Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1853/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Qəhraman qızının iştirakları ilə, 25 avqust 1991-ci ildə Bərdə rayonu, Çələbilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 5,248 qram narkotik vasitə heroini və külli miqdarda tərkibində təsiredici maddəsinin miqdarı 2 qram təşkil edən 50 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 fevral 2024-cü il tarixdə, saat 19:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb həmin gün saat 21:10-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamadan bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,248 qram narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə külli miqdarda tərkibində təsiredici maddəsinin miqdarı 2 qram təşkil edən 50 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə heroin və metadon istifadə etmiş, hadisə günü 5 ədəd metadon və 1 qram heroin götürməyə getmişdir. 5 ədəd metadon və 1 qram heroin üçün əvvəlcədən internetdə tanış olduğu iranlının kartına 100 manat pul köçürmüşdür. İranlı ona Binəqədi ərazisində olan ünvan atmış, o, qeyd edilən maddələri həmin ünvandan götürmüş, maşına yaxınlaşanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və həmin idarəyə gətirilmişdir. Onun qarşısına sellofan qoyulmuş və onun olduğu deyilmiş, o da boynuna götürmüşdür. Amma sonradan çəkisinin çox olduğunu bilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs iranlı ilə 50 manata 1 qram heroin və 50 manata 5 ədəd metadon barədə razılaşdığını, sellofanı əlinə götürən zaman içinə baxa bilmədiyini və çəkisini bilmədiyini, iranlını tanımadığını, saxlanılan zaman ona təzyiq olunmadığını, qardaşının da onunla getdiyini, lakin bu barədə məlumatının olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 fevral 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və elə həmin gün axşam saatlarında, saat təqribən 19 radələrində, Binəqədi rayonu ərazisində şübhəli şəxs yanında 2 nəfər başqa şəxslə birlikdə, “Kia” markalı avtomobildə olarkən saxlanılmışdır. Polislər özlərini təqdim etmiş və həmin şəxslərə nəyə görə saxlanılmaları, həmçinin hüquq və vəzifələri barədə məlumat verildikdən sonra onları Baş İdarəyə dəvət etmişlər. İdarədə şübhəli şəxslərin üzərinə videoçəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl şübhəli şəxslərdən üzərilərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və yaxud predmet olub-olmaması soruşulmuş, bu zaman təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofan paketi təqdim etmişdir. Həmin sellofan paketin içərisindən 05 “list” metadon həbləri və 01 ədəd bükümdə narkotik maddə heroin aşkar olunmuşdur. Digər şəxslərin üzərindən isə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik vasitələri və psixotrop maddələri “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə, X8 vətəndaşından öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxslərin saxlanıldıqları “Kia” markalı avtomobilə də baxış keçirilmiş, lakin oradan qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar olunmamışdır. Aşkar olunan narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş, protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imza edilmiş, sonda aşkar olunmuş maddələr tərkibi və mənşəyi tədqiq olunması üçün ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsin öz əməlini səmimi etiraf etdiyini, əməliyyat tədbirində əməkdaşlar Hüseyn Xudaverdiyev və Murad Səbizadənin də iştirak etdiyini, daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olduğunu, istintaqın sonrakı gedişatı barədə məlumatının olmadığını, təqsirləndirilən şəxsin qardaşına və taksi sürücüsünə qarşı tərəflərindən hər hansı psixoloji təsir olmadığını, digər şübhəli şəxslərin də üzərinə baxış keçirildiyini, digər 02 nəfər şübhəli şəxsin sonradan buraxıldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs ona zəng etmiş və onun avtomobili ilə bir yerə getməli olduğunu ona bildirmişdir. O, Taryel və Osmanla birlikdə, şəhərin Ayna Sultanova dairəsi deyilən ərazisinə getmişdir. Onlar oraya yenicə çatmışlar ki, hər üçü polis tərəfindən saxlanılmışdır. Polislər onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə hər üçünün üzərinə baxış keçirilmişdir. O və Taryelin üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Osmanın üzərindən aşkar olunan əşya və predmetlərin nə olması, ona konkret olaraq məlum olmamışdır. Osman ilkin ifadəsində üzərindən aşkar olunan predmetin dərman həbləri olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Tahirov X3 ona həll etməli işi olduğunu dediyini və onun da Osmanla getdiyini, Osmanın işinin nədən ibarət olduğunu bilmədiyini, onun Osmanın kiminlə və nə üçün görüşməsi barədə məlumatının olmadığını, Osmanın üzərindən dərman həbləri aşkar olunduğunu, aşkar olunan dərmanların sayını bilmədiyini, Osman ifadəsində dərman həblərinin ona məxsus olduğunu dediyini, aşkar olunan dərman həblərinin təyinatının ona məlum olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid2 ifadəsində göstərdi ki, hadisə günü evdəkilər işdə olduğundan, onun da üzərində evin açarları olmadığından, binanın qarşısında oturan zaman qardaşı Təqsirləndirilən şəxs onun yanına gəlmiş və ondan burada nə etdiyini soruşmuş, o da vəziyyəti izah etmişdir. Qardaşı bu zaman bir yerə getmək istədiyini bildirmiş və ondan birlikdə getmələrini xahiş etmişdir. O, etiraz etməmiş və Osmanla getmişdir. Daha sonra da başlarına məlum hadisələr gəlmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 qardaşı Osmanın haraya getdiyini ona demədiyini, lakin 8-ci mikrorayon ərazisinə getdiklərini, maşında Səxavət, o və qardaşının olduğunu, Osmanın maşından endiyini və çox keçməmiş polis əməkdaşlarının avtomobilə doluşduqlarını, polislərin nəyə görə onları saxlamalarının ona məlum olmadığını, Osmandan aşkar olunan narkotik maddələrin miqdarının 5 qram olduğunu, narkotik maddələrin sellofan paketdə olduğunu, Osmanın ilkin ifadəsində 1 qram narkotik maddə sifariş etdiyini, lakin daha sonra əldə olunan narkotik maddənin 5 qram miqdarında olduğunu dediyini, bu haqda onun məlumatının olmadığını, qardaşına qarşı hər hansı işgəncə olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onun və Səxavətin üzərindən qanunla qadağan olunmuş predmet aşkar olunmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Osman adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, Osman adlı şəxs 25 avqust 1991-ci ildə Bərdə rayonu, Çələbilər kəndində anadan olmuş, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 5). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən 25 avqust 1991-ci ildə Bərdə rayonu, Çələbilər kəndində anadan olmuş, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 19:15-də ünvan 7 ünvanın yaxınlığında qardaşı Şahid2 və tanışı Şahid3 ilə birlikdə sonuncunun idarə etdiyi “KİA RİO” markalı **-FT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə, digərlərinin üstlərinə və avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü onlar birlikdə həmin avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 9). - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən həmin bükümün içərisində hər birində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd həb olan 5 ədəd üzərində “Methadone 40” yazısı yazılmış konvalyut və içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd şəffaf sellofan olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddə və 05 ədəd konvalyutda 50 ədəd narkotik vasitə metadona oxşar dərman həbi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələrin adını heroin və metadon kimi tanıdığını, həmin maddəni və dərman həblərini 28 fevral 2024-cü il tarixdə tanımadığı İran vətəndaşından “WhatsApp” ani mesajlaşma şəbəkəsi vasitəsilə danışaraq öz şəxsi istifadəsi üçün aldığını, əvəzində isə sonradan 100 manat pul ödəyəcəyini, narkotik vasitə istifadəçisi olduğunu, eləcə də həmin maddədən və həblərdən heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir (cild 1, iş vərəqi 27-29). - baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Şahid3 məxsus “KİA RİO” markalı **-FT-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 32-33). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1215 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılar və imzalar olan zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,248 qram tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “Methadone 40” yazıları olan beş konvolyutda hər konvalyutda 10 həb olmaqla ümumilikdə 50 (əlli) ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metadondur, 50 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 48-53). - DVD disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DVD-R diskdəki şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı videoçəklişə baxış keçirilərkən müəyyən edilmişdir ki, təhqiqatçı Cavanşir Mansirov tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Hüseyn Xudaverdiyev, Murad Sədizadə, İlkin Babayev, müdafiəçi İqbal Həsənov, Şahid2 və Şahid3 oğu iştirak edir və şəxsi axtarış zamanı videoçəklişi əməliyyat müvəkkili İlkin Babayev həyata keçirir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs öz növbəsində əynindəki şalvarın sağ cibindən bir ədəd mobil telefon aparatını, 1 manat pulu və əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim edir. Təqdim edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlama təhqiqatçı tərəfindən açıldıqda həmin bağlamanın içərisində hər birində 10 ədəd olmaqla 5 listdə ümumilikdə 50 ədəd metadon həbi və bir ədəd sellofan bükümdə tünd qəhvəyi rəngli maddə aşkar edilir. Bundan sonra aşkar edilmiş həblər və bir büküm maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır. Daha sonra Şahid2 və Şahid3 üzərinə baxış keçirilir, lakin qanunsuz hər hansı bir əşya və predmet aşkar olunmur. Axtarış zamanı verilən şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metadonu İran İslam Respublikası vətəndaşından “WhatsApp”la danışıb öz şəxsi istifadəsi üçün aldığını, əvəzində isə ona 100 manat pul ödədiyini, bundan qardaşı Şahid2 və taksi sürücüsü Şahid3 məlumatının olmadığını bildirir (cild 1, iş vərəqi 67). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 68- 69). - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalan 5,148 qram heroin və 45 ədəd metadon həbi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 93-94, 95). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A7g” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatı android proqram təminatlıdır, foto və videoçəklişlər üçün nəzərdə tutulmuş kamerası vardır, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatının “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edildi ki, mobil telefon aparatında adı “Mosbet Kazino” kimi qeyd edilmiş +98 905 *** **** İran İslam Respublikasına məxsus nömrənin istifadəçisi “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs “8 mkr gəlsin” məzmunlu mesaj göndərmişdir. Digər məzmunlu yazımalar silinmişdir. “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs mobil telefon aparatında adı “Sexi” kimi qeyd edilmiş Şahid3 istifadəsində olan ***-***-**-** nömrənin “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə xx.xx.2024-cü il saat 17:22-də, 17:53-də, 18:06-da və 18:15-də zənglər etmişdir. Mobil telefon aparatının “Galareya” bölməsindəki fotoşəkillərə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumatlar və ya fotoşəkillər aşkar edilməmişdir (cild 1, iş vərəqi 96). - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 120-123). - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 119/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 124-126). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2596 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimilyatorların qəbulu nəticəsində yaranan asılııq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). - ibtidai istintaq orqanının əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İran vətəndaşından əldə edərək satışını həyata keçirməsi müəyyən edilmiş, lakin onun narkotik vasitələri kimə satması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, eləcə də digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 129). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A7g” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 130-141). - cinayət işindən material ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və satma faktlarının araşdırılması məqsədilə ayrıca material ayrılmışdır (cild 1, iş vərəqi 143-144). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (cild 1, iş vərəqi 146-147). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri xeyli miqdar, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri xeyli miqdar, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə narkotik vasitə heroini və narkotik vasitə tərkibli metadon həblərini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 5,248 qram təmiz çəkidə narkotik vasitə heroini və tərkibində təsiredici maddəsinin miqdarı 2 qram təşkil edən 50 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını sellofan bağlamada üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini və narkotik vasitə tərkibli metadon həblərini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamasının yoxlanılması, müsbət halda əvvəllər kimə, harada və hansı şəraitdə narkotik vasitələr və psixotrop maddələr satması hallarının müəyyən olunması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İran vətəndaşından əldə edərək satışını həyata keçirməsi müəyyən edilmiş, lakin onun narkotik vasitələri kimə satması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, eləcə də digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavab formal xarakter daşıyır, hətta bu cavabdan da təqsirləndirilən şəxsin hansısa konkret şəxsə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilmir. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşı – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun rəhbərinin, habelə iş üzrə dindirilmiş digər şahidlərin ifadələrindən də təqsirləndirilən şəxsin kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə konkret fakt haqqında hər hansı məlumat müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 5,248 qram təmiz çəkidə narkotik vasitə heroinin və tərkibində təsiredici maddəsinin miqdarı 2 qram təşkil edən 50 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarınının aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda narkotik vasitə heroinin və narkotik tərkibli metadon həblərinin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 28 fevral 2024-cü il tarixdə onun üzərindən külli miqdarda 5,248 qram təmiz çəkidə narkotik vasitə heroinin və tərkibində təsiredici maddəsinin miqdarı 2 qram təşkil edən 50 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarınının aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin vasitələri o, öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin gəldiyi həmin nəticə həmçinin onunla təsdiq olunur ki, cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimilyatorların qəbulu nəticəsində yaranan asılııq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa Təqsirləndirilən şəxs istintaqın lap əvvəlindən, yəni saxlandığı andan ibtidai istintaqın sonuna kimi bütün ifadələrində ondan aşkar edilmiş narkotikləri məhz şəxsi istifadə etmə məqsədilə əldə etdiyini bildirmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və narkotik tərkibli metadon həblərini məhz şəxsi istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini və narkotik tərkibli metadon həblərini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin və narkotik tərkibli metadon həblərinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və narkotik tərkibli metadon həblərinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitə heroinin və narkotik tərkibli metadon həblərinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə heroini və narkotik tərkibli metadon həblərini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə heroini və narkotik tərkibli metadon həblərini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onun hadisə günü iranlı kimi tanıdığı şəxsə 5 ədəd metadon və 1 qram heroin sifariş verib məhz həmin miqdarda olan maddələri götürməyə getməsi, lakin ona polis əməkdaşlarının daha çox narkotik vasitə verərək boynuna götürməsini demələri və bundan sonra sifariş verdiyindən daha çox narkotikləri boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, Baş İdarədə üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkçənin cibindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroini və hər birində 10 ədəd olmaqla ümumilikdə 50 ədəd həb olan 5 ədəd üzərində “Methadone 40” yazısı yazılmış konvalyutları çıxardıb təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Aşkar edilmiş vasitələr müvafiq qaydada qablaşdırılmış və ekspertiza rəyi ilə həmin maddələrin təmiz çəkisi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmiş, ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən hər hansı təzyiq edilmədiyini bildirmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 04 (dörd) ay 07 (yeddi) gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 117-118). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan şərti olaraq azad edildiyi gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 29 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 87-91). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 28 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma kamerasında saxlanılan, tədqiqatdan sonra qalıq qalan 5,148 qram narkotik vasitə heroin və 45 ədəd metadon həbi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A7g” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanma kamerasında saxlanılan, tədqiqatdan sonra qalıq qalan 5,148 qram çəkidə narkotik vasitə heroin və 45 ədəd metadon həbi məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A7g” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1853/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1853/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver