Məhkəmə qərarları › İş №1(101)-1864/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1864/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1864/2024 10.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Masallı rayonu, Qodman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu, Qodman kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, Kubinka ərazisində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxta və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2.000 qram (2 kq) kustar üsulla hazırlanmış narkotik vasitə heroini xüsusilə külli miqdarda və təmiz çəkisi 350 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini külli miqdarda əldə edib üzərində saxlamaqla 29 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala-Şüvəlan yolunun sağ kənarında yerləşən mərasim evinin arxasına kimi daşımış, həmin gün orada saat 21:40-da piyada hərəkətdə olarkən Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 22:50-də Xəzər RPİ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əlindəki 1 ədəd qara rəngli polietilen torbanın içində 1 ədəd ağ rəngli torbada 350 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış həmin külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd qara rəngli torbada 2.000 qram (2 kq) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış həmin xüsusilə külli miqdarda narkotik vasitə heroin 1 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə Xəzər rayonu, Qala-Şüvəlan yolunda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli olduğunu və onlarla getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onu Xəzər RPİ-nə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş, ancaq qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra sellofan torbada olan narkotik vasitəni və psixotrop maddəni ona verib, şəxsi axtarış zamanı təqdim edib, özünə məxsus olduğunu bildirməsini tapşırmışlar. O, etiraz etsə də, polislər hər şeyin yaxşı olacağını, onların verdikləri narkotik vasitəni və psixotrop maddəni təqdim etməyini bildirmişlər. O da razılaşmış və şəxsi axtarış zamanı polislərin dediklərini etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2 il narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri telefon vasitəsi ilə əlaqə saxlayaraq əldə etmişdir. İstifadə etdiyi telefonu yaşadığı qızla ortaq istifadə etmişdir. Yaşadığı həmin qız narkotik vasitə istifadəçisi olmamışdır. Onun narkotik vasitələrin alışı və satışı ilə bağlı sms-ləri olmamışdır. Narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadə və həmin dindirmə protoklundakı imzalar ona məxsus deyil. Cinayət işindəki WhatsApp yazışmalarında olan nömrələr ona məxsus deyil. O, ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, tutularkən də üzərindən aşkar olunmuş mobil telefonda ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrəni bir müddət münasibətdə olduğu qız istifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, bir neçə ildir ki, narkotik vasitələrin müxtəlif növündən istifadə edir. ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Əvvəllər oğurluq və avtoqəza etdiyi üçün iki dəfə məhkum olunmuşdur. Tutulmamışdan təxminən 2-3 ay qabaq internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Arman” adlı şəxsdən narkotik vasitə olan “kokos” və heroini, sonuncunun əvvəlcədən qoyduğu yerlərdən götürüb, bir hissəsini özü istifadə etdikdən sonra qalan hissələrini isə həmin şəxsin dediyin yerlərə qoymuşdur. O, mütəmadi olaraq bu işi görmüşdür. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “Arman” WhatsApp vasitəsilə ona “konum” atıb, həmin yerdə olan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürüb deyəcəyi yerlərə qoymasını bildirmişdir. O, sonuncunun dediyi kimi etmiş və saat təxminən 21 radələrində yaşadığı evdən çıxıb, taksi vasitəsi ilə “konum”da olan ünvana, yəni Qala-Şüvəlan yolunun sağ kənannda yerləşən Mərasim evinin arxasına getmişdir. O, həmin yerdəki konumda ağaclığın içindəki qara rəngli polietilen torbanı götürmüş və oradan uzaqlaşmağa başlamışdır. Bu zaman mülki geyimdəki şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, özlərini təqdim edib onu Xəzər RPİ-yə dəvət etmişlər. O, polislərə müqavimət göstərmədən onlarla birlikdə Xəzər RPİ-yə getmişdir. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş və üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan qabaq ona üzərində qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. O da əlində olan qara rəngli polietilen torbanı masanın üzərinə qoyub, həmin torbanın içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan torba açıldıqda içərisində 2 ədəd torbalar aşkar olunmuşdur. Ağ rəngli torbada metamfetamin, qara rəngli torbada isə heroin olmuşdur. O, etiraf edərək həmin narkotik vasitəni özü istifadə etmək üçün və “Arman”ın dediyi şəxslərə çatdırmaq üçün əldə etdiyini bildirmişdir. Sonra həmin narkotik vasitə olan təxminən 2 kq heroin və 350 qram metamfetamin qablaşdırılaraq üzəri möhürlənmişdir. O, tərtib olunmuş protokolda və zərfdə imza edib doğruluğunu təsdiq etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi və “Arman”ın dediyi şəxslərə vermək üçün saxlamışdır. “Arman” həmin narkotik vasitə psixotrop maddələrin sonradan kimə verilməli olduğunu ona bildirməli idi. Polis şöbəsində olarkən heç bir fiziki zora və təzyiqə məruz qalmamışdır (cild 1, iş vərəqi 79-81). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Həsənəli oğlu ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Qala qəsəbəsində Təqsirləndirilən şəxs mərasim evinin arxasında saxlayıb, Xəzər RPİ-yə gətirmişlər. Polis idarəsində təhqiqatçının otağında onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ağ və qara paketə bükülmüş narkotik vasitəni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iranlı “Arman” adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 Həsənəli oğlu məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Onlar Təqsirləndirilən şəxs axşam radələrində saxlamışlar. Həmin vaxt sonuncu orada tək gəzirdi. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özülərini təqdim edib, idarəyə dəvət etmişlər. Narkotik vasitə olan paket Fədakarın əlində olmuşdur. Fədakarın üzərinə şəxsi axtarış keçirilmişdir. Sonuncuya qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 Həsənəli oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan 29 yanvar 2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan 1 ədəd qara rəngli polietilen torbanın içərisindəki 1 ədəd ağ rəngli polietlen torbadan psixotrop maddə metamfetamin və qara rəngli polietlen torbadan isə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-34). Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2024cü il tarixli, 6/597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №43”dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) yazısı və imzalar olan paketdəki l(bir) ədəd bağlamada təmiz çəkisi 2000 qram (2 kq) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 350 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildirlər (Qeyd: heroinin təmiz çəkisi 2000 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1999,8 qr. Metamfetaminin təmiz çəkisi 350 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq 349,8 qr. (cild 1, iş vərəqi 42-47). Cinayət işinin materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2.000 qram (2 kq) narkotik vasitə heroin və 350 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 1999,8 qram narkotik vasitə heroin və 349,8 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 129-135; 177). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5 aprel 2024cü il tarixli, 2204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 125-126). Məhkəmə hesab edirki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsü olan 1 ədəd CD formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əlində olan 1 ədəd qara rəngli polietlen torbanın içərisindəki 1 ədəd ağ rəngli polietlen torbadan psixotrop maddə metamfetamin və qara rəngli polietlen torbadan isə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 58). Cinayət işinin materiallarında olan “götürülmüş mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Redmi» markalı mobil telefona keçirilmiş baxış zamanı «WhatsApp» bölməsində +99***-***-**-** nömrəli abonentdən «Gara ancaq», «Necyedi o», «Ay qaqa onan 2 dene verde mene»; +99***-***- **-** nömrəli abonentdən «X3 var»; kimi mesaj mətnləri aşkar olunmuşdur. Həmin yazışmaların fotoşəkilləri çap edilərək cinayət işi üzrə sübut əhəmiyyətli olduğundan protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 59-67). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 14 (on dörd) gün hissəsində şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 122-123). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlini ehtiyatsızlıqdan törətdiyindən əməlində cinayətlərin residivi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 1(101)-1164/2013 nömrəli cinayət işinin materiallarından götürülmüş Azərbaycan Respublikası DİN-in BDYPİ-dən daxil olmuş xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası icraya yönəldilmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunduğu xx.xx.2020-ci il tarixdən hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixədək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının 3 (üç) il 8 (səkkiz) ay 7 (yeddi) gün hissəsini çəkmiş, 3 (üç) ay 23 (iyirmi üç) gün hissəsi isə çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 88-92). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 23 (iyirmi üç) gün hissəsi tamamilə birləşdirilməklə ona qəti olaraq 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlər törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1999,8 qram olan narkotik vasitə heroin və 349,8 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 23 (iyirmi üç) gün hissəsi tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1999,8 qram olan narkotik vasitə heroin və 349,8 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar