Məhkəmə qərarları › İş №1(101)-1849/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1849/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1849/2022 05.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mərhum Zərərçəkmiş şəxs hüquqi varisi - atası X1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi – anası Qanuni nümayəndə və müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Cəlilabad rayonu, Privolnoye kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi 58 q ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 18 radələrində Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 57/2 ünvanında yerləşən “Nizami Gəncəvi” parkında tanışı Zərərçəkmiş şəxs zarafat məqsədilə sillə vurduqda sonuncu ondan belə hərəkətlərinə son qoymasını tələb edərək nalayiq sözlər işlətmiş və onlar aralarında yaranmış həmin anlaşılmazlığı aradan qaldırmaq məqsədilə parkın digər hissəsinə gəldikdə Zərərçəkmiş şəxs qəflətən yumruq zərbəsi ilə onu vurmağa cəhd etmiş, o həmin zərbədən yayınaraq münaqişə zəminində Zərərçəkmiş şəxs başına yumruqla zərbələr vurub döyərək canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid olan baş beyin qişalarına, qişalaraltına, toxumasına və mədəciklərinə qansızma ilə müşayiət olunmuş sol gicgah nahiyəsində dərialtı qansızma kimi xəsarətlər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan burun beli və sağ çənə bucağı nahiyələrinin sıyrıqları, sağ qoltuqaltı nahiyənin qançırı kimi xəsarətlər yetirmiş, onun qəsdən yetirdiyi ağır bədən xəsarətləri nəticəsində sonuncunun həyatı üçün təhlükəli olan baş beyin qişalarına, qişalaraltına, toxumasına və mədəciklərinə qansızma ilə müşayiət olunmuş sol gicgah nahiyəsində dərialtı qansızma xəsarətindən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 57/2 ünvanında yerləşən “Nizami Gəncəvi” parkında saat 18.40 radələrində ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona ittiham elan edilmiş AR CM-in 126.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanda anası X6 ilə birgə yaşayır, atası iki ay bundan qabaq ölmüşdür. xx.xx.2022-ci il tarixində saat 17:00 radələrində tanışı Adəmlə gəzişmək üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nizami” parkına getmiş, təxminən yarım saat sonra tanışları Sahil və Nihad onların yanlarına gəlmiş, bir qədər gəzişdikdən sonra Sahil onlardan ayrılaraq getmiş və bir qədər keçdikdən sonra Sahil onların yanına geri qayıtmışdır. Bundan sonra Sahil onun tanışı olan Sərxan və yanında onun adını bilmədiyi şəxslə birgə gələrək onların yanında oturmuşdur. O, zarafatla Sərxanın üzünə yavaşca bir sillə vurmuş, Sərxan isə ona kefinin olmadığını, zarafatı bitirməsini demiş, sonra o, Sərxana zarafatı xoşuna gəlmirsə deməsini və bir daha etməyəcəyini bildirmişdir. Bundan sonra Sərxan onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, o Sərxandan niyə bu formada danışdığını soruşduqda, Sərxan ona yaxınlaşaraq burun nahiyəsinə kəllə ilə və sol üz nahiyəsinə yumruq vurmuşdur. Sahil onları aralaşdırmış, bir-birlərini tanıdıqlarını deyərək dava etməməli olduqlarını bildirmişdir. Daha sonra o, Sərxana söhbət etmək üçün bir qədər yuxarı qalxmağı təklif etmiş, sonuncu onunla razılaşmışdır. O, Sərxan, Sahil, Nihad və Adəm yuxarıya qalxmış və bundan sonra o, Sahil, Nihad və Adəmə onları ayırmamalarını bildirmişdir. Bu zaman Sərxan ona yumruq zərbəsi atmış, lakin arxaya çəkildiyi üçün həmin zərbə ona dəyməmiş, beləliklə, o, dərhal Sərxanın köynəyinin sağ çiyin hissəsindən sol əli ilə tutmuş, sağ əli ilə təxminən 2-3 zərbə vurmuş və Sərxan qışqıraraq sifətini tutmuşdur. Həmin zərbələr onun üzünə və gicgahına dəymiş, o, bundan sonra Sərxanı vurmağa davam etməmiş və Sərxan müvazinətini itirərək ağacdan tutmuşdur. Dərhal o, Adəm və Sahil Sərxana yaxınlaşaraq Sərxanı yerə yıxılmaması üçün tutmuş, sonuncunu yerə uzatdıqdan sonra Nihad su gətirin deyə qışqırmış, o, yaxınlıqda yerləşən bulaqdan su doldurmağa getdikdə Sahil Adəmin köməkliyi ilə Sərxanı çiyninə götürərək bulağın yaxınlığına gətirmiş və bu zaman o da Sərxanın üzünə su vurmuşdur. Həmin ərəfədə Sərxan xırıldamış, o isə yanlarında olan uşaqlara 103-ə zəng etmələrini bildirmiş, o, 103-ə kimin zəng etdiyini dəqiq bilməmişdir. Bundan sonra o, baş verənlərə görə şoka düşərək qorxmuş, buna görə də oradan uzaqlaşaraq Pirşağıda yaşayan nənəsigilə getmək istəmiş, lakin yolun yarısından qayıdaraq anası ilə birgə yaşadığı ünvan 6 ünvanına gəlmişdir. Sərxanı təxminən 2022-ci ilin may ayında ortaq dostları sayəsində tanımış və Sərxanla əvvəllər aralarında heç bir problem olmamış, Sərxanla dalaşan zaman yanlarında Sahil, Nihat və Adəm olmuş, lakin adını bilmədiyi uşaq yanlarında olmamışdır. Atası öldükdən sonra siqaret çəkməyə başlamış, onda Sərxanda və ya yanlarında olan şəxslərdə silah və ya silah qismində istifadə edilə biləcək əşya olmamışdır. O, heç vaxt psixoloji və ya psixiatrik müəssisədə müalicədə olmamış, mübahisə zamanı Sərxana iki-üç zərbə vurmuş, Sərxanın üzünün sol nahiyəsinə iki-üç yumruq zərbəsi vurmuş və həmin zərbələr Sərxanın üz və gicgah nahiyəsinə dəymişdir. Sərxana iki-üç zərbə vurduqdan sonra sonuncunun aldığı zərbələrdən ölməsindən və yaxud ağır travma almasından qorxmuş, ona görə də Sərxanı vurmağı dayandırmışdır. Onun ümumiyyətlə sonuncunu öldürmək niyyəti olmamış, sadəcə Sərxanın yumruğundan özünü müdafiə etmək məqsədilə onu vurmuş və hazırda əməlindən çox peşmandır. Hadisə baş verən gün o, Sərxanla dalaşdıqdan sonra onların yanında olan Sahil Sərxanı çiynində parkın girişinə tərəf gətirmiş, Sahil Sərxanı çiynindən yerə qoyan zaman Sərxanın başı yavaşca yerə dəymiş və Sərxan yerə uzandığı zaman xırıldamışdır. Sərxanın başı hansısa hündürlükdən yerə dəyməmiş, lakin onu yerə qoyan zaman xatırladığı qədər üzünün sağ tərəfi yerə dəymiş, Sərxanın başının dəydiyi zəmin beton örtüklü olmuşdur. Zərərçəkmiş şəxs bel nahiyəsində aşkar edilmiş sıyrıqlar da onun düşündüyünə görə Sərxanı yerə qoyan zaman əmələ gəlmiş, Sərxanın bədənində olan digər xəsarətləri isə əli ilə yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, 2005-ci ildə Gülnar Mustafayeva ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2007-ci ildə böyük oğlu Sərxan, 2008-ci ildə kiçik oğlu Ayxan anadan olmuşdur. 2018-ci ildən ünvan 7 ünvanında yaşayır, kiçik oğlu Ayxan 9-cu sinif şagirdi, böyük oğlu Sərxan isə 10-cu sinif şagirdi olmuşdur. xx.xx.2022-ci il tarixdə işi olmadığı üçün böyük oğlu Sərxanla birgə yaşadıqları evdə ikisi olmuş və həmin gün təxminən saat 16-17 radələrində Sərxan evdən çıxaraq onun yaxınlıqda yaşayan bacısı Gülnar Bayramovagilə getmişdir. Bacısı Gülnarın ona deməsinə görə Sərxan yarım stəkan çay içmiş, mobil telefonunu enerji yığması üçün elektrik yuvasına taxaraq təxminən 10-15 dəqiqəyə qayıdacağını deyərək parka getmişdir. Təxminən saat 18 radələrində hadisə zamanı orada olmuş Sahilin atası Sahib Pənahov onun qardaşı Elgiz Mustafayevə zəng edərək Sərxanın vəziyyətinin pis olduğunu, ağzından köpük gəldiyini demiş, saat 18:31 radələrində onun yeznəsi Əziz Bayramov ona zəng edərək, Sərxanın vəziyyətinin pis olduğunu demiş və “Nizami” parkına gəlməsini bildirmişdir. Evinin yaxınlığında yerləşdiyindən təxminən 18:45 radələrində hadisə yerinə çatmış və parka çatdıqda qardaşı, yeznəsi və ətrafda olan adamları görmüş, özü oğluna yaxınlaşaraq nəbzini yoxladıqda artıq nəbzinin vurmadığını, oğlunun dilinin qaraldığını və göz bəbəklərinin bərəldiyini və oğlu Sərxanın artıq öldüyünü müəyyən etmişdir. Təcili tibbi yardımın əməkdaşları hadisə yerinə gəlmiş və Sərxanın ölüm faktını təsdiqləmiş, bundan sonra hadisə ilə bağlı maraqlandıqda ona məlum olmuşdur ki, oğlu Sərxanın ölümünə səbəb Namiq adlı şəxslə dalaşıb xəsarət alması və onlar dalaşan zaman yanlarında Sahil, Adəm və Nihat adlı uşaqlar olmuşdur. O, Namiq adlı şəxsi əvvəllər tanımamış, bildiyi qədər də oğlu Sərxan Namiqi ortaq tanışlarının vasitəsilə tanımışdır. Lakin bildiyinə görə, Sərxan və Namiqin dostluq münasibətləri olmamış, Sərxanla Namiqin arasında əvvəllər ədavəti və ya mübahisənin olması barədə məlumatı olmamış, oğlu Sərxanın bu barədə ona heç nə deməmiş, Sərxanın evdən çıxanda nə ona, nə də hər hansı qohumuna parka dava etmək üçün getdiyini deməmişdir. Məhkəmədə qanuni nümayəndəsi (anası) X5 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, yaşadığı ərazidə Namiqlə Sərxan hər ikisi onun tanışları olmuş, Sərxanla o, həm yaxın dost, həm də sinif yoldaşı olmuşlar. Onlar Namiq, Sərxan, Adəm və Nihatla birgə bəzən görüşmüş, aralarında heç kimin bir-biri ilə düşmənçiliyi və problemi olmamışdır. xx.xx.2022-ci il tarixdə o, Nihatla UPD ərazisində görüşüb gəzişmək üçün Ağ Şəhər ərazisində olan “Nizami Gəncəvi” parkına gəzməyə getmiş, Adəm də Namiqlə birlikdə həmin parkda olmuşdur. İlk gündən Namiq özünə Ömər ləqəbi götürmüş və onların da hamısı Namiqi Ömər adı ilə çağırmışdır. Təxminən saat 17 radələrində Nihatla o “Nizami Gəncəvi” parkında Namiqlə Adəmi görmüş və görüşdükdən sonra yenidən ayrılıb Nihatla ikisi gəzişməyə davam etmişlər. Bir qədər sonra o, Nihatla ayrılıb Ağ Şəhər bulvarı ərazisində gəzməyə getmiş, Nihat da gedib Adəmgil ilə birlikdə gəzməyə davam etmişdir. O, təxminən yarım saat sonra yenidən qayıdıb Nihat, Adəm və Namiqə qoşulmuş, bundan sonra onlar park ərazisində olan skamyada oturmuş, həmin vaxt onlar tam mehriban qaydada deyib-gülmüşlər. Bu zaman Adəm Sərxandan zarafatyana xətrinə dəyən olub-olmamasını soruşmuş, Sərxan da nalayiq ifadələrlə xətrinə heç kim dəyə bilməyəcəyini demiş, bunun üstündən Namiq yaxınlaşaraq Sərxana zarafat məqsədilə üzündən asta sillə vurmuş və bu zaman Sərxan bundan əsəbiləşərək ciddi formada Namiqə bir daha belə əl-qol zarafatı etməməsini bildirmişdir. Sərxan həmin vaxt skamyada, o da Sərxanın yanında, Namiq isə ayaq üstə olmuş, bu zaman Namiq Sərxana yaxınlaşmış, onlar burun-buruna dayanmışlar. Bundan sonra Adəmlə o, Namiq və Sərxanı aralaşdırmış, daha sonra yenidən Namiq Sərxan tərəfə yaxınlaşıb burun-buruna dayanmışdır. Bu zaman artıq Sərxan Namiqin burnuna kəllə vurmuş və yumruq atmış, yenidən Adəmlə o, Sərxan və Namiqi ayırmış və o, Sərxanı götürərək oradan aralaşmış və Namiq onların arxasınca tək gəlməyə başlamışdır. Namiqin ardınca Nihatla Adəm də gəlmiş, Namiq onlara Sərxanla söhbət edib məsələni aydınlaşdırmaq istədiyini bildirmiş, yolda olan zaman Namiq Sərxanla mübahisələrini edəcəyini, araya girəni isə nalayiq ifadələrlə təhqir edəcəyini bildirmişdir. Onlar etiraz etdikdə isə Sərxan da Namiqin dediklərini təkrarlamış, bundan sonra Namiqlə Sərxan söhbət edib məsələni aydınlaşdırmaq üçün ikisi onlardan təxminən 5 metr aralıda üz-üzə dayanıb söhbət etməyə başlamışlar. Bu zaman o kənardan Sərxanın Namiqə qəfil yumruq atdığını, lakin həmin yumruğun Namiqə tam dəymədiyini görmüşdür. Bunun ardınca Namiq Sərxanın köynəyinin boğazından tutub Sərxana 2-3 yumruq zərbəsi vurmuş, həmin yumruqların sonuncusu Sərxanın sol gicgah nahiyəsindən dəymiş, sonuncu yumruq zərbəsini aldıqdan sonra Sərxan başını aşağı salıb “aydaa-aydaa” deyərək qışqırmağa başlamış və həmin vaxt Adəm Sərxana birinci çataraq Sərxanı saxlamış, sakit olmağı, qorxmamağı bildirmişdir. Bunun ardınca Nihatla o da Sərxanın yanına gələrək Sərxanın vəziyyətini öyrənməyə çalışmış, bu zaman onlar Sərxanın huşunun getdiyini zənn etmişlər. Daha sonra Namiq yaxınlıqda yerləşən bulağa qaçaraq Sərxanın üzünə vurmağa su gətirmiş, o və Adəm Sərxanı qaldırıb insanlar olan əraziyə aparmışlar. Namiq suyu gətirdikdən sonra Sərxanın üzünə su çiləmiş, bu vaxt Namiq harasa çıxıb getmiş, həmin vaxt yoldan keçən insanlar onlara köməklik etmişlər. O, dərhal atasına zəng edərək, Sərxanın vəziyyətinin yaxşı olmadığını, yıxılaraq ürəyinin getdiyini bildirmiş, lakin dalaşdığını deməmişdir. Elə deməyinə səbəb isə baş vermiş hadisənin şokunda olmağı və həmin vaxt 2-3 yumruq zərbəsindən Sərxanın ölə bilməyəcəyini düşünməsi olmuşdur. Bundan sonra o, təcili tibbi yardım çağırmış, o, daha sonra özünə gəlmiş və baş vermiş hadisəni təfərrüatı ilə Sərxanın atasına və qohumlarına danışmış, daha sonra təcili tibbi yardım gəlib çatmış və Sərxanı müayinə edərək Sərxanın öldüyünü bildirmişlər. Namiqlə Sərxanın heç birində bıçaq və digər alət olmamış, bütün bu olanların səbəbinin Namiqin zarafatla Sərxana sillə vurması olmuşdur. Hər şeyin bundan sonra başlamış, mübahisə vaxtı həmin şəxslər içkili və narkotik vasitələrin təsiri altında olmamış, Namiq son zərbəni vurduqdan sonra özü dayanmış, onu heç kimin dayandırmamışdır. Namiqin Sərxanı öldürmək niyyəti olmamış, Namiq Sərxanı vurduqdan sonra sonuncunun halı pisləşmiş, Adəm və Nihatın köməkliyi ilə Sərxanı onun çiyninə qoyaraq “Nizami” parkının girişinə gətirdiklərini və o, Sərxanı çiynində daşıdığı zaman sonuncunun yerə yıxılmadığını və başının yerə dəymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs bel nahiyəsində aşkar edilmiş sıyrıqlar ilə bağlı həmin xəsarətlər çox güman ki, Sərxanı yerə qoyan zaman əmələ gəlmiş, lakin Sərxanın bədənində olan digər xəsarətlərin Təqsirləndirilən şəxslə dalaşan zaman əmələ gələ bilərdi. Məhkəmədə qanuni nümayəndəsi (atası) X4 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, yaşadığı ərazidə Namiqlə Sərxan hər ikisi onun tanışları olmuş, o, Namiq, Sərxan və Nihatla bəzən görüşmüş, aralarında heç kimin bir-biri ilə düşmənçiliyi və problemi olmamışdır. xx.xx.2022-ci il tarixdə o, Namiqlə birgə “Nizami Gəncəvi” adına parka getmiş, ilk gündən Namiq özünə Ömər ləqəbi götürmüş və onlar da hamısı Namiqi Ömər adı ilə çağırmışlar. Onlar ikisi gəzişən zaman ortaq tanışları Sahil və Nihat onların yanına gəlmiş, bir qədər gəzişdikdən sonra onlar park ərazisində olan skamyada oturmuş və təxminən 17:30 radələrində Sərxanla Famil onların olduğu yerə gəlmişlər. Həmin vaxt onlar mehriban olaraq deyib-gülmüş, daha sonra o, Sərxandan zarafatyana xətrinə dəyən olub-olmamasını soruşmuş, Sərxan da zarafatyana söyüşlə cavab verərək xətrinə heç kimin dəyə bilməyəcəyini demişdir. Bunun üstündən Namiq yaxınlaşaraq Sərxana zarafat məqsədilə üzündən asta sillə vurmuş, bu zaman Sərxan bundan əsəbiləşərək ciddi formada Namiqə bildirmişdir ki, bir daha belə əl-qol zarafatı etməsin. Sərxan həmin vaxt skamyada oturmuş, Namiq isə ayaq üstə olmuşdur. Sahil və o, Namiqlə Sərxanı aralaşdırmış, daha sonra Namiq və Sərxan yenidən burunburuna gəlmiş, Sərxan Namiqin burnuna kəllə vurmuş və daha sonra yumruq atmış, bu zaman onlar ətrafa baxdıqda Famili görməmişlər. X16 aralamış, Namiq və Sərxana mübahisəni yekunlaşdırmağı demiş və bundan sonra Sahil Sərxanı oradan aralamış, Namiq də onların ardınca getmiş və daha sonra Nihatla o da həmin şəxslərin ardınca getmişlər. Namiq onlara Sərxanla söhbət edib məsələni aydınlaşdırmaq istədiklərini bildirmiş, yolda olan zaman Namiq onlara Sərxanla mübahisələrini edəcəklərini, araya girəni isə nalayiq sözlərlə təhqir edəcəyini bildirmişdir. Onlar etiraz etdikdə isə Sərxan da Namiqin dediklərini təkrarlamış, bundan sonra Namiqlə Sərxan söhbət edib məsələni aydınlaşdırmaq üçün ikisi onlardan təxminən 5 metr aralıda üz-üzə dayanaraq söhbət etməyə başlamışlar. Bu zaman kənardan Sərxan sol əli ilə Namiqə qəfil yumruq atmış, lakin Namiqə həmin yumruq tam dəyməmişdir. Bunun ardınca Namiq Sərxanın köynəyinin boğazından tutaraq Sərxana 2-3 yumruq zərbəsi vurmuş, həmin yumruqların sonuncusu Sərxanın başının sol gicgah nahiyəsindən dəymiş və sonuncu yumruq zərbəsini aldıqdan sonra Sərxan başını aşağı salıb “aydaa, aydaa” deyərək qışqırmağa başlamış və həmin vaxt o, Sərxana birinci çatmış, Sərxanı saxlayaraq sakit olmağı, qorxmamağı bildirmişdir. Bunun ardınca Nihatla Sahil də Sərxanın yanına gəlib vəziyyətini öyrənməyə çalışmış, bu zaman Sərxanın artıq xırıldamadığı üçün onlar Sərxanın huşunun getdiyini zənn etmiş, daha sonra Namiq yaxınlıqda yerləşən bulağa qaçaraq Sərxanın üzünə vurmağa su gətirmiş, o və Sahil isə Sərxanı qaldırıb insanlar olan əraziyə aparmışlar. Namiq suyu gətirəndən sonra Sərxanın üzünə su çiləmiş, bundan sonra Namiq harasa çıxıb getmiş, həmin vaxt yoldan keçən insanlar onlara köməklik etmiş, Sahil də dərhal atasına zəng edərək olanları danışmış və bundan sonra Sahil təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım isə çağırışa təxminən 45 dəqiqə sonra gəlmiş və həmin müddətdə artıq Sərxanın atası və qohumları gəlmişdir. Təcili tibbi yardım sonda gəlib çatmış və Sərxanı müayinə edib Sərxanın öldüyünü bildirmişlər. Həmin vaxt artıq Sərxanın üz-gözü göyərmiş, Namiqlə Sərxanın heç birində bıçaq və digər alətin olmamış, bütün bu olanların səbəbi Namiqin zarafatla Sərxana sillə vurması olmuş, hər şey bundan sonra başlamış, mübahisə vaxtı həmin şəxslər içki və narkotik vasitələrin təsiri altında olmamışdır. Namiq son zərbəni vurduqdan sonra özünün dayandığını, heç kimin Namiqi dayandırmadığını, Namiqin Sərxanı öldürmək niyyəti olmadığını, Namiq Sərxanı vurduqdan sonra sonuncunun halı pisləşmişdir. Sərxan Sahili çiynində “Nizami” parkının girişinə gətirmiş, Sahil Sərxanı çiynində daşıdığı zaman sonuncu yerə yıxılmamış, başı yerə dəyməmişdir. Zərərçəkmiş şəxs bel nahiyəsində aşkar edilmiş sıyrıqlar çox güman ki, həmin xəsarətlər Sərxanı yerə qoyan zaman əmələ gəlmiş, lakin Sərxanın bədənində olan digər xəsarətlər Təqsirləndirilən şəxslə dalaşan zaman əmələ gələbilərdi. Məhkəmədə ifadəsi elan edilmiş şahid X9 ifadəsində göstərmişdir ki, yaşadığı ərazidə Namiqlə Sərxanın hər ikisi onun tanışları olmuş, həmin şəxsləri təxminən 2 ildir ki tanımış, onlar Namiq, Sərxan, Adəm və Sahillə birgə bəzən görüşmüş, o, Sahil ilə yaxın dost olmuş və digər uşaqlarla da aralarında heç kimin bir-biri ilə düşmənçiliyi və problemi olmamışdır. xx.xx.2022-ci il tarixdə o, Sahillə UPD ərazisində görüşüb gəzişmək üçün Ağ Şəhər ərazisində olan “Nizami Gəncəvi” parkına getmiş, Adəm də Namiqlə birlikdə həmin parkda olmuş, Namiq özünü onlara Ömər ləqəbi ilə təqdim etdiyi üçün onlar Namiqin adını Ömər bilmiş, əsl adı isə Namiq olmuşdur. Təxminən saat 17 radələrində Sahillə o “Nizami Gəncəvi” parkında Namiqlə Adəmi görmüş, görüşdükdən sonra yenidən ayrılıb Sahillə ikisi gəzişməyə davam etmiş, bir qədər sonra Sahil onlardan ayrılıb Ağ Şəhər bulvarı ərazisində gəzməyə getmiş, o isə Adəm və Namiqlə birlikdə gəzməyə davam etmişdir. Təxminən yarım saat sonra Sahil yenidən qayıdıb onlara qoşulmuş, bundan sonra onlar park ərazisində olan skamyada oturmuş, skamyada oturan zaman Sərxan və Famil də onların yanlarında olmuşlar. Sərxan və Famil gəzmək üçün həmin parka gəlmişlər. Həmin vaxt onlar tam mehriban qaydada deyib-gülmüş, bu zaman Adəm Sərxandan zarafatyana xətrinə dəyənin olub-olmadığını soruşmuş, Sərxan isə zarafatyana söyüşlə onun xətrinə heç kimin dəyə bilməyəcəyini bildirmişdir. Bundan sonra Namiq yaxınlaşaraq Sərxana zarafat məqsədilə üzündən asta sillə vurmuş, bu zaman Sərxan bundan əsəbiləşərək ciddi formada Namiqə bir daha onunla belə əl-qol zarafatı etməməsini bildirmiş və Sərxan Namiqə nalayiq sözlər işlətmişdir. Sərxan həmin vaxt skamyada oturmuş, Namiq isə ayaqüstə olmuşdur. Sərxan Namiqə nalayiq sözlər işlətdikdən sonra onlar burun-buruna gəlmiş, Sahillə Adəm onları aralaşdırmış, daha sonra onlar yenidən burun-buruna gəlmiş və Sərxan əvvəlcə Namiqin burnuna kəllə vurmuş və daha sonra yumruq atmışdır. Həmin vaxt artıq Famil onların yanlarında olmamış, X16 aralamış və Namiqlə Sərxana mübahisəni yekunlaşdırmağı bildirmişlər. Bundan sonra Sahil Sərxanı oradan aralaşdırmış, Namiq onların arxasınca getmiş və Adəmlə o da digərlərinin ardınca getmişlər. Namiq onlara Sərxanla söhbət edib məsələni aydınlaşdırmaq istədiyini bildirmiş, yolda olan zaman isə Namiq onlara Sərxanla mübahisələrini həll edəcəklərini bildirmiş və araya girənə təhqiredici sözlərlə söyüş söymüşdür. Onlar etiraz etdikdə Sərxan da Namiqin dediklərini təkrarlamış, bundan sonra Namiqlə Sərxan söhbət edib məsələni aydınlaşdırmaq üçün ikisi onlardan təxminən 5 metr aralıda üz-üzə dayanıb söhbət etməyə başlamış, bu zaman o, kənardan Sərxanın sol əli ilə Namiqə qəfil yumruq atdığını, lakin həmin yumruğun Namiqə tam dəymədiyini görmüşdür. Bunun ardınca Namiq Sərxanın köynəyinin boğazından tutub Sərxana iki-üç yumruq zərbəsi vurmuş, həmin yumruqların sonuncusu Sərxanın başının sol gicgah nahiyəsindən dəymiş, həmin sonuncu yumruq zərbəsini aldıqdan sonra Sərxan başını aşağı salıb “aydaa-aydaa” deyərək qışqırmağa başlamış və həmin vaxt o, Sərxana birinci çataraq Sərxanı saxlamış və sakit olmağı, qorxmamağı bildirmişdir. Bunun ardınca Nihatla Sahil də Sərxanın yanına gəlib sonuncunun vəziyyətini öyrənməyə çalışmış, bu zaman Sərxan xırıldadığı üçün onlar elə bilmişlər ki, Sərxanın huşu gedib. Daha sonra Sahil Namiqi təcili su gətirmək üçün göndərmiş, X10raraq insanlar olan əraziyə aparmış, Sahil həmin əraziyə çıxıb qışqırmış və camaatı köməyə çağırmışdır. Kənar ərazidə 2 nəfər kişi görüb qışqıraraq həmin şəxslərdən kömək istəmiş, həmin şəxslər onlara yaxınlaşıb Sərxanın vəziyyətini görüb vəziyyətinin pis olduğunu demişlər. Daha sonra Sahil atasına zəng edərək olanları danışdıqda atası onların gözləməsini bildirmişdir. Bundan sonra Sahil təcili tibbi yardım çağırmış, təcili tibbi yardım hadisə yerinə gec gəlmişdir. Həmin müddətdə artıq Sahilin atası və Sərxanın atası da gəlmiş və artıq həmin ərazidə olan adamlar da ora yığışmışdır. Təcili tibbi yardım sonda gəlib çatmış və Sərxanı müayinə edərək öldüyünü bildirmişdir. Bundan əlavə olaraq o, Namiqlə Sərxanın heç birində bıçaq və digər alətin olmadığını, bütün bu olanların səbəbinin Namiqin zarafatla Sərxana sillə vurması olduğunu, hər şeyin bundan sonra başladığını, mübahisə vaxtı həmin şəxslərin içki və narkotik vasitələrin təsiri altında olmadığını, Namiqin son zərbəni vurduqdan sonra özünün dayandığını, heç kimin Namiqi dayandırmadığını, Namiqin Sərxanı öldürmək niyyətinin olmadığını, Namiqin Sərxanı vurduqdan sonra sonuncunun halının pisləşdiyini bildirmişdir. Onun və Adəmin köməkliyi ilə Sərxanı Sahilin çiyninə qoyaraq “Nizami” parkının girişinə gətirmişlər. Sahil Sərxanı çiynində daşıdığı zaman sonuncu yerə yıxılmamış və başı yerə dəyməmişdir. Zərərçəkmiş şəxs bel nahiyəsində aşkar edilmiş sıyrıqlar ilə bağlı göstərmişdir ki, çox güman ki, həmin xəsarətlər Sərxanı yerə qoyan zaman əmələ gəlmişdir. Lakin Sərxanın bədənində olan digər xəsarətlərin Təqsirləndirilən şəxslə dalaşan zaman əmələ gəldiyini hesab etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2022-ci il tarixli 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin qişalarına, qişalaraltına, toxumasına və mədəciklərinə qansızma ilə müşayiət olunmuş sol gicgah nahiyəsində dərialtı qansızma; burun beli, sağ çənə bucağı və bel nahiyələrinin sıyrıqları; sağ qoltuqaltı nahiyənin qançırı. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətlərinə görə müayinədən bir neçə saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə baş beyin qişalarına, qişalaraltına, toxumasına və mədəciklərinə qansızma ilə müşayiət olunmuş sol gicgah nahiyəsində dərialtı qansızma canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, digər xəsarətlər (burun beli, sağ çənə bucağı və bel nahiyələrinin sıyrıqları; sağ qoltuqaltı nahiyənin qançırı) isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, mədəciklərə qansızma və baş beyinin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər yetirilərkən xəsarət yetirən mərhumun ön hissəsində üzbəüz olmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, yarım əyilmiş və s.) olmağa uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə 135-139) İş materiallarında olan Bakı Şəhər Təcili və X7 Stansiyası publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 227 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:29–da “103” xidmətinə Xətai Rayonu, “Nizami” parkının qarşısı ünvanında naməlum uşağın (15 yaş) adına “ürəyi gedib” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Ruslan Mehdiyev icra edərək, hadisə yerində Zərərçəkmiş şəxs (15 yaş) məxsus kişi meyiti ilə rastlaşmış, “həkimə qədər ölüm, kişi cinsli meyit” (oğlan uşağı) diaqnozu qoymuşdur. (iş vərəqə 112-113) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 xx.xx.2022-ci il tarixli 834 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2022-ci il tarixə uyğun hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs burun nahiyəsindəki piqmentasiya sıyrıq izi olub küt əşya təsirindən törənmişdir, müddəti ekspertizanın keçirildiyi vaxtdan (xx.xx.2022ci ildən) 10-14 gün əvvəl olmaqla şəxsin qeyd etdiyi 1.5-2 həftə əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir”. (iş vərəqə 72-73) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının nəticələrinə dair verilmiş xx.xx.2022-ci il tarixli 2191 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, söz götürməmək, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.” (iş vərəqə 130-133) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının nəticələrinə dair verilmiş xx.xx.2022-ci il tarixli 3/1114 nömrəli rəyindən görünür ki, “təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ....” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin, şalvarın, tumanın üzərində, “Təqsirləndirilən şəxs ....” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur.” (iş vərəqə 142-144) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin xx/xx-10817 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicədə olmayıblar. (iş vərəqə 124) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X11 Şəxsin 6971 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicədə olmayıblar. (iş vərəqə 125, 134) İş materiallarında olan xx.xx.2022-ci tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 57/2 ünvanında yerləşən “Nizami Gəncəvi” parkda baş vermişdir. İlkin olaraq hadisənin şahidi Şahid1 parkın giriş hissəsində mübahisənin başlandığı ərazi göstərilmişdir. Sol tərəfdə zibil qutusu, oturacaq, sağ tərəfdə işıq dirəyi müşahidə olunmuşdur. Qarşıda qəhvəyi rəngli yelləncək və müxtəlif rənglərdən ibarət olan sürüşkənlər görünmüşdür. Həmin yerin örtüyü daşlarla örtülmüş, kənarları isə yaşıllıqdan ibarət idi. Namiq və Sərxan arasında olan mübahisə qarşıda görünən oturacaqda başlamış və onlar mübahisəni davam etdirmək üçün parkın yuxarı hissəsinə getmişlər. Parkın yuxarı hissəsinə getdikdə ərazinin sol və sağ tərəfi hündür hasarlarla əhatə olunmuşdur. Ərazinin orta hissəsində iki yerdə yaşıllıqlar və ağaclar mövcud idi. Yer hissə qırmızı və ağ daşlarla örtülmüşdür. Qarşıda bir neçə ədəd işıq dirəyi və qara rəngli məhəccər müşahidə olunmuşdur. Namiq və Sərxan arasında olan mübahisə burada davam etmiş, sonuncunun ölümünə səbəb olan yumruq zərbələri burada vurulmuşdur. Həmin ərazinin lap qarşısında ətrafı yaşıl rəngli dəmir barmaqlıqlarla örtülmüş stadion da müşahidə edilmişdir. (iş vərəqə 53-58) İş materiallarında olan xx.xx.2022-ci tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə törətmiş olduğu cinayət əməlini hadisə yerində əyani şəkildə ardıcıllıqla göstərmiş, bu barədə foto çəkilişdən istifadə etməklə protokol tərtib edilmişdir. (iş vərəqə 89-91) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsi 37-ci Polis şöbəsinin xx.xx.2022-ci il 105-14192 saylı məktubundan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 57/2 ünvanında yerləşən “Nizami” parkında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı çoxsaylı yumruq zərbələri ilə sonuncunun üzünün sol tərəfinə və sol gicgah nahiyəsinə vuraraq ağır xəsarətlər yetirdiyi və Sərxanın həmin xəsarətlərə görə hadisə yerində xx.xx.2022-ci il tarixində saat 18:40 radələrində öldüyü müəyyən edilmişdir. Həmçinin hadisə baş verən ərazidə hər hansı videokamera olmadığından videogörüntülərin əldə edilməsi mümkün olmamışdır. (iş vərəqə 114) İş materiallarında olan xx.xx.2022-ci tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş özünə məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd qısaqol ağ köynək, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol qara və ağ rənglərdən ibarət köynək, bir ədəd açıq mavi rəngli cins şalvar və bir ədəd qara rəngli tuman maddi sübut kimi tanınaraq, saxlanılması üçün Xətai rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. (iş vərəqə 176-188) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, onun Zərərçəkmiş şəxs hadisə yerində belinə alaraq daşıdığı zaman sonuncunun yerə yıxılmadığını, Sərxanın başının yerə dəymədiyini bildirmişdir. (iş vərəqə 170-171) İş materiallarında olan xx.xx.2022-ci tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, Şahid1 Zərərçəkmiş şəxs hadisə yerində belinə alaraq daşıdığı zaman sonuncunun yerə yıxılmadığını, Sərxanın başının yerə dəymədiyini bildirmişdir. (iş vərəqə 172-173) İş materiallarında olan xx.xx.2022-ci tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilərkən şahid X9 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadələrində göstərdiyi xüsusatları təsdiq etmiş, Şahid1 Zərərçəkmiş şəxs hadisə yerində belinə alaraq daşıdığı zaman sonuncunun yerə yıxılmadığını, Sərxanın başının yerə dəymədiyini bildirmişdir. (iş vərəqə 174-175) “Qəsdən adam öldürmə” işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 12 dekabr 2002-ci il tarixli 3 № -li qərarının 3cü bəndində qeyd edilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Həmçinin qeyd edilməlidir ki, AR CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli AR CM-in 124-cü maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan adam öldürmə cinayətindən fərqlənir. Ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyyatsızlıqdan ibarət olur, yəni o nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da qabaqcadan görmür, AR CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə təqsirin qarışıq forması ilə törədilir, yəni cinayətkarın zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına münasibəti qəsd formasında, zərərçəkmiş şəxsin ölməsinə münasibəti isə ehtiyatsızlıq formasında ehtiva olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin baş vermə mexanizmindən görünür ki, o, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin həyat üçün əhəmiyyətli olan orqanına, yəni, başına zərbə endirərək, onun sağlamlığına ağır zərər vurulması cinayətini qəsdən törətmiş, zərərçəkmiş şəxsin ölümünə isə münasibəti ehtiyatsızlıqdan ibarət olmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 110) İş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Privolnoye kənd İnzibati-ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 120-121) İş materiallarında olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati-ərazi Vahidi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 140-141) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmamasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası 10 ildən çox olmayan müddətə təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan yetkinlik yaşına çatmayan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-403/2022 saylı qərarı ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 12-13, 92-94) Odur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Xətai rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş özünə məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd qısaqol ağ köynək hökm qanuni qüvvəyə mindikdən sonra onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol qara və ağ rənglərdən ibarət köynək, bir ədəd açıq mavi rəngli cins şalvar və bir ədəd qara rəngli tuman isə hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi (atası) X2 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Xətai rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş özünə məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd qısaqol ağ köynək hökm qanuni qüvvəyə mindikdən sonra onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol qara və ağ rənglərdən ibarət köynək, bir ədəd açıq mavi rəngli cins şalvar və bir ədəd qara rəngli tuman isə hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi (atası) X2 qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar