Məhkəmə qərarları › İş №1(101)-1862/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1862/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1862/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qərarı ilə çəkilməmiş qalan cəza müddətini çəkməkdən ötrü X5 müəssisəsinə keçirilməsinə baxmayaraq şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Hüseyn” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 11.650,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanında saxlanılaraq ünvan 3arkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 980,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 770,0 qram, 995,0 qram, 995,0 qram və 975,0 qram olmaqla ümumilikdə 11.650,0 qram çəkidə narkotik vasitə heroin sağ əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən 12 ədəd bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmiş, lakin orada üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç nə aşkar olunmamışdır. Yaşadığı ərazidə müxtəlif şəxslər tərəfindən narkotik vasitələrin satışına mane olduğundan həmin polis əməkdaşları onunla qərəzli olmuşdur. Buna görə də polis əməkdaşları üzərinə narkotik vasitə qoyub videoçəkiliş aparmışlar. Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır. Bir neçə dəfə yaşadığı ərazidən narkotik vasitə satan şəxsləri döyüb qovmuşdur. Narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hüseyn adlı şəxsi tanımır. Hüseyn adlı şəxslə heç vaxt telefonla danışmamışdır. Üzərindən qanunsuz heç bir maddə aşkar olunmamışdır. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. İstifadəsində olan nömrəyə heç kim narkotik vasitə istəməsi ilə bağlı mesaj göndərməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2015-ci ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətdiyinə görə tutulmuş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə hökm çıxarılmaqla azadlıqdan məhrum edilmişdir. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 3-4 ay olar ki, özünü “Hüseyn” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Onlar “Hüseyn”lə danışdıqda sonuncu onun narkotik istifadəçisi olduğunu bilmiş və ona təklif etmişdir ki, İrandan ona narkotik göndərəcək, o da həmin narkotiki dediyi yerdən götürüb müxtəlif yerlərə paylayıb həmin yerlərin şəklini “Whatsapp” proqramı vasitəsi ilə çəkib İranlıya göndərəcəkdir. Bu işə görə “Hüseyn” ona 3.000 manat pul təklif etmişdir. Maddi çətinliyi olduğundan o da təkliflə razılaşmışdır. 11 avqust 2021-cİ il tarixə keçən gün “Hüseyn” ona “Whatsapp” proqramı vasitəsi ilə zəng edib demişdir ki, narkotik vasitə olan heroin göndərib, həmin maddələr bağlamalarda olmaqla hamısı bir böyük sellofanın içindədir. “Hüseyn” narkotik vasitələrin olduğu bağlamanın Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədildiyini deyib yeri izah etmişdir. O, da oraya gedib göy rəngli sellofan torbanın içində olan külli miqdarda narkotik vasitə heroini götürüb Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişlə onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 8 manat pulunu, sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonunu və əlində saxladığı göy rəngli sellofan torbanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilsə də heç bir şey aşkar edilməmişdir. Təqdim etdiyi 8 manat pul özünə qaytarılsa da mobil telefon ona sübut əhəmiyyəti kəsb edəcəyi bildirilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi sellofan torbaya baxış keçirilmiş və torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlama da açıldıqdan sonra içərisində ayrı-ayrılıqda 12 ədəd sellofan bağlamada narkotik vasitə heroin aşkar edilmişdir. Həmin 12 ədəd sellofan bağlamada olan narkotik vasitə heroin sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Həmin maddələr bir ədəd göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənib o, və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı o, təqdim etdiyi göy rəngli sellofan torbadan aşkar edilmiş maddələri 3-4 ay bundan öncə sosial şəbəkədə tanış olduğu “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə Yasamal rayonu ərazisindən götürdüyünü, münasib yerlərə qoymağı müqabilində ona 3000 manat pul verilməli olduğunu, ilk dəfədir bu işlə məşğul olduğunu özünün narkotik vasitə heroin istifadəçisi olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini əlavə olaraq qeyd etmişdir. Bundan sonra şəxsi axtarış yekunlaşmış və nəticələri ilə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini də bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, o, üzərindən aşkar edilmiş küli miqdarda narkotik vasitəni satmaq və istifadə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxsdən əldə edərək üzərində saxlamaqla daşımışdır. “Hüseyn” adlı şəxsin deməsinə görə həmin narkotik vasitələr İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə respublika ərazisinə daxil olmuşdur. Lakin həmin maddələrin nə vaxt və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamışdır (cild 1, iş vərəqə 59-61 və 69- 72). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 avqust 2021 -ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi ev 18 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən sonuncu 11 iyun 2021-ci il tarixdə, saat 00.30-da ünvan 4 ünvanının yaxınlığında əlində göy rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkillə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 8 manat nağd pulunu, sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik maddə olduğunu bildirmişdir. Ardınca keçirilən şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ciblərindən çıxararaq təqdim etdiyi 8 manat pul vəsaiti özünə qaytarılsa da, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisindən bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamaya baxış keçirildikdə içərisində ümumi sayı 12 ədəd olan şəffaf sellofan bağlamalar aşkar edilmişdir. Həmin sellofan bağlamaların içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. 12 ədəd sellofan bağlamaların içərisindəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Həmin 12 ədəd sellofan bağlamadan 1-ci sellofan bağlamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 2-ci bağlamadakı kütlənin çəksinin 1 kq 16 qram, 3-cü bağlamadakı kütlənin çəkisinin 804 qram, 4-cü bağlamadakı kütlənin çəkisinin 1 kq 15 qram, 5-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 6-cı bağlamadakı kütlənin çəkisinin 1 kq 7 qram, 7-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 19 qram, 8-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 9-cu bağlamadakı kütlənin çəkisinin 1 kq 25 qram, 10-cu baglamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 11-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 20 qram və 12-ci bağlamadakı kütlənin çəkisinin isə 1 kq 20 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 12 sellofan bağlama göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd sellofan torbanın içərisində olan 12 ədəd sellofan bağlamadakı maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 3-4 ay öncə “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə Yasamal rayonu ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 3.000 manat veriləcəyini, özünün narkotik vasitə heroin istifadəçisi olduğunu, bu fəaliyyətindən heç kimin xəbərinin olmadığını və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadan doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Aşkar olunan bütün bağlamalar 1 ədəd göy sellofan torbanın içərisində olmuşdur. Təqsirləndirilən şəxsi tutduqdan təxminən 10 dəqiqə sonra idarəyə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00.30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 5 Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əlindəki göy rəngli sellofan torbanın içərisindən 12 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995,0 qram, 980,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 770,0 qram, 995,0 qram, 995,0 qram və 975,0 qram olmaqla ümumilikdə külli miqdarda 11650,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 34-37). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2021-ci il tarixli 6/3411 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbadan aşkar edilmiş maddələr ...” yazı və imzalar olan paketdə 12 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995,0 qram, 980,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 770,0 qram, 995,0 qram, 995,0 qram və 975,0 qram olmaqla ümumi təmiz çəkisi 11.650,0 qəhvəyi rəngli tozşəkilli maddə xarici görünüşcə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, qeyd: heroinin ümumi təmiz çəkisi 11.650 qram, tədqiqata sərf olundu 0,36 qram, qalıq 11.649,64 qram, cild 1, iş vərəqə 44-47). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 4 oktyabr 2021-ci il tarixli 3759 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yarananan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 162-163). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri istifadə etmişdir. Qeyd olunan nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə gələn sms-lərdən aydın görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Belə ki, gələn sms-lərdə “...qaqa bütov lazımdı pıduynan”, “...qaqa mənə 10 manatlıq düz qoş eliyə bilərsən.. ”, “...qaqa verdinpatını qalırsa lazımdı mənə.. ”, “.. teli götür materiyal lazımdı... ”, “... Zaur kartı at pulu vurum nə zülmnən tapmışam bu pulu.. ”, “..Zaur 12 dənə patı lazımdı bir söz de deyim uşaqlara gələcəklər.. ”, “...Acda kola istiyirem ağrıdayam... ” və sair kimi narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə əks etdirən yazışmaların olduğu müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan digər 077- ***-**-** nömrəsinə gələn sms-lərdə “...ay brat başıva dönüm niyə belə olur? Mən səni elə bilmirəm lomkada qalıb sınır yetim... ”, “...Zaur yetim qara gündəyəm nə siqaretim nə kolam yoxdu dünəndən lomkadayam çox oğlana yığdım atkaz elədilər varundusa ...” və sair kimi narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə əks etdirən yazışmaların olduğu müəyyən edilir. Lakin baxış zamanı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi ilə telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir (cild 1, iş vərəqə 153-161). Cinayət işinin materiallarında olan “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 ədəd parça torbada qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 11.649,64 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır (cild 1, iş vərəqə 95-96). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 121-129 və 143-144). Cinayət işinin materiallarında olan 4 saylı X5 Müəssisəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi vaxt 2 (iki) ay 26 (iyirmi altı) gün çəkilməmiş cəzası qalmışdır (cild 1, iş vərəqə 136). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 26 (iyirmi) altı gün hissəsi yeni hökmlə təyin ediləcək cəzaya tam birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-92). Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə görə “az ağır” və “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd parça torbada qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 11.649,64 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 14 (on dörd) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut: -Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd parça torbada qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 11.649,64 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar