Məhkəmə qərarları › İş №1(101)-1852/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1852/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1852/2024 03.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 aprel 1985-ci il tarixdə Ağcabədi rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə «Niman» adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, gəlir əldə etmək müqabilində «Niman» adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə razılığa gəlib, 30 yanvar 2024-cü il tarixdə saat 00:20 radələrində Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, köhnə tikililərin yaxınlığına əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 2025 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli sellofan torbanın içərisində üç ədəd bağlamada tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 970,0 qram, 740,0 qram və 315,0 qram olmaqla ümumi çəkisi 2025 qram, külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə saat 00:20 radələrində onu saxlamışlar. O, həmin əraziyə öz şəxsi istifadəsi üçün narkotik vasitəsini əldə etmək məqsədi ilə getmişdir. Əraziyə gəldikdən sonra oraya yerləşdirilən narkotik vasitəsini tapmış ancaq narkotik vasitəsi ona deyilmiş miqdarda olmadığından şübhələnmiş və narkotik vasitəni götürməmişdir. Artıq qapını açıb həmin ərazidən çıxmaq istəyəndə ərazinin ətrafında polis əməkdaşlarının onu gözlədiklərini görmüşdür. Hətta binadan çıxmazdan qabaq arxadan ona bir nəfər polis əməkdaşı yaxınlaşmış və artıq onların binanın içərisində olduqları ona məlum olmuşdur. Bundan sonra polis əmkdaşları onu idarəyə aparmışlar. Orada onu ailəsiylə hədələyərək onlar tərəfindən ona verilmiş, həmçinin ona məxsus olmayan narkotik vasitələrini öz üzərinə götürməyini məcbur etmişlər. Həmin əraziyə o, 10 qram marixuana əldə etmək məqsədi ilə getmişdir. Həmçinin şəxsi axtarışda polis əməkdaşları tərəfindən ona deyilmiş ifadələri təzyiq altında təkrarlamışdır. O, 10 qram narkotik vasitə üçün getmiş, həmin narkotik vasitə üçün 100 manat pul ödəmişdir. Əvvələr narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni almaq üçün telefonda “WhatsApp” vasitəsi ilə Nizami adlı şəxslə əlaqə saxlamışdır. O, ***- ***-**-** saylı mobil nömrəni istifadə edirdi. “WhatsApp”-la ancaq danışmış, yazışmamışdır. Polis əməkdaşları ona qarşı psixoloji təzyiq göstərmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Orada olan həmin narkotik vasitəni götürməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özü narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuşdur. Bir neçə vaxtdır ki, “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə özünü İran vətəndaşı kimi təqdim edən “Niman” adlı şəxslə danışmışdır. “Niman” adlı şəxs onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. O, «Niman»dan bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Belə ki, «Niman»dan şəxsi istifadəsi üçün narkotik istədikdə «Niman» müxtəlif yerlərə qoymuş və “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə ona yerini demiş, o da, gedib həmin yerdən götürmüş və «Niman»ın ona dediyi karta pulunu göndərmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Ağcəbədi rayonu, Hindarx qəsəbəsindən xəstə övladını həkimə göstərmək üçün Bakı şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 00:20 radələrində “Niman” adlı şəxs ilə danışan zaman şəxsi istifadəsi üçün 10 qram marixuana istəmiş və 100 manata razılaşmışlar. Həmin gün “Niman” adlı şəxsin ona bildirdiyi Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsinə getmiş, orada köhnə tikililərin yaxınlığında “Niman” adlı şəxsin dediyi yerdən 1 ədəd qara rəngli sellofan torbanı götürmüş və həmin torbanın içərisində 2 ədəd üzəri yapşıqanlı lentlə bağlanmış, bağlama olduğunu görmüşdür. O, “Niman” adlı şəxsdən 10 qram istədiyi halda «Niman» nədənsə həmin yerə 2 bağlama narkotik atdırmışdır. Bu vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifini qəbul etmiş və əlində olan torbayla polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə gəlmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə olan qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əlində saxladığı 1 ədəd qara rəngli sellofan bağlamanı masanın üzərinə qoyub həmin bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı İran vətəndaşı kimi bildiyi “Niman” adlı şəxsin dediyi yerdən götürdüyünü, özündə saxladığını, sonra həmin marixuananı “Niman” adlı şəxsin dediyi kimi edəcəyini bildirmişdir. Həmçinin o, üstündə saxladığı içərisində 13 manat pul və şəxsiyyət vəsiqəsi olan pul qabı və 1 ədəd “Samsung A3” markalı mobil telefonu da çıxarıb masanın üstünə qoymuşdur. Ondan aşkar edilmiş sellofan torbada olan 2 ədəd sellofan bağlama açılıb baxılan zaman içərisində yaşıl rəngli ot kütləsi, yəni marixuana olması müəyyən edilmişdir. Sonda ondan aşkar edilmiş 2 ədəd sellofan bağlama sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. O, şəxsi istifadəsi üçün 10 qram marixuana sifariş vermişdir. “Niman” adlı şəxs ona göndərdikdən sonra «Niman»ın dediyi karta 100 manat pul göndərəcəkdi. Lakin həmin narkotiki götürməyə gedəndə iki torba narkotik olduğunu görmüşdür. Həmin yerdə də onu saxlamışlar. Həmin narkotikin hamısı onun deyil. Onun “Niman” adlı şəxslə razılaşmasına görə 10 qram olmalı imiş. O da, «Niman»a 100 manat göndərməli olmuşdur. Niyə o qədər olduğunu başa düşməmişdir. Dediyi kimi o, narkotik vasitə olan marixuana qəbul edir. Şəxsi istifadəsi üçün 100 manat müqabilində 10 qram sifariş vermişdir. O qədər narkotik qoyulduğunu başa düşməmişdir. O, heç vaxt narkotikin satışı ilə məşğul olmamış, nə də “Niman” adlı şəxsin dediyi yerlərə narkotik atmamış, heç kimə narkotik satışında kömək etməmişdir. İzahat verəndə də, videoçəkiliş zamanı da təzyiq altında olmuş və həmin narkotik vasitəni “Niman” adlı şəxsin dediyi yerdən götürdükdən sonra «Niman»ın dediyini edəcəyini bildirmişdir. Videoçəkilişə baxan zaman deyiləni demişdir. İran İslam Respublikası vətəndaşı “Niman” adlı şəxsin adını “Niman” kimi bilmiş, həmin şəxs özünü İran vətəndaşı kimi ona təqdim etmişdir. Onunla ancaq “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, «Niman»la heç vaxt görüşməmişdir. O, bank kartından istifadə etməmişdir. ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Telefonuna giriş üçün və sosial şəbəkələrə daxil olmaq üçün proqramlarda təhlükəsizlik kodu yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Lakin təzyiq altında danışmışdır. Üzərinə yalnız Nizami RPİ-nin inzibati binasında təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir (cild 1, iş vərəqə 155-158). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə ona Nizami rayonu ərazisində narkotik vasitənin dövriyyəsi ilə məşğul olan Ramin adlı bir şəxs barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı rəhbərliyə məruzə etmişdir. Rəhbərlik məlumatda adı gedən şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı qərar gəbul etmişdir. 30 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Ramin adlı şəxsin xarici görkəminə bənzər şəxs görmüşlər və ona tərəf yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onu Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarənin xidməti otağında tədqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman şəxsin sağ əlində olan qara rəngli sellofan paket aşkar olunmuşdur. Paketin içərisindən 2 ədəd büküm aşkar olunmuşdur. Onlar iki nəfər polis əməkdaşı olmuşlar. Təqsirləndirilən şəxs Oruczadə 3 ünvanında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində hər hansı gözəçarpan bir şey yox idi. Narkotik vasitə Raminin üzərinə baxış keçirilən zaman aşkar olunmuşdur. Hadisə yanvar ayında baş vermişdir. Sellofan paketin içindən 2 ədəd qara rəngdə büküm aşkar olunmuşdur. Özlərini təqdim etmişlər, həmçinin Ramin də özünü təqdim etmişdir. Sonra onun şəxsiyyətini dəqiqləşdirmişlər və ən sonda İdarəyə dəvət etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Anket məlumatlarında həmin şəxsin fotoşəkli var idi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 30 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi barədə” və 3 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokollardan görünür ki, 30 yanvar 2024-cü il tarixdə saat 00:30-da Bakı şəhəri, Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 2 ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Nizami rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otağında 6 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq, həmin sellofon torbada qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin qara rəngli sellofon torbanın içərisinə baxan zaman orada üzəri yapışqanlı lentlə bağlanmış iki ədəd sellofon bağlama olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A3” markalı mobil telefon və həmin şalvarın arxa sağ cibindən 1 ədəd pul qabı, həmin pul qabının içərisindən isə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 13 manat (bir ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq) pul aşkar edilmişdir. Həmin 2 ədəd sellofon bağlama açılıb baxılan zaman içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsi olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamalardakı qurudulmuş marixuananı İran vətəndaşı kimi tanıdığı “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu «Niman» adlı şəxsin dediyi Nizami rayonu ərazisində gizlətdiyi yerdən götürdüyünü və həmin marixuananı özündə saxlayacağını və sonra «Niman» həmin marixuananı nə edəcəyini ona deyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Həmin iki ədəd sellofon bağlamada olan narkotik vasitəyə bənzər maddə qara rəgli sellofan torbanın içərəsinə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Aşkar edilmiş 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd “Samsung A3” markalı mobil telefon, 13 manat nağd pul və pul qabı bu barədə Təqsirləndirilən şəxs izahat verildikdən sonra götürülərək materiala əlavə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 37-38 və 97-98). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2024-cü il tarixli 3-16-16/2- 7/163 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilən...” sözləri yazılmış bir ədəd bağlamada iki ədəd skotçlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 970,0 qram və 740,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Yuxarıda göstərilən bağlamanın birində qara rəngli sellofan torbada təmiz çəkisi 315,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 2025,0 qramdır (Qeyd: marixuananın ümümi təmiz çəkisi 2025,0 qram, tədqiqata cəmi sərf edildi 0,15 qram (hər obyektdən 0,05 qram), qalıq 2024,85 qram, cild 1, iş vərəqə 45-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 16 fevral 2024-cü il tarixli 1014 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 129-130). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 18 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2024,85 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 136-145). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Səbbaqi X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 4 il 1 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il 816 VQD saylı qanun tətbiq edilərək təqsirli bilindiyi Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələrinə tövsif edilməklə ona qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Səbbaqi X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 114-116 və 118-120). Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri həmin məcəllənin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti Azərbaycan Respublikasının 180.2.1, 180.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən həmin cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan sonrakı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 168). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 79-81). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2024,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2024,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı aparılmış videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar