Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1858/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 182.2.4 və 271.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş, şəxsi həyat sirri məlumatlarını əks etdirən video materialı qanunsuz toplayıb yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuş, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu hesab edilən mobil telefona daxil olmaq hüququ olmadan zərərçəkmişin şəxsi məlumatlarını ələ keçirmək niyyəti ilə xüsusi proqram təminatından istifadə etməklə qəsdən daxil olmuşdur. Belə ki, o, xeyli miqdarda əmlak əldə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Gülüstan sarayının qonaqlara xidmət üzrə baş mütəxəssisi vəzifəsində xidmət edən keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu hesab edilən «Xiaomi» markalı mobil telefonun yaddaşına şəxsi məlumatları ələ keçirmək niyyəti ilə uzaq məsafədən sahibinin xəbəri olmadan mobil telefonun kamerasını aktiv etməklə onu gizli şəkildə izləməyə imkan verən «Trackview» adlı proqram təminatı yükləməklə kompüter sisteminə buna hüququ olmadığı halda qəsdən qanunsuz daxil olmuş, 26 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvanda sanitar qovşağında mobil telefon vasitəsilə erotik film izləməklə cinsi ehtirasını qeyri-təbii yolla təmin edən zaman o, «Trackview» adlı proqram təminatının texniki imkanlarından istifadə edərək «Xiaomi» markalı mobil telefonun ön kamerasını işlək vəziyyətə gətirməklə zərərçəkmiş şəxsin 03 dəqiqə 13 saniyəlik videogörüntüsünü səslə birlikdə qanunsuz qeydə almaqla şəxsi həyat sirri məlumatlarını əks etdirən video materialı qanunsuz toplamış, bundan sonra həmin tarixdə yaşadığı ünvan 3 ünvanında internet şəbəkəsinə qoşulmaqla “Whatsapp” ani mesajlaşma sistemində abonentin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən xarici mobil telefon operatoruna məxsus +46-76-692-34-38 saylı virtual nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs həmin videogörüntünü göndərib barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyərək pul tələb etmiş, hədə-qorxunun ciddi qəbul edilmədiyini və pul tələbinin yerinə yetirilmədiyini gördükdə isə o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə zərərçəkmiş barəsində olan rüsvayedici videogörüntünü “Whatsapp” ani mesajlaşma sistemində Zərərçəkmiş şəxs tanışlarından Şahid2 və qeyrilərinə göndərib yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuş, vahid niyyətlə əhatə olunan qanunsuz əməllərini davam etdirərək yaşadığı ünvanda 27 iyun 2022-ci il tarixdə “Whatsapp” ani mesajlaşma sistemində ünsiyyət zamanı zərərçəkmişin çalışdığı İdarənin rəhbərliyinə də rüsvayedici məlumatı göndərəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda, həmin dövrün məzənnəsi ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları məbləğində pulu hədə-qorxu yolu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi 10 ildir ki, tanıyır. Belə ki, o, 2012-ci ildən «Buta Palace» restoranında baş ofisiant işləmişdir. Həmin restoranda çalışanda Zərərçəkmiş şəxsla tanış olmuşdur. Anarla aralarında normal münasibətlər olmuşdur. Anarla işdən kənar vaxtlarda da görüşüb danışırmış. 2021-ci ilin iyul ayında Prezidentin işlər idarəsinin nəzdində olan «Gülüstan» sarayında işə qəbul olunmuşdur. «Gülüstan»da qonaqlara qulluq üzrə baş mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. Onunla birlikdə Anar da «Gülüstan»da işə götürülmüşdür. 2022-ci ilin may ayının əvvəllərində Prezidentin işlər idarəsinin nəzdində olan «Gülüstan» sarayında tədbir vaxtı spirtli içki qəbul etdiyinə görə işdən xaric olunmuşdur. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ona özünə aid «Xiaomi 11» markalı mobil telefonu vermiş və xahiş etmişdir ki, mobil telefonun yaddaşına kino izləmək üçün və sosial şəbəkələrə aid proqramlar yazsın. Həm də xahiş etmişdir ki, Anarın mobil telefonuna 10 yaşlı qızının mobil telefonuna nəzarət etmək üçün xüsusi proqramlardan da yazsın. O, Anara bildirmişdir ki, uşağın telefonuna nəzarət etmək üçün gərək eyni proqram uşağın da telefonuna yüklənsin. Anar bildirmişdir ki, uşağın telefonunu sonrakı müddətdə ona təqdim edər. 2022-ci ilin aprel ayının sonlarında o Anarın telefonuna proqramlar yazıb qaytarmışdır. O, Anarın telefonuna bir neçə proqram yazmışdır. Yazdığı proqramların içində «track viewer» adlı proqram da olmuşdur, həmin proqramı Zərərçəkmiş şəxs məxsus «Xiomi 11» markalı mobil telefonda olan «gizlətmək» funksiyası vasitəsilə gizlətmişdir. Yəni həmin proqram telefonun yaddaşında olsa da, ekranda Zərərçəkmiş şəxs həmin proqramı görmürmüş. Zərərçəkmiş şəxs məxsus olan elektron poçt ünvanını o yaratmışdır. Buna görə də həmin poçt ünvanını və parolu əzbərdən bilirmiş. O, «track viewer» adlı proqramı öz telefonuna da yükləmişdir. Zərərçəkmiş şəxs və özünə məxsus mobil telefonda «track viewer» adlı proqramlarda Anara aid elektron poçt ünvanı ilə qeydiyyatdan keçmişdir. Anara aid elektron poçt ünvanını və parolu bildiyinə görə Anarın telefonundakı «track viewer» adlı proqramdan istifadə edə bilirmiş, «track viewer» adlı proqram telefon sahibini izləmək üçün nəzərdə tutulmuşdur. Həmin proqram vasitəsilə telefon sahibinin xəbəri olmadan onun telefonundakı ön və arxa kameraları aktiv etmək, səsləri eşitmək mümkündür. Təxminən 26-27 iyun 2022-ci il tarixlərində «track viewer» adlı proqram vasitəsilə Zərərçəkmiş şəxs mobil telefonuna daxil olmuşdur. Anarın telefonuna yaşadığı evdən «Uninet» internet provayderinin internet xidmətlərindən istifadə etməklə özünə məxsus mobil telefon vasitəsilə daxil olmuşdur. Daxil olan zaman Anara məxsus «Xiaomi 11» markalı mobil telefonun ön kamerasını və səsi aktiv etmişdir. Ön kameranı aktiv etdikdə Zərərçəkmiş şəxs hamamda oturmuş vəziyyətdə cinsi ehtirasını qeyri-təbii yolla təmin etdiyini görmüşdür. Səslərdən müşahidə olunurmuş ki, Zərərçəkmiş şəxs telefonunda porno film izləyir. O, bundan istifadə edib «track viewer» adlı proqramda olan «yaddaşa yazmaq» funksiyası vasitəsilə Zərərçəkmiş şəxs masturbasiya görüntüsünü özünə məxsus mobil telefonun yaddaşına yazmışdır. Həmin tarixdə həmin videonu «Whatsapp» proqramı vasitəsilə istifadəsində olan İsveç-ə məxsus +46-76-692-34-38 nömrəsindən Anara məxsus ***-***-**-** nömrəsinə göndərmişdir. İsveçə məxsus nömrəni «Wabi» proqramından əldə etmişdir. Həmin proqram vasitəsilə «Whatsapp» proqramında istifadə etmək üçün virtual nömrələr əldə etmək mümkündür. Belə ki, o, həmin proqramda ***-***-**-** nömrəsi və «rashad.amirovO@gmail.com» adlı elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmişdir. Anara virtual nömrə ilə yazmaqda məqsədi şəxsiyyəti barədə məlumatları gizli saxlamaq olmuşdur. Anara videonu göndərdikdən sonra Anardan 5.000 manat məbləğində pul tələb etmişdir. Anar pulu verməkdən yayındığına görə həmin videonu Nurlan, Elvin və Yarməmməd adlı Anarın dostlarına göndərmişdir. Nurlan, Elvin və Yarməmməd əvvəllər onlarla birlikdə «Buta» restoranında çalışdıqlarına görə onların telefon nömrələrini əvvəldən bilirmiş. Bundan sonra Nurlan «Whatsapp» proqramında söhbət qrupu açmış, onu da həmin qrupa daxil etmişdir. Həmin qrupda +46-76-692-34-38 nömrəsindən Anarla yazılı mesaj formasında danışmışdır. Danışıq zamanı Anardan 5.000 manat pul tələb etmiş, əks halda videonu Prezidentin İşlər idarəsində və «Gülüstan» sarayında rəhbər heyətdə çalışan Nova və Mikayıl adlı şəxslərə göndərəcəyini demişdir. Hədənin real olmasını nümayiş etdirmək üçün Nova və Mikayıl adlı rəhbər heyətin mobil telefon nömrələrini «Whatsapp» proqramında söhbət qrupuna göndərmişdir. Söhbət qrupunda yalandan yazmışdır ki, guya Anarın kontakt siyahısında olan nömrələrə də həmin videonu göndərəcək. Anar ondan bank kartı istəmişdir ki, pulu göndərsin. Lakin bank kartı nömrəsi ilə şəxsiyyəti müəyyən etmək mümkün olduğuna görə o bundan yayınmışdır. Zərərçəkmiş şəxs pul istəsə də, Anardan pul almamışdır. Bir müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırma ilə bağlı dəvət etmişlər. 02 avqust 2022-ci il tarixdə izahatı alınmış və sərbəst buraxılmışdır. 03 avqust 2022-ci il tarixdə günorta saatlarında yenidən Baş İdarəyə gəlmişdir. Bu dəfə ona vəkil təqdim etdikdən sonra hədə-qorxu ilə pul tələb etmə cinayətində şübhəli bilindiyinə görə tutmuşlar. O, bu hərəkəti zarafatla etmiş, bunun cinayət olduğunu bilməmiş, əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona Anar demişdir ki, 10 yaşlı qızının mobil telefonuna nəzarət etmək üçün xüsusi proqramlardan da yazsın, lakin, qızının telefon nömrəsi olmadığından onu yazmamışdır. O, Anara məxsus olan elektron poçt ünvanını və parolunu bildiyi üçün «track viewer» adlı proqramı öz telefonuna da yükləmişdir. Anara aid elektron poçt ünvanını və parolu bildiyinə görə onun telefonundakı «track viewer» proqramdan istifadə edə bilir və həmin porqramla Anarı izləyirmiş. Onun Anara qarşı niyyəti pis olmamışdır. Onun işdən çıxmağının bu işə heç bir aidiyyatı olmamışdır. O, Anardan 5000 ABŞ dolları istəməmişdir. İstintaq zamanı ona demişlər ki, 5000 ABŞ dolları yazsın, o da elə yazmışdır. O, Anara pul göndərməsini demiş, bunun cinayət olmasını bilməmiş, o bunu zarafat bilmişdir. O, Anardan nə 5000 ABŞ dolları, nə də 10.000 manat istəməmişdir. O, kompüter texnologiyaları haqqında biliklərə malikdir. «DNS» kompüter satışı həyata keçirən mağazalar şəbəkəsində də işləmişdir. O, müşahidə kamera sistemlərinin qurulmasını da həyata keçirə bilir. Telefon əməliyyat sistemləri üzrə özünün qurduğu sistemlər də var. Onun belə bir sistemlə zərərçəkmiş şəxsin telefonuna qoşulmağını zərərçəkmiş şəxs bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş və ifadənin və izahatın sonunda olan imzalar ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 41-42-ci vərəqələrində olan izahatında, 88-91 və 102-104-ü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Anara videonu göndərdikdən sonra ondan 5.000 ABŞ dolları məbləğində pul tələb etdim. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. Zərərçəkmiş şəxsdən 5000 ABŞ dolları istəməyi düz yazılmamış, O, Anardan 5000 ABŞ dolları tələb etməmiş, ona istintaqda demişlər ki, 5000 ABŞ dolları yazsın, o da yazmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildən «Buta Palace» restoranında baş ofisiant işləmişdir. 2021-ci ilin avqust ayının əvvəllərindən isə «Gülüstan» sarayında qonaqlara xidmət üzrə baş mütəxəssis vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin rəsmi işçisidir. Onun istifadəsində «Xiaomi 11» markalı mobil telefon və ***-***-**-** saylı telefon nömrəsi var. Təqsirləndirilən şəxs 7 ildir ki, tanıyır. Rəşad da «Buta Palace» restoranında ofisiant işləmişdir. Rəşadla aralarında normal münasibətlər olmuşdur. İşdən kənar vaxtlarda da görüşüb ünsiyyət saxlamışlar. Sonra Təqsirləndirilən şəxs və ona «Gülüstan» sarayında işləmək təklif olunmuşdur. Onlar Rəşadla birlikdə «Gülüstan» sarayında da işləmişlər. Təqsirləndirilən şəxs kompüter biliklərinin yaxşı olmasını bilmişdir. Buna görə də 2022-ci ilin aprel ayının sonlarında «Toshiba» markalı notbukunu təmir üçün Rəşada vermişdir. Həmin ərəfədə yeni aldığı «Xiaomi 11» markalı mobil telefonu da Rəşada vermişdir ki, həmin telefonun yaddaşına proqramlar yazsın, telefonun yaddaşına kino izləmək üçün və sosial şəbəkələrə aid proqramlar yazsın. Həm də xahiş etmişdir ki, onun mobil telefonuna 10 yaşlı qızının mobil telefonuna nəzarət etmək üçün xüsusi proqramlardan yazsın. O, eşitmişdir ki, müəyyən proqramlar var ki, telefona yazdıqdan sonra valideyn olaraq uşağın telefonuna nəzarət etmək mümkündür. Rəşad həmin tip proqramları mobil telefonuna yazmağa razı olmuşdur. Lakin, demişdir ki, uşağın telefonuna nəzarət etmək üçün gərək eyni proqram uşağın da telefonuna yüklənsin. O, Rəşada bildirmişdir ki, uşağın telefonunu sonrakı müddətdə ona təqdim edər. 2022-ci ilin aprel ayının sonlarında Rəşad telefonuna bir çox proqramlar yazıb qaytarmışdır. 26 iyun 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin hamamında istifadəsində olan mobil telefondan istifadə etməklə erotik film izləmişdir. Erotik film izləyərkən cinsi ehtirasını qeyri-təbii yolla təmin etmişdir. Bundan sonra gedib divanda uzanmışdır. 5 dəqiqə sonra «Whatsapp» proqramında istifadəsində olan telefonuna +46- 76-692-34-48 saylı nömrədən zəng gəlmişdir. O, həmin zəngə cavab versə də, danışıq olmamışdır. Sonra həmin nömrədən «qutarandan sonra yatırsan?» məzmununda yazılı mesaj gəlmişdir. O, mesajı başa düşməmişdir. Sonra həmin nömrədən ona hamamda cinsi ehtirasını təmin etməyi ilə bağlı çəkilmiş videonu göndərilmişdir. Videonu göndərdikdən sonra həmin videonu yaymaqla onu hədələmiş, əvəzində 10.000 ABŞ dolları tələb etmişdir. O, həmin şəxsə kimə istəyirsə yaymağını, ona veriləsi pulu olmadığını demişdir. Bundan sonra ona «Whatsapp» proqramında yazışma zamanı anasına məxsus mobil telefon nömrəsi göndərilmiş və həmin videonu anasına göndərməklə onu hədələmişdir. O, həmin nömrəni «Whatsapp» proqramında bloka, yəni qara siyahıya atmışdır ki, daha yaza bilməsin. 26 iyun 2022-ci il tarixdə axşam saatlarında dostu Nurlan ona təqsirləndirilən şəxsin onun hamamda qeydə aldığı həmin videonu göndərmiş və bildirmişdir ki, həmin videonu ona +46-76-692-34-48 saylı nömrə «Whatsapp» proqramında göndərmişdir. Nurlandan sonra ona Yarməhəmməd adlı dostu zəng etmiş və eyni qaydada həmin videonun ona da göndərildiyini bildirmişdir. Bundan sonra ona hədənin real olduğunu başa düşmüşdür. Nurlandan xahiş etmişdir ki, «Whatsapp» proqramında söhbət qrupu yaratsın və +46-76-692-34-48 saylı nömrəni, həmçinin onun nömrəsini də həmin qrupa daxil etsin. O, həmin «Whatsapp» proqramındakı qrupda +46-76-692-34-48 saylı abonentlə yazışmışdır. Yazışma zamanı həmin abonent videonu «Gülüstan» sarayının müdriyyəti olan əslən serb vətəndaşı Nova və Mikayıl müəllimə göndərəcəyi ilə onu hədələməyə başlamış və 5.000 manat pul tələb etmişdir. Onun isə həmin pulu ödəməyə maddi imkanı olmadığına görə bu barədə DİN-in «102 Xidməti»nə şikayət etmişdir. Bir müddət onu hədələyən şəxsi Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin əməkdaşları müəyyən edə bilməmişdir. Sonradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmaya dəvət edən zaman məlum olmuşdur ki, ona qarşı bu cinayəti törətmiş şəxs uzun müddətdir tanıdığı Təqsirləndirilən şəxsdur. İstintaq zamanı o dindirilərkən təqsirləndirilən şəxsin hərəkətinə görə o qədər əsəbiləşmişdir ki, ona görə də heç bilmirmiş nə yazır. Birinci dəfə Rəşad ondan 10.000 tələb etmiş, sonra 5000 tələb etmişdir. 10.000 tələb etməsi barədə telefonda yazıları öz telefonundan o silmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin 2 azyaşlı uşağı var, onu bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər «Buta Palace» restoranında ofisiant işləmişdir. Həmin restoranda çalışan zaman Zərərçəkmiş şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs da iş yoldaşı kimi tanımışdır. Aralarında normal münasibətlər olmuşdur. Sonradan Zərərçəkmiş şəxs işləmək üçün «Gülüstan sarayı»na getmişdir. Təxminən 2022-ci ilin iyun ayının sonlarında gecə saatlarında yaşadığı evdə olarkən tanımadığı xarici mobil telefon operatoruna məxsus nömrədən «Whatsapp» proqramında ona mesaj göndərilmişdir. Həmin mesaj videogörüntü şəklində imiş. Videogörüntüyə baxan zaman görmüşdür ki, videodakı şəxs Zərərçəkmiş şəxsdur. Həmin videodan görünürmüş ki, Zərərçəkmiş şəxs hamamda cinsi ehtirasını qeyri-təbii yolla təmin edir və səslərdən eşidilirmiş ki, porno film izləyir. Ona gecə vaxtı belə bir videogörüntü göndərib narahat etdiyinə görə videogörüntünü göndərən hazırda xatırlamadığı xarici mobil telefon operatoruna aid nömrəyə zəng etmişdir. Lakin həmin nömrə cavab verməmişdir. Sonra həmin nömrə ona bəyəndinmi deyə yazmışdır. O da həmin abonentə yazılı mesaj yazsa da cavab verməmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs zəng etmişdir. Anardan bu video nə vidiodur deyə soruşmuşdur. Anar da ona sonra danışarıq deyə cavab vermişdir. Gecə saatları olduğuna görə o Anarla çox danışmamışdır. Lakin, söhbətdən başa düşmüşdür ki, ondan əvvəl həmin videodan Anarın xəbəri olmuşdur. Sonra baş verənlərdən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs barəsində olan videonun başqa kimlərə göndərilməsini bilməmişdir. O, həmin videonu və «Whatsapp» proqramında xarici mobil telefon operatoruna aid nömrə ilə arasında olan söhbəti öz mobil telefonunun yaddaşından silmişdir. İstintaq zamanı bilmişdir ki, ona Zərərçəkmiş şəxs barəsində olan videonu göndərən şəxs, yəni xarici mobil telefon operatoruna aid nömrəni işlədən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndiriən şəxslə zərərçəkmiş şəxsin münasibətləri normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşı olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının sonlarında hazırda xatırlamadığı nömrədən «Whatsapp» proqramında Zərərçəkmiş şəxs sanitar qovşağında olan videosu göndərilmişdir. Həmin abonent ona bildirmişdir ki, Anara xəbər versin ki, həmin videonu «Nova» adlı restoran rəhbərliyinə və digər şəxslərə də göndərəcəkdir. O da Anara zəng edib ona göndərilən video barədə bildirmiş və videonu ona göndərən şəxsin həmin vidüonu «Nova» adlı restoran rəhbərliyinə və digər şəxslərə də göndərəcəyini dediyini bildirmişdir. Bundan sonra o «Whatsapp» proqramında «DadaW pradakWın» adlı söhbət qrupu yaratmış və bu yolla hər iki tərəfə öz aralarında həmin qrupda danışmaq üçün şərait yaratmışdır. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs sanitar qovşağında olan videosunu ona göndərən şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs ona demişdir ki, həmin videonu çəkən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 27 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci ildə yaşadığı evdə olarkən +46-76-692-34-48 saylı nömrədən «Whatsapp» vasitəsilə ona öz videosunu göndərərək, videosunu sosial şəbəkədə yayılmamasına və telefonunda olan nömrələrə göndərilməməsinə görə, onu şantaj və rüsvay edəcəyi hədəsi ilə 10.000 manat pul tələb edildiyini bildirmişdir. Cinayət işinin 11-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış «Whatsapp» proqramından olan çıxarışlardan görünür ki, «DadaW ProdakWın» adlı söhbət qrupunda +46-76-692-34-48 saylı nömrədən videonun başqa şəxslərə göndərilməməsi üçün 5000 pul tələb etdiyini, o belə eləməsə ona heç kimin pul verməyəcəyini, pul verməyəni rüsvay etdiyini bildirdiyi məzmununda mesajlar göndərildiyi məlum olmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında 02 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd «Xiaomi» markalı mobil telefona, 01 ədəd CD diskə və «Whatsapp» proqramından çıxarışlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, +46-76-692-34-48 saylı abonent tərəfindən «Whatsapp» proqramı vasitəsilə göndərilmiş cinsi ehtirasını qeyri-təbii yolla təmin etməsi ilə bağlı 03 dəqiqə 13 saniyəlik videogörüntü Zərərçəkmiş şəxs aid mobil telefonun yaddaşında mövcuddur, həmin görüntü 01 ədəd CD diskə köçürülmüş, «Whatsapp» proqramında «DadaW ProdakWın» adlı söhbət qrupunda +46-76-692-34-48 saylı abonent, barəsində olan rüsvayedici videogörüntünü yaymaqla Zərərçəkmiş şəxs hədələyərək 5.000 (beş min) məbləğində pul tələb etmiş, söhbət zamanı daha sonra pulun kriptovalyuta qismində köçürülməsini təklif etmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu ona məxsus «Samsung» markalı mobil telefona baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 44-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış könüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş qoşmadan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Samsung» markalı mobil telefona baxış zamanı o, «Wabi» adlı proqram təminatında istifadəsində olan «+**********66» saylı nömrə və «Elektron ünvan » adlı elektron poçt ünvanı ilə qeydiyyatdan keçmiş, dörd ABŞ dolları ödəməklə +46-76-692-34-48 saylı İsveç dövlətinə məxsus mobil telefon operatoruna aid virtual nömrəni əldə etmiş, həmin nömrədən «Whatsapp» proqramında zərərçəkmiş Zərərçəkmiş şəxs rüsvayedici videonu göndərib hədə-qorxru ilə pul tələb etmişdir. «Wabi» adlı proqram vasitəsilə «Whatsapp» proqramında istifadə etmək məqsədilə müəyyən ödəniş əsasında xarici mobil telefon operatorlarına aid virtual sim kart əldə etməyin mümkün olması müəyyən edilmişdir. Cinayət işinin 92-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, videosunun yayılmaması üçün Zərərçəkmiş şəxs 5.000 ABŞ dolları aldığını bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 177-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompyuter-texniki ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 5/1019 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və «Android12» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A50» markalı «SM-A505F/DS» modelli «**********57137, **********57135» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və «Android12» əməliyyat sistemi ilə təhciz olunmuş «Xiaomi 11 Lite 5G» markalı «2109119DG» modelli «**********83640, **********83657» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan «Samsung Galaxy A50» markalı «SM-A505F/DS» modelli mobil smartfonun yaddaşına «offline» rejimdə baxış zamanı «v2.9.2» versiyalı «Wabi» proqram təminatı aşkar olunmuşdur. Mobil smartfonun yaddaşında «Wabi» proqram təminatından istifadəyə dair statistikaya baxdıqda daxili yaddaşın və mobil datanın müvafiq proqram təminatı vasitəsilə istifadə olunduğuna dair qeydlər aşkar olunmuşdur. «Wabi» proqram təminatının təyinatı internet üzərində müxtəlif ölkələrə məxsus virtual nömrələrin (+**********3448 və s.) əldə olunmasıdır ki, proqram təminatı həmin nömrələr vasitəsilə «Whatsapp» və «Whatsapp business» proqram təminatlarının qeydiyyatı zamanı istifadə edilməsinə imkan verir. Mobil smartfon yaddaşında olan «rashad.amirovO@gmail.com» adlı elektron poçta gələn məktublara baxış keçirildikdə poçtada «Wabi» proqram təminatı vasitəsilə əldə olunmuş +**********3448 virtual nömrə vasitəsilə «Whatsapp» proqram təminatının qurulmasının təsdiq olunmasına dair müxtəlif məktublar aşkar olunmuşdur. Bu səbəblərə görə belə nəticəyə gəlinir ki, «Samsung Galaxy A50» markalı «SM- A505F/DS» modelli mobil smartfonun yaddaşında «Wabi» proqram təminatının qeydiyyatı zamanı istifadəçi tərəfindən «rashad.amirovO@gmail.com» adlı elektron poçt ünvanından istifadə olunmuşdur. Təqdim edilmiş «Xiaomi 11 Lite 5G» markalı «2109119DG» modelli mobil smartfonun yaddaşında tədqiqat zamanı «Trackview» proqram təminatı müəyyən olunmamışdır. Rəyin tədqiqi hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə «Trackview» proqram təminatı «Xiaomi 11 Lite 5G» markalı «2109119DG» modelli mobil smartfonun yaddaşına quraşdırılıb və daha sonra silinmişdir. Təqdim edilmiş «Samsung Galaxy A50» markalı «SM-A505F/DS» modelli mobil modelli mobil smartfonun yaddaşında tədqiqat zamanı «Trackview» proqram təminatı aşkar olunmamışdır. Rəyin «tədqiqi hissəsi»nin 4.2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan «Samsung Galaxy A50» markalı «SM-A505F/DS» modelli mobil smartfonun yaddaşında «TrackvieW» proqram təminatının pozulub-pozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işi aparılması mümkün olmamışdır. Rəyin «tədqiqi hissəsi»nin 6-cı bəndində göstərilən səbəblərə görə «Trackview» proqram təminatı ağıllı telefonlara, planşetlərə və kompyuterlərə ani xəbərdarlığın göndərilməsi, qeyd olunan cihazlar vasitəsilə uzaqdan video və audio qeydlərin aparılması, ön, arxa kameraların işə salınması və keçidlərinin uzaqdan idarə edilməsi, qeydə alınmış faylın oxunması və s. kimi texniki imkanları icra etmə funksionallığına malikdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs yalnız 5.000 manat pul istədiyini, ondan 5.000 ABŞ dolları istəmədiyini, zarafat məqsədilə bu hərəkəti etdiyini bildirmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadələrindən fərqli ifadə verməsini onun ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını, «Whatsapp» proqram təminatı vasitəsilə aparılmış sms yazışmalarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 182.2.4 və 271.1-ci maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs 02 noyabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 143-cü vərəqəsində şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı- xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. Cinayət işinin 144-cü vərəqəsində olan Sabunçu RİHB-nın Bakıxanov qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 150-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 30 avqust 2022-ci il tarixli, 7967 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə islah işləri növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 271.1-ci maddələri ilə isə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə koellgeiyası hesab edir ki, cəzanın çəkilməsinin təmin edilməsi məqsədilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təyin edilmiş islah işləri növündə cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə görə, islah işlərinə məhkum olunmuş şəxs məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 03 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 67-ci vərəqəsində olan 03 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 114-118-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 4(005)-858/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs müddəti 03 avqust 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 53,65 (əlli üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin 168-ci vərəqəsində olan 26 sentyabr 2022-ci il tarixli iltizamdan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus «Xiaomi» markalı mobil telefon sonuncuya qaytarılmışdır. İş üzrə maddi sübut kimi tanınmış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sonuncunun yaxın qohumuna qaytarılmalı, mobil telefonlardan çıxarış şəklində olan foto məlumatlar, ingilis dilində olan foto məlumatların azərbaycan dilinə tərcüməsinə dair sənədlər, Zərərçəkmiş şəxs barəsində olan rüsvayedici videogörüntünün köçürüldüyü 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Xiaomi” markalı mobil telefonun saxlanılmasından ötrü sonuncuya qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1, 182.2.4 və 271.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.1-ci maddəsi ilə təqsirli bilinərək olaraq 01 (bir) il müddətə kompyuter və digər informasiya texnologiyaları üzrə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə islah işləri cəzası azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla, dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə kompyuter və digər informasiya texnologiyaları üzrə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 53,65 (əlli üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sonuncunun yaxın qohumuna qaytarılmalı, mobil telefonlardan çıxarış şəklində olan foto məlumatlar, ingilis dilində olan foto məlumatların azərbaycan dilinə tərcüməsinə dair sənədlər, Zərərçəkmiş şəxs barəsində olan rüsvayedici videogörüntünün köçürüldüyü 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Xiaomi” markalı mobil telefonun saxlanılmasından ötrü sonuncuya qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1858/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1858/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver