Məhkəmə qərarları › İş №1(101)-1859/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1859/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1859/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və tərcüməçi X3 iştirakları ilə xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun müvəqqəti yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 ünvanın qarşısında yerləşən bir otaqlı tikilidə spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs onun saçını qırxaraq bığını da qırxmasını deməsi səbəbindən sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı bir dəfə bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən vuraraq ona qarının ön divarının daxilə nifuz edən və hemorragik şoka səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət xəsarət yetirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Zığ yolu 22 saylı binanın həyətində rastlaşmışdır. Müslüm ona iki manat pul verib aptekdən spirt almağı xahiş etmiş, özü isə yaşadığı otağa getmişdir. Yaxınlıqdakı aptekə gedib oradan üç şüşə 96%-lik spirt, qalıq qalan 20 qəpiyə isə dörd ədəd pomidor alıb Müslümün qaldığı yerə getmişdir. Orada üç şüşə spirti plastik qabda su ilə qarışdırıb hissə-hissə içmişlər, yemək əvəzi isə pomidor yemişlər. Eyni zamanda, Müslümdən onda olan saç qırxan aparatı ilə saçını qırxmasını xahiş etmiş, Müslüm də etiraz etməyib dediyini etmişdir. Saat təxminən 01 radələrində, Müslüm bığını qırxmasını bildirmiş, o isə Müslümə həmişə bığ saxladığını demişdir. Müslüm isə özünün bığsız gəzdiyini deyib, təkidlə bığını qırxmağını tələb etişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Müslüm masanın üzərində olan boş pivə bakalını götürüb sol gözündən vurmuşdur. Zərbədən başı fırlanmış və gözündən qan gəlmişdir. Bundan sonra o, masanın üzərində olan mətbəx bıçağını götürüb həmin bıçaqla bir dəfə Müslümün qarnından vurmuşdur. Müslüm qarnını tutandan sonra mətbəx bıçağını masanın üzərinə atıb onunla bir daha spirtli içki qəbul etməyəcəyini bildirmiş və yaşadığı qaraja getmişdir. Qarajda sol qaşının üst hissəsinin kəsildiyini görüb yod götürmək üçün Müslümün qaldığı yerə qayıtmış, lakin, otağın qapısı bağlı olmuşdur. Bundan sonra məhəllənin qarşısına gəlmiş, orada oturacağın üzərində Müslümün uzandığını görmüş və Müslüm ona bildirmişdir ki, özünü pis hiss edir. Daha sonra qonşular təcili tibbi yardım çağırmılar və Müslümü xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri yoxdur. Zığ yolu 22 saylı binanın sakinlərinin binanın həyətində inşa etdikləri sahəsi 6 kv. metr olan tikilidə yaşayır. Valideynləri yoxdur, 1 saylı internatda böyümüşdür. Müxtəlif yerlərdə fəhləlik edib özünü dolandırmağa çalışır. 22 saylı binanın sakinləri də arabir yeməyə ərzaqlar verirlər. Aleksandır Zığ yolu küçəsi, 22 saylı binada yaşayan Larisa adlı tanışının qohumudur. Aleksandırı Larisaya görə tanımışdır. Aleksandır ilə münasibəti yaranandan sonra Aleksandır tez-tez yaşadığı yerə gəlmiş və orada araq içmişlər. 18 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində Aleksandır yaşadığı yerə gəlmiş və özü ilə spirt gətirmişdir. Aleksandır həmin spirti suya qatıb içməyi təklif etmiş, buna etiraz etməmişdir. Spirti suya qatandan sonra bir bakal içmiş, Aleksandır isə 3-4 bakal içmişdir. Yemək olmadığından pomidor-xiyar yemişlər. Sonra Alneksandır harasa getmiş və təxminən bir saatdan sonra qayıtmışdır. Aleksandır yenə içmiş, sonra televizora baxmışlar. Saat 01 radələri olmuş, Alneksandıra gec olduğunu və yatmaq istədiyini bildirmiş, lakin Aleksandır sözlərinə əhəmiyyət verməmiş və ünvanına söyüş söyməyə başlamışdır. Aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Aleksandır masanın üzərində olan mətbəx bıçağını götürüb bir dəfə həmin bıçaqla onun qarın nahiyəsinə vurmuşdur. Aleksandır bıçaqla vurandan sonra bir dəfə yumruqla Aleksandırın sifətindən vurmuşdur. Bundan sonra Aleksandır əyləşdikləri masanın üzərində olan içində ağ rəngli boya olan qabı götürüb üzərinə atmışdır. Boya bütün otağa dağılmışdır. Buna əsəbiləşib masanın üzərində olan boş pivə bakalını götürüb Aleksandırın sol göz nahiyəsinə vurmuşdur. Bundan sonra Aleksandır çıxıb getmişdir. Yaşadığı otağı tərk edib 22 saylı binanın qarşısına gəlmişdir. Orada bina sakinləri onu yaralı vəziyyətdə görüb təcili tibbi yardım çağırmışlar. O, Aleksandırın onu bıçaqla vurduğunu heç kimə deməmişdir. Təcili tibbi yardım gələndən sonra da həkimlərə tanımadığı bir şəxsin onu bıçaqla vurduğunu yalandan bildirmişdir. Belə ki, Aleksandır onu bıçaqla vuranda sərxoş vəziyyətdə olmuş, fikirləşmişdir ki, sonra gəlib üzr istəyəcək və məsələ bununla da bitəcək. Zərər çəkmiş şəxs həmçinin onu da qeyd etmidir ki, onun Aleksandrla münasibəti yaxşı olmuş, içkili olduqlarından belə bir hadisə baş vermişdir, onlar barışmışlar, onun Aleksandra qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri X4 X5 rayonu ərazisində yerləşən 7 saylı bölməsində həkim işləyir. 19 iyul 2021 -ci il tarixdə saat 01 radələrində “103” xidmətinə ünvan 3 ünvanından naməlum kişinin adına “halı pis" səbəbi ilə çağırış daxil olmuşdur. Həmin çağırışı tibb bacısı Səidə İbrahimova ilə birlikdə qəbul etmiş və yuxarıda qeyd edilən ünvana yola düşmüşlər. Ünvana çatdıqda orada özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxsin halsız vəziyyətdə olduğunu görmüşlər. Həmin şəxsi müayinə etdikdə onda qarnın ön divarının deşilmiş, kəsilmiş yarası xəsarətini aşkar etmişdir. Xəstənin vəziyyəti ağır olduğundan onu təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs 22 saylı binanın qarşısında təcili tibbi yardım maşınında ilkin tibbi yardım göstərərkən rus milliyyətindən olan, təxminən 50 yaşında, sol qaş nahiyəsinin üst hissəsi cırılmış vəziyyətdə olan şəxs yaxınlaşaraq azərbaycan dilində Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmış, bir neçə saniyədən sonra isə uzaqlaşıb getmişdir. Həmin şəxsin sifəti yaddaşında qalmamışdır. Zərərçəkmiş şəxs və ona yaxınlaşmış rus milliyyətindən olan şəxs sərxoş vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs 3 saylı şəhər klinik xəstəxanasına apararkən maşında ondan kim tərəfindən vurulduğunu soruşmuş, lakin Zərərçəkmiş şəxs bu haqda ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs 3 saylı şəhər kilnik xəstəxanasına təhvil verib iş yerinə qayıtmışlar. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 Xətai rayon şöbəsinin verdiyi 03 avqust 2021-ci il tarixli 737 nömrəli rəyə əsasən Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nifuz edən və hemorragik şoka səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmiş, xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda göstərilən 19.07.2021-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Beləliklə, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, üzləşdirmədə dindirilmə istintaq hərəkəti haqqında protokol və digər istintaq sənədləri ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.01.2012-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 21 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olumudur. Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət əməli ağır cinayətlə katiqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə onun əməlində cinayətin təhlukəli residivi yaranır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, bu səbəbdən də onun əməlində cinayətin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, eyni zamanda təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olub törətmiş olduğu cinayət əməlini eiraf etməsi də onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Xətai RPİdə saxlanılan bir ədəd bakal məhv edilməlidir. İş üzrə evkspertiza xərcləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Xətai RPİdə saxlanılan bir ədəd bakal məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar