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu qurudulmuş marixuana həmin Qanunla təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxil edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq xeyli miqdarda - 31,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib 31,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanında saxlaması, xx.xx.2025-ci il tarixdə, saat 14:43-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına özünün və anası X2 razılığı, həmçinin sonuncunun iştirakı ilə baxış keçirilən zaman evin yataq otağında müxtəlif yerlərdən 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkilən 6.48 qram, 0,06 qram və 25 qram olmaqla ümumi təmiz çəkisi 31.54 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi ibtidai istintaq zamanı toplanmış, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkilən 6.48 qram, 0,06 qram və 25 qram olmaqla ümumi təmiz çəkisi 31.54 qram olan narkotik vasitə marixuananı satış məqsədi olmadan əldə etmiş olması ilə bağlı gətirdiyi dəlillərə münasibətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında da qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı halda “Ünvana baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs məxsus yataq otağına keçirilən baxış zamanı həmin otaqda müxtəlif yerlərdən 01 ədəd karton qutuda, 01 ədəd sellofan bağlamada, 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd kağız boru, 01 ədəd kibrit qutusunda narkotik vasitəyə oxşar qara rəngli maddə, 01 ədəd şüşə lampa, 01 ədəd elektron tərəzi aşkar olunraq təhqiqatçı tərəfindən götürülmüşdür. 25 iyun 2025-ci il tarixli 6/2305 nömrəli məhkəmə-kimyəvi ekspertizasının və 25 iyun 2025-ci ıi tarixli 7/917 nömrəli məhkəmə-bioloji ekspertizasının rəylərindən müəyyən edilir ki, - “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı 1 ədəd şüşə predmetin 1 ədəd boruşəkilli kağızın içərisində və 1 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri olmuş, iz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümdə olan metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamış, - tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 1 ədəd sellofan bağlamada təmiz çəkisi - 6,48 qram, 1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 0,06 qram, həmin bağlamada karton qutunun içərisində 1 ədəd sellofan bükülüdə təmiz çəkisi — 25 qram olan bitki mənşəli kütlələr içərisində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olmuşdur - Təqdim olunmuş 01 ədəd sellofan torbacıqda və 01 ədəd sellofan bükülüdə marixuanalar öz aralarında eyni olmuş, təqdim olunmuş 01 ədəd sellofan bağlamada olan marixuanadan isə fərqlənimişdir. - Həmin ağ rəngli polietilen bağlamadakı 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana 3 ədəd fərqli bağlamada olmaqla, mənzildən həmçinin həmin narkotik vasitəni çəkilərinin müəyyən edilməsi üçün elektron tərəzi də aşkar edilmişdir. Göstərilən hallar şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlamış olmasına dəlalət edən faktorlar kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edilmiş olmasını təsdiq edən sübut kimi Şahid2 da təqdim edilmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı ifadə verən Şahid2 ifadəsində bir neçə dəfə Muraddan və Muradın vasitəsi ilə pul verməklə tanımadığı başqa şəxslərdən narkotik vasitə və qurudulmuş marixuana və psixotrop maddə metamfetamin almasını, həmçinin Muradla birlikdə bir neçə dəfə narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, həmçinin, Murad özündə narkotik vasitə və psixotrop maddə olmadığı halda, başqa şəxslərdən ona verilməsmdən ötrü narkotik vasitə və psixotrop maddə aldığını qeyd etmişdir. Muradın adını bilmədiyi başqa şəxslərdən ona görə aldığı narkotik vasitə və psixotrop maddənin pulunu Murada verdiyini bildirmişdir. Hazırkı məhkəmə istintaqı zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini təkzib edərək, Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığı, lakin sonuncudan narkotik vasitə marixuana almadığı, onunla birlikdə yalnız narkotik vasitə istifadə etdikləri və s. ilə bağlı ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, göstərilən faktor Şahid2 tərəfindən köhnə tanışının daha ağır cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsindən yayınmaq üçün atılmış bir addımdır. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi hazırkı cinayət işinin yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs əməllərində narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edən faktorlarla daha çox uzlaşır və qarşılıqlı vəhdət təşkil edir ki, iş üzrə ibtidai istintaq zamanı 15 sentyabr 2025-ci il tarixdə həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində qeyd etdiyi xüsusatları bir daha bildirmiş olması məhkəmə tərəfindən həmin ifadənin daha mötəbər qəbul edilməsinə əsas olaraq çıxış edir. (cild İİ, i/v 25-27) Burada qeyd edilməlidir ki, yuxarıda sadalanan məhkəmə ekspertizasının rəylərindən göründüyü kimi mənzildən aşkar edilmiş predmetlərin içərisində 1 ədəd şüşə predmetin 1 ədəd boruşəkilli kağızın içərisində və 1 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri olduğu müəyyən edilmişdir. Məhkəmə bu xüsusatı artıq yuxarıda Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetamin psixotrop maddəsinə münasibətdə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi qənaətini, habelə müvafiq rəylərdə də 1 ədəd şüşə predmetin 1 ədəd boruşəkilli kağızın içərisində və 1 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri olmuş, iz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümdə olan metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadığını bir daha vurğulamaqla qeyd edir ki, bu hal Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət işi üzrə üzərindən aşkar edildiyi qeyd olunan psixotrop maddə metamfetamindən başqa daha əvvəl həmin növdən olan psixotrop maddəni əldə etmiş, saxlamış olması, habelə şəxsi qəbulu və satış məqsədi ilə istifadəsinə dəlalət edən hallar kimi qiymətləndirilməlidir. Bu hal həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmiş olması və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunmasına dair məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi ilə də təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlər qismində sübutları və onların məcmusunu tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan sonuncunun satış məqsədilə külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamasına dair (CM-in 234.4.3-cü maddəsi ilə əhatə olunan) epizod çıxarılmalı, Təqsirləndirilən şəxs satış məqsədilə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı mənzildə saxlaması ilə törətdiyi cinayət əməlində təqsirli bilinərək, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 iyun 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar– Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 31,41 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 4,898 qram psixotrop maddə metamfetaminin qanunla dövriyyəsi qadağan edildiyindən və həmin narkotik vasitənin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarından material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilməli və BMCMİ-də saxlanılmaqla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,898 qram psixotrop maddə metamfetamin həmin iş materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə məsrəfləri- 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci isə dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübutlar– Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 31,41 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış psixotrop maddə ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materiallarından material ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininə göndərilsin və BMCMİ-də saxlanılmaqla maddi sübut kimi tanınmış və qalıq qalmış 4,898 qram psixotrop maddə metamfetamin həmin iş materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfləri- 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin, 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci isə dövlət büdcəsi hesabına aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Eldar İsmayılov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar