Məhkəmə qərarları › İş №1(101)-1843/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1843/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1843/2021 23.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3 Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G.Əsədov küçəsi ev 5 A-da qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsi ev 6 B-də yaşayır barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun siqaretdən istifadə etməsi, habelə əl çantasından bir neçə ədəd siqaret tapması səbəbindən şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı ilk əvvəl yumruq və təpiklə, ardınca evin yataq otağındakı dolabın üzərindən götürdüyü istintaqla müəyyən edilməyən qayçı alətlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən ardıcıl olaraq bir neçə dəfə qəsdən zərbələr vurub ona sol tərəfli hemopnevmotoraksla (döş boşluğuna qan və havanın daxil olması) müşayiət olunan döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sol bazunun orta 1/3-nin bayır və iç səthlərin dörd ədəd, sol budun orta 1/3-nin ön və bayırsəthlərinin iki ədəd (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid,solbazunun və bədənin müxtəlif nahiyələrinin səthi əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2-ci Əhmədli küçəsi ev 6 B ünvanında anası X4 və bacısı Zərərçəkmiş şəxs ilə birgə yaşayır. Avtomobil ustasıdır. Bacısı marketlərdə vitrinlərin yığılması ilə məşğul olur, anası isə Əhmədli qəsəbəsindəki “Bravo” marketdə satıcı işləyir. 13 iyun 2021-ci il tarixdə saat 19 radələrində işdən evə gələn zaman atasının evdə olduğunu görmüşdür. Bir qədər sonra atası Nazim evdən çıxaraq anası Kəmaləni işdən götürməyə getmişdir. O da evdə şəxsi işlərini gördükdən bir qədər sonra bacısı İradə işdən evə gəlmiş, onunla salamlaşıb öz otağına keçmişdir. Bir neçə dəqiqədən sonra valideynləri də evə gəlmişdir. Saat təxminən 22 radələrində İradə otağından çıxaraq həyətdəki hamam otağına getmişdir. Evləri fərdi yaşayış evi olduğundan hamam otağı evdə deyil, evin həyətində yerləşmişdir. İradə hamam otağından çıxdıqdan sonra o, təbii tələbatını ödəmək üçün hamam otağına daxil olanda içəridən siqaret qoxusunun gəldiyini hiss etmişdir. İradənin hamam otağında siqaret çəkdiyini başa düşüb hamam otağından çıxdıqdan sonra birbaşa İradənin otağına daxil olub yatağın üzərindən əl çantasını götürüb dəhlizə doğru çıxaraq orada çantanın içərisini axtarmağa başlamışdır. Bu vaxt İradənin çantasından 3 ədəd siqaret tapmışdır. Buna görə də möhkəm əsəbləşib əl və ayağı ilə İradənin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub onu döyməyə başlamış və həmin vaxt İradə otağa daxil olub otağın qapısını bağlamağa çalışsa da, fiziki güc tətbiq edərək qapını açmağa çalışmışdır. Bu zaman qapının üzərindəki şüşə örtük sınaraq şüşələr otağın içərisinə dağılmış, bundan sonra qapını açaraq içəriyə daxil olmuşdur. İradə onu gördükdə yatağın üzərinə oturub əlləri ilə üzünü bağlamış, əsəbi olduğu üçün otaqdakı dolabın üzərində olan gümüşü rəngli qayçını sağ əlinə götürüb onunla İradəni qorxutmağa çalışmışdır. Sol əli ilə isə İradənin saçından tutduğu üçün onun başını rahatlıqla aşağı istiqamətdə əyib sağ əlindəki qayçı ilə bədəninin sol nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Zərbələrdən birinin İradənin bədəninə daxil olduğunu hiss etdikdə artıq etdiyi hərəkətindən peşmançılıq hissi keçirərərk əlindəki qayçını kənara tullayıb əli ilə İradəyə iki dəfə şillə vurmuşdur. Bu zaman İradə döşəməyə yıxılmışdır. Bundan sonra otaqdan çölə çıxıb dəhlizdə olarkən valideynləri gəlib otağa daxil olmuş və o, evdən çölə çıxaraq bir neçə dəqiqə çöldə gəzişdikdən sonra evlərinə təcili tibbi yardım briqadasının gəldiyini görmüşdür. Bundan sonra həkimlər bacısı İradəni 3 Saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Hamam otağına keçəndə siqaret qoxusundan İradənin siqaret çəkdiyini başa düşmüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Hadisə zamanı çox əsəbi olmuşdur. Valdeyinləri təcili tibbi yardım briqdasını çağırmışdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri atası Şahid1, anası X4 və qardaşı Təqsirləndirilən şəxs ibarətdir. 5 ilə yaxındır ki, "Ayan” MMC-də ekspeditor vəzifəsində işləyir. Qardaşı avtomobil ustası, anası isə marketdə satıcı işləyir. 13 iyun 2021-ci il tarixdə saat 21 radələrində işdən evə gələn zaman atası ilə qardaşı evdə olmuş, evə daxil olub bir az ev işləri gördükdən sonra atası anasını işdən gətirməyə getmişdir. Natiqlə ikisi isə evdə qalmışlar. Bir qədər keçdikdən sonra atası ilə anası evə gəlmiş və anası yemək bişirən zaman həyətlərindəki hamam otağına keçib əl-üzünü yumuşdur. Evə geri qayıdaraq otağına keçmiş, təxminən saat 22 radələrində Natiq əsəbi halda otağına daxil olub hamam otağına onun girib-girmədiyini soruşmuşdur. O da ilk öncə atasının, daha sonra isə özünün hamam otağına girdiyini demişdir. Bunu dedikdən sonra Natiq ondan əl çantasının harada olduğunu soruşmuş, o isə yatağın üzərindəki əl çantasını Natiqə göstərmişdir. Natiq əl çantasını götürərək otaqdan dəhlizə doğru çıxıb orada çantanın içərisini axtarmağa başlamış, içərisindən bir neçə ədəd siqaret tapmışdır. Natiq siqaretləri tapan kimi çantanı yerə ataraq əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. O, arxa-arxaya yeriyib otağa daxil olmuş və otağın qapısını bağlamağa çalışmışdır ki, Natiq otağa daxil olub onu döyməsin. Lakin nə qədər fiziki güc tətbiq etsə də, qapını bağlaya bilməmişdir. Bu zaman Natiqin itələməsi nəticəsində qapının üzərindəki şüşə örtük sınaraq şüşələr otağın içərisinə dağılmış və Natiq qapını açıb içəriyə daxil olmuşdur. Qorxduğu üçün əlləri ilə sifət nahiyəsini tutub yatağın üzərində əyləşmişdir. Natiq isə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuşdur. Yatağın üzərindən durub ayağa qalxmaq istəyən zaman döş qəfəsinin sol nahiyəsindən kəskin ağrı başladığı üçün özünü saxlaya bilməyib müvazinətini itirərək yerə yıxılmışdır. Natiq də ondan kənarlaşmışdır. Bu zaman atası ilə anası gəlib bədənindən qan axdığını gördükdə təcili tibbi yardıma zəng vurmuşlar. Bir neçə dəqiqədən sonra həkimlər gəlib onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təcilli tibbi yardım briqadasını valdeyinləri çağırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, şahid X2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 26-29). Cinayət işinin materiallarında olan “paltarlara baxış keçirilərək götürülməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində zədə olan 1 ədəd mayka 3 saylı Şəhər Klinik Xəstəxanasından götürülmüşdür (cild 1, iş vərəqə 50). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 24-25). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs X8 arasında keçirilmiş üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs hadisə ilə bağlı ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 153-155). Məhkəmə istintaqı zamanı tədqiqi edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X13 9 iyul 2021-ci il tarixli 623 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 tərəfli hemopnevmotoraksla (döş boşluğuna qan və havanın daxil olması) müşayiət olunan döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən bir ədəd, sol bazunun orta 1/3-nin bayır və iç səthlərin dörd ədəd, sol budun orta 1/3-nin ön və bayır səthlərinin iki ədəd (cəmi yeddi ədəd) deşilmiş-kəsilmiş yaraları, sol bazunun və bədənin müxtəlif nahiyələrinin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə qayçı ilə yetirilə bilər. Sol bazunun və bədənin müxtəlif nahiyələrin səthi əzilmiş yaraları isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti qərarda göstərilmişdir 13.06.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol tərəfli hemopnevmotoraksla (döş boşluğuna qan və havanın daxil olması) müşayiət olunan döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir; sol buzunun orta 1/3-nin ön və bayır səthlərin iki ədəd (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; sol bazunun və bədənin müxtəlif nahiyələrinin səthi əzilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 120-123). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 23 iyun 2021-ci il tarixli 1345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idərə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 103-104). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X13 13 iyul 2021-ci il tarixli 301/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X7 məxus maykanın arxa səthinin sol nahiyəsində üzərində 1 (bir) ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir (cild 1, iş vərəqə 132-133). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 119). Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 36). Cinayət işinin materiallarında olan 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 94-95). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısıdır və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqə 66-82, cild 2). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs atası Şahid1 məhkəmə araşdırması mərhələsində vəfat etmişdir (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və atası Şahid1 vəfat etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, “Vətən Müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və atası Şahid1 məhkəmə araşdırması mərhələsində vəfat etməsini qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan zərərçəkmiş şəxs X3 hadisə zamanı əynində olmuş 1 ədəd mayka məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan zərərçəkmiş şəxs X3 hadisə zamanı əynində olmuş 1 ədəd mayka məhv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar