Məhkəmə qərarları › İş №1(101)-186/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-186/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-186/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1967-ci il iyunun 24-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, İİ qrup əlil, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Belə ki, Təqsirləndirilən şəxs 2021-ci il mayın 23-də Bakı şəhərinin Yasamal rayonundakı «Nizami» metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan Saşa adlı şəxsdən 100 manat nağd pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq 4,369 qram təmiz çəkidə, yəni külli miqdarda narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, 2021-ci il mayın 26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 11:30-da ünvan 2 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman göstərilən çəkidə qeyd olunan narkotik vasitə bir ədəd sellofan bükümdə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən tutularkən üzərindən heç bir qanunsuz predmet, o cümlədən narkotik vasitə heroin aşkarlanmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il mayın 26-da Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhərinin Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır, onlar həmin tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etməklə sonuncunu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinlə aparılan şəxsi axtarış zamanı sonuncu əynindəki cins şalvarın sol yan cibindən çıxartdığı beş manat pulu və bir ədəd sellofan bükümü təqdim etməklə bükümdəki narkotik vasitə heroini öz istifadəsi üçün 2021-ci il mayın 23-də Bakı şəhərinin Yasamal rayonundakı «Nizami» metrostansiyasının yaxınlığında Saşa adlı tanımadığı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Göstərilən məbləğdə vəsait sonuncuya qaytarıldıqdan sonra bir ədəd sellofan bükümə baxış keçirilməklə içərisindən aşkarlanan qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə zərfə qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs saxlanan və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı X1 əridir. ***-***-**-** saylı mobil nömrəni o, təxminən 2015-ci ildən hal-hazıradək yalnız özü işlədir, həmin nömrəni yeznəsi Əfqan öz şəxsiyyət vəsiqəsi ilə alsa da işlətmədən ona vermiş, sonuncunun ümumiyyətlə mobil telefonu yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib bir neçə ildir narkotik vasitə heroini inyeksiya və burnuna iyləmək yolu ilə qəbul etdiyini, 2021-ci il mayın 26-da saat 11:30 radələrində yaşadığı ünvan 2 ünvanının yanında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxsin yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etməklə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirib onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etdiklərini, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən beş manatı və bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyini, pulun ona qaytarıldığını, bükümdən aşkarlanan kütlənin ağ rəngli zərfə qablaşdırıldığını, təqdim etdiyi narkotik vasitən heroini 2021-ci il mayın 23-də Bakı şəhərinin Yasamal rayonundakı «Nizami» metrostansiyasının ərazisində Saşa adlı tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını, narkotik vasitələrin satış ilə məşğul olmadığını bildirdiyini göstərmişdir (iş vərəqi 44-45, 47-50, 72-75, 152-155 və 215-217). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 26 may tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından və Ə129-008-21 nömrəli əməliyyat qrupun yaradılması haqqında əmrindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhərinin Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il mayın 26-da saat 11:30-da ünvan 2 ünvanının qarşısında saxlanıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir (iş vərəqi 5-7 və 10-11). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 12:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 22). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən beş manat pulu və bir ədəd sellofan bükümü çıxararaq təqdim edib bükümdə narkotik vasitə heroin olmaqla öz şəxsi istifadəsi üçün 2021-ci il mayın 23-də Bakı şəhərinin Yasamal rayonundakı «Nizami» metrostansiyasının yaxınlığında Saşa adlı tanımadığı şəxsdən 100 manata aldığını, heç zaman narkotik satışı ilə məşğul olmadığını bildirmiş, beş manat sonuncuya qaytarılaraq qeyd olunan maddə götürülmüş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (iş vərəqi 31-34). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 26 may tarixli 6/2089 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üstündə «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar olan bir ədəd kağız paketin içərisindəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,369 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonrakı qalığı 4,319 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (iş vərəqi 39-41). İş materiallarındakı 2021-ci il 26 may tarixli ərizədən və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 3 ünvanına axtarış və götürmə vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 51 və 54-60). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 28 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 64-65). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 28 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 26-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 88-91). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinin 2021-ci il 02 iyun tarixli **********3 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən İİ qrup əlilliyə görə 259,78 manat əmək pensiyası alır (iş vərəqi 97). İş materiallarındakı Nəsimi Rayonu İcra Hakimiyyəti Nəsimi Rayonu MKTB-nin 59 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 02 iyun tarixli F23 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən, habelə 1995-ci il 12 mart tarixli AZ-İ seriyalı 954703 №-li nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1972-ci il təvəllüdlü arvadı X2, övladları 1996-cı il təvəllüdlü X5 və 1998-ci il təvəllüdlü X6 ibarətdir, X4 və X7 qeyd olunan ünvanda qeydiyyatsız yaşayırlar, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 98-100). İş materiallarında olan Nəsimi Rayonu ƏSMM-nin 2010-cu il 05 aprel tarixli 069533 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən İİ qrup əlildir (iş vərəqi 101). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 28 may tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4,319 qram qalığı saxlanılması üçün idarəyə təhvil verilmişdir (iş vərəqi 102). İş materiallarında olan məhkəmə hökmünün kserosurətindən və məhkəmə qərarının surətindən, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 13-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2009-cu il 05 avqust tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2011-ci il aprelin 02-də cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2012-ci il 11 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikası Milli Məclisinin «28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 2013-cü il 07 may tarixli Qərarına əsasən 2013-cü il mayın 21-də cəzadan azad edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 01 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2017-ci il martın 11-də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 10 mart tarixli qərarına əsasən 03 ay 19 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (iş vərəqi 111, 128-134, 136- 137 və 141-143). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 07 iyul tarixli 5875 №-li və 2021ci il 14 iyul tarixli 6046 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 125 və 172). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 13 iyul tarixli 14328 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan ***- ***-**-** saylı nömrənin 2021-ci il yanvarın 01-dən 2021-ci il iyulun 11-dək şəbəkədə **********00150 İMEİ kodlu cihazda, ***-***-**-** saylı nömrənin 2021-ci il yanvarın 01-dən 2021-ci il iyulun 11-dək **********32650 və **********91170 İMEİ kodlu cihazlarda istifadəsi aşkarlanmışdır (iş vərəqi 145-146). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 2021-ci il 23 iyul tarixli ***-**** №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 173). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 17 iyul tarixli 2390 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 175-176). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Pxisiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 15 iyul tarixli 1541 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 178-179). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 29 iyul tarixli sübutlara qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında, habelə eyni və 2021-ci il 16 avqust tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmiş, maddi sübut kimi tanınan bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs götürülən ekspertiza tədqiqatından sonrakı 4,319 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınmış, hazırki cinayət işindən Saşa adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işinin ayrılmasına dair qərar qəbul olunmuşdur (iş vərəqi 185-192 195-196 və 206-207). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 4,369 qram çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 4,369 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs saxlanarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkarlanan bir ədəd sellofan bükümdəki narkotik vasitə heroini satmaq niyyətinin olmadığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza və tibbi-yoxlama rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib bir bükümdə saxlayıb daşıdığı 4,369 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 4,319 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 4,369 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin yalnız külli miqdar təşkil edən 4,369 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldəetmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 4-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur»; 8-ci bəndində «məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın»; 10-cu bəndində «məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə heroinin miqdarına, habelə onun külli miqdarına görə İ siyahısında şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirdəndirilən şəxslər qismində qismən etirafedici ifadələri, maddi sübutun mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əlilliyini, qeydiyatda olduğu yer üzrə barəsində şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlini məhkumluğu ödənildikdən sonra törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 01 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 10 mart tarixli qərarına əsasən 2017-ci il martın 11-də cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının CM-nin 18.4.3.-cü maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,319 qram qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 26-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,319 qram qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar