Məhkəmə qərarları › İş №1(101)-1848/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1848/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1848/2022 22.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli şəhəri, H.Əliyev prospekti ev 157-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 46 V-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,801 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metafetamini və külli miqdarda 3,032 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Rüfət Cəfərov 2 iyun 2022-ci il tarixdə saat 22:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 23:17-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,535 qram və 1,497 qram olmaqla ümumi təmiz çəkisi 3,032 qram olan narkotik vasitə heroin və 1 ədəd siqaret kağızının gümüşü rəngli kəsiyində təmiz çəkisi 0,801 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 il narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olan bir nəfər şəxsin olmasını bilmiş, çünki bu barədə eşitmiş və onun harada, hansı üsulla narkotik vasitə satması və ondan necə narkotik vasitə və psixotrop maddə əldə etmək barədə məlumatı olmuşdur. Lakin həmin şəxsin adını, telefon nömrəsini və digər anket məlumatlarını bilməmişdir. 2 iyun 2022-ci il tarixdə təxminən saat 21-22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı, anket məlumatlarını bilmədiyi şəxs ilə görüşüb həmin şəxsədən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd siqaret kağızının gümüşü rəngli kəsiyində psixotrop maddə metafetamin almışdır. Bunun qarşılığında həmin şəxsə 40 manat pul vermişdir. Narkotik vasitəni və psixotrop maddəni həmin şəxsdən aldıqdan sonra onu üzərində saxlamışdır. 2 iyun 2022-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Yasamal rayonu, Vəliyev küçəsində piyada hərəkətdə olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O da üzərində olan 1 bükümdə 0,5 qram heroini, 1 bükümdə 0,5 qram metafetamini, 1 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Lakin polis əməkdaşları tərəfindən təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin miqdarı artırılaraq videoçəkiliş həyata keçirilmişdir. Həmin vaxt baş verənləri tam dəqiq başa düşmədiyindən videoçəkiliş zamanı etiraz etməmişdir. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş və qeydiyyatı olmamışdır. Onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasından, narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımamış, ümumiyyətlə, həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlamamış, onun mobil nömrəsini bilməmişdir. Sadəcə olaraq deyə bilər ki, həmin şəxs orta bədən quruluşlu, təxminən 165- 170 boyunda bir nəfər şəxs olmuşdur. Narkotik vasitə və psixotrop maddəni yaınız şəxsi istifadəsi üçün almışdır. ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, ona məxsus mobil nömrəyə narkotik vasitə istənilməsi ilə bağlı sms göndərilməsindən xəbəri olmamış və həmin smslərə cavab verməmişdir. Mobil nömrəsinə sms göndərərək ondan narkotik vasitə istəyən şəxsi tanımır. 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuş və iştirakına görə Prezident təqaüdü almışdır. 2-ci dərəcə əlilliyi var. Narkotik vasitə və psixotrop maddədən bədənində olan ağrıları azaltmaq üçün istifadə etmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, hər dəfə öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə etmiş və özü istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, sadəcə tutulan zaman qolunu burub onu avtomobilə əyləşdirmişlər. Tutulan zaman üzərində yalnız 2 büküm olmuşdur. Müharibə iştirakçısı olması və əlilliyi ilə bağlı sənədləri itirmişdir. Həyat yoldaşı və oğlu vəfat etmişdir. 1994-cü ildən Qarabağ müharibəsi əlilliyi pensiyası alır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş təqsirləndirilən şəxs X11 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2 iyun 2022-ci il tarixdə təxminən saat 21-22 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı, yəni anket məlumatlarını bilmədiyi şəxs ilə görüşmüş, ondan 2 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd siqaret kağızının gümüşü rəngli kəsiyində psixotrop maddə metafetamin almış və bunun qarşılığında ona 40 manat pul vermişdir. Narkotik vasitəni və psixotrop maddəni həmin şəxsdən aldıqdan sonra onu üzərində saxlamışdır. 2 iyun 2022-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Yasamal rayonu, Vəliyev küçəsində piyada hərəkətdə olduğu zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitələr olduğunu etiraf edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü və 1 ədəd siqaretin gümüşü rəngli kağızının kəsiyini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin 2 ədəd bükümlərin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr vardır. Daha sonra üzərindən aşkar olunmuş 1 ədəd siqaretin gümüşü rəngli kağızının kəsiyinin içərisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, orada ağ rəngli kristalşəkilli psixotrop maddə metafetaminə bənzər maddələr vardır. Şəxsi axtarış davam etdirilərkən sol arxa cibindən 12 manat nağd pul aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar olunan bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə və “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitə və psixotrop maddələrdən 6-7 ildir istifadə etdiyini, üzərindən aşkar olunanları 2 iyun 2022-ci il tarixdə saat 21-22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 40 manata aldığını, aldığı narkotik vasitə və psixotrop maddələrdən heç kəsə vermədiyini və istifadə etmədiyini, heç kəsin onda narkotik vasitə və psixotrop maddə olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunmuş 12 manat nağd pulun özünə məxsus olduğunu və narkotik vasitlərin dövriyyəsi ilə əlaqəli olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümlərin içərisində olan narkotik vasitə heroinə bənzər maddələr və 1 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinin içərisində olan psixotrop maddə metafetaminə bənzər maddələr 1 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı aşkar olunmuş 12 manat pul vəsaiti iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, bundan başqa heç bir cinayət əməli törətməmişdir. ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, bundan başqa istifadə etdiyi mobil nömrəsi yoxdur. BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən və ya saxlandıqdan sonra ona heç bir formada təzyiq olunmamışdır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və qeydiyyatı yoxdur. Əvvəl istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərindən tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. Lakin həmin şəxsləri tanımır və onların anket məlmatları barədə heç nə deyə bilmir. Onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmağından, narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamağından nə ailə üzvlərinin, nə də digər şəxslərin məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsi tanımır və onun anket məlumatları barədə heç nə deyə bilmir. Ümumiyyətlə, həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlamamış, onun mobil nömrəsini bilmir. Sadəcə olaraq deyə bilər ki, həmin şəxs orta bədən quruluşlu, təxminən 165- 170 boyunda bir nəfər şəxs olmuşdur. Bundan başqa həmin şəxs barəsində heç nə bilmir (cild 1, iş vərəqə 63-67 və 82-85). Həmin ifadələrin məzmunundan görünür ki, təqsirləndirilən şəxs X11 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs X8 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. X8 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon sakini X8 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra X8 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil edilmişdir. 2 iyun 2022-ci il tarixdə saat 22 radələrində Rüfət Cəfərovun Bakı şəhəri, Yasamal rayonu, Vəliyev küçəsində olması müəyyən edilmişdir. Bunun üçün həmin yerə getmişlər. Saat 22:30-da həmin küçədə Rüfət Cəfərova oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək X11 olduğunu bildirmişdir. Bundan sonra Rüfət Cəfərova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu DİN-in BMCMİ-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Rüfət Cəfərova hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı İslam Mürsəlov tərəfindən X8 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Rüfət Cəfərova təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Rüfət Cəfərov üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə və “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu etiraf edərək əynində olan göy rəngli cins şalvarın ciblərindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 2 ədəd şəffaf sellofan bükümü və 1 ədəd siqaretin gümüşü rəngli kağızının kəsiyini çıxarıb təqdim etmişdir. Rüfət Cəfərovun üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin 2 ədəd bükümlərin içərisində narkotik vasitə heroinə bənzər maddələr vardır. Daha sonra Rüfət Cəfərovun üzərindən aşkar olunmuş 1 ədəd siqaretin gümüşü rəngli kağızının kəsiyinin içərisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, orada psixotrop maddə metafetaminə bənzər maddələr vardır. Şəxsi axtarış davam etdirilərkən Rüfət Cəfərovun şalvarının cibindən 12 manat pul aşkar edilmişdir. Şifahi sorğu zamanı Rüfət Cəfərov üzərindən aşkar olunan bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə və “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitə və psixotrop maddələrdən 6-7 ildir istifadə etdiyini, üzərindən aşkar olunanları 2 iyun 2022-ci il tarixdə saat 21-22 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 40 manata aldığını, aldığı narkotik vasitə və psixotrop maddələrdən heç kəsə vermədiyini və istifadə etmədiyini, heç kəsin onda narkotik vasitə və psixotrop maddə olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunmuş 12 manat nağd pulun özünə məxsus olduğunu və narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Bundan sonra Rüfət Cəfərovdan aşkar olunmuş maddələr 1 ədəd zərfin içərisində qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı aşkar olunmuş 12 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Rüfət Cəfərovun özünə qaytarılmışdır. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalamışlar. Əməliyyataxtarış tədbiri zamanı saxlanılan şəxs X10 qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs X11 heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Aşkar olunan bükümlərin içi tam dolu olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddədən bədənində olan ağrılar ilə əlaqədar istifadə etdiyini demişdir. Tutulan zaman təqsirləndirilən şəxs əlini cibinə atmağa cəhd etmiş, bununla da sonuncunun üzərində olması ehtimal edilən narkotik vasitəni özündən kənarlaşdırmasının qarşısını almaq üçün onun qolunu burmuşlar. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs X11 onlara qarşı heç bir müqavimət göstərməmişdir. Tutulan zaman Rüfət Cəfərov fiziki qüsuru barədə onlara məlumat vermişdir. Fiziki qüsurlarını nəzərə alaraq xidməti avtomobilə əyləşdirərkən və bölmədə Rüfət Cəfərova xüsusi diqqət göstərmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 125-127). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı X3 22:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd bükümü təqdim etmiş, sol arxa cibindən isə 12 manat pul aşkar edilmişdir. Təqdim edilmiş bükümlərdən ikisinin içərisində narkotik vasitə heroinə oxşar maddə, birinin içərisində isə psixotrop maddə metafetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təqdim edilmiş 3 ədəd büküm və 1 ədəd mobil telefon götürülmüş, 12 manat pul isə Rüfət Cəfərovun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 2 iyun 2022-ci il tarixdə saat 23:35-də başlamış və həmin tarixdə saat 23:50-də bitmişdir (cild 1, iş vərəqə 27-30). Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X8 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 10:34-də +**********22 mobil telefon nömrəsindən “Rufet meneme revandı.lomkadayam bu verduyunde arzuşa ancag çatar.gelim 10 tocka malunnan verde vurum.qardaşımsan başa duş meni” məzmununda SMS mətni göndərilmişdir. Buna görə də "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 123). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 iyun 2022-ci il tarixli 6/3123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs X8 üzərindən aşkar olunan...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,535 qram, 1,497 qram, ümumi təmiz çəkisi 3,032 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,801 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3,032 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2,832 qram, metafetaminin ümümi təmiz çəkisi 0,801 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,701 qram, cild 1, iş vərəqə 43-47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 3 iyun 2022-ci il tarixli 2960 nömrəli rəyindən görünür ki, müayinə zamanı X9 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda X8 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 158-159). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 16 iyun 2022-ci il tarixli 1977/K nömrəli rəyindən görünür ki, X5 götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloid, fenilalkilamin qrupuna aid olan amfetamin və metadon aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Qeyd: Qan nümunəsini götürmək mümkün olmamışdır (cild 1, iş vərəqə 160- 163). Cinayət işinin materiallarından görünür ki, X5 aşkar edilərək götürülmüş qalıq çəkisi 0,701 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 2,832 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 167-181). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X11 Bakı şəhər Səbail rayon məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli qərarı ilə cəzası 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə endirilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin 3 iyun 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 149-151). Təqsirləndirilən şəxs X8 törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X11 əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 2 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X11 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 2-ci dərəcə əlilliyi vardır (cild 1, iş vərəqə 158-159). Məhkəmə təqsirləndirilən şəxs X8 2-ci dərəcəli əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X11 2 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X8 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 2 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 101-106). Təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat təqsirləndirilən şəxs X5 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan X5 aşkar edilərək götürülmüş qalıq çəkisi 0,701 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 2,832 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X11 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2022-ci il tarixdən hesablansın. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat X5 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan X5 aşkar edilərək götürülmüş qalıq çəkisi 0,701 qram olan psixotrop maddə metafetamin və qalıq çəkisi 2,832 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. X11 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan X10 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar