Məhkəmə qərarları › İş №1(101)-1854/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1854/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1854/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi: «Verdiktum»Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1979-cu il tarixdə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsindəki Yeni yaşayış sahəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsindəki Yeni yaşayış massivində yerləşən evinin mətbəxində əri Zərərçəkmiş şəxs evə sərxoş vəziyyətdə gəldiyinə görə sonuncuya iradını birdirməsi səbəbindən aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin döş qəfəsi nahiyəsindən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının ön səthində bir ədəd daxilə nüfuz edərək sol ağ ciyərin zədələnməsi və hemotoroksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, yetirilən andan insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla 25 il olar ki, ailə həyatı qurmuş, birgə nigahdan iki oğlu olmuşdur. Böyük oğlu Afəddinin 23 yaşı, kiçik oğlu Firatın isə 17 yaşı vardır. O, hal-hazırda da əri Mahir və övladları ilə birlikdə Cəlilabad rayonu, Alar kəndində yaşayırlar. O və əri Mahir bu kənddə dünyaya gəlib böyümüş, bu kənddə ailə qurmuşlar. O, ərini qəsdən vurmamışdır, ehtiyatsızlıqdan əlində olan bıçaq ərinin sinəsinə dəymişdir. Belə ki, ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb ərinin aldığı mənzildə yaşayırdılar. Əri Zərərçəkmiş şəxs isə “Sədərək” ticarət mərkəzində fəhlə işləyirdi. Ümumilikdə əri ilə münasibətləri yaxşı olmuş, aralarında ciddi bir narazılıqları olmamışdır. Lakin ara bir Mahir evə sərxoş vəziyyətdə gələndə, o, ərinə öz narazılığını bildirmiş, aralarında sözlə mübahisələri olurdu. Mübahisələri zamanı heç vaxt əri ona əl qaldırmamış, lakin son vaxtlar sərxoş gəldiyi üçün o, narazılığını bildirəndə Mahir ona əl qaldırıb döyməyə də başlamışdır. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir ki, ailələrində bununla bağlı söz-söhbət olmasın. Əri Mahirin döyməsi ilə bağlı onun ərindən heç vaxtı şikayəti olmamış və hazırda da yoxdur. 22 iyul 2021-ci il tarixdə əri Zərərçəkmiş şəxs axşam, təxminən saat 22:00 radələrində işdən evə sərxoş halda qayıtmışdır. Həmin vaxtı o, evdə tək olmuşdur. Belə ki, yay ayları olduğu üçün övladları Afəddinlə Firat babasıgildə Alar kəndində olmuşlar. Mahirə sərxoş olması ilə əlaqədar öz narazılığını bildirib mətbəxə keçmişdir ki, aralarında mübahisə yaranmasın. Mətbəxdə nahar hazırladığı vaxtı Mahir də mətbəxə keçib onun yanında dayanmışdır. O, həmin vaxt kartof soyurdu və qəfil Mahirə tərəf çevrilərkən sağ əlində tutduğu mətbəx bıçağı ehtiyyatsızlıqdan Mahirin sinəsinə dəymişdir. Mobil telefonu nasaz vəziyyətdə olduğuna görə Mahirdən təcili tibbi yardıma zəng edib həkim çağırmasını xahiş etmişdir. Lakin 103 uzun müddət məşğul olduğu üçün cavab vermədiylərinə gərə Mahir məcburiyyət qarşısında qalıb DİN-nin 102 xidmətinə zəng edib polislərdən xahiş etmişdir ki, gələndə özləri ilə həkimləri də gətirsinlər. Mahirin zəngindən sonra əvvəlcə onların evlərinə polis əməkdaşları, sonra isə onların çağırışı ilə təcili tibbi yardım həkimləri gəlmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hər ikisi Cəlilabad rayonu Alar kənd sakinləridir, orada da 1996-cı ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Rayonda iş tapa bilmədiyi üçün onlar 2001-ci ildə Bakı şəhərinə köçmüş və 2007-ci ilə kimi Bakı şəhərində müxtəlif ünvanlarda kirayə götürdükləri evlərdə yaşamışlar. 2007-ci ildə isə onlar hazırda yaşadıqları Binəqədi rayonunun Hökməli qəsəbəsindəki Yeni yaşayış massivində yerləşən fərdi ev alıb bu günə kimi də həmin evdə yaşayırlar. Birgə nikahdan onların iki övladları vardır. Böyük oğlu Afəddinin 23 yaşı, kiçik oğlu Firatın isə 17 yaşı vardır. Arvadı Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuş, aralarında ciddi bir narazılıqları olmamışdır. Lakin hərdən o, işdən evə gec qayıdanda, Sevinc buna öz narazılığını bildırır və əsasən bununla bağlı aralarında sözlə mübahisələri olurdu. Çox təsadüfi hallarda, çox əsəbi olduğu vaxtı arvadını bir-iki dəfə əli ilə vurmuşdur ki, o, sakitləşsin. 22 iyul 2021-ci il tarixdə o, axşam, təxminən saat 22:00 radələrində işdən evə qayıtmışdır. İşdə iş yoldaşları ilə bir-iki bakal pivə içmiş, lakin sərxoş deyildi. Arvadı Təqsirləndirilən şəxs evdə tək idi. Yay ayı olduğu üçün övladları Afəddinlə Firat babasıgildə Alar kəndində olmuşlar. O, evə daxil olan kimi, Sevinc onun pivə içdiyini his edib buna öz narazılığını bildirməyə başlamış, narazı halda mətbəxə keçmişdir. O, da paltarını dəyişib mətbəxə keçmişdir. Mətbəxə keçib Sevinci özünə tərəf çevirmək istəyərkən Sevinc qəfil ona tərəf çevriləndə sağ əlində tutduğu mətbəx bıçağı onun sinəsinə dəymişdr. Hadisə qəfil və bir anda baş verdiyi üçün onlar hər ikisi özlərini itimişlər. O, Sevincə təcili yardıma zəng edib həkim çağırmasını demiş, lakin Sevincin mobil telefonu nasaz vəziyyətdə olduğuna görə o, öz mobil telefonu ilə təcili tibbi yardımın 103 nömrəsinə zəng edib həkimləri çağırmağa çalışmış, lakin 103 uzun müddət məşğul olduğu üçün cavab vermədiklərinə gərə o, məcburiyyət qarşısında qalıb DİN-nin 102 xidmətinə zəng edərək polisə məlumat vermiş və onlardan xahiş etmişdir ki, gələndə özləri ilə həkimləri də gətirsinlər. Onun zəngindən sonra əvvəlcə onlara polis əməkdaşları gəlmiş, polislər gələndən sonra təcili tibbi yardıma zəng edib həkimləri çağırmışlar. Həkimlər gələn kimi onu təcili tibbi yardım avtomobili ilə Sabunçu xəstəxanasına aparmışlar. O, hal-hazırda özünü yaxşı hiss edir, ailəsi ilə yenə birlikdə yaşayır, Sevinclə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və bununla bağlı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası, Zərərçəkmiş şəxs isə atasıdır. Hadisə barədə onun və qardaşı Firatın məlumatları olmamışdır. Belə ki, 22 iyul 2021-ci il tarixdə onlar babalarının yanında Cəlilabad rayonunun Alar kəndində olmuşlar. Atası ilə anası isə Bakı şəhərində idilər. Anası ona zəng edərək təsadüfən atasını evə sərxoş gəldiyi üçün bıçaqla vurduğunu və atasının halhazırda xəstəxanada olmasını demişdir. Bundan sonra o və digər qohumları Bakı şəhərinə getmişlər. Atası hal-hazırda sağalmış, anası ilə barışmış və ailə oaraq hamısı bir yerdə Alar kəndində olan evlərində yaşayırlar. Məhkəmədən xahiş edir ki, anasını bağışlasın. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin rəisinə ünvanlanan 23.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 23.07.2021-ci il tarixdə, saat 00:55-də Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Sabunçu xəstəxanasına müraciət etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilmsi haqqında” 22.07.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu qəsəbəsində yerləşən fərdi tikili həyət evidir. Evin qabaq hissəsi boş ərazidir olmaqla, evin giriş hissəsi metalik rəngli dəmir qapıdır. Həyətə daxil olduqda sol hissədə sanitar qovşağı yeləşir. İrəli hərəkət etdikdə sol hissədə 1 mərtəbəli ev müşahidə olunur. Baxış zamnı Təqsirləndirilən şəxs bildirdi ki, həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı evin həyətində döş qəfəsindən bıçaqla vurmuşdur. Bıçaq evdən stolun üzərindən götürdüyü mətbəx bıçağı olmuşdur. Bir ədəd dəstəyi qırmızı, mavi və ağ rəngli plastmas materialdan olan tiyəsi qatlanmayan bıçaq hadisə yerindən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 23 iyul 2021-ci il tarixli aktdan müəyyən olunur ki, 3 saylı Şəhər Kliniki Xəstəxanasından Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli mayka və bir ədəd ağ nöqtələri olan qara rəngli qısa qol köynək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 23.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” 25 iyul 2021-ci il tarixli 4(001)-752/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 20 avqust 2021-ci il tarixli, 1260 saylı rəyindən müəyyən olunur ki, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək sol ağ ciyərin zədələnməsi ilə və hemotoroksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün 3 saylı Şəhər Kliniki Xəstəxanaya müraciət etdiyi 23 iyul 2021-ci il saat 00:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunun şəraitdə, yəni 22 iyul 2021ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən bir dəfə endirilmiş zərbədən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 31 avqust 2021-cü il tarixli, 581/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs pasportunun kserosurətinə əsasən qan qrupu – AB/İV/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosutərinə əsasən onun qan qrupu – 0/İ/. Ekspertizaya təqdim olunmuş 01 ədə bıçaq, Zərərçəkmiş şəxs məxsus ağ mayka və köynək üzərində insan qanı aşkar olundu. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizasının 25 avqust 2021-ci il tarixli, 403-MTKS/2021 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs Kamil oğluna məxsus paltarların (qolsuz mayka və qısaqol köynək) ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgüclü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 sentyabr 2021-ci il tarixli, 2136 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman hər hansı psixi xəstəlik əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs ona ittiham olunun əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tədbiq edilməsinə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM – nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış “nigahın bağlanılması haqqında” şəhadətnamənin surətindən müəyən olunur ki, Zərərçəkmiş şəxs ilə X4 arasında 20.04.1999-cu il tarixdə nigah bağlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 6910 saylı, 17.08.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxs zərrçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində yetkinlik yaşına çatmayan- 2004-cü il təvəllüdlü uşağı var. Məhkəmə baxış zamanı Zərərçəkmiş şəxs 29.11.2021-ci il tarixli ərizəni məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, bir ailə olaraq yaşadıqlarını, hadisənin qəsdən deyil,təsadüf nəticəsində baş verdiyini, tam sağlam olduğunu, iki övladları olmaqla 1998-ci il təvəldlüdlü oğlunun nevroz xəstəliyindən əziyyət çəkdiyini, digər oğulnun isə yetkinlik yaşına çatmadığını, onların himayəsində yaşadığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığı biddirmihdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qıızının Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qıızının cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməsi ilə bağlı müddəa Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edərkən tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, bir ədəd ağ mayka və bir ədəd qısaqol köynək məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Verdiktum»Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 120 AZN (yüz yüz iyirmi manat) pul «Verdiktum»Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlıığı” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq, bir ədəd ağ mayka və bir ədəd qısaqol köynək məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi qızı üçün 120 AZN (yüz iyirmi manat) pul «Verdiktum» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar