Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1860/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi və “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı bükümlərdə çəkiləri 520,0 qram, 505,0 qram və 38,012 qram olmaqla ümumi təmiz çəkisi 1063,012 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ayrı-ayrılıqda çəkiləri 455,0 qram və 395,0 qram olmaqla ümumi təmiz çəkisi 850,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikdən sonra istifadəsində olan ünvan 3 ünvana daşıyaraq saxlamış, 05 iyul 2022-ci il tarixdə saat 14:35 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 690 ünvanının yaxınlığında saxlanılaraq həmin İdarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən külli miqdarda - təmiz çəkisi 38,012 qram təşkil edən heroin aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 05 iyul 2022-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanına baxış keçirilən zaman evin giriş hissəsindən sol tərəfdə yerləşən otaqda sellofan torbada saxladığı cəmi 4 ədəd bağlama - 2 ədəd bağlamadan ayrı-ayrılıqda təmiz çəkiləri 520,0 qram və 505,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 1025,0 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 2 ədəd bağlamadan isə ayrı-ayrılıqda təmiz çəkiləri 455,0 qram və 395,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 850,0 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir, narkomandır, narkotik vasitələri həmişə şəxsi istehlakı üçün əldə etmiş, heç vaxt onların satışı ilə məşğul olmamışdır. Ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşamışdır. Həm də atası özünün yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 27/91, ev 7 ünvanda yerləşən 10 sot torpağından 3 sotunu övladı kimi ona ayırmışdır. Həmin torpağı öz adına sənədləşdirməsə də 2015-ci ildən başlayaraq artıq ona məxsus olan o torpaqda 3 otaqlı ev tikdirməyə başlamış, amma inşasını tam başa çatdırmamışdır. Narkotik vasitələrdən 2020-ci ildən başlayaraq istifadə etməyə başlamış, tədricən aludəçisinə çevrilmiş, gündəlik dozanı artırmaq məcburiyyətində qalmışdır. Tutulmazdan əvvəlki vaxtlarda isə artıq gün ərzində 6-7 dəfə inyeksiya yolu ilə narkotik qəbul etmiş, əsasən heroindən və metamfetamindən istifadə etmişdir. Narkotik tapa bilmədikdə və ya gec tapdıqda dözülməz ağrıları olmuş, buna görə narkotikdən çox istifadə etdiyi üçün çalışmışdır ki, təmiz heroin və ya metamfetamin düşəndə çox alsın ki, istədiyi vaxt əlinin altında olsun. Son dövrlər isə narkotik tapmaqda çox əziyyət çəkmiş, bir günlük istifadəsi üçün narkotik tapmağa gününün xeyli hissəsisini sərf etmək məcburiyyətində olmuş, həm də bu prosesdə hər an polis tərəfindən tutulmaq qorxusu altında qalmışdır. 2022-ci ilin may ayının ortalarında tanışları ona özünü adı “Sadiq” kimi deyilən İran İslam Respublikasının vətəndaşının həmin ölkəyə aid +**********89 olan telefon nömrəsini verərək bu şəxsdə təmiz narkotik olduğunu, çox alarsa ucuz qiymətə satacağını, qiymətdə xeyli fərq etdiyini bildirmişlər. Tanışları həmçinin ona həmin şəxslə əvvəlcədən “WhatsApp” vasitəsi ilə danışıb pulu onun kartına ödədikdən sonra sifariş verdiyi narkotikin Bakı şəhərinin müxtəlif yerlərinə qoyulduğunu, alan şəxsin özünün gedib narkotiki həmin yerdən götürməli olduğunu izah etmişlər, eyni zamanda “Sadiq”in sınanılmış şəxs olduğunu, heç vaxt aldatmadığını və polisə də bu vaxtadək heç kimi satmadığını deyərək onu inandırmışlar. Buna görə o, həmin ərəfələrdə narkotik sifariş vermək məqsədilə qeyd olunan nömrəni yığmış, onun zənginə İran ləhcəsi ilə deyil, sanki təmiz Azərbaycan ləhcəsi ilə danışan şəxs cavab vermişdir. “Sadiq” kimi bildiyi bu şəxsdən heroin və metamfetamin istəmiş, sonuncu da təşkil edə biləcəyinə söz vermiş, lakin 100 qramdan aşağı narkotik vasitə satmadığını, heroinin 100 qramını 200 manata, 1 kiloqram alarsa 1500 manata, metamfetaminin 100 qramını 700 manata, 1 kiloqramını isə 5000 manata satdığını bildirmişdir. O, hərəsindən 1 kiloqram alarsa 6-7 ay rahat və təhlükəsiz istifadə edəcəyini özlüyündə düşünərək 6500 manat pul düzəltmiş və 2022-ci ilin iyun ayında Sadiqə zəng vuraraq 1 kiloqram heroin və 1 kiloqram metamfetamin sifariş vermişdir. Bundan sonra xatırlamadığı bankomatdan Sadiqin ona verdiyi xatırlamadığı hesab nömrəsinə 6500 manat pul köçürmüşdür. Həmin gün gecə saat 24 radələrində Sadiq narkotik vasitənin qoyulduğu yerlə bağlı ona konum atmış və zəng edərək həmin yerin Pirşağı yolunda olduğunu bildirmişdir. O da həmin yerə gedərək oradan 3 büküm heroin və 2 büküm metamfetamin götürmüş və Maştağa qəsəbəsi, Xanlar küçəsi 27/91, ev 7 ünvanda yerləşən bir az əvvəl barəsində bildirdiyi yarımtikili evinə gəlmişdir. Narkotikin çəkisini yoxlamaq üçün həmin vaxt yolda mağazadan təzə elektron tərəzi də almış, evdə heroini və metamfetamini çəkdikdə heroin 150 qram artıq, metamfetamin isə 150 qram əksik gəlmişdir. Dərhal Sadiqə zəng edərək bu barədə məlumat vermiş, sonuncu isə “ola bilməz” deyərək etiraz etmişdir. O, Sadiqə onu aldatmadığını, metamfetamin əksik gəlsə də heroin 150 qram artıq gəlməklə kompensasiya etdiyini izah etmişdir. Sadiq isə heroinin 150 qramının 250 manat civarında olduğunu, metamfetaminin 150 qramının isə 750 manat təşkil etdiyini deyərək üzrxahlıq etmiş, həmçinin çəki fərqinə həm də metamfetaminin qablaşdırıldığı sellofanların təsir etdiyini, hər bir sellofanın çəkisinin 20-30 qram arasında dəyişdiyini, bükümü əlavə 3 sellofana qoyanda çəkidə 100 qrama yaxın fərq verdiyini izah etmiş və ona əksik gələn 150 qram metamfetamini səhərisi gün qoyacağı yerdən götürməsini söyləmişdir. Lakin metamfetamin keyfiyyətli olmadığından Sadiqlə razılaşmayaraq 750 manatını qaytarmasını istəmişdir. Sadiq onun kimi müştərini itirməmək üçün razılaşaraq metamfetamindən əksik gələn 150 qramın 750 manat pulunu qaytaracağını, heroinin 150 qram artığını isə ona halal etdiyini bildirmişdir. O, öz adına olan “Kapital bank”a məxsus plastik bank kartının nömrəsini Sadiqə vermiş, sonuncu da 750 manatı onun kartına köçürmüşdür. O, heroin və metamfetamini yarımtikili evində gizlətmiş, üç büküm heroindən ən balaca bükümü götürmüşdür ki, gündəlik istifadə etsin. 05 iyul 2022-ci il tarixdə saat 14:30 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 690 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı telefonu, 40 manat pulu, sağ yan cibindən isə bir ədəd sürücülük vəsiqəsini, 2 ədəd açarı, 1 ədəd şəffaf sellofan bükümdə heroini, 2 ədəd “Kapital bank”a məxsus plastik bank kartlarını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı onun üzərini axtarmış, amma üzərindən başqa heç nə aşkar edilməmişdir. Onun 40 manat pulu və evinin açarları özünə qaytarılmış, mobil telefonu, sürücülük vəsiqəsi və plastik bank kartları isə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirildikdə içərisindəki heroin aşkar olunmuş, heroin elektron tərəzidə çəkilərək çəkisinin təxminən 39 qram olduğu müəyyən olunmuşdur. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı təqdim etdiyi sellofan bükümdəki narkotik vasitənin “kakos”, yəni heroin olduğunu, heroini bir gün öncə axşam saat 12 radələrində Pirşağı qəsəbəsi ərazisindən götürdüyünü, onu iki ay öncə telefonda tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi Sadiq adlı şəxsdən öz istifadəsi üçün aldığını etiraf etmişdir . Düşünmüşdür ki, son dövrlər narkotiklə tutulan şəxslər məsuliyyətdən yayınmaq üçün “narkotik mənim deyil, haradansa götürüb harayasa qoyacaqdım” dedikləri üçün qısa müddət sonra sərbəst buraxılırlar. Elə bilmişdir ki, narkotiki bir yerdən götürüb digər yerə aparmaq cinayət məsuliyyəti yaratmır, yaratsa belə cəzası yüngül olur. Buna görə həmin qaydada ifadə versə işinin yüngül olacağını zənn edərək yalandan demişdir ki, guya Sadiqin ona verdiyi narkotik maddələri sonuncunun dediyi yerə qoyacaqmış və bunun müqabilində Sadiq onun kartına 750 manat pul köçürmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da protokolu imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onu sorğu-sual edərkən üzərindən aşkar edilmiş narkotik vasitənin qalan hissəsini Maştağa qəsəbəsində yerləşən yarımtikili evində gizlətdiyini etiraf etmiş, evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra atasının və vəkilinin iştirakı ilə ona məxsus yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı ona evində gizlətdiyi narkotik vasitənin qalan hissəsini təqdim etməsi təklif olunmuş, o da evin girişindən sol tərəfdə yerləşən təmirsiz otaqdan içərisində narkotik saxladığı sellofan torbanı götürərək təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən iki büküm heroin, iki büküm metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sorğu zamanı üzərindən və evindən aşkar edilmiş sellofan bükümlərdəki qəhvəyi rəngli maddələrin heroin, ağ rəngli maddələrin isə metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşı kimi tanıdığı Sadiq adlı şəxsdən aldığını, Pirşağı ərazisindən götürdüyünü, guya həmin narkotiki Sadiqin deyəcəyi yerə qoymaqla 750 manat pul əldə edəcəyini, əvvəllərdə bu kimi işə görə 750 manat pul əldə etdiyini bildirmişdir. Yarımtikili evindən aşkar edilmiş heroin və metamfetamin sellofan torbada qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar həmin protokolu imzalayaraq doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər zaman özünü dolandırmağa pul qazanmış, kasıb olmamış, heç vaxt övladlarına narkotikdən gələ biləcək haram pul yedizdirməmişdir. O, həmin narkotiki özünün istifadəsi üçün almış, satmaq istəsəydi satardı və bunu gizlətməzdi. “Samsung” markalı mobil telefonuna gələn mesajların sahiblərini xatırlamır. Hesab edir ki, yaxın dostları və ya mesajı səhv göndərənlər olmuşdur. Bu səbəbdən telefonundakı yazışmalar onun narkotik satması anlamına gəlməməli və ona narkotik satıcısı kimi ittiham verilməsi üçün əsas olmamalıdır. Bütün bu halların nəzərə alınaraq istifadəçi kimi cəzalandırılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 05 iyul 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə etdikdən sonra məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, cinayətin izlərinin vaxtında aşkar edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və idarənin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. Dərhal və təxirəsalınmadan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə, saat 14:35 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 690 nömrəli ünvanın yaxınlığında piyada hərəkət edərkən tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Bu barədə raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra araşdırmanın aparılması təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı telefon, 40 manat pul, sağ yan cibindən isə bir ədəd sürücülük vəsiqəsi, iki ədəd açar, bir ədəd şəffaf sellofan büküm və iki ədəd “Kapital” banka məxsus plastik bank kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 40 manat pulu və evinin açarları özünə qaytarılsa da, mobil telefonu, sürücülük vəsiqəsi və plastik bank kartları götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Həmin sellofan bükümdən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 39 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin “kakos”, yəni heroin olduğunu, yarısını özünün istifadə edəcəyini, yarısını isə başqa yerə qoyacağını, bir ilə yaxındır ki, narkotikdən istifadə etdiyini, narkotiki təxminən iki ay öncə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Sadiq adlı şəxsin vasitəsilə bir gün öncə axşam saat 12 radələrində Pirşağı qəsəbəsi ərazisindən götürdüyünü, həmin narkotik maddələri ona deyilən yerlərə qoyacağı halda 750 manat pul almalı olduğunu, üzərindən aşkar olunmuş narkotik maddələrin qalan hissəsini Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən yarımtikili evində gizlətdiyini, həmin maddələri də təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini, bundan öncə də Sadiqin ona göndərdiyi narkotik tərkibli maddələri onun dediyi yerlərə qoyduğunu və bunun müqabilində sonuncunun onun plastik bank kartına 750 manat pul köçürdüyünü bildirmişdir. Daha sonra şəxsi axtarış barəsində protokol tərtib olunmuş, onlar da protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs dediyi evə baxış keçirmək üçün ünvan 6 ünvanda onları Təqsirləndirilən şəxs atası Məmməd Abdullayev qarşılamış və sonuncu da evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin qalan hissəsini harada saxladığı soruşularaq onları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu da evin girişindən sol tərəfdə yerləşən təmirsiz otağa daxil olmuş və divarın yanında olan sellofan torbanı götürərək təqdim etmişdir. Təmirsiz və sıxlıq olan otaqda şərait olmadığından sellofan torbaya həyətdə baxış keçirilmiş və torbanın içərisindən dörd ədəd büküm və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Bükümlərdən ikisinin içərisində qəhvəyi rəngli heroinə bənzər maddə, digər iki bükümün içərisində isə ağ rəngli metamfetaminə bənzər maddə olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri bir gün öncə Pirşağı qəsəbəsindən götürdüyünü, həmin yerə narkotik maddələr qoyulmasını ona Sadiq adlı iranlının dediyini, onların bir hissəsini ona deyiləcək yerlərə qoyması müqabilində iranlıdın 750 manat pul əldə edəcəyini, bu əməllərindən atası da daxil olmaqla heç kimin məlumatının olmadığını, aşkar olunanlardan başqa heç yerdə narkotik maddələr saxlamadığını bildirmişdir. Bundan sonra həmin yarımtikiliyə baxış keçirilmiş, lakin əlavə olaraq heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra evə baxış və götürmə aparılması barədə protokol tərtib olunmuş, iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarışı keçirilərkən sonuncu sonuncu əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sürücülük vəsiqəsini, iki ədəd açarı, bir ədəd şəffaf sellofan bükümü, iki ədəd bank kartını, sol yan cibindən isə bir ədəd “Samsung” markalı telefonu və 40 manat pulu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin heroin olduğunu, onlarıhəm öz istifadəsi üçün, həm də ona deyiləcək yerlərə qoyması üçün üzərində saxladığını, narkotiki təxminən iki ay əvvəl tanış olduğu, İran İslam Respublikasının vətəndaşı Sadiq adlı şəxsin vasitəsilə bir gün öncə Pirşağı qəsəbəsi ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymaqla 750 manat pul əldə etməli olduğunu, narkotik tərkibli maddələrin qalan hissəsini isə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən ünvanında gizlətdiyini bildirmişdir (cild 1, iş vərəqə 28-30, 55-56). Baxış keçirilməsi və götürmə haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən yarımtikili evə videoçəkiliş aparılmaqla keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evin girişindən sol tərəfdə yerləşən otaqdan bir ədəd sellofan torbanı götürüb təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən iki ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 34-35, 58-60). Məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3688 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 38,012 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs məxsus yarımtikili evdən ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamadakı iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 520,0 qram və 505,0 qram, ümumi təmiz çəkisi 1025,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 455,0 qram və 395,0 qram, ümumi təmiz çəkisi 850,0 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər üç ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ). Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İİ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1062,862 qram, metamfetaminin qalıq çəkisi 849,9 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-46). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyul 2022-ci il tarixli 3726 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 118-119). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 15:29:27-də ***-***- **-** nömrəsindən “Alınsa birdənə daş götür qardaşsan”, xx.xx.2022-ci il tarixdə saat 21:46:05-də ***-***-**-** nömrəsindən “Bratka birdənə mənə zəng vur qardaşımsan borcu verim sənöl brat, birdə 6 dənə onnan 1 dənə bu birsinnən”, xx.xx.2022-ci il tarixdə saat 15:39:47-də ***-***-**-** nömrəsindən “Nədi ee bu başa düşə bilmirem qaqa özün mənə deyirsen heckim bilməsin burdanda yığır məni ki, sən birdən ikiye Xalitden mal almısan., neynədim ki sənə nəsə”, xx.xx.2022-ci il tarixdə saat 15:39:48-də ***-***-**-** nömrəsindən “e pislik etdim ki? Pulumu verdim temamı aldım da qaqa.. nəysə eee”, xx.xx.2022-ci il tarixdə saat 16:13:03-də ***-***-**-** nömrəsindən “Özüm də qaldım pis veziyətdə... sənə 5 dənə tema diyəcəydim.. bu mərdimazar hardan gəldi girdi aramiza”, xx.xx.2022-ci il tarixdə saat 16:21:18-də ***-***-**-** nömrəsindən “Bratka belə mənə fərqi yoxdu tema alınırsa tema ver verim bunlara əl cəksinler... qaqaş uje konkret dirəniblər ki, ya temanı ver ya pulu., ne deyim bunlara??” kimi mesajlar daxil olmuşdur (cild 1, iş vərəqə 111-113). Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin məktubundan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 93). İbtidai istintaq orqanının 06 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 148-149). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 137-138). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 134). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 81-84). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyul 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1062,862 qram təşkil edən heroin, qalıq çəkisi 849,9 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə zamanı “Arbitrum” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat, 10 iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat, məhkəmə mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Arbitrum” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1062,862 qram təşkil edən heroin, qalıq çəkisi 849,9 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil X4 üçün 180 (bir yüz səksən) manat, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına vəkil X6 üçün 60 (altmış) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrum” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1860/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1860/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver