Məhkəmə qərarları › İş №1(101)-1844/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1844/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1844/2024 21.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxs X5 iştirakı ilə, xx xxxx 1961-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-433/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(057)-798/2021 nömrəli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395- VİQR nömrəli qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş qalan cəzası 06 (altı) ay azaldılmış və məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 oktyabr 2024-cü il tarixdə, saat 12:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən təmiz çəkisi 2,180 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamaqla üzərində daşımış, 07 noyabr 2023-cü il tarixdə, saat 17:35-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə piyada hərəkət edən zaman Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 18:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,180 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına qeyri-rəsmi kömək etməsi müqabilində 263 manat əmək haqqı almış, 60 yaşı tamam olduqdan sonra pensiyaya çıxmışdır. O, Binəqədi rayonunda yaşadığından, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları ona əməkdaşlıq etməyi təklif etdikdə, o, Binəqədi rayonu ərazisində tək yaşadığını, təqsirləndirilən şəxslərlə üzbəüz gəlmə ehtimalını nəzərə alıb razılaşmamışdır. Həmin vaxtdan 1 ay sonra o, 2023-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə 43-cü Polis Bölməsinə aparılmış, orada təqdim edilmiş sənədləri imzaladıqdan sonra 4 ay müddətində Bakı İstintaq Təcridxanasında saxlanılmış, daha sonra müstəntiq bəzi sənədləri imzalatdırdıqdan sonra o, azadlığa buraxılmışdır. Evinə gedən yol həmin bölmənin qarşısından keçdiyindən, bir gün yenə 43-cü Polis Bölməsinə dəvət edilmiş, barəsində olan axtarış qərarından məlumatsız olmuş və yenidən tutulmuşdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs xatırlamadığı tarixdə zibil qablarından dəmir, plastmas yığmaqla məşğul olarkən polis əməkdaşları xidməti avtomobilini saxlayıb nə iş gördüyünü soruşduqdan sonra ona yerinin təcridxananın olduğunu, oraya aparılacağını, təcridxanada yemək veriləcəyini, yatacaq yerinin olmasını söylədiklərini, polis əməkdaşlarının ona 2,5 qram psixotrop maddə metamfetamin təqdim edib, videoçəkilişdə nümayiş etdirməsini tələb etdiklərini, mobil telefonunun olmadığını, heç vaxt istifadə etmədiyini, şəxsiyyət vəsiqəsinin oğurlandığını, həmin vəsiqəni tapa bilmədiyini, heç kimlə narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı danışmadığını, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmadığını, özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, əvvəllər oğurluq cinayətini törətməsi ilə əlaqədar 5 dəfə məhkum olunduğunu, polis əməkdaşları polis bölməsində xidməti otaqda psixotrop maddə metamfetamini masanın üzərinə qoyub videoçəkilişlə istintaq hərəkətini aparmaq istədikdə həmin metamfetaminin ona məxsus olmadığını söylədiyini, polis əməkdaşları onu döydüyü üçün razılaşdığını, gündəlik 1 “çert”, yəni 0,25 qram “şüşə”, yəni metamfetamin istifadə etdiyini, saxlanıldığı gün psixotrop maddə metamfetamin istifadə etmədiyini, həmin gün pulu olmadığından ala bilmədiyini, yaşadığı məhəllədə psixotrop maddənin satıldığını, pulu olsa idi, almağı düşündüyünü, ibtidai istintaq zamanı verdiyi ifadəsində və cinayət işinin materiallarında olan imzaların ona məxsus olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət- Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə ildir ki, psixotrop maddə istifadəçisidir, psixotrop maddənin el arasında “şüşə” adlanan növündən istifadə edir. 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Məscid” adlanan yerin yaxınlığında anket məlumatlarını və ünvanını bilmədiyi, ətrafı müşahidə tərzindən və hərəkətlərindən narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olduğunu ehtimal etdiyi şəxsə yaxınlaşmış, söhbət əsnasında psixotrop maddə istədiyini dedikdə həmin şəxs psixotrop maddə satdığını və üzərində hal-hazırda olduğunu bildirdiyindən sonuncudan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli “şüşə” kimi bildiyi psixotrop maddəni 15 manata almışdır. Həmin psixotrop maddəni sonradan istifadə etmək məqsədilə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlayıb gəzdirmiş, lakin həmin tarixdə saat 17:35 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerin yaxınlığında olarkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirmiş, daha sonra polis əməkdaşları ona psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində saxlayıb gəzdirməyində şübhəli olduğunu bildirərək Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getməyi təklif etmiş, o da etiraz etməyib polis bölməsinə getmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, o, tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümü və 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları onun üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşduqda o, həmin maddəni şəxsi istifadəsi üçün 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Məscid” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamış, bütün hərəkətlər protokollaşdırılmış, həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalarla protokolun doğruluğu təsdiqlənmişdir. O, psixotrop maddə metamfetaminin istifadəçisi olsa da, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, bölməyə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Psixotrop maddə metamfetamini ona satmış şəxsi tanımamaqla, anket məlumatlarını bilmir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, hazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edir, əvvəllər isə həmin polis idarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, 07 noyabr 2023-cü tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan, o, həmin əməliyyat məlumatını bölmənin rəhbərinə məruzə etdikdən sonra müvafiq əmrlə o və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, o, həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” küçəsi adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb şübhənin əsasını söylədikdən sonra sonuncunu 43-cü Polis Bölməsinə dəvət etmiş, həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim edib həmin bükümün içərisindəki maddənin metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, o və digər polis əməkdaşına hər hansı müqavimət göstərmədiyini, o və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün psixotrop maddənin təqdim edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkarlandığını, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni könüllü şəkildə təqdim etdiyini, Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə istifadə etməsindən məlumatının olmadığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq edilməsindən məlumatının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkarlandığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət-axtarış üzrə əməluyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5; 6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan ərazidə olan zaman həmin tarixdə saat 17:35-də saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Videogörüntünün əks olduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoyduqdan sonra həmin bükümün içərisində “şüşə” (psixotrop maddə metamfetamin) olduğunu, həmin “şüşə”-ni eyni tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, “Məscidin” yanında tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmiş, prosessual hərəkətlər edildikdən sonra müvafiq büküm zərfə qoyularaq qablaşdırılıb “243” nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, vərəqə 29; 32-33; 74) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-/16/16/2-6/5949 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,180 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 2,180 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 2,130 qram qalıq qalmışdır). (Cild 1, iş vərəqə 40-43) xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 52) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 54-55) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 46-5302/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyataxtarış tədbirləri müsbət nəticələnməmişdir. (Cild 1, iş vərəqə 90) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli, 1684 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 110) xx.xx.2024-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,180 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, qalıq qalmış hissəsi saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, şahid ifadələri, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 130-140) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsinə qərar verilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda göstərilənlər nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 226-237) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 240-241) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3- 16-17/40/2-5694/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçaların kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabçalar açılmış, tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. 10609/2023 nömrəli və 3529/2024 nömrəli tibbi kitabçaların 12-ci, yəni “Həbs olunmadan əvvəl zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “Zədə almadığını bildirir” və “İnkar edir” yazısının, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “Hər iki saidin ön, bayır, qarnın ön divarında, sol baldır nahiyəsində köhnə çapıqlar” yazısının olması müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırması, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi müəyyən edilməmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1122/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilərkən əməlindən peşman olduğunu bildirmiş, fiziki zorakılıqla bağlı hər hansı məlumat verməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddənin olmadığını, zorakılıq nəticəsində müvafiq istintaq hərəkəti zamanı videoçəkiliş aparılarkən narkotik vasitənin özünə məxsus olduğunu nümayış etdirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olubolmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə şahidlər Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid2 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun saxlanıldıqdan dərhal sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparıldığını, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkarlanmış psixotrop maddə metamfetamini təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, aşkarlanan büküm kağız zərfdə qablaşdırılıb 243 nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5949 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə 2,180 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ifadələrini ittihama uyğun hissədə əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ittihama uyğun hissədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ifadələrini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən təmiz çəkisi 2,180 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamaqla üzərində daşımış, 07 noyabr 2023-cü il tarixdə, saat 17:35-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə piyada hərəkət edən zaman Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 18:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamaqla üzərində daşıdığı külli miqdarda, təmiz çəkisi 2.180 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs dindirilən zaman cinayət işinin materiallarının 1-ci cildinin 206-207-ci vərəqlərində olan, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış protokolu elan olunub tədqiq edilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 19:14:57-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqas kola alnr das yox” məzmununda, həmin tarixdə saat 18:14:21-də ***-***-**-** saylı mobil nömrəyə “20 manat a alnır kola?” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 00:10:42-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqas daw duwse menede xeber elede daw isdiyirem cekmey” məzmununda, həmin tarixdə saat 20:02:45-də ***-***-**-** saylı mobil nömrəyə “Lale nese lazm olsa var mende goturmusem dermanda var Kim nese isde se di mene torpax da kubikte var xeyiri mene ver qraga yox) pul duz qow derman verm s” məzmununda, həmin tarixdə saat 20:02:50-də ***-***-**-** saylı mobil nömrəyə “ene 2 list gotrmsem sene 12 manata verecem 1 n AMA baskasna 15 e” məzmununda, xx.xx.2023cü il tarixdə saat 22:00:48-də ***-***-**-** saylı mobil nömrəyə “Axsamin xeyr ziya qaqas vezyet pisdi qaqasvin isine komey olda 20 mvar” məzmununda yazışmaların olması müəyyən edilmişdir. Bundan başqa, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 20:09:59-də ***-***-**- ** saylı mobil nörmədən “Eşidirsən koku belə canım ağrıyır bərk gəlsəm yanma məni vəziyətdə” məzmununda, həmin tarixdə saat 20:10:04-də ***-***-**-** saylı mobil nörmədən “n çıxara bilərsən?xəcalətindən çıxaram inşalah” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 15:30:29-da ***-***-**-** saylı mobil nömrədən “Semed deyir ki,o torpaq satmiyib dunen.o menim pulum deyildi.indi mennen yada tema yada pul isteyirler.direnibler.men indi neyniyim,ay koku??” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 16:31:01-də ***-***-**-** saylı mobil nömrədən “15 manat varimdi lOmanatda getirsin elnur geliriyde didim” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 07:54:09-da ***-***-**-** saylı mobil nömrədən “Ay koku sən niyə belə eliyirsən?mən sənə dedim ki lomkadayam,ölürem” məzmununda, həmin tarixdə saat 07:54:14-də ***-***-**-** saylı mobil nömrədən “səndə mənə torpaq verirsən.bu nə hərəkətdi?men sene neynedim?” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 23:22:54-də ***-***-**-** saylı mobil nömrədən “koko qardasimsan agriyiram gor neynirsen senede verecem” məzmununda, xx.xx.2023cü il tarixdə saat 08:37:28-də ***-***-**-** saylı mobil nömrədən “KOKO DA$ İSTEYEN OLSA VAR MENDE, XEBER ELE” məzmununda yazışmaların olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 206-207) Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “kola”, “daş”, “koku”, “derman”, “list” adı altında narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs mobil nömrələrinə yazmış və o, narkotik vasitə və psixotrop maddələri satmışdır. Məhkəmədə elan olunmaqla, tədqiq edilmiş elektron məhkəmə informasiya sisteminin məlumatından görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı psixotrop maddə metamfetaminin 2,180 qram, yəni şəxsi istehlak miqdarından təxminən 14,53 dəfədən, külli miqdarından isə təxminən 1,09 dəfədən artıq olması, onun özünün barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçisinin iştirakı ilə məhkəmədə ona verilmiş ittiham üzrə əməlindən peşman olması, narkotik vasitə və psixotrop maddəsin xırda bükümdə olması, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu, Təqsirləndirilən şəxs müxtəlif şəxslərin fərqli vaxtlarda narkotik vasitə və ya psixotrop maddə istəməsi və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəmə icraatı dövründəki davranışını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasını qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-433/2020 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(057)-798/2021 nömrəli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarının 4-cü bəndi tətbiq edilməklə çəkilməmiş qalan cəzası 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə o, cəzadan azad edilmişdir. (Cild 1, iş vərəqə 114-117; 119-127; 128-129) Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-433/2020 nömrəli hökmünə əsasən törətdiyi cinayət təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasını çəkib xx.xx.2022-ci il tarixdə cəzadan vaxtından əvvəl azad olunduqdan 01 il 05 ay 07 gün keçdikdən sonra yenidən qəsdən cinayət əməli törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1122/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixli “Axtarışda olanın tutulması haqqında” protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu yaxınlığında yerləşən fərdi nömrəsiz evin yaxınlığında tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-243/2024 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 1 ay 28 gün müddətinə, yəni 13 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 19; 20-21; 83- 88; 174-175; 198; 216-222) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdən 07 mart 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə cəmi 04 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2024-cü il tarixli, 877 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 111-112) Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 2,130 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdən 07 mart 2024-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə cəmi 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 05 (beş) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,130 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar