Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-186/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Mollaməhərrəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Mollaməhərrəmli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşı “Şirzad” və tanışı “Rəşad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Rəşad” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda va yerdə “Şirzad” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5121,282 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra yaşadığı ünvan 3 ünvana daşıyaraq həmin narkotik vasitəni 8 büküm halına gətirib 01 bükümdə 100,498 qram hissəsini üzərində, 07 bükümdə 2000 qram, 2085 qram, 415 qram, 520 qram, 0,263 qram, 0,325 qram, 0,196 qram hissəsini isə yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 16:25-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nasimi RPİ-nə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan boz rangli cins şalvarının sağ yan cibindan 01 bükümdə külli miqdarda 100,498 qram çəkidə həmin narkotik vasitə heroin, əməliyyat tədbirinin davamı olaraq həmin gün, saat 19:30-da yaşadığı ünvan 5 ünvana baxış keçirilərkən evin girişindən sağ tərəfdə qoyulmuş soyuducunun içərisindən 04 bükümdə, evin döşəməsinin üzərinə sərilmiş xalçanın altından isə 03 bükümdə olmaqla, ümumilikdə 07 bükümdə külli miqdarda 5020,784 qram çəkidə eyni tərkibli həmin narkotik vasitə heroin və termonun üzərindən narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində narkotik vasitə heroin izləri olan elektron tarazi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Belə ki, birlikdə yaşadığı “Rəşad” adlı şəxs ona paket verərək bir nəfərə çatdırmasını xahiş etmiş, o da “Rəşad” adlı şəxsin dediyi adamla görüşən zaman polis əməkdaşları onu saxlamışlar. Həmin zaman onun əlində olan paketdən 100 qram narkotik vasitə hesab edilən heroin çıxmışdır. Onun yaşadığı mənzildən tapılan bir büküm 5 kq çəkidə narkotik vasitə heroin, 4 ədəd kiçik ölçülü siqaretin gümüşü rəngli kağız bükümü, 2 ədəd şpris və mənzilə girişdən sağ tərəfdə olan termonun üzərində olan bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi ona deyil, birlikdə yaşadığı “Rəşad” adlı şəxsə məxsusdur. Belə ki, o, polis əməkdaşlarının təzyiqi altında qalaraq 5 kq maddənin onun olmasını bildirmişdir. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir, ona təzyiq edən polis əməkdaşlarının sayı təxminən 8 nəfər olmuş, lakin onların nə adını bilir, nə də ki özlərini tanıyir. Həmçinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hər hansı orqana şikayət və vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 6 ünvanın qarşısında «Qadir» adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 və bölmənin kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsinə getmişlər. Saat 16 radələrində həmin küçədə 156 saylı ünvanın qarşısında «Qadir» adlı şəxsi görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, «Qadir» adlı şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. Orada olarkən «Qadir» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlarla razılaşaraq birlikdə Nəsimi RPİ-yə gəlmişlər. RPİ-də tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevə həvalə olunmuşdur. Baş təhqiqatçı B.Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli selofan büküm, şalvarının sol yan cibindən bir ədəd dırnaqtutanla mənzil açarını, şalvarının arxa kəmər keçən hissəsindən bir ədəd mətbəx bıçağını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalarla bağlı sorğu-sual edildikdə bildirmişdir ki, təqdim etdiyi mənzil açarı yaşadığı kirayə evin qapısının açarıdır, təqdim etdiyi bıçağı özünü müdafiə etmək üçün üzərində gəzdirir, selofan bükümdə olan maddə isə narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, həmin heroini kirayədə yaşadığı «Rəşad» adlı şəxslə birlikdə İran İslam Respublikası vətəndaşı «Şiraz» kimi adını bildiyi şəxsin aralarında olan razılaşmaya əsasən 05 mart 2022-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, Hərbi hospitalının yaxınlığında «Şiraz» adlı şəxslə görüşərək sonuncunun satmaq üçün gətirdiyi 5 kiloqram narkotik vasitəni aldığını, aralarında olan razılığa əsasən həmin narkotik vasitəni 15 gün ərzində 1 kiloqramını 10.000 manata satacağını vəd verib, həmin narkotik vasitəni götürərək yaşadıqları kirayə evə apardıqlarını, mənzildə olan soyuducuda narkotik vasitəni gizlətdiyini, həmin narkotik vasitənin üzərindən 100 qramını götürüb satış məqsədi ilə üzərində saxladığını, əldə etdiyi gəliri Rəşad adlı şəxslə aralarında böləcəyini, yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə baş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra baş təhqiqatçı B.Mirzəyev və əməliyyat müvəkkillərinin iştirakı ilə ünvan 3 ünvanına, Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedilmişdir. Həmin mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilə girişdən sağ tərəfdə olan soyuducudan 4 ədəd, 2-si böyük, digər 2-si isə nisbətən kiçik sarımtıl skotçla bağlanmış içərisində narkotik vasitə heroinə bənzər maddələr olan bükümləri, mənzilin döşəməsində olan xalının altından içərisində tünd qəhvəyi rəngli maddə olan 4 ədəd kiçik ölçülü siqaretin gümüşü rəngli kağız bükümü, 2 ədəd şpris, 1 ədəd boş şüşə flakon təqdim etmişdir. Həmçinin baxış zamanı mənzilə girişdən sağ tərəfdə olan termonun üzərindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi də aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş bükümlər və digər əşyalar baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, həmin heroinləri İran İslam Respublikası vətəndaşı «Şiraz» adlı şəxsdən tanışı Rəşadla birlikdə satış məqsədi ilə əldə etdiklərini bildirmişdir. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Hətta sonuncu dəfə bu barədə məlumat daxil olduqda əməliyyat tədbirləri həyata keçirilmiş və daxil olmuş məlumat öz təsdiqini tapmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid1 ocavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı hərəkətlər tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid3 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli selofan büküm, şalvarının sol yan cibindən bir ədəd dırnaqtutanla mənzil açarını, şalvarının arxa kəmər keçən hissəsindən bir ədəd mətbəx bıçağını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında olan mənzilə baxış keçirilən zaman sonuncu mənzilə girişdən sağ tərəfdə olan soyuducudan 4 ədəd, 2-si böyük, digər 2-si isə nisbətən kiçik sarımtıl skotçla bağlanmış içərisində narkotik vasitə heroinə bənzər maddələr olan bükümləri, mənzilin döşəməsində olan xalının altından içərisində tünd qəhvəyi rəngli maddə olan 4 ədəd kiçik ölçülü siqaretin gümüşü rəngli kağız bükümü, 2 ədəd şpris, 1 ədəd boş şüşə flakon təqdim etmişdir. Həmçinin baxış zamanı mənzilə girişdən sağ tərəfdə olan termonun üzərindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi də aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş bükümlər və digər əşyalar baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 102-107-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 192-194-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 198-199-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 214-215-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 66-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1359 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 186” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; - üzərində “saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs...sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 100,498 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. – üzərində “saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə qaldığı mənzildə ..sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə 4 ədəd bağlamada, 3 ədəd bükümdə ümumilikdə 7 ədəd bağlama və bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2000,0 qram, 2085,0 qram, 415,0 qram, 520,0 qram, 0,263 qram, 0,325 qram, 0,196 qram ümumi təmiz çəkisi 5020,784 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir: təqdim edilmiş ümumilikdə 8 ədəd bağlama və bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilər”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd maddə izləri olan boş kağızdan, bir ədəd şprisdə, bir ədəd şüşə flakonda, bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş bir ədəd istifadə olunmamış şprisdə izlər aşkar edilmədi. Cinayət işinin 67-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3173 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 145-156-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli subutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə heroinin 5121,002 qram qalığı, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon, 2 ədəd şpris və bir ədəd kağız büküm saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 51 saylı məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 8 noyabr Zəfər günü münasibətilə Amnistiya aktının 2.5-ci bəndi tətbiq olunaraq azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İmişli Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 61-ci vərəqəsində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 4 fayl mövcuddur. Belə ki, 1 və 2-ci faylardakı görüntülər xx.xx.2022-ci il tarixdə saat 18:00-dan 19:00-dək qeydə alınmışdır. Bakı şəhəri, Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı özünü və digər iştirakçıları təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq vəzifələrinin izah edir və ona üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim olunmasını təklif edir, sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli selofan büküm, şalvarının sol yan cibindən bir ədəd dırnaqtutan, mənzil açarı və şalvarının arxa kəmər keçən hissəsindən bir ədəd mətbəx bıçağını masanın üzərinə qoyur. Həmçinin bildirir ki, üzərindən aşkar edilən narkotik vasitə heroindir və təqdim etdiyi açar“Rəşad” adlı şəxslə kirayə yaşadığı mənzilə məxsusdur. Bundan başqa “Rəşad” adlı şəxsin İran vətəndaşı “Şiraz” adlı şəxslə danışdığını, Hərbi Hospitalın yanında Rəşad ilə həmin maddəni “Şiraz” adlı şəxsdən götürdüklərini, daha sonra evə gəldiklərini, həmin şəxsin onlara 5 kq “kakos” gətirdiyini həmin maddənin müqabilində “Şiraz” adlı şəxsə 15 gün ərzində pul verməli olduqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli selofan büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və həmin zərf hər bir iştirakçı tərəfindən imzalanır. Həmçinin diskdə olan 3 və 4-cü fayllardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman sonuncu mənzilə girişdən sağ tərəfdə olan soyuducudan 4 ədəd, 2-si böyük, digər 2-si isə nisbətən kiçik sarımtıl skotçla bağlanmış içərisində narkotik vasitə heroinə bənzər maddələr olan bükümləri təqdim etmişdir. Daha sonra mənzilə baxış keçirilir, mənzilin döşəməsində olan xalçanın altından içərisində tünd qəhvəyi rəngli maddə olan 4 ədəd kiçik ölçülü siqaretin gümüşü rəngli kağız bükümü, 2 ədəd şpris, 1 ədəd boş şüşə flakon aşkar edilir. Təqsirləndirilən şəxs mənzildə təqdim etdiyi maddələrin hər birini İran İslam Respublikası vətəndaşı olan “Şiraz” adlı şəxsdən Rəşadla birlikdə satış məqsədilə aldıqlarını, aşkar edilmiş 2 ədəd şpris, 1 ədəd boş şüşə flakon isə narkotik vasitə qəbul edilən zaman istifadə üçün saxladıqlarını bildirmişdir. Həmçinin baxış zamanı mənzilə girişdən sağ tərəfdə olan termonun üzərindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi də aşkar olunmuşdur. Baxış zamanı aşkar olunmuş bükümlər və digər əşyalar baş təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 57-ci vərəqəsində olan Təqsirləndirilən şəxs Nəsimi RPİ-yə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında olan mənzilə baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 263-268-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 34.140 dəfə, külli miqdarından təxminən 2.560 dəfə artıq olması, 4 ədəd bükümdə, bükümlərin 2-nin böyük 2-nin isə nisbətən kiçik olması narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və narkotik vasitəni özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması (i/v 26-27), şəxsi axtarış, götürmə və mənzilə keçirilməsi (i/v 50-56, 59-60), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (i/v 73-76, 93-95, 171-173) protokollarından və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki (i/v 102-107), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan büküm aşkar edilir, üzərindən aşkar edilmiş bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda sonuncu həmin və evdə saxlanılan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, təqdim etdiyi maddələrin hər birini İran İslam Respublikası vətəndaşı olan “Şiraz” adlı şəxsdən Rəşadla birlikdə satış məqsədilə aldıqlarını, “Şiraz” adlı şəxsə 15 gün ərzində 10.000 manat pul verməli olduqlarını, həmçinin evdə aşkar edilmiş 2 ədəd şpris və 1 ədəd boş şüşə flakon isə narkotik vasitə qəbul edilən zaman istifadə üçün saxladıqlarını bildirir. (i/v 61). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı hərhansı qanunsuz hərəkətlərin edilməməsini və bununla bağlı onun heç bir orqana şikayət və vəsatət vermədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə 8 noyabr Zəfər günü münasibətilə Amnistiya aktının 2.5-ci bəndi tətbiq olunaraq azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və xx.xx.2022-ci il tarixdə İmişli Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza və Amnistiya aktı tətbiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yenidən cinayət əməlini törətməsini, üzərindən aşkar edilən narkotik vasitə heroinin miqdarını (5121,002 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3173 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5121,002 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şüşə flakon, 02 ədəd şpris, 01 ədəd kağız büküm hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd elektron tərəzi Dövlət nəfinə müsadirə edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5121,002 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şüşə flakon, 02 ədəd şpris, 01 ədəd kağız büküm hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 87 saata görə 522 (beş yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 3 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-186/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-186/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver