Məhkəmə qərarları › İş №1(101)-1860/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1860/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1860/2023 26.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov Azad Əli oğlundan ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Qanuni nümayəndə, Müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Mütəxəssis (müəllim-psixoloq): X1 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34/67-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə ümumi təhlükəli üsulla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” Hospital ilə üzbəüz parkın yaxınlığında arvadı Qanuni nümayəndə ilə qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı xüsusi amansızlıqla, yəni sonuncunun yaxın qohumu hesab edilən övladı Şahid2 anası Qanuni nümayəndə xüsusi əzab verdiyini dərk etdiyi halda, buna məhəl qoymayaraq Şahid2 gözü qarşısında Qanuni nümayəndə cəzalandırmaq məqsədilə əvvəlcədən alıb özü ilə gətirib, əlində saxladığı içində maye şəkilində sulfat turşusu «kislota» olan şüşə butulkanın qapağını açıb Qanuni nümayəndə bir başa üstünə və dayandığı istiqamətə səpələyərək, yanında digər şəxsin, yəni oğlu Şahid2 də olduğunu və əməlindən onun da həyat və sağlamlığına zərər vura biləcəyini dərk edərək ümumi təhlükəli üsulla zərərçəkmiş Qanuni nümayəndə şiddətli ağrı və ağır iztirablar verən sol gözdə görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan sol göz almasının, eləcə də, gözün konyuktiva və buynuz qişasının, alın, boyun, sifət, sol bazu, döş qəfəsi və hər iki bud nahiyələrinin ümumi bədən səthinin 25-27%-ni əhatə edən ll-lll dərəcəli kimyəvi yanıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Qanuni nümayəndə onun həyat yoldaşıdır. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olmuş, aralarında heç bir münaqişə olmamışdır. 2022-ci ilin yay aylarında evdən ona tanış gəlməyən səs eşitmiş, həmin vaxtlar Səadətin hərəkətləri ona şübhəli gəldiyindən onun çantasına baxışmış, həmin vaxt Səadətin əl çantasında öz telefonundan əlavə bir telefon tapmışdır. O, tapdığı telefona baxarkən gəlmiş smslərin məzmunundan Səadətin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkar etmişdir. Səadətə bu smslərlə bağlı məlumat verdiyində, o, bunu etiraf etmiş və Səadət onu bağışlaması üçün yalvarmışdır. O da Səadəti bağışlamışdır. Lakin bir müddət sonra eyni əməllərin təkrarlandığını aşkar etmişdir. Bağışladıqdan sonra yenə əxlaqsız hərəkətləri etməsinə çox əsəbləşdiyi üçün onun sağlamlığına zərər vurmuşdur. Hadisəni törətdiyi gün Səadəti aldadaraq o və böyük oğlu Yusiflə görüşmüşdür. Onlar görüşdükdən sonra avtobusa minmiş, avtobusdan düşən vaxt Səadətdən mobil telefonunu verməsini tələb etmişdir. Lakin Səadət ona mobil telefonunu verməkdən imtina etmiş, onun və ailəsinin haqqında nalayiq ifadələr işlətmişdir. O, əsəbləşmiş və özü ilə daşıdığı içərisində “kislota” kimi bildiyi kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, yay aylarında tapdığı telefonun mövcudluğundan əvvəllər xəbəri olmamış, Səadətə telefonda aşkar etdiyi sms-lər səbəbi ilə zərər vurmuşdur. Telefonu tapdığı vaxt onun və Səadətin arasında bununla əlaqədar mübahisə olmuşdur. O, Səadəti bağışlayandan sonra Səadət telefonu yenidən evdən götürmüşdür. Bu hadisədən sonra yenə eyni məsələyə görə mübahisə uşaqların ona məlumat verməsi nəticəsində yaranmışdır. Səadət ona işdə olduğu zaman zəng edərək, uşaqların ona hər şeyi danışmaq istədiklərini bildirmişdir. Uşaqları ona evdə olmadığı müddət ərzində evə yad kişilərin gəldiyini, onlarla Səadətin spirtli içki qəbul etdiyini danışmışlar. Bu hadisədən sonra onda şübhə yaranmış və çox keçməmiş evdə bir kağız tapmışdır. Tapdığı kağızda tanımadığı nömrələr olmuşdur. Hadisə baş verən gün o, kimyəvi turşu “kislotanı” Səadəti qorxudaraq telefonunu tələb etmək məqsədiylə almışdır. “Kislota” kimi bilinən kimyəvi maddənin “8-ci kilometr” bazarı kimi tanınan bazardan 3 manata almışdır. Avtobusdan düşdükdən sonra Səadətdən telefonu verməsini tələb etmiş, sonuncu telefonu verməyəcəyini bildirmişdir. Kimyəvi maddəni əlinə tökmək istəyərkən Səadət əlini yuxarıya qaldırdığı üçün üzünə tökülmüşdür. Həmin vaxt oğlu Yusif yanlarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onun əl çantasında aşkar etdiyi mobil telefon onun anasına məxsusdur. Anası həmin mobil telefonu ona uşaqlarının istifadə etməsi məqsədi ilə vermişdir. Uşaqları isə həmin telefonla bəzən oyun oynamışlar. Bir müddət keçdikdən sonra uşaqlar həmin mobil telefondan istifadə etməməyə başladıqları üçün o, telefondan istifadə etməyə başlamışdır. Həmin mobil telefonda olan nömrə uzun müddət əvvəl alınmışdır. Mobil telefon köhnə olduğu və ekranı ilə bağlı problem olduğu üçün bəzi nömrələri uşaqlarının dəftərinə köçürmüşdür. Həmin kağızları isə illərdir ki, istifadə etmədiyi çantasına qoymuşdur. Təqsirləndirilən şəxs mobil telefonu aşkar etdiyi müddətdə işləməmişdir. Vüqar həmin telefonu tapmış və onun istifadə etmədiyi bir telefonunun olmasını müəyyən etmişdir. Ondan soruşduqda isə həmin telefondakı nömrələrin taksi sürücüsü, iş axtardığı vaxt elanda görüb yazdığı nömrələr olması ilə bağlı Vüqara geniş məlumat vermişdir. Bu hadisə avqust ayında baş vermiş və bir müddət sonra da üstü bağlanmışdır. Vüqar çox adamdan yüksək miqdarda borc pul almış, həmin pulları nəyə istifadə etməsi ilə bağlı onun məlumatı olmamışdır. Vüqarın işsiz olması və bir çox adamdan borc alması həmin dövrdə aralarında mübahisələrin yaranmasına səbəb olmuşdur. Bütün bu hərəkətlərindən sonra o, Vüqara boşanacağını bildirmişdir. Hadisə baş verən gün Vüqar ona içkili vəziyyətdə zəng edərək harada olduğunu soruşmuş, o da işdə olduğunu bildirmişdir. İşdən çıxandan sonra Vüqar yanına gəlmiş, o, Vüqarın içkili olduğunu görüb, bunun səbəbini soruşmuş, Vüqar isə bunun ona aidiyyətinin olmadığını demişdir. Bundan sonra onlar avtobusa minmiş, Vüqar avtobusdan düşəndən sonra ondan telefonu istəmiş və o, verməyəcəyini demişdir. Həmin an onun əlində saxladığı butulkanın qapağını açdığını görmüş və özünü müdafiə etmək istəmişdir. Lakin o, özünü müdafiə etməyi bacarmamışdır. Vüqar onun saçından tutmuş və sonra əlində tutduğu butulkadakı kimyəvi maddəni onun üzünə tökmüşdür. Bu əməli törədərkən oğlu yanında olmuş və buna şahid olduğu üçün çox qorxmuş və qışqırmışdır. Bütün bu səsləri eşidən ətrafdakı insanlar gələrək onu xilas edib tibbi müəssisəsinə çatdırmışlar, daha sonra isə gözünə də zərər dəydiyi üçün Zərifə Əliyeva adına Göz Klinikasına aparmışlar. Vüqarın bu əməli törətməsinin səbəbi onun boşanmaq istədiyini deməsi olmuşdur. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, həmin mobil telefonu anası ona uzun müddət əvvəl vermiş, Vüqarın mobil telefonda aşkar etdiyini iddia etdiyi sms-lər mövcud olmamış, o, yalan danışır. Anasının ona verdiyi telefonla bağlı Vüqarın məlumatı olmamış, ona xəbər verməmişdir. Bu mobil telefondan uşaqlar oyun oynamaq üçün istifadə etmişdir. Vüqar ona, əgər ondan boşansa, ona xəsarət yetirəcəyini bildirmiş və ona hədə-qorxu gəlmişdir. Hadisə baş verən gün ondan istifadə etdiyi telefonu istəmişdir. Həmin gün Vüqar sərxoş vəziyyətdə olmuşdur. O, Vüqarın əlindəki butulkada kimyəvi maddə olmasını bilməmişdir. O, təxminən 2 aya yaxın müalicə almış, müalicədən sonra gözü qismən sağalmışdır. Bir gözü hələ də ağrıyır və uzağı görməkdə çətinlik çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Qanuni nümayəndə ilə evli olduğu 13 il müddətində ondan bir neçə dəfə pul alıb və onu müflis vəziyyətə salmışdır. Vüqar heç yerdə işləməmiş, hamıdan borc almış, bu səbəbdən də uşaqların böyüdülməsinə o, kömək etmişdir. Adı keçən mobil telefonu o, nəvələrinə özü vermişdir. Bütün mübahisə və bu hadisələr qızının boşanmaq istəməsi ilə bağlı olmuşdur. Hadisə günü qızı səhər məktəbə getmiş, o isə balaca nəvəsini bağçaya aparmışdır. Səhər Vüqar oyananda ona borc aldığı adamların pullarını geri tələb etdiklərini, onu və qızını narahat etdiklərini bildirmişdir. Ona borclarını qaytarmasını dedikdə, Vüqar saat 4-də hər şeyi həll edəcəyini demişdir. Amma əslində o, bu əməli törətmək və qızına xəsarət yetirməyi planlaşdırmışdır. Həmin gün bir müddət sonra telefonuna zəng gəlmiş və nəvəsi ona avtobus dayanacağında Vüqarın Səadətə zərər vurduğunu demişdir. Hadisə yerinə gedəndə görmüşdür ki, uşağın qışqırmasını eşidən 2 nəfər gələrək Vüqarı tutmuş və Səadəti döyməsinin qarşısını almışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssis müəllim-psixoloqun iştirakı ilə könüllü olaraq şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o və anası məktəbdə olmuş, daha sonra atası içəri gələrək anasını çağırmışdır. Dərs bitdikdən sonra onlar məktəbin binasından çıxmış və avtobusa minmişlər. Avtobusa minərkən atasının əlində sarı rəngdə butulka olmuşdur. Onlar “Razin” deyilən ərazisində avtobusdan düşmüş, dayanacaqdan bir az kənara gedəndən sonra atası anasına yumruq vurmuş və əlindəki butulkanı açaraq, onun içindəki mayeni anasının başından aşağı tökmüşdür. Həmin maddənin bir qismi onun paltarına və çantasına tökülmüşdür. Bu zaman orada olan 2 nəfər adam gələrək anasına kömək etmiş və butulkanı atasının əlindən almışlar. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssis müəllim-psixoloqun iştirakı ilə könüllü olaraq şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası hər gün spirtli içki qəbul edərək evə gəlib, həm qardaşı ilə onu, həm də anasını döymüşdür. Hadisə olan gün qardaşı Yusif evə gələndə onun çantasına nə isə töküldüyünü, buna görə də çantasının və kitablarının yandığını, anasının isə gözünün bağlı olduğunu görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, o, şəxsi avtomobili ilə yaşadığı Masazır qəsəbəsindən 20 Yanvar dairəsinə 1 manatdan sərnişin aparıb-gətirir, lakin əvvəllər 2111, 9333 taksi xidmətində də taksi kimi işləmişdir. O, Qanuni nümayəndə adlı qadını və Təqsirləndirilən şəxs adlı kişini tanımır və heç bir münasibəti də olmamışdır. Ona məxsus ***-***-**-** saylı mobil nömrənin Qanuni nümayəndə telefonunda və yazdığı kağızda nə üçün və nəyə görə yazılaraq qeyd edildiyini bilməmiş, ola bilər ki, o, taksi sürücüsü olduğundan həmin qadın müştəri kimi harasa onunla getmiş və onun nömrəsini götürmüşdür. Onun nömrəsi çox müştəridə olmuşdur. Buna baxmayaraq o, Qanuni nümayəndə adlı qadını tanımır və xatırlamır. (cild İ, i/v: 183-185) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində bildirmişdir ki, o, Masallı rayonu Ərkivan kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi işləyir. O, Sabunçu rayon Polis İdarəsində olan cinayət işinin məzmunu ilə tanış olmuş və bildirmişdir ki, o, Qanuni nümayəndə adlı qadını və Təqsirləndirilən şəxs adlı şəxsi heç vaxt tanımamış və belə bir şəxslərlə münasibəti olmamışdır. Ona məxsus ***-***-**-** saylı mobil nömrənin həmin qadının mobil telefonunda və dərs kitabında hansı səbəbə görə yazıldığını bilmir. (cild İ, i/v:186-188) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 ifadəsində bildirmişdir ki, o, Qanuni nümayəndə adlı qadını və Təqsirləndirilən şəxs adlı şəxsi heç vaxtı tanımamış və belə bir şəxslərlə münasibəti olmamışdır. Ona məxsus ***-***-**-** saylı mobil nömrənin həmin qadının mobil telefonunda və dərs kitabında hansı səbəbə görə yazıldığını bilmir. Belə bir şəxslərlə münasibəti olmamış və telefonla da danışmamışdır. (cild İ, i/v: 189-191) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ifadəsində bildirmişdir ki, o, Qanuni nümayəndə adlı qadını tanıyır. Belə ki, Sədaqət Quliyeva yaşadığı binanın yaxınlığında olan binada yaşayır. Belə ki, onların binasının qarşısında uşaqların oynamağı üçün yer olmadığından həmin binanın uşaqları onların binasının qarşında oynayırlar. Səadətin uşağı ilə onun övladı onların həyətində dəfələrlə bir yerdə oynamışlar. Amma onun Səadət ilə yaxından heç bir əlaqəsi olmamış, sadəcə uşaqları bir yerdə oynadıqları üçün bir valideyn kimi onun nömrəsi Səadətdə, Səadətin də nömrəsi onda olmuşdur. (cild İ, i/v: 192-194) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid8 ifadəsində bildirmişdir ki, o, Bakı Metropolitenində sahə rəisi vəzifəsində çalışır. Bildirmişdir ki, o, Qanuni nümayəndə adlı qadını və Təqsirləndirilən şəxs adlı kişini tanımır və heç bir münasibəti olmamış, əvvəllər də tanımamışdır. Ona məxsus ***-***-**-** saylı mobil nömrənin Qanuni nümayəndə telefonunda və yazdığı kağızda nə üçün və nəyə görə yazılaraq qeyd edildiyini bilməmişdir. Onun istifadə etdiyi nömrə əvvəllər sosial şəbəkədə olmuş və tez-tez ona zəng edib maddi köməklik edilməsini istəmişlər. Buna görə də nömrəsini sosial şəbəkədən silmişdir. Ehtimal edir ki, həmin qadın onun nömrəsini sosial şəbəkədən götürmüşdür. (cild İ, i/v: 195-197) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanmış 01 fevral 2023-cü il tarixli 214 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15.40-da Sabunçu RPİ-nin PPXB-nin 6861 saylı avtopatrulu Çaylı 2-ə efir və telefon vasitəsi ilə məlumat verərək Bakıxanov qəsəbəsi Stimul Hospitalın qarşısında yerləşən parkın yaxınlığında 1 nəfər kişinin bir qadının üzünə kimyəvi maddə atması barədə məlumat vermişdir. (cild İ, i/v: 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 007 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü ildə Qanuni nümayəndə sol gözün buynuzlu qışası, üzün hər iki tərəfinin, sinə, boyun nahiyəsinin, sol bazu və qoltuqaltı və hər iki budun ön səthinin İİ dərəcəli kimyəvi yanığı diaqnozu ilə klinikaya çatdırılmışdır. (cild İ, i/v: 48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 314 №-li rəyin nəticə hissəsində göstərilmişdir ki, vət. Qanuni nümayəndə sol gözdə görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan sol göz almasının, eləcə də sol gözün konyuktiva və buynuz qişasının, alın, boyun, sifət, sol bazu, döş qəfəsi və hər iki bud nahiyələrinin ümumi bədən səthinin 25-27%-ni əhatə edən ll-lll dərəcəli kimyəvi yanıqları müəyyən edildi. Xəsarətlər aşındırıcı kimyəvi maddənin yerli təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild İ, i/v: 146-148) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik Hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli 1410 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındandır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə özü hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan olunan zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. (cild İ i/v: 199-200) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi əyani şəkildə yerində yoxlanılmış, hadisə yerinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” Hospital ilə üzbəüz parkın yaxınlığında olması müəyyən edilmişdir. (cild İ, i/v: 55-56) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı arvadı ilə aralarındakı məsələni aydınlaşdırmaq məqsədi ilə getmiş, həmin vaxt üzərində qabda saxladığı kimyəvi maddəni Qanuni nümayəndə əlinə tökmək istəyərkən, Qanuni nümayəndə əlini qaldırmış, bu səbəbdən də kimyəvi maddə onun sifətinə tökülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyrisəmimi ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə yerinə gələrkən artıq həmin kimyəvi maddəni öz üzərində gətirmiş və bu, o deməkdir ki, o, artıq düşünülmüş şəkildə, törədəcəyi cinayəti əvvəlcədən planlaşdıraraq, qeyd olunan maddəni Sədaət Quliyevaya xəsarət yetirmək məqsədi ilə alaraq özü ilə hadisə yerinə gətirmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş, hadisənin birbaşa şahidi olan təqsirləndirilən və zərərçəkmiş şəxsin övladları Şahid2 öz ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman atası anasına bir dəfə yumruqla vurmuş, daha sonra onun saçından tutaraq əlindəki butulkada olan mayeni anasının başından aşağı tökmüşdür. Bu da o deməkdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin saçından tutub əlindəki kimyəvi maddəni onun başından aşağı tökməklə məhz zərərçəkmiş şəxsin üzünü hədəfə almış və cinayət əməlini törədərkən Qanuni nümayəndə xüsusi amansızlıqla və ona ağır iztirablar verməklə xəsarət yetirməyi qabaqcadan düşünmüş və bunu arzu edərək törətmişdir. Bundan əlavə, cinayət işinin materialları və dindirilmiş şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisəni törədən zamanı azyaşlı oğlu Şahid2 yanlarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman azyaşlı övladının hadisə yerində olması və həmin kimyəvi maddənin azyaşlı Şahid2 çantasına tökülməsi məhz cinayətin ümumi təhlükəli üsulla törədilməsinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələrinin tərkib əlamətlərinin olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, o cümlədən tədqiq edilmiş cinayət işinin materialları- hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolları, dindirmə protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin dispozisiyasında qəsdən sağlamlığa ağır zərər vurma cinayəti “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi təsbit edilmişdir. Həmin maddənin 126.2.3-cü maddəsində qeyd edilən hərəkətlər xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə həmin maddədə nəzərdə tutulan cinayət tərkibini yaradır. Həmiçinin, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qeyd edilən hərəkətlər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə Cinayət Məcəllənin 126.2.4-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. (cild İ, i/v: 160-161). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Şahid2, xx.xx.2013-cü il təvəllüdlü Şahid3 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları var. (cild İ, i/v: 132;141;145) Həmçinin zərərçəkmiş şəxs Qanuni nümayəndə ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin cinayət işinin materiallarında olan 01 fevral 2023-cü il tarixli “şəxsin təqsirini könüllü boynuna alma haqqında şifahi ərizə protokulu”ndan görünür ki, Təqsirləndirilən şəxs təqsirini könüllü gələrək arvadı Qanuni nümayəndə üzünə kimyəvi məhlul tökməklə xəsarət yetirməsini boynuna almışdır. (cild İ, i/v:11) Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğu, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 33), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v: 76-78) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia və məhkəmə məsrəfləri yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilsin, ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərdiy hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar