Məhkəmə qərarları › İş №1(101)-1853/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1853/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1853/2022 12.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «AİM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1 yanvar 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi döngə 1, ev 26-da qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, ünvan 1-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,710 qram narkotik vasitə heroini və külli miqdarda 6,022 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxta və mənbədən əldə edərək üzərində saxlayaraq daşımış və 6 iyun 2022-ci il tarixdə saat 2 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu ünvan 1 ünvanda evinin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən pul qabının içində olan 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,714 qram, 0,927 qram, 4,381 qram, ümumi təmiz çəkisi 6,022 qram külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 3 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,257 qram, 0,093 qram, 0,360 qram, ümumi təmiz çəkisi 0.710 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitələri «Whatsapp» şəbəkəsində tanış olduğu «Baba» kimi tanıdığı İran İslam Respublikası vətəndaşı vasitəsilə almışdır. Tutulmamışdan əvvəl «Baba»nın «Whatsapp» vasitəsi ilə ona göndərdiyi bank kartına 100 manat pul ödəmiş, bundan sonra sonuncu ona narkotik vasitənin qoyduğu yerin şəkilini göndərmişdir. Şəkildə göstərilən Binəqədi rayonu 9-cu mikrorayon ərazisinə gedib, narkotik vasitəni oradan götürmüşdür. 6 iyun 2022-ci il tarixdə saat 2 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsində olarkən mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində narkotik vasitə heroin olduğundan polis əməkdaşlarından yayınıb qaçmaq istəmiş, lakin polislər onu saxlayıb Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Orada polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Üzərində cəmi bir bükümdə bir qram narkotik vasitə heroin olsa da, videoçəkilişlə üzərinə keçirilmiş baxış zamanı polislərin üzərinə qoyduğu 6 ədəd bükümü çıxarıb təqdim etmiş və özünə məxsus olduğunu demişdir. Bundan başqa onun üzərindəki pul qabından elektron tərəzi və «Samsung A6» markalı mobil telefon də aşkar edilmişdir. Həmin telefondakı ***-***-**-** saylı mobil nömrə birlikə yaşadığı Xəyalə adlı xanıma məxsus olmuşdur. Özünə məxsus 1 bükümdə olan 1 qram narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 6 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra onun və bölmənin digər əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün Sabunçu rayonu ünvan 1 ünvanında saxlanılmış və bölməyə gətirilmişdir. Araşdırmanın aparılması təhqiqatçı Azər Əhmədova tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi təyin edilərək, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul qabının içərisindən 3 ədəd şəffaf sellofan bükümlərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddəni və 3 ədəd digər sellofan bükümlərində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddəni, pul qabının böyük cibindən elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 3 ədədində «patı», digər 3 ədədində «kakos» olduğunu, həmin maddələri «Baba" kimi tanıdığı İran İslam Respublikası vətəndaşının «Whatsapp» şəbəkəsinin vasitəsi ilə göndərdiyi bank kartına 100 manat pulu ödəməklə şəkilini göndərdiyi Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən götürüb şəxsi istifadəsi və satmaq üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış keçirilən zaman pul qabının içindən narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr, tərəzi ilə yanaşı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol arxa cibindən «Samsung A6» markalı mobil telefon da sübut əhəmiyyətli olduğundan aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar edilmiş bükümlər və tərəzi zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanaraq möhürlənmişdir. Sonda keçirilmiş tədbirin nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs tutularkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona qarşı heç bir təsir, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid İ.S.Həsənovun ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2022-ci il tarixli, 6/3173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan 1 №-li zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,257 qr., 0,093 qr., 0,360 qr., ümumi təmiz çəkisi 0,710 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,714 qr., 0,927 qr., 4,381 qr., ümumi təmiz çəkisi 6,022 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,710 qr., tədqiqata sərf edildi - 0,090 qr., qalıq - 0,620 qr. Metamfetaminin ümumi təmiz çəkisi - 6,022 qr., tədqiqata sərf edildi - 0,090 qr., qalıq - 5,932 qr.) Məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2022-ci il tarixli 4781 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İşin 35-36-cı vərəqlərindəki şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 6 iyun 2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Sabunçu rayonu ünvan 1 ünvanından narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Azər Əhmədov tərəfindən axtarış keçirilərkən ona üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əyində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul qabını çıxartmış və içərisini açıb oradan 3 ədəd şəffaf sellofan bükümlərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddəni və 3 ədəd digər sellofan bükümlərində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddəni, pul qabının böyük cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol arxa cibindən «Samsung» markalı mobil telefonu da sübut əhəmiyyətli olduğundan aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 3 ədədində «patı» və digər 3 ədədində «kakos» adlanan narkotik maddələr olmasını, həmin narkotik maddələri «Baba» ləqəbli İran İslam Respublikası vətəndaşından 100 manat pul müqabilində öz istifadəsi və satmaq məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığını bildirmişdir. İşin 55-56-cı vərəqlərindəki şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan bir ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti otaqda PB-nin təhqiqatçısı Azər Əhmədov şübhəli şəxs qismində saxlanılaraq PB-nə gətirmiş Təqsirləndirilən şəxs üzərinə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid1 iştirakı ilə şəxsi axtarış və götürmə keçirilir. Axtarışda iştirak edən şəxslər özlərini təqdim edir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Daha sonra təhqiqatçı Azər Əhmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya, predmet və ya maddələr varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli pul qabınını çıxartmış və içərisini açıb oradan 3 ədəd şəffaf sellofan bükümlərində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddəni və 3 ədəd digər sellofan bükümlərində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddəni, pul qabının böyük cibindən isə elektron tərəzini çıxarıb təqdim edir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol arxa cibindən «Samsung» markalı mobil telefonu da sübut əhəmiyyətli olduğundan aşkar edilərək götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 3 ədədində «patı» və digər 3 ədədində «kakos» adlanan narkotik maddələr olmasını, həmin narkotik maddələri «Baba» ləqəbli İran İslam Respublikası vətəndaşından 100 manat pul müqabilində həm öz istifadəsi, həm də satmaq məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığını bildirir. Təhqiqatçı tərəfindən həmin bükümlər, 1 ədəd elektron tərəzi qablaşdırılır, üzəri möhürlənir və iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilir. İşin 86-92-ci vərəqlərindəki protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon «Samsung Galaxy A6» markalı sensorlu 357/5xx/xx/765922/1, 3575xx/xx/765922/9 İMEİ kodlu, qara rəngli mobil telefondur, üzərində ***-***-**-** saylı «Azercell» abonent nömrəsi vardır. Mobil telefon açıldıqda orada xx.xx.2022-ci il saat 21:19 radədə göndərilmiş «qaqa uje agrim basdiyib qadan alaram noldu axi. Bayaxdan gozduyurem bele eleme axi» məzmunlu WebSMS mesajı, Million elektron ödəmə sistemindən xx.xx.2022-ci il tarixdə saat 17:51 radədə 150 manat pulun 416973*******9969 kart nömrəsinə köçürülməsi barədə qəbzin fotoşəkili, «Baba» adlı +**********27 saylı «Whatsapp» ani mesajlaşma tətbiqindəki nömrədən xx.xx.2022-ci il tarixində saat 00:44-də göndərilmiş xəritə, şəkil, «yazi wamaxinkadan dordun quruquna duwende safiya restorani var sağda onu on metr kecen kimi sola yol donur duz gedir yawil yazili 16 mertebeden altnda kurs cxr/kursa çatan kimi sagiynan dyz binan qabagnan gedir dukani girecey iwigi yanir weklde o dükana catmamiw divarin divinde kloka bukulub» məzmunlu mesaj, elektron tərəzi üzərində ekranda 8,7 qram çəki olan ağ və qəhvəyi rəngli narkotik və psixotrop maddələrə bənzər sellofan bükümlərin fotoşəkili, ox işarəsi ilə işarələnmiş küçədən fotoşəkildən ibarət narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı materiallar aşkar edilmiş və baxış zamanı mobil telefonda aşkar edilmiş cinayət işi üzrə sübut əhəmiyyəti təşkil edən mesaj mətinləri, fotoşəkillər və sair yuxarıda sadalanan materiallar 6 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. İşin 114-120-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,710 qram olan heroin və təmiz çəkisi 6,022 qram olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalan 0,620 qram heroin və 5,932 qram metamfetamin, səthində heroin hissəciklərinin izi olan bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü PB-də şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 93-94-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 6 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,710 qram olan heroin və təmiz çəkisi 6,022 qram olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalan 0,620 qram heroin və 5,932 qram metamfetamin, səthində heroin hissəciklərinin izi olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü PBdə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,710 qram olan heroin və təmiz çəkisi 6,022 qram olan metamfetamindən ekspertiza tədqiqatından sonra qalan 0,620 qram heroin və 5,932 qram metamfetamin, səthində heroin hissəciklərinin izi olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü PB-də şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar