Məhkəmə qərarları › İş №1(101)-1849/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1849/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1849/2025 18.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,337 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 08 ədəd şəffaf sellofana bükülmüş bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,661 qram, 0,362 qram, 0,506 qram, 0,418 qram, 0,624 qram, 0,603 qram, 0,637 qram və 0,526 qram, ümumi təmiz çəkisi 4,337 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini külli miqdarda əldə edib üzərində saxlamaqla 05 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evin yaxınlığına kimi daşımış, həmin gün orada saat 19:19-da Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq orada videoçəkiliş keçirilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibində həmin 08 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,661 qram, 0,362 qram, 0,506 qram, 0,418 qram, 0,624 qram, 0,603 qram, 0,637 qram və 0,526 qram ümumi təmiz çəkisi 4,337 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış həmin külli miqdarda psixotrop maddə metamfetamin 08 ədəd bükümündə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 3).

4. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri istifadəsi məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması barədə Suraxanı RPİ-nin 30-cu PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 5-6).

5. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan, diskə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olundu və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 08 ədəd şəffaf sellofan bükümdə bükülmüş bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə olan (patı) metamfetamin olduğunu və İran İslam Respublikasının vətəndaşı ilə danışaraq 60 manata Whatsapp sosial şəbəkəsində “məkan” funksiyası vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən bir ədəd Redmi markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəngli sellofan paketdə olan ağ rəngli kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlələr, eyni zamanda elektron tərəzidə ölçülərkən 4.76 qram çəkidə olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 9, 77).

6. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə, 01 ədəd qəhvəyi rəngli zərfə və DVD-yə baxış keçirildi. Hər iki zərfin tamlığı yerində olmuş, hər-hansı korlanma aşkar olunmamış, 194 saylı möhürlə möhürlənmiş iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə metafetaminə bənzər maddənin və mobil telefonun aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır (cild 1, iş vərəqi 30).

7. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2113 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,661 qram, 0,362 qram, 0,506 qram, 0,418 qram, 0,624 qram, 0,603 qram, 0,637 qram və 0,526 qram ümumi təmiz çəkisi 4,337 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 36-40).

8. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5479 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109).

9. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 4,337 qram psixotrop maddə metafetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 4,097 qram psixotrop maddə metafetamin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 124-132).

10. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 134- 135).

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs adlı şəxs 05 iyun 2025-ci il tarixdə, saat 7 radələrində Hövsan qəsəbəsi, Bağlar masiivi nömrəsiz evin yaxınlığında çəkilişlə saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra şəxsə üzərində hər zansı qanunsuz əşya olub-olmamasını soruşmuşlar və təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan 8 büküm narkotik vasitəni təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, E.X5 saxlamışlar. Təhqiqatçının yanında, çəkilişdə də onlar iştirak etmişlər. Əməliyyat məlumatı səhv etmirsə 05 iyun 2025-ci il tarixdə daxil olmuşdu. Məlumat daxil olduqdan sonra rəhbərliyə məruzə olunmuş, qrup yaradılmış və əməliyyat tədbirləri keçirilmişdir. Məlumat satışla bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən piyada hərəkətdə idi. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində əvvəllər heç bir məlumat daxil olmamışdır. Satış öz təsdiqini tapmamışdır. Əməliyyat məlumatının davamı olaraq şəxsin narkotik vasitəni kiməsə satmasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlamadığını səmimi etiraf etdi.

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Emil adlı şəxsin Hövsan qəsəbəsi, Bağlar massivində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatın dəqiqləşdirilməsi məqsədilə hadisə yerinə yaxınlaşmışlar. Videoçəkilişlə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim edərək istifadəçi olduğunu bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında hadisə yerinə getmişlər. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Şəxsi Bağlar massivində saxlamışlar. Narkotik vasitəni şəxs könüllü təqdim etmişdir. İstintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Əməliyyatda iştirak edən digər şəxslər Şahid3 və Şahid1 olmuşdur. Hansı miqdarda və hansı növ narkotik vasitənin aşkar olunması yadında deyil. Əməliyyat tədbirləri çəkiliş keçirilməklə aparılmışdır. Təqsirləndirilən şəxs yalan deyir, ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. “Mida” da saxlanılması yalandır. “Mida” ilə Hövsan qəsəbəsi, Bağlar massivi arasında xeyli məsafə var. Əməliyyat məlumatı narkotik vasitənin dövriyyəsi ilə bağlı idi. Dövriyyəsi deyəndə satış məqsədi ilə olması nəzərdə tutulur. Təqsirləndirilən şəxs onların xidməti ərazisində yaşayır.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, sonuncunu Hövsan qəsəbəsi, Bağlar massivində evinin yaxınlığında saxlamışlar, üzərindən 8 büküm metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirib təhqiqata təhvil vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri çəkilişlə aparılıb, çəkiliş zamanı üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı döymə və psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs çəkilişdən öncə bölməyə aparılmayıb, dedikləri yalandır. Özünün deməsinə görə İranlıya pul atıb və konum vasitəsilə götürmüşdür. Məlumat Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, Bağlar massivində saxlamışlar. “Mida” da saxlanılması barədə Təqsirləndirilən şəxs dedikləri yalandır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə çəkiliş aparılmışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

14. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, “Mida” da usta işləyir, 2025-ci ilin iyun ayının 5-də saat 3-4 radələrində tutulmuş, amma Hövsan qəsəbəsi, Bağlar massivində çəkiliş aparmışlar. Tutulduğu yerlə, çəkiliş aparılan yerin ara məsafəsi çox fərqlidir. “Mida” yaşayış kompleksində yuxarı qalxmışdır, ev yiyəsindən açarı götürüb aşağı düşəndə üstünə gəlib onu tutmuşlar. 3 nəfər polis əməkdaşı olmuşdur. Onu ağ maşına mindirmişlər, orada kameralar da olub. Onu polis bölməsinə apardılar, orada onun başına deyə bilməyəcəyi oyunu açdılar, sonra onu aparıb evinə 3 kq mal atıb ailəsini, uşağını da bölməyə gətirəcəkləri ilə hədələmişlər. O da elə bir şey olmasın deyə hər şeyi boynuna götürmüş, bölmədə ona istifadəçi kimi sənədləşdirəciklərini demişlər, bir sözlə onu aldadıb çəkiliş etmişlər, o da hədə ilə hər şeyi boynuna almışdır. O, suallara cavab olaraq bildirmişdir ki, istintaqda da özünü təqsirli bilmədiyini demişdir. Narkotik vasitə marixuanadan 2 ildir istifadə etmişdir. Polis əməkdaşları telefonunu almışlar. İstintaqda fərqli ifadə verməyinin səbəbi bölmədə başına deyə bilmədiyi oyun gətirməkləri olmuşdur. “Mida” ya işləmək üçün getmişdir. O, Hövsanda yaşayır, dost tanış vasitəsilə bu işi tapmışdır. Onu 3 nəfər polis əməkdaşı saxlayıb, amma çəkilişdə başqa polis əməkdaşları olmuşdur. Tutulan zaman üstündən, telefon açar və eynəyi çıxmış, başqa heç nə olmamışdır. Onu gündüz vaxtı saat 3-4 radələrində saxlamışlar. Çəkilişi 7-8 radələrində aparmışlar. Onu saxladıqdan sonra bölməyə gətirmişlər, sonra Bağlar Massivinə aparıb çəkilişi orada aparmışlar. Ona təzyiq etmək üçün birinci bölməyə aparmışlar. Həmin vaxt üzərində telefon olmuşdur. Onun mobil nömrəsi ***-***-**-**-dir. Tutulan zaman nömrəsi aktiv olmuşdur. Polis idarəsində onu döymüşlər, əxlaqsız söyüşlər söymüşlər. Döyülməyinə səbəb stolun üstünə “Patı” qoyub onun olduğunu, üzərinə götürməyini deməkləri olmuşdur. Vəkil həmin gün 10-11 radələrində gəlmişdir. Çəkilişdə vəkil iştirak etməmişdir. Onu saxlayandan sonra binanın həyəti ilə aparmışlar, sola çıxmışlar, orada “Bazar Store” mağazası var idi və TŞ kameralar da var idi. Çox kameralara düşmüş, binanın da, “Bazar Store” mağazasının kameralarına düşmüşdür. Məhkəməyə çıxmazdan əvvəl prokurorla onu görüşdürmüşlər, bu olanları sonuncuya da demişdir. Gözlə görünən xəsarət yox idi. Xəsarətlə bağlı araşdırma aparılmamışdır. Şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən imzalamaqdan imtina etməyinin səbəbi odur ki, onların dedikləri ilə razılaşmamışdır. Məhkəmədə döyülməyini demişdir. Prokurorluğa döyülməyi ilə bağlı ona görə şikayət etməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, elan olunan ifadəyə bezib imza atmışdır. Ona qarşı fiziki zor tətbiq olunmuşdur. Onu Şahid2 tutmamışdır. Həmin şahidi o, onu 30-cü PŞ-nə gətirəndə və çəkilişdə görmüşdür. Onu şillə ilə vurmuşlar. Şahidlər Şahid3, Şahid1 tərəfindən ona fiziki təzyiq olmamışdır. Şahid1 yanında onu vurmamışlar. Polis əməkdaşları onu “Mida” da tutmuşlar, tutduqdan sonra 30-cu Polis Bölməsinə gətirib onu orada döymüşlər, ailəsi ilə hədələmişlər, daha sonra isə onu Bağlar Massivinə aparıb üzərinə “Patı” qoyub orada çəkiliş etmişlər. O, narkotik vasitə istifadəçisidir. Məhkəmədən bütün bunları, eyni zamanda yaşlı anasının və iki körpə uşağının olmasını nəzərə alıb, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.

15. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu zaman, həmçinin tutulduqdan sonra Suraxanı RPİ-nin əməkdaşları tərəfindən heç bir fiziki, mənəvi-psixoloji təsirlər və təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs RPİ-nin X6 təhvil verilən zaman heç bir xəsarəti olmadığından bu barədə akt tərtib edilməmişdir.

16. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 4267/2025 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmişdir. Səhhəti ilə bağlı şikayət bildirməmiş, fizioloji göstəriciləri norma civarında olmuşdur. Xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir.

17. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

18. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

21. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

22. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

27. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

28. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

33. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

34. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

35. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

36. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

39. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

40. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

41. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

42. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

43. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

44. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

45. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar külli miqdarda psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

46. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 26-cı bəndi).

47. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır (bax: qərarın 36-38-ci bəndləri).

48. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımasına dair ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,337 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımışdır.

49. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində psixotrop maddə olmamasını, ona qarşı fiziki, psixoloji təsir göstərildiyini, psixotrop maddəni üzərinə götürməyi üçün döyüldüyünü, onun “Mida” yaşayış kompleksinin yaxınlığında, gündüz vaxtı saat 3-4 radələrində saxlanıldığını bildirərək özünü təqsirli bilməmişdir.

50. Məhkəmənin sorğusu əsasında Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu zaman, həmçinin tutulduqdan sonra Suraxanı RPİ-nin əməkdaşları tərəfindən heç bir fiziki, mənəvi-psixoloji təsirlər və təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs RPİ-nin X6 təhvil verilən zaman heç bir xəsarəti olmadığından bu barədə akt tərtib edilməmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş 4267/2025 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəstəlik bildirməmişdir. Səhhəti ilə bağlı şikayət bildirməmiş, fizioloji göstəriciləri norma civarında olmuşdur. Xəsarət almadığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı (xx.xx.2025-ci il tarixdə) müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən üzərindən aşkar edilmiş 08 ədəd bükümlərin içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, 05 iyun 2025-ci il tarixdə səhər saatlarında İİR-nın vətəndaşının bank kartına 60 manat göndərməklə sonuncunun göndərdiyi məkan vasitəsi ilə əldə edib, özü istifadə etməyi üçün saxladığını bildirmişdir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasını təsdiq edir.

51. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 27, 39, 40, 41, 42, 43-cü bəndlərindəki normativ aktlara əsasən).

52. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmasını səmimi şəkildə (ibtidai istintaqda) etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.

53. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. (qərarın 25-ci bəndi).

54. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

55. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 19, 20, 21, 22-ci bəndləri).

56. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 adlı azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 66-67).

57. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.

58. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 92).

59. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

60. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 23-cü bəndi).

61. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 iyun 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26, 86-91, 167-171). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 24, 29, 30-cu bəndləri).

62. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 05 iyun 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

63. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

64. İş üzrə maddi sübut olan, Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 4,097 qram psixotrop maddə metafetamin məhv edilməlidir (qərarın 31-ci bəndi).

65. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

66. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi).

67. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 352 manat məbləğində pul köçürülməlidir (qərarın 33, 34-cü bəndləri).

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 4,097 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 352 (üç yüz əlli iki) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar