Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1863/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X8 ibarət tərkibdə, X1 qızının və Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Kəlbəcər rayonu, Xoləzək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, "xxxx" MMC-də baş mühəndis işləyən, evli, Kəlbəcər rayonu, Xoləzək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 10,678 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla 21 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində Pirallahı-Qala şossesinin kənarında yerləşən “Nihat” marketlə paralel yolun əks istiqamətinə kimi daşımış, həmin gün orada saat 18:30-da piyada hərəkətdə olub yolu əks istiqamətdə keçmək istərkən Xəzər rayon PŞ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 19:15-də Xəzər rayon Pİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçirilib şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində satış məqsədi ilə saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 10,678 qram olan həmin kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 21 fevral 2024-cü il tarixdə işdən çıxıb öz avtomobilinə əyləşmiş və yolda alış-veriş etmək məqsədi ilə marketə getmiş, qayıdıb maşına yaxınlaşanda ona 3 nəfər yaxınlaşmış, həmin şəxslərdən ikisi onun qolundan tutmuş, digər bir nəfər isə qollarını arxa tərəfdən qandalla bağlamışdır. O, nə baş verdiyini soruşan zaman, ona suallarına bölmədə cavab alacağını demişlər. Həmin şəxslər özlərini təqdim etməmiş və mülki geyimdə olmuşlar. Həmin şəxslər onu öz idarə etdikləri avtomobilə əyləşdirib bölməyə aparmışlar. Bölmədə onu rəis müavini Nicat adlı şəxsin otağına aparmışlar, həmin vaxt Nicat oturduğu masanın çəkməcəsindən kağıza bükülmüş içərisində nə olduğu görünməyən bağlamanı masanın üzərinə qoymuş və həmin bağlamanın ona məxsus olduğunu demişdir. O, səbəbini soruşduqda, Nicat ona əmrin belə olduğunu demişdir. Polis əməkdaşları ona psixoloji təzyiq göstərərək, əgər həmin bağlamanı üzərinə götürməsə, evindən narkotik vasitə çıxaracaqlarını demişlər. Həmin vaxt evdə onun xəstə atası olmuş, ona görə də polis əməkdaşlarının evindən narkotik vasitə çıxarmağındansa, onların təklifi ilə razılaşaraq verilən bükümü üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Onunla kimin nə kimi qərəzinin olduğunu bilmir. O, "xxxx" MMC-də baş mühəndis işləmişdir. Onun tutulması ilə bağl əmri kimin verdiyini bilmir, o, heç siqaret də çəkmir, polis əməkdaşları ona əmrin belə verildiyini, onun tutulmalı olduğunu demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əmkəliyyat qrupu yaradılmış, onlar həmin şəxsi saxlayaraq özlərini təqdim etmiş və Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində əməlini səmimi etiraf edərək, üzərində olan 1 ədəd bükümü masanın üzərinə qoymuşdur. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitə qəbul etdiyini deməmiş, üzərində olan maddəni tapdığını bildirmişdir. Onlar təqsirləndirilən şəxsi marketdən çıxıb, yolu keçəndə saxlamışlar. Təqsirləndirilən şəxs məxfi agentdən aldıqları əməliyyat məlumatı əsasında saxlamışlar. Onlar şəxsi saxlayıb şöbəyə gətirmiş, müdafiəçi gəldikdən sonra isə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermiş və özlərinə aid hissədə onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayında şöbənin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi saxlayaraq şöbəyə təhvil vermiş, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı istintaq zamanı onu da dindirmişlər. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsin üzərində keçirilən şəxsi axtarış zamanı iştirak etməmiş, ümumiyyətlə təqsirləndirilən şəxsi xidməti kabinetində qəbul etməmişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: - Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild İ, i/v: 3). - “şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, şəffaf rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edib, həmin maddəni xx.xx.2024-cü il tarixində təxminən saat 18.10 radələrində Suraxanı, Hövsan qəsəbəsi, “Maşın bazarı”nın içində, avtomobilin yanından yerdən tapdığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 28-29). Cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış 1 ədəd DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 21 fevral 2024-cü il tarixli protokolla eynilik təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1039 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksləri olan “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,678 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 35-39). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 aprel 2024-cü il tarixli 2190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 128-129) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild İ, i/v: 126) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, ilkin izahatında və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona aid olmasını, yerdən tapdığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmadığını, qeyd olunan bükümlərin onun cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs cibində olan bükülünü özü şəxsən çıxarıb təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ona məxsus olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirsə də, qeyd olunan halı sübuta yetirəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş və təqsirləndirilən şəxsin başqa bir yerdə istifadəsi qadağan olan hər hansı bir maddə saxlaması halı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixatrop maddədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə metamfetamlə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin psixotrop maddənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi” barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin “sübutların kifayət etməsi”ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları var. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 10,628 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 10,628 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1863/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1863/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver