Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1855/2021 29.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini alaraq əldə edib, üzərində saxlayıb, daşımış və 08 avqust 2021-ci il tarixdə saat gecə saat 05 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli aparmasına görə Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli folqasına bükülmüş külli miqdarda narkotik vasitə - təmiz çəkisi 3,959 qram olan kustar üsulla hazırlanmış heroin və 03 ədəd şəffaf sellofana bükülmüş xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,330 qram, 0,914 qram və 0,167 qram psixotrop maddə - ümumi təmiz çəkisi 1,411 qram olan kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, təxminən 7 il əvvəldən başlayaraq narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. İlk vaxtlarda buna əyləncə kimi yanaşsa da, sonradan heroinə görə bədənində ağrılar başlamış, ona görə də narkotik vasitə aludəçisinə çevrilmişdir. Heroini pulla Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən almışdır. Sonradan “şüşə” deyilən metamfetamindən də istifadə etməyə başlamışdır. Narkotik satıcıları heroini öz adı ilə deyil, bir qayda olaraq “kakos” adlandırmışlar. Heroini əsasən inyeksiya yolu ilə qəbul etmişdir. 2012-ci il tarixdə narkotik vasitə istifadə etdiyinə görə tutulmuş və ona həbs cəzası verilmişdir. Azadlığa çıxdıqdan sonrada yenə də narkotik vasitədən istifadə etməyə başlamışdır. Avqustun 7-də axşam vaxtı narkotik vasitə almaq üçün NZS qəsəbəsinə gəlmiş və narkotik vasitə satan kimi üzdən tanıdığı Əli adlı şəxslə görüşmüş, 40 manat ödəməklə Əlidən bir bükümdə heroin, üç bükümdə metamfetamin - cəmi dörd büküm almışdır. Bükümləri açıb yoxlamağa ehtiyac olmamış və onları özündəki eynək qabının içərisinə yerləşdirmiş, eynək qabını da şalvarının cibinə qoymuşdur. 08 avqust 2021-ci il tarixə keçən gecə bir doza qəbul etmiş, bir qədər uzandıqdan sonra qalxıb çölə çıxmışdır. Metamfetamin və heroin də üstündə olmuşdur. O, evdən çıxanda ailə üzvlərinin bundan xəbəri olmamış, uşaqları və həyat yoldaşı yatmışlar. Gecə saat 05 radələrində ünvan 4 ünvanın qarşısına küçəyə çıxandan az sonra iki nəfər polis geyimində olan şəxslər ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin əməkdaşları olduqlarını demiş, ona şəxsiyyət vəsiqəsini göstərməsini təklif etmişlər. Onun da üstündə hər hansı sənəd olmamışdır. Adını və soyadını bildirmiş, üzərində narkotik vasitə olduğundan, həm də narkotik vasitənin təsiri altında olduğundan bir qədər də həyəcanlanmışdır. Polis əməkdaşları ondan şübhələnmiş və onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üçün vəkil çağırılmış, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində qanunsuz nəsə varsa könüllü verməsi təklif olunmuşdur. O da şalvarının cibindən eynək qabının içərisində olan bir ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş heroini, üç ədəd sellofana bükülmüş metamfetamini çıxarıb təqdim etmiş və həmin bükümlərdə “kakos” kimi adlandırılan heroin, digər üç ədəd bükümdə isə “şüşə” kimi deyilən metamfetamin olduğunu bildirmişdir. O, narkotik maddələri avqustun 7-də gecə vaxtı NZS qəsəbəsində Əli adlı şəxsdən öz istifadəsi üçün 40 manata aldığını demişdir. Üzərindən aşkar edilmiş maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol o və orada iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. O, heroini və metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir, heç vaxt kiməsə narkotik maddə satmamış və verməmişdir. Heroini və metamfetamini aldığı, adını Əli kimi bildiyi şəxs haqqında əlavə heç bir məlumatı yoxdur. Əməlindən səmimi peşmandır. Məhkəmədən istifadəçi kimi təqsirli bilinməsini, həm də ona cəza verilərkən himayəsində biri azyaşlı olmaqla iki övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 göstərdi ki, 08 avqust 2021-ci il tarixdə gecə saatlarında Xətai rayonu ərazisində iş yoldaşı Şahid1 ilə xidmət aparmışdır. Həmin gün gecə saat 05 radələrində ünvan 4 binanın qarşısından keçərkən bir nəfər şəxsi görmüş, kiçik müşahidədən sonra peşə vərdişləri və təcrübələrinə əsasən gecənin həmin saatlarında küçədə olan həmin şəxsin şübhəli və narahat vəziyyətdə olduğunu hiss etmişlər. Ona görə də müşahidədən sonra bu şəxsə yaxınlaşmış və xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş, həmin şəxsdən də şəxsiyyəti ilə bağlı sənəd təqdim etməsini xahiş etmişlər. Bu şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində hər hansı sənədinin olmadığını demişdir. Onlar Təqsirləndirilən şəxs davranışının şübhəli olduğunu dedikdə bu şəxs daha da həyəcanlanmış və onlara hər hansı cavab verməmişdir. Hərəkət və duruşuna görə Aydının narkotik vasitənin təsiri altında olmasından da şübhələnmişlər. Ona görə də şəxsiyyəti ilə bağlı hər hansı sənədi olmayan Aydını Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlar birlikdə Polis Şöbəsinə getmişlər. Polis şöbəsində Aydın adlı şəxsin şəxsiyyəti bir daha sorğu əsasında mümkün qədər dəqiqləşdirilmiş və onlar bu barədə raport yazıb şöbə rəsinə məruzə etmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra Polis Şöbəsinə vəkil dəvət edilmiş, sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs şalvarının sağ cibindən qara rəngli eynək qabının içərisindən siqaretin gümüşü rəngli folqasına bükülmüş bir ədəd içərisində qəhvəyi rəngli maddə və şəffaf sellefona bükülmüş üç ədəd ağ rəngli kütlə, sol cibindən isə dörd ədəd 5 manat, ümumilikdə 20 manat pul və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması barədə sual verilmiş, o da bir ədəd bükümdə olan maddənin “kakos” kimi adlandırılan heroin, üç ədəd bükümdə olan maddənin isə "şüşə"' kimi adlandırılan metamfetamin olduğunu bildirmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkilmiş, qramlarla olan və hazırda yadında qalmayan həmin çəkilər qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri 08 avqust 2021-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsində haqqında heç bir məlumata sahib olmadığı Əli adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və həmin prosessual hərəkətin keçirilməsində iştirak edən şəxslər, o cümlədən vəkil və Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd bildirilmədən imza edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün digər əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 131-133) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 avqust 2021-ci il tarixli və həmin istintaq hərəkətinin keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi haqqında 09 avqust 2021-ci il tarixli protokollardan görünür ki, 08 avqust 2021-ci il tarixdə saat 05 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə hərəkəti zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq şalvarının sağ yan cibindən qara rəngli eynək qabının içərisindən siqaretin gümüşü rəngli folqasına bükülmüş bir ədəd içərisində qəhvəyi rəngli maddə və şəffaf sellofana bükülmüş 03 ədəd ağ rəngli kütlə, sol cibindən isə 4 ədəd 5 manat, ümumilikdə 20 manat pul və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, bir ədəd bükümdə olan maddənin “kakos” kimi tanıdığı heroin, üç ədəd bükümdə olan maddənin isə “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Həmin maddələr elektron tərəzi ilə çəkilmiş, siqaretin gümüşü falqasında olan maddənin çəkisi 5,46 qram, şəffaf sellofana bükülmüş üç ədəd bükümdə olan maddənin çəkisi 0,30, 1,00, 0,37 qram olmaqla, ümumilikdə 1,67 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri 08 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində haqqında heç bir məlumata sahib olmadığı “Əli” adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 28-29, 86) Məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli 6/3365 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,959 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,330 qram, 0,914 qram, 0,167 qram ümumi təmiz çəkisi 1,411 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,909 qram, metamfetaminin qalıq çəkisi 1,261 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-47). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 sentyabr 2021-ci il tarixli 3232 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 146-147). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 21 avqust 2021-ci il tarixli 7097 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 111). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş 24 avqust 2021-ci il tarixli 19/51-9238 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu” diaqnozu ilə 31.01.2012-18.02.2012 və 18.03.2017-07.04.2017-ci il tarixlərdə mərkəzdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 120). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 avqust 2006-cı il və 12 mart 2008-ci il təvəvllüdlü iki uşağı vardır (cild 1, iş vərəqə 189-190). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 18 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 166-167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 29 may 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisin 07 may 2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 123-125, 140-141). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə əldə etməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, habelə himayəsində yetkinlik yaşına çatmayan digər övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 76-78). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,909 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 1,261 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43,200). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,909 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 1,261 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1855/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1855/2021
29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver