Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1867/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, 25 avqust 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 09 avqust 2021-ci il tarixdə saat 09-10 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evinin həyətində qaynı Zərərçəkmiş şəxs bir gün əvvəl onun tərəfindən özünün ünvanına nalayiq və təhqiramiz ifadələr işlətməsinə görə iradını bildirməsi səbəbindən şəxsi münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsla əlbəyaxa olub bir-birilərinə əl ilə zərbələr vurmuş, bu zaman istintaqla müəyyən edilməsi mükün olmayan mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs qarın nahiyəinə bir dəfə qəsdən zərbə endirirək sonuncuya qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kısilmiş yarasından ibarət həyat üçün təhlükəli olan ağır dərəcəli və sol çənəaltı nahiyəsinin 1 ədəd deşilmş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurma cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, yay aylarında ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki bağ evində yaşayır. Həyat yoldaşının qardaşı, yəni qaynı Zərərçəkmiş şəxs da öz ailəsi ilə birlikdə onun bağ evinin qonşuluğunda yaşayır. Ağarza tez-tez köynəyini çıxarıb qurşağa qədər lüt bədənlə hasara çıxıb onun həyətinə baxaraq onun nəvəsi ilə oynayır. O da evdə gəlini olduğundan buna görə Ağarzaya dəfələrlə irad bildirmişdir. Ağarza iradlara məhəl qoymayıb yenə də həmin hərəkətlərini davam etdirmişdir. Sonuncu dəfə 08 avqust 2021-ci il tarixdə o, öz həyətində oturub bir qədər spirtli içki qəbul etmiş, ailə üzvüləri ilə söhbət zamanı oğlu Hikmətə əvvəllər də olduğu kimi “dayısına oxşamış” deyərək Ağarzanın ünvanına “namussuz” sözü işlətmişdir. Həmin vaxt Ağarza onun bu sözünü eşitmişdir. 09 avqust 2021-ci il tarixdə səhər saat 09-10 radələrində o, həyətində oturub səhər yeməyi üçün mətbəx bıçağı ilə kolbasa və pendir doğrayan zaman Ağarza onun həyətinə gələrək ona yaxınlaşıb bir gün əvvəl özünün ünvanına dediyi sözləri təkrar edə bilməsini soruşmuşdur. O da, “bəli, təkrar edə bilərəm” deyərək cavab verdikdə Ağarza əlindəki naməlum əşya ilə onun qoluna, çənəsinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, sonra əlbəyaxa olmuşlar. Bu zaman o, Ağarzanın zərbələrinin qarşısını almaq məqsədilə əsəbləşib masanın üzərindəki mətbəx bıçağını götürüb bir dəfə Ağarzanın qarın nahiyəsinə vurmuşdur. Bundan sonra Ağarza həyətdən çıxıb evinə tərəf qaçmışdır. Həmin vaxt Ağarzanın evində olan qardaşı İlqar Ağarzanı maşına mindirib xəstəxanaya aparmışdır. Özü isə evdən çıxıb Bakı şəhəri, Yasamal rayonunda yerləşən evinə getmişdir. Belində disk sürüşməsi olduğu üçün həmin vaxt ya əsəbdən ya da ki, mübahisə zamanı yaranmış ağrılara görə 3-4 gün orada qalıb sonra Xəzər rayon Polis idarəsinə gəlmişdir. Ağarzanı bıçaqla vurarkən onu öldürmək niyyəti olmamışdır. Hadisədən sonra həyəcanlı olduğundan bıçağı hara atdığını bilmir. Əməlindən səmimi peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 08 avqust 2021-ci il tarixdə axşam saatlarında, yaşadığı, Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən bağ evində olarkən qonşuluqda yaşayan yeznəsi, yəni bacısının əri Təqsirləndirilən şəxs öz həyətilərində oğlu Hikmətə “dayısına oxşamış, namussuz” deyərək onun ünvanına nalayiq sözlər işlətdiyini eşitmiş, lakin həmin vaxt Fikrətin sərxoş olduğunu nəzərə alıb bu barədə ona heç bir irad bildirməmişdir. Ertəsi gün, yəni 09 avqust 2021-ci il tarixdə səhər saat 09 radələrində nərdivanı götürmək üçün Fikrətin yaşadığı evin həyətinə gedərkən, Fikrəti öz evinin həyətində olduğunu görüb ona yaxınlaşmış və bir gün əvvəl onun ünvanına nalayiq sözlər işlətdiyinin səbəbini soruşmuşdur. Fikrət yenə də həmin sözləri onun üzünə qarşı söylədikdə aralarında mübahisə yaranmış və əlbəyaxa olmuşlar. Bu zaman Fikrət onun qarın nahiyəsindən bıçaqla bir dəfə vurmuşdur. Bundan sonra o, evinə gəlmiş və evdə olan qardaşı İlqar onu təcili tibbi yardım məntəqəsinə aparmışdır. Oradan isə həkimlər onu xəstənaya aparmışlar. Sonradan bilmişdir ki, Fikrət onun çənə nahiyəsinə də xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 08 avqust 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində həmin iş üzrə zərərçəkmiş şəxs olan qardaşı Ağarza ilə birlikdə sonuncunun həyətində olarkən, qonşu həyətdə yeznəsi Firkətin öz oğlu Hikmətlə mübahisə edərək, Hikmətin dayılarının, yəni onların ünvanına təhqiramiz sözlər işlətdiyini eşitmişlər. Lakin, Fikrət sərxoş olduğuna görə buna əhəmiyyət verməmişlər. Həmin gecə Hikmət özü ona mesaj yazaraq atasının hərəkətinə görə onlardan üzr istəmiş və atasının belə hərəkətlərindən artıq bezdiyini və sabah səhərdən atasını şəhərdəki evlərinə aparacağını bildirmişdir. Ertəsi gün, yəni 09 avqust 2021-ci il tarixdə saat təxminən 09 radələrində o, Ağarzanın həyətindəki hamamda əl-üzünü yuyarkən Ağarzanın Fikrətin həyətindəki nərdivanı götürmək üçün oraya getdiyini görmüş, bir az sonra Ağarza qayıdıb özünün qarın nahiyəsindən Fikrətin həyətdə bıçaqla vurduğunu xəbər vermişdir. Bu zaman o, Ağarzanın çənə nahiyəsinin də kəsildiyini görmüş, Ağarzanı maşına mindirib xəstəxanaya aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinin baxışının aparılması haqqında 09.08.2021-ci il tarixli protokol və fotocədvəldən görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən fərdi yaşayış evi, həmin evin həyətyanı sahəsi, evin girişi, digər fərdi yaşayış evinə gedən yol və həmin evin həyətyanı sahəsidir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs yaşadığı evə göy rəngli dəmir darvazadan içəri daxil olarkən qarşıda bir mərtəbəli kürsülü fərdi yaşayış evi var. Evin həyətində stol, stul, sağ tərəfdə su hovuzu vardır. Baxış zamanı evin həyətində darvazanın qarşısında hər hansı qan və ya qanabənzər ləkələr, həmçinin hadisə zamanı istifadə olunan bıçaq və ya kəsici alət aşkar olunmadı. Evin giriş qapısının sol tərəfində olan torpaq yol Təqsirləndirilən şəxs yaşadığı bağ evinə gedir. Həmin yolun sağ hissəsində daş hasarla açıq hissəsindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə daxil olarkən solda bir mərtəbəli kürsülü yaşayış evi yerləşir. Evin həyətində ağaclar vardır. Evin həyətyanı sahəsinə baxış zamanı orada hər hansı qan və ya qana bənzər ləkələr, hadisə zamanı istifadə edilən bıçaq və ya kəsici alət aşkar olunmadı (iş vərəqi 6-9). İşdə olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 01.09.2021-ci il tarixli, 1032 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd, sol çənə altı nahiyəsinin 1 ədəd deşilmiş-kəslmiş yaraları deşici-kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 09.08.2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən qarının ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün tühlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, sol çənəaltı nahiyəsinin 1 ədəd deşilmş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər.
2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (iş vərəqi 128-130). İşdə olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21.08.2021-ci il tarixli, 1028 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin səthi əzilmiş yarası, sol bazunun qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmətibbi müayinəsindən 8-9 gün əvvəl olmaqla, qərarda göstərilən 09.08.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir (iş vərəqi 124-125). İşdə olan və məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 13.09.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri, evin həyətini, mübahisədən əvvəl Zərərçəkmiş şəxs həyətə daxil olduğu qapını, bağ evinin həyətyanı sahəsinin ümumi görünüşünü və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxus bağ evinin həyətinə daxil olduğu yeri göstərmiş və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (iş vərəqi 135-139). İşdə olunan 10.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 11). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X4 27.08.2021-ci il tarixli, 7215 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olunmamışdır (iş vərəqi 126).
İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 140). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddətdə özünü yaşına uyğun ağsaqqal kimi aparmış, hərəkətləri ilə qonşulara nümunə olmuşdur. Hər zaman gənc nəslə düzgün yol göstərərək, onları yaxşı mövqedən tərbiyələndirmişdir. Nümunəvi ailə başçısıdır. Onun başçılıq etdiyi ailə ziyalı ailə olmaqla yanaşı bina sakinlərinin yüksək rəğbətini qazanıb. Təqsirləndirilən şəxs ixtisasca aşbazdır. Peşəsini çox sevir. Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq bir sıra xarici ölkələrdə işləmək üçün dəvət alaraq həmin ölkələrdə işləmiş və zəngin Azərbaycan mətbəxinin təbliği və tanınmasında fədakar əmək sərf etmişdir. Vicdanlı və keyfiyyətli hərəkətlərinə görə bina sakinlərinin hörmətini qazanıb. Bina komendatlığının təşkil etdiyi ictimai tədbirlərdə fəal iştirak edir. Xoşrəftar, təvazökar, siyasi cəhətdən savadlıdır. Ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək, aparılan düzgün siyasətin əhali arasında təbliğini aparır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla yanaşı, qohumu olan zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan, müstəntiqin, prokurorun və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti Bakı şəhəri Xəzər rayon prokuroru tərəfindən müdafiə edilməmiş, o, 14.08.2021-ci il tarixdə həbsdən azad edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 21 avqust 2021-ci tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (iş vərəqi 36, 72-74, 76-77, 111-118). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edlməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.