Məhkəmə qərarları › İş №1(101)-1847/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1847/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1847/2023 26.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi və X1 iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: 28 iyul 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 4,461 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 14:10-da ünvan 1 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş idarəyə gətirilib xidməti otaqların birində saat 16:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 4,461 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli Abşeron rayonu ərazisində törədilmişdir. Cinayət-hüquq nəzəriyyəsinə əsasən cinayətin «başa çatması» anlayışı hərəkət və ya hərəkətsizlikdən ibarət olan ictimai təhlükəli əməlin (formal cinayət tərkibləri üzrə) edilməsini, yaxud da hərəkətdən, hərəkətsizlikdən doğan ictimai təhlükəli nəticənin baş verməsini nəzərdə tutur. Şəxsin hərəkəti, yaxud da hərəkətsizliyi ilə başlayan və az-çox müəyyən müddətə fasiləsiz olaraq davam etdirilən konkret cinayət uzanan cinayətdir. Qeyd edilməlidir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab olunur. İttihama əsasən, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli məhz Abşeron rayonu inzibati ərazisində törədilmiş və o, iradəsinin ziddinə olaraq Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, üzərindən narkotik vasitələr aşkar edilmiş, yəni, kriminal vəziyyətə - uzanan cinayətə şəxsin iradəsindən asılı olmayan səbəblə - daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanması anı ilə son qoyulmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin Bakı şəhəri ərazisinə daşınması onun niyyəti və qəsdi ilə əhatə olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət mühakimə icraatının həmin təməl prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan müddəalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti, həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Qeyd edilən Məcəllənin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa, məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə şifahi vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs tamamilə təqsirsizdir və onun həbsdə qalması qanunsuzdur. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şifahi vəsatətlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, vəsatətdə göstərilmiş dəlili cinayət işinin materialları əsasında yoxlayıb və həmin dəlilə hüquqi qiymət verərək hesab edir ki, müdafiəçi tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CM-in 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsinə əsas ola biləcək, yəni təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına zərurətin olmaması kimi halları məhkəmə iclasında müəyyən olunmamış, habelə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə səbəb olan halları istisna edən heç bir əsaslı sübut müdafiə tərəfindən məhkəməyə təqdim olunmamışdır. «Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2009-cu il tarixli 2 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən “həbs” qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və təhlükə olmaqda qalır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsinə görə, hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması onun azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, həmin maddələrin ağır cinayət hesab olunması və sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəzanın nəzərdə tutulması cəmiyyətin və dövlətin maraqlarının Təqsirləndirilən şəxs azadlıq hüququndan üstün olmasına dəlalət edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazırkı mərhələdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə əsas yoxdur və ona görə də Müdafiəçi tərəfindən verilmiş şifahi vəsatət hazırkı mərhələdə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69, 74, 75, 299, 300.1.4, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1847/2023 nömrəli cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 (iki) ay 15 ( on beş ) gün müddətinə uzadılsın. Qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən hakim Fəxri Məmmədov X6 Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar